ZİYALI AZƏRBAYCAN XANIMININ MÜCƏSSƏMƏSİ

 

Tanrı sevdiyi bəndəsini yaradanda ona xüsusi istedad, gözəl sima, xoş xasiyyət bir çox müsbət keyfiyyətlər bəxş edir. Belə insanlara “seçilmişlər” deyirlər. Onlar dünyaya göz açanda artıq ən yüksək missiyanın daşıyıcısı kimi həyatda ilk addımlarından ömürlərinin sonuna kimi bu vəzifəni yerinə yetirirlər. Belə “seçilmiş”lərdən biri Azərbaycan Respublikasının Xalq artisti Sevda İbrahimovadır. Ona görkəmli yazıçı Mirzə İbrahimovilk Azərbaycan pianoçularından biri Sara xanım Primovanın ailəsində dünyaya göz açmaq nəsib olmuşdur. Sevda xanıma gözəl tarzən Qurban Primovun sevimli nəvəsi olmaq nəsib olmuşdur, Sevda xanıma doğulub boya-başa çatdığı evdə zəmanəsinin dahi şəxsiyyətləri Bülbül, Səməd Vurğun, Rəsul Rza, Sabit Rəhman, Niyazi, Rəşid Behbudov, Müslüm Maqomayevlə ünsiyyətdə olmaq, Anar, Vaqif Səmədoğlu, Emin Sabitoğlu, Rəfiq Zəka ilə bir sinifdə oxumaq və nəhayət, Sevda xanıma Qara Qarayev, Soltan Hacıbəyov, Mayor Brenner, Köykəb Səfərəliyeva kimi müəllimlərin sinfində təhsil almaq nəsib olmuşdur. S.İbrahimova hər dəfə müəllimlərini böyük ehtiram, rəğbət və məhəbbətlə yad edir. O, dahi müəllimi Qara Qarayevi xatırlayaraq deyir: “İndiyə kimi Qara Qarayevin vaxtilə yoxladığı, əlinə alıb dinlədiyi əsərlərimin əlyazmasını saxlayıram, qoruyuram... Mən indi də əsər yazanda fikirləşirəm ki, Qara müəllim buna necə baxardı. Mən həmişə onun varlığını hiss edirəm”. Sevda İbrahimovanın yaradıcılıq fəaliyyəti geniş və çoxşaxəlidir. Demək olar ki, o, musiqinin bütün janrlarına müraciət etmiş və yazdığı hər bir əsər musiqi aləmində xoş bir hadisə kimi qəbul olunmuşdur. Bu gün onun əsərləri, ümumiyyətlə, yaradıcılığı barədə ancaq biblioqrafik tədqiqat daha dəqiq rəy söyləyə bilər.

Sevda İbrahimova pianoçu-bəstəkardır. O, sənətə pianoçu kimi gəlmişdir. Fortepiano onun sevimli alətidir. Bəlkə də bu səbəbdən o yaradıcılığında bu alətə daha çox üstünlük verir. Sevda xanım Azərbaycan musiqi mədəniyyəti tarixində fortepiano ilə orkestr üçün 5 konsert yazan yeganə bəstəkardır.

S.İbrahimova ətrafında baş verən bütün hadisələrə öz musiqisi ilə münasibət bildirən sənətkardır. 90-cı il 20 Yanvar faciəsi, Qarabağ mövzusu onun yaradıcılığında qırmızı xətt kimi keçərək vətənpərvər bəstəkarın vətəndaşlıq mövqeyini təsdiqləyir. “Vətən şəhidlərinə” kantatası, tar ilə orkestr üçün yazılmış “Qarabağnamə”, “Sənin üçün darıxıram, Şuşam”, “Gültəkin” mahnı-elegiyası və s. əsərlər onun qəlbində olan sarsıntının təzahürüdür.

S.İbrahimova musiqisinin özəyini bitib-tükənməyən melodiya təşkil edir. Bu melodiya insan qəlbinin ən dərin qatlarını titrədən saf, gözəl melodiyadır. O, sanki həyata insanlara məhəbbət və sevinc bəxş etmək üçün gəlmişdir. Belə bir fikir söylənilir ki, yaradıcı insanın yaratdığı əsər onun qəlbinin güzgüsüdür. Sevda İbrahimovanın yazdığı musiqi onun özü kimi saf və səmimidir.

“Əgər Sevda İbrahimovanın yaradıcığına bütövlükdə nəzər salsaq, ondakı başlıca keyfiyyəti səmimilikdə və musiqiyə fanatikcəsinə vurğunluqda görərik”—bu sözlər görkəmli bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti Tofiq Quliyevə məxsusdur.

Sevda İbrahimova əsl sənətkar ömrü yaşayır. O, özünün dediyi kimi, bir gün də musiqidən kənarda olmamışdır, sevincli günlərində də, kədərli anlarında da musiqi onun həyatını müşayiət etmişdir. S.İbrahimovanın həyat kredosu çalışmaq və işləməkdir. O deyir: “Mənə atam deyərdi ki, qızım, sən çoxlu çalış, işlə, yaz. Yazdığın əsər qalacaq”. Bu, həyatın hər üzünü görmüş, hörmətli yazıçı, dövlət xadimi Mirzə İbrahimovun sevimli övladına olan nəsihəti idi.

Sevda xanım deyir: “Mən xoşbəxt bəstəkaram, mənim əsərlərim Azərbaycanın ən parlaq sənətkarları tərəfindən ifa olunmuşdur. Nazim Rzayev, Rauf Abdullayev, Zöhrab Adıgözəlzadə, Şövkət Ələkbərova, FidanXuraman Qasımovalar, Ramiz Quliyev, Zəhra Quliyeva, Murad Adıgözəlzadə və b.

S.İbrahimova son dərəcə gərgin rejimində publisistika ilə də məşğul olmağa vaxt tapır. Ona genetik xətlə keçən daha bir istedadından istifadə edərək, bir neçə il bundan əvvəl “Atama çatmayan məktub” adlı oçerkini oxuculara təqdim edib. Bəstəkarın yaradıcılığı onlarca namizədlik dissertasiyasının mövzusu olmuş, əsərləri barədə elmi işlər, onun haqqında çoxlu sayda kitab və məqalələr yazılmışdır.

O, mütəmadi olaraq radioteleviziya verilişlərinə dəvət olunur. Görkəmli sənətkarlar və sənət haqqında xatirələri ilə tamaşaçılarla bölüşür. Bu xatirələr dahi Üzeyir bəydən tutmuş, XX əsrin mədəniyyət tarixini qurub-yaradan bəstəkar, şair və yazıçılar, elm xadimləri ilə bağlıdır.

Qeyd olunduğu kimi, Sevda xanım geniş fəaliyyət dairəsinə malikdir. O, Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının idarə heyətinin üzvü, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bədii və elmi şuranın üzvüdür. Sevda İbrahimova yarım əsrə yaxındır ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında çalışır. O, dünyalar qədər sevdiyi bu sənət ocağına məktəbli kimi daxil olmuş, kafedra müdiri, professor, xalq artisti səviyyəsinə yüksəlmişdir. Onu bu təhsil ocağında adi texniki işçidən tutmuş tələbəyədək hamı sevir, Sevda xanımın adı çəkiləndə hamının çöhrəsində təbəssüm yaranır.

Sevda xanım Azərbaycan musiqi mədəniyyətində xüsusi yer tutan görkəmli bəstəkar və pedaqoqdur. O, cəmiyyətə layiqli övladlar bəxş edən gözəl ana, nəvələrinə mehriban nənədir. Bu gün Sevda İbrahimova sənətin ən yüksək zirvəsindədir. Onun qəlbi daim yazıb-yaratmaq həvəsi ilə çağlayır. Sevda xanımı sevənlərin arzusu budur ki, onun yaratmaq həvəsi heç vaxt tükənməsin. Sevda İbrahimova şəxsiyyəti əsl ziyalı Azərbaycan xanımının mücəssəməsidir.

 

Arzu RZAYEVA,

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti.

Respublika.-2014.- 27 noyabr.- S.7.