Vergi borclarının məbləği azalır

 

                                               Müsahibimiz Vergilər Nazirliyinin Vergi borclarının alınması işinin təşkili idarəsinin rəisi Zeynalabdin Məmmədzadədir

 

Dövlətin maliyyə sabitliyini təmin edən amillərdən biri vergilərin dövlət büdcəsinə vaxtında tam həcmdə ödənilməsinin təmin olunmasıdır. Vergi qanunvericiliyində göstərildiyi kimi, müəyyən edilmiş vergilər dövlət büdcəsinə tam və vaxtında ödənilməlidir. Bəs Azərbaycanda vergi borcları sahəsində son zamanlar vəziyyət necədir?

—Ötən il Azərbaycan iqtisadiyyatında və vergi sistemində müsbət tendensiyalar davam etmişsabitlik nümayiş olunmuşdur. Vergi orqanlarında idarəetmə sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsi, vergi ödəyicilərinin hüquqlarının etibarlı qorunmasının təmin olunması, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi və vergi borclarının yaranmasının qarşısının alınması istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Bütün bunlar isə, öz növbəsində, vergi borclarının azalmasına da  öz təsirini göstərmişdir.

2014-cü ilin 1 yanvar tarixinə vergi ödəyicilərinin dövlət büdcəsinə olan borclarının  məbləği 2012-ci il yanvar ayının 1-nə olan məbləği ilə müqayisədə 23,8 faiz, 2013-cü il yanvar ayının 1-nə olan məbləği ilə müqayisədə isə 9,0 faiz azalmışdır. İl ərzində 227 min 480 borclu vergi ödəyicisinin vergi borcları tamamilə ləğv edilmişdir.  Cari ilin 1 yanvar tarixinə  borclu vergi ödəyicilərinin ümumi vergi ödəyicilərinin sayında xüsusi çəkisi cəmi 3,4 faiz təşkil etmişdir.

Vergi borclarının vaxtında ödənilməsinin təmin olunmasında Vergi Məcəlləsinin və digər qanunvericilik aktlarının tətbiqi vergi borclarının ödənilməsinə nə dərəcədə təsir göstərir?

—Vergilər Nazirliyi tərəfindən vergi borclarının yaranma hallarının və vergi borclarının məbləğinin azaldılması, borclu vergi ödəyicilərinə fərdi yanaşma, borcların alınması üçün mümkün olan bütün tədbirlərdən kompleks şəkildə istifadə edilməsi, təbii ki, borcların səmərəli idarə olunmasına öz müsbət təsirini göstərir.

Qeyd edim ki, ötən il vergi ödəyicilərinin dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin edilməsi məqsədilə vergi orqanları tərəfindən əmlakın siyahıya alınması barədə 60 min 700 sayda qərar açılmış və bu qərarların 86,8 faizi borclar ləğv edildiyi üçün bağlanmışdır. 2013-cü il ərzində əmlakın siyahıya alınması barədə açılmış qərarlar üzrə 58,1 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir.

Bununla yanaşı, ötən il vergi öhdəliklərini qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirməyən 454 borclu vergi ödəyicisində keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində  286 borclu vergi ödəyicisində qanun pozuntusu aşkar edilmişonlar barəsində 78,3 min manat məbləğində maliyyə sanksiyası və inzibati cərimə tətbiq olunmuşdur. Keçirilmiş tədbirlər nəticəsində tətbiq edilmiş maliyyə sanksiyaları və inzibati cərimələrin  89,4 faizinin dövlət büdcəsinə ödənilməsi təmin olunmuşdur.

Göstərilən dövr ərzində borclu fiziki şəxslərin borcları üzrə tələbin onların mülkiyyətində olan avtonəqliyyat vasitələrinə yönəldilməsi prosesi davam etdirilmişdir. Görülmüş tədbirlər nəticəsində 2 min 121 vergi ödəyicisinin 1 milyon 387,6 min manat məbləğində borc məbləğinin dövlət büdcəsinə ödənilməsi təmin edilmiş, 27 vergi ödəyicisinin nəqliyyat vasitələri siyahıya alınmış, 1139 vergi ödəyicisi tərəfindən nəqliyyat vasitələri siyahıya alınmaya təqdim edilmədiyi üçün həmin nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmaqla cərimə meydançalarına yerləşdirilməsi barədə məhkəmələr tərəfindən qərarlar qəbul edilmişdir.

Aparılan araşdırmalarla mülkiyyətində heç bir daşınan və ya daşınmaz əmlakı müəyyən edilməyən, lakin hüquqi şəxslərdə təsisçi (payçı) olduqları müəyyən edilən borclu fiziki şəxslərin borclarının onların paylarından tutulması istiqamətində tədbirlər də davam etdirilmişdir.

Hüquqi şəxslərdə təsisçi kimi çıxış edən fiziki şəxslərin borclarının həmin hüquqi şəxslərdəki paylarından tutulması məqsədilə 66 borclu fiziki şəxsə qarşı məhkəmələrdə iddialar qaldırılmışdır. Həmin iddialar üzrə 49 üzrə borc məbləğinin hüquqi şəxsin əmlakındakı payına yönəldilməsi barədə qətnamə çıxarılmış və  8 üzrə borc məbləği ödənildiyindən müvafiq məhkəmə qərardadı qəbul olunmuşdur. Borc məbləğlərinin qeyd edilən mənbələrə yönəldilməsi barədə görülmüş tədbirlər nəticəsində hüquqi şəxslərdə təsisçi (payçı) kimi çıxış edən 1224 borclu fiziki şəxs üzrə  1.022,5 min manat məbləğində borcların dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir.

Kiçik həcmdə borcları olan vergi ödəyiciləri üzrə “İnzibati icraat haqqında” qanunun tələblərinə uyğun “Tələbin icraya yönəldilməsi barədə qərarlar” qəbul edilməklə birbaşa icra məmurlarına edilən müraciətlər əsasında 3402 vergi ödəyicisinin 577,6 min manat məbləğində borcları dövlət büdcəsinə ödənilmişdir.

Vergi orqanları tərəfindən borclu vergi ödəyicilərinin ölkədən getmə hüququnun məhdudlaşdırılması üçün aidiyyəti üzrə edilmiş müraciətlərdən sonra onların bir qismi borclarını ödəmiş, 29-nun isə ölkədən getmə hüququ məhkəmə qərarı ilə məhdudlaşdırılmışdır. Vergi borcunu ödəməkdən yayınmaya görə 11,8 milyon manat borc məbləği üzrə 398 vergi ödəyicisi barədə materiallar ibtidai istintaq qaydasında araşdırılması məqsədilə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilmişdir.

Qeyd etdiyiniz kimi, vergi borclarının alınması istiqamətində keçirilən ənənəvi tədbirlərlə yanaşı, borclu vergi ödəyicilərinə fərdi yanaşma prinsipinin tətbiqi də genişləndirilmişdir. Bu tendensiya nə dərəcədə əhəmiyyətlidir?

—Əlbəttə ki, biz öz fəaliyyətimizdə hər bir borclu vergi ödəyicisinə fərdi yanaşmağa çalışırıq. Bu sahədə səmərəliliyin təmin olunması üçün, ilk növbədə vergi borcunun yaranma səbəbləri araşdırılır, həmin borcun ödənilməsi ilə bağlı vergi ödəyicisinin imkanları dəyərləndirilir və borcun yönəldilməsi üçün mənbələr dəqiq müəyyən edilir.

Vergilər Nazirliyinin Vergi borclarının alınması işinin təşkili idarəsi tərəfindən borclu vergi ödəyiciləri barədə məlumat bazası yaradılmış və həmin vergi ödəyiciləri müvafiq meyarlar nəzərə alınmaqla risk qrupları üzrə bölüşdürülmüşdür.

Borclu vergi ödəyiciləri barədə məlumat bazasının yaradılması vergi borcunun ödənilməsi istiqamətində daha tez nəticə verə biləcək metodların seçilməsinə, borclu vergi ödəyicilərinin müvafiq risk qruplarına ayrılması isə həmin ödəyicilər üzrə görülmüş və görüləcək işlərə nəzarətin daha da effektiv şəkildə həyata keçirilməsinə köməklik edəcəkdir. Bu məlumatlar Vergilər Nazirliyi tərəfindən hər ay yenilənərək yerli vergi orqanlarına təqdim edilir.

—Vergilər Nazirliyi bir çox ölkələrin vergi xidmətləri ilə sıx əməkdaşlıq edir, nazirliyin əməkdaşları xarici ölkələrdə işgüzar səfərlərdə olurlar. Vergi borclarının alınması işində beynəlxalq təcrübədən hansı şəkildə faydalanmağı düşünürsünüz?

—Beynəlxalq təşkilatlarla mövcud olan əməkdaşlığın genişləndirilməsi Vergilər Nazirliyi qarşısında duran prioritet hədəflərdəndir. Azərbaycan Respublikası Vergilər Nazirliyi IOTA (Avropadaxili Vergi Administrasiyaları Təşkilatı), OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) və digər nüfuzlu beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir. Hazırda tərəfimizdən bir çox qabaqcıl ölkələrin—vergi ödəyicisinin əmlakı olmadıqda vergi borcunun alınması mexanizmləri, elektron hərracların keçirilməsi, borcların alınması məqsədi ilə icra məmurları ilə qarşılıqlı fəaliyyətin təşkili, könüllü ödəmələrin təşviqi (promotion of tax compliance)” sahəsində təcrübələri öyrənilərək təhlil edilirbununla bağlı müvafiq müddəaların Azərbaycan Respublikasının Vergi Məcəlləsinə daxil edilməsi istiqamətində hazırlıq işləri aparılır. Bundan başqa, vergi sahəsində ölkəmizdə keçirilən beynəlxalq tədbirlər zamanı həyata keçirilən təcrübə mübadiləsi də vergi borclarının idarə olunmasında böyük rol oynayır.

Vergi borclarının azalması üçün hansı stimullaşdırıcı tədbirlər görülə bilər?

—Vergilər Nazirliyi vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin icra edilməsinin təkmilləşdirilməsi işlərini daim diqqətdə saxlayır. Bu proses istər könüllü əməletmə səviyyəsinin yüksəldilməsi, istərsə də vergi borclarının səmərəli idarə edilməsi üçün mühüm amillərdəndir. Bununla bağlı mövcud qanunvericiliyə nəzər salsaq, bu istiqamətdə kifayət qədər stimullaşdırıcı tədbirlərin mövcudluğunun şahidi olarıq.

Vergi Məcəlləsinə əsasən vergi ödəyicisinin vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin dəyişdirilməsi ilə bağlı vergi orqanına müraciət etmək hüququ vardır. Həmin hüquqdan istifadə etməklə vergi ödəyicisinin vergi öhdəliyinin yerinə yetirilməsi müddəti vergi ili ərzində 1 aydan 9 ayadək uzadıla bilər.

2013-cü il yanvar ayının 1-dən etibarən “Vergi partnyorluğu sazişinin bağlanılması üçün vergi orqanlarına müraciət etmək Vergi Məcəlləsində vergi ödəyicisinin hüququ kimi müəyyən edilmişdir. Vergi orqanı ilə bağlanmış bu saziş vergi risklərinin minimallaşdırılması məqsədilə könüllü şəkildə bağlanılmış niyyət razılaşması olmaqla yanaşı, vergi ödəyicilərinə bir sıra üstünlüklər verir. Belə ki, vergi orqanı ilə partnyorluq sazişi bağlamaq istəyən vergi ödəyiciləri, ilk öncə büdcə qarşısında bütün vergi öhdəliklərini yerinə yetirməlidirlər.

Hazırda vergi borcları barədə məlumatların vergi ödəyicilərinə çatdırılması üçün geniş məlumatlandırma vasitələrindən istifadə edilir. Bunun üçün vergi ödəyicilərinə bildiriş və xəbərdarlıqların göndərilməsi ilə yanaşı, onların  vergi orqanlarında olan mobil telefon nömrələrinə borc məbləğləri barədə qısa SMS-lərin və səsli mesajların göndərilməsi də həyata keçirilir.  Bununla da vergi borcu barədə məlumatın vergi ödəyicisinə vaxtında çatdırılması vergi borclarının operativ qaydada alınmasına köməklik göstərir.

Digər qanunvericilik aktlarında da vergi borclarının azalmasına münasibətdə stimullaşdırıcı tədbirlər nəzərdə tutulmuşdur. Belə ki, Cinayət  Məcəlləsinin 213-cü maddəsinin qeyd hissəsinin tələblərinə əsasən cinayət tərkibi yaratmış vergi borcu ilə əlaqədar əməl ilk dəfə törədilərsə və cinayət nəticəsində vurulmuş ziyan tamamilə ödənilərsə, vergi ödəyicisi cinayət məsuliyyətindən azad oluna bilər.

Beynəlxalq təcrübədə də bir çox stimullaşdırıcı tədbirlər mövcuddur. Məsələn, Amerika Birləşmiş Ştatlarının təcrübəsində vergi ödəyicisi vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin dəyişdirilməsi barədə vergi orqanına müraciət etməklə yanaşı, vergi öhdəliyini qrafik əsasında bərabər hissələrə bölünməklə ödəmək hüququna malikdir.

Latviya Respublikasında borclu vergi ödəyicilərinə xüsusi dəstək proqramı çərçivəsində vergi borcunun 10 faizini ödəyən vergi ödəyicilərinin qalan borclarına görə onlara 60 ayadək müddətə möhlətin verilməsi və bu müddətdə faiz hesablanmasının dayandırılması nəzərdə tutulur.

Hazırda vergi borclarının azalması üçün stimullaşdırıcı tədbirlərin siyahısını genişləndirmək məqsədilə mövcud beynəlxalq təcrübəni nəzərdən keçiririkola bilsin ki, gələcəkdə bununla bağlı Vergi Məcəlləsində müvafiq dəyişikliklər edilməsi təklif olunsun.

 

Nəriman CAVADOV,

Respublika.-2014.- 23 yanvar.- S.5.