Azərbaycan istiqlal mücadiləsinin görkəmli xadimi

Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi qarşısında

 

Azərbaycan Prezidenti İlham Əliyev 22 noyabr 2013-cü ildə M.Ə.Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi barədə sərəncam imzalamış, onunla əlaqədar tədbirlərin keçirilməsini qarşıya qoymuşdur.

Görkəmli ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri olan Məhəmməd Əmin Rəsulzadə xalqımızın çoxəsrlik müstəqillik idealının gerçəkləşməsində, milli dövlətçiliyin dirçəldilməsində, istiqlal ideyalarının yayılmasında önəmli rol oynamışdır. Onun bütün fəaliyyəti doğma vətəninə, millətinə və xalqına təmənnasız xidmət timsalıdır. Ömrünün sonuna qədər vətənin istiqlaliyyəti uğrunda mübarizə aparan istedadlı mühərrir və milli demokrat Rəsulzadə onlarca kitabın, iki minə yaxın məqalənin müəllifidir. Azərbaycançılıq qayəsi, doğma xalqının azadlığı məsələləri bu yazıların leytmotivini təşkil etmişdir.

Məhəmməd Əmin Rəsulzadə 31 yanvar 1884-cü ildə Bakının Novxanı kəndində ruhani ailəsində doğulmuşdur. İlk təhsilini Sultanməcid Qənizadənin 2 saylı rus-Azərbaycan məktəbində almış, sonra Bakı texniki məktəbini bitirmişdir. 18 yaşından inqilabı hərəkata qoşularaq, 1902-ci ildə Müsəlman Gənclik Təşkilatı adlı azərbaycanlılardan ibarət qurum yaratmış və ona başçılıq etmişdir. Təşkilat vərəqələr, intibahnamələr nəşr edərək xalq kütlələrini öz hüquqları uğrunda mübarizə aparmağa səsləmişdir.

Rəsulzadə 1903-cü ildən Azərbaycan dilində nəşr edilən Şərqi-Rus qəzetinin ilk nömrələrindən başlayaraq məqalələr çap etdirib məşhur publisist və inqilabçı kimi şöhrət qazanmışdır. İlk məqalələrində xalqın maariflənməsi, siyasi mənlik şüurunun yüksəlməsi xalqlar həbsxanası olan rus müstəmləkəçiliyinə qarşı mübarizə önə çəkilirdi.

O, Şərqi-Rus qəzetinin 14 may tarixli sayında Hümmət və qeyrət vaxtıdır adlı məqaləsində xalqı məktəb açmağa, xeyriyyə cəmiyyətləri yaratmağa, düşmənə qarşı mübarizədə sıx birləşməyə dəvət edirdi.

Məhəmməd Əmin Rəsulzadə vurğulayırdı ki, əvvəllər fars şovinistlərinin, sonralar isə rus işğalçılarının müstəmləkəçilik siyasəti nəticəsində öz gözəlliyini itirmək təhlükəsi qarşısında qalan doğma Azərbaycan dilinin saflığını qorumaqinkişaf etdirmək ən ümdə vəzifələrdəndir. O, Müxəmməs adlı şeirində əsaslandırırdı ki, elmsiz tərəqqi, inkişaf mümkün deyil. Əsas vəzifə xalqın milli ruhunu oyatmaqdan, onu azadlıq mübarizəsinə qaldırmaqdan ibarətdir. Dərin nəzəri biliyə malik olan Rəsulzadə elə ilk məqalələrindən başlayaraq vurğulayırdı ki, müstəqillik və azadlığın başlıca təminatı cümhuriyyət üsul-idarəsinin yaradılmasıdır.

XX yüzilliyin əvvəllərində Bakıda yüksələn inqilabi hərəkat, kəndli çıxışları ziyalılara ciddi təsir göstərdi. M.Ə.Rəsulzadə, M.Mirqasımov, M.Hacıyev, A.Kazımzadə, M.Hacınski və digərlərinin rəhbərliyi ilə 1904-cü ilin oktyabrında Bakıda müsəlman aləmində ilk sosial-demokrat Hümmət təşkilatı yaradıldı. Rəsulzadənin Hümmətin rəhbəri adlandırılması təsadüfi deyil. Belə ki, o, təşkilatın buraxdığı Hümmət, Dəvət-qoç, Təkamül, Yoldaş qəzetlərinin daimi yazarlarından olmaqla, inqilabı mübarizəyə başçılıq etmişdi.

Məhəmməd Əmin vurğulayırdı ki, marksizmin xəyalpərvər bərabərlik nəzəriyyəsi ilə zəhərlənmiş şəxslər yalnız proletar sinfinin hegemonluğunu təbliğ edirlər. Məhəmməd Əminin məqalələrinin leytmotivini milli müstəqillik, öz milli müqəddəratını təyin etmək uğrunda mübarizədə müsəlman xalqlarının birliyi ideyaları təşkil edirdi. Xalqın tarixini realizm prinsipləri əsasında işıqlandırmağı irəli sürüb, onun inqilabı ruhunu yüksəltməyi vacib sayırdı.

1905-1907-ci illərin Rusiya inqilabı Azərbaycanda milli-azadlıq hərəkatının yüksəlməsinə təkan verdi, region fəhlələrinin 75 faizindən çoxu tətillərdə iştirak etdi. Gənc Rəsulzadə milliyyət məsələsinə xüsusi diqqət yetirir, millətin, xalqın hüquqsuz vəziyyəti onu narahat edirdi. O, göstərir ki, istibdad bir nəfərin, yaxud bir qrupun hökmranlığı olub, xalqı istədiyi kimi idarə etməsi, soyması deməkdir. Vəzifə bu quruluşun respublika ilə əvəz olunmasından və Azərbaycanın müstəqillik əldə etməsindən ibarətdir.

Milli demokratların türkləşmək, islamlaşmaq və müasirləşmək konsepsiyasını qızğın müdafiə edən Rəsulzadə insanlara hürriyyət, millətlərə istiqlal şüarını irəli sürərək milli məfkurənin, müstəqillik şüurunun inkişafında mühüm rol oynadı. O, Nicat mədəni-maarif cəmiyyətinə başçılıq edərkən azərbaycanlıların milli oyanışına nail olmaq üçün Azərbaycan dilinin, ədəbiyyatının, tarixinin inkişafı sahəsində əməli işlər gördü.

Məhəmməd Əmin 1907-ci ildə A.Blyumun Fəhlə sinfinə hansı azadlıq lazımdır kitabını Azərbaycan dilinə tərcümə edərək çap etdirir. 1908-ci ilin dekabrında onun Qaranlıqda işıqlar pyesi tamaşaya qoyulur. Pyesin leytmotivini milli oyanış və istiqlal mücadiləsinin təbliği təşkil edirdi. O, bu əsərində Azərbaycanın istiqlaliyyət əldə etməsi ideyasını irəli sürərək xalqı müstəmləkə zülmünə qarşı mübarizəyə səsləyirdi.

Məhəmməd Əmin Rəsulzadə 1907-ci ildə görkəmli maarifçi, milli demokrat Həsən bəy Zərdabinin dəfn mərasimində nitq söyləyir. Onu maarif mücahidi adlandıraraq göstərir ki, çar məmurları camaatımızın başına cəlladlar olmuşlar, buna xalq özü son qoymalıdır. M.Ə.Rəsulzadə vurğulayır: Ancaq elmbilik ilə xalq özününolduğunu və nə əldə edə biləcəyini anlaya bilər... Zərdabi bu sahədə misilsiz xidmətlərə malikdir. O, camaatın hər dərdinə dərman olan ürfan toxumlarını səpmişdir.

Rusiya inqilabı milli-azadlıq hərəkatının yüksəlməsinə böyük təsir göstərdi. Azərbaycanda keçirilən həmrəy tətillər İranda geniş əks-sədaya səbəb oldu. Azərbaycanın mütərəqqi qüvvələri, o cümlədən Məhəmməd Əmin Rəsulzadə Cənubi Azərbaycanda Səttarxanın başçılığı altında gedən xalq hərəkatına rəğbət bəsləyir, onu müdafiə edirdilər.

Rəsulzadə 1908-1911-ci illərdə İranda olmuş, oraya Hümmətçi kimi və Tərəqqi qəzetinin müxbiri kimi səfər etmişdi. Rəsulzadə Təbrizdə inqilabın qəhrəman rəhbərləri Səttarxan və Bağırxanla görüşür, onlara bir sıra məsləhətlər verir. Tərəqqinin 1908-ci il avqustsentyabr tarixli nömrələrində məşrutə qəhrəmanlarının şahairtica qüvvələrə qarşı mübarizəsindən ətraflı bəhs etmişdir. O, Tehranda Avropa tipli gündəlik İrone-nou (Yeni Uran) qəzetini nəşr etmişdir. Rəsulzadə Seyid Həsən Tağızadə ilə birlikdə İran Demokrat Partiyasını yaratmış və onun MK-ya üzv seçilmişdir.

1911-ci ildə İran inqilabının yatırılması və irticanın güclənməsi nəticəsində Rəsulzadə Türkiyəyə mühacirət edir. O burada Rusiyadakı çar irticasından xilas olmaq üçün Türkiyədə sığınacaq tapmış Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayevlə əməkdaşlıq etmişdir. Orada yeni yaradılan Türk ocağı təşkilatına daxil olmuş, eyni zamanda Türk yurdu jurnalında məqalələr çap etdirmişdir.

Rəsulzadə məşhur Azərbaycan mütəfəkkiri Şeyx Cəmaləddin Əfqanının Milliyyət xaricində səadət yoxdur konsepsiyasını inkişaf etdirən məqalələr yazmışdır. Məhəmməd Əmin Əfqanının Milli birlik fəlsəfəsi əsərini farscadan türkcəyə çevirib Türk yurdu jurnalında nəşr etdirmişdir. O, İstanbulda olarkən Azərbaycan xalqının məşəqqətli həyat tərzinə həsr olunmuş Acı bir həyat əsərini yazaraq istibdad zülmündən qurtuluş yollarını göstərmişdir.

Göstərmək vacibdir ki, xalqın milli mənlik şüurunun yüksəlməsi və istiqlal mübarizəsinin güclənməsində XX yüzilliyin əvvəllərində təşkil edilən milli siyasi partiyalar, xeyriyyə cəmiyyətləri mühüm rol oynadılar. Çarizmin müstəmləkəçilik və açıq ayrı-seçkilik və şovinizm siyasətinə qarşı xalqın mübarizəsinə nəinki milli ziyalılar, habelə qeyrətli-milli burjuaziya da başçılıq edirdilər.

Azərbaycan xalqının istiqlal mücadiləsinin yüksəlməsində 1911-ci ildə təşkil edilən Müsəlman Demokratik Musavat (Bərbərlik) partiyası misilsiz xidmətlərə malikdir. Rəsulzadənin göstərişi ilə Musavat partiyası Bakıda sabiq hümmətçilər A.Kazımzadə, Tağı Nağı oğlu və digərləri tərəfindən yaradılmışdı.

Mirzə Bala Məmmədzadə yazırdı ki, Musavat partiyasında çalışanların çoxu Hümmət təşkilatından gələnlər idi. Musavatın 1911-ci ildə yazılmış ilk proqramında həlli vacib məsələlər irəli sürülmüşdü: Azərbaycanın müstəqilliyinin bərpası, bütün müsəlman xalqları üçün bərabərlik əldə olunması, müsəlmanların tərəqqisi və inkişafı üçün fəal mübarizə aparılması.

Musavat partiyasına 1913-cü ildə mühacirətdən qayıtmış Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etməsi nəticəsində təşkilatın işində əsl dönüş yarandı. O, Dirilik jurnalında Milli dirilik başlığı altında çoxsaylı məqalələr dərc etdirir. Əsaslandırır ki, millətdən kənar xoşbəxtlik və tərəqqi ola bilməz. O, dil və mədəniyyət birliyini önə çəkir. Milli azadlıq mücadiləsini millətin xilası hesab edirdi. O Milli oyanış məqaləsində Azərbaycan dilinin saflığını, yabançı sözlərdən təmizlənməsini milli tərəqqinin vacib əlaməti hesab edirdi.

Rəsulzadə 1915-ci ildə Musavatın mətbu orqanı Açıq söz qəzetini nəşr etməyə başladı. Qəzetin ilk sayında o, azərbaycanlıların kimliyi haqqında fikirlərini belə ifadə edirdi: Dil baxımından biz türkük, din baxımından biz müsəlmanıq... Bir müsəlman və türk kimi biz islamın yaratmış olduğu beynəlmiləlçiliyin tərkib hissəsiyik.

Açıq söz qəzeti təkcə azərbaycanlıların deyil, həm də çar imperiyasının əsarətində əzilən bütün müsəlmanların problemlərini qaldırırdı. Qəzetdə Rəsulzadə IV dövlət dumasının işindən söhbət açaraq Azərbaycan dilinindinin hər cür təzyiqdən azad olmasını vacib sayır, xalqın xilas yolunu çarizmə qarşı birgə mübarizədə görürdü. Rəsulzadə ictimai-siyasi fikir tarixində ilk dəfə olaraq türkləşmək, islamlaşmaq müasirləşmək şüarını açıq şəkildə təbliğ etməyə başladı.

Azərbaycanın milli demokratları, o cümlədən M.Ə.Rəsulzadə dünya müharibəsini vətəndaş müharibəsinə çevirmək, monarxist rejimin devrilməsi şüarını dəstəklədilər. Çünki onlar bilirdilər ki, böyük dövlətlər müharibədən nə qədər zəif çıxsalar, azadlıq əldə etmək daha asan olacaq. Rəsulzadə Açıq söz qəzetinin ilk sayında yazırdı ki, müharibə əzilən ölkələrin müstəqilliyini möhkəmləndirəcək sülhlə başa çatacaq, əks təqdirdə bu sülh uzun çəkməyəcək. Ancaq dövlətçilik uğrunda öz mübarizəsində birləşmiş xalqlar istiqlaliyyət qazanacaqlar. Çünki ancaq onlar birlik və dəyanətdən doğan ideallarına və özlərinə inama malik ola bilərlər.

Rusiyada 1917-ci il fevral inqilabının qələbəsi nəticəsində Azərbaycanda istiqlal hərəkatı daha da gücləndi. Vətənin müstəqilliyi məsələsi Rəsulzadənin fəaliyyətində mərkəzi yer tutdu. Bu cəhətdən həmin il aprelin 15-20-də Qafqaz müsəlmanlarının Bakıda keçirilmiş I qurultayında M.Ə.Rəsulzadənin məruzəsi və çıxışları son dərəcə ibrətamizdir. O, qurultayda Rusiyanı federativ dövlətə çevirmək və Rusiya müsəlmanları üçün ərazi muxtariyyəti verilməsi tələbini irəli sürdü.

Qurultayın M.Ə.Rəsulzadənin məruzəsi üzrə qəbul etdiyi qətnamədə deyilirdi: Federativ əsaslarla demokratik respublika Rusiya dövlət quruluşunun müsəlman xalqlarının mənafeyini ən yaxşı təmin edən forma kimi tanınsın.

Qurultay həmçinin müsəlman qadınlarının vəziyyəti haqqında məsələ müzakirə edərək qərar qəbul etdi. M.Ə.Rəsulzadə müsəlman qadının azad və bərabərhüquqlu olmasını müsəlman xalqlarının milli azadlıq mübarizəsində ən vacib məsələlərdən biri kimi dəyərləndirirdi. O göstərirdi: Bütün digər xalqların qadınları kişilərlə bərabər ictimai-siyasi hərəkatda iştirak etdiyibununla da öz millətinin uğurlarına kömək etdiyi bir vaxtda müsəlman qadını dustaqlıqda qala bilməz və qalmamalıdır. Müsəlman qadınlara kişilərlə bərabər siyasiiqtisadi hüquqlar verilməsinin zəruriliyi bəyan edildi. Az sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti qadınların kişilərlə bərabərhüquqlu olmasını reallaşdırdı, bütün müsəlman türk aləmində ilk dəfə qadınların seçmək və seçilmək hüququ təsbit edildi.

Ümumrusiya müsəlmanlarının 1917-ci il mayın 1-11-də Moskvada keçirilən qurultayı Rusiyanın gələcək idarə forması, mədəni və məhəlli muxtariyyət və s. məsələləri müzakirə etdi. 900 nəfər nümayəndənin iştirakı ilə keçirilən qurultayda həmin məsələ barədə M.Ə.Rəsulzadə və Ə.Salıhov məruzə etdilər.

Rəsulzadə Azərbaycan dilindəki məruzəsində bildirdi ki, Rusiya xalq cümhuriyyəti üslubu ilə idarə edilməlidir. 30 milyonluq müsəlmanın Rusiyada slavyanlardan sonra ikinci yer tutması və 96 vilayətdə yaşamaları tələb edir ki, Rusiya dövləti ərazi federasiyası əsasında təşkil olunsun. Bu təklifin əleyhinə çıxan Əhməd Salıhov iddia edirdi ki, belə quruluş aqrar məsələnin həllini çətinləşdirəcək, ərazi federalizmi müsəlmanların parçalanmasına səbəb olacaq.

Uzun müzakirədən sonra qurultayın 446 nümayəndəsi Məhəmməd Əmin Rəsulzadənin milli-mədəni muxtariyyəti təmin edən xalq cümhuriyyəti təklifi lehinə, 271-i isə Ə.Salıhovun unitar cümhuriyyət təklifinin lehinə səs verdilər. Önəmlisi odur ki, Rəsulzadənin əsaslandırdığı ərazi muxtariyyəti uğrunda mübarizə Azərbaycan dövlətçiliyinə aparan ən düzgün yol oldu. 1917-ci ilin sonunda M.Ə.Rəsulzadənin Azərbaycandan və Türküstandan Rusiya parlamentinə millət vəkili seçilməsi onun artan nüfuzunun göstəricisi idi.

Həmin ilin iyununda MüsavatTürk ədəbi mərkəzi partiyaları birləşərək Türk federalist Müsavat partiyası adlandırıldı. M.Ə.Rəsulzadə partiyanın sədri seçildi. Həmin ilin 22 oktyabrında Bakı Sovetinə seçkilərdə Müsavat partiyası 9617, bolşeviklər 3823, daşnaklar 528 səs topladılar. Müsavat partiyasının adı çəkilən digər partiyalardan iki dəfədən çox səs toplaması istiqlal mücadiləsində onun yeganə real qüvvə olduğunu təsdiqlədi. Bütün bunlar Azərbaycan xalqının hansı partiyanın arxasınca getdiyinə əyani sübutdur.

1917-ci il oktyabrın 26-31-də 500 nümayəndənin iştirakı və Rəsulzadənin rəhbərliyi ilə Bakıda keçirilən Müsavat partiyasının I qurultayı 76 maddədən ibarət partiyanın proqramını qəbul etdi. Qurultay partiyanı ideoloji və təşkilati cəhətdən tam formalaşdırmaqla bərabər, onun istiqlal hərəkatının liderinə çevrilməsində mühüm addım oldu. Qurultayda partiyanın rəhbər orqanları, Rəsulzadə isə sədri seçildi.

1918-ci il fevralın 23-də Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə seçilmiş deputatlar Cənubi Qafqaz seymini yaratdılar. Qanunverici orqan olan seymdə Azərbaycan fraksiyası 44 nəfərdən ibarət olmaqla onun rəhbəri Məhəmməd Əmin Rəsulzadə oldu.

Mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində süqut etdi. Mayın 27-də seymin Azərbaycan fraksiyası iclas keçirdi və Müvəqqəti Milli Şuranın yaradılması haqqında qərar qəbul etdi. Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri seçildi. Milli Şura İstiqlal bəyannaməsini qəbul etdiilk milli hökumət yaradıldı. Məhəmməd Əminin və digərlərinin səyi ilə bütün türk-müsəlman aləmində ilk cümhuriyyət Azərbaycanda yaradıldı. Bununla da milli istiqlal mücadiləsinin insanlara hürriyyət, millətlərə azadlıq şüarı reallaşdı.

Ulu öndər Heydər Əliyev demişdir: AXC az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu. Bu cümhuriyyətin yaradılmasında müstəsna xidmətləri olan Məhəmməd Əmin Rəsulzadə... kimi görkəmli ictimai xadimlərin xatirəsini qədirbilən Azərbaycan xalqı bu günböyük ehtiram hissi ilə yad edir.

İyunun 16-da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti və Milli Şura Tiflisdən Gəncəyə köçdü. Qafqaz İslam Ordusunun Komandanı Nuri Paşa ilə danışıqlar aparmaq üçün M.Ə.Rəsulzadə, F.X.Xoyski və M.H.Hacinskidən ibarət nümayəndə heyəti yaradıldı. Milli Şura Azərbaycanın daxilixarici vəziyyətinin ağır olmasını nəzərə alaraq bütün hakimiyyəti F.X.Xoyskinin sədrliyi ilə təşkil edilmiş hökumətə verməyi və 6 ay ərzində parlamenintin çağırılmasını qərara aldı. Rəsulzadə millətin istiqlal və hürriyyətini qoruyub saxlamağın vacibliyini nəzərə çatdırıb, çıxışını Yaşasın Azərbaycan! Yaşasın türk xalqı! şüarları ilə bitirdi.

Xalqımızın qəddar düşməni, ona qarşı soyqırımı tətbiq edən millətçi Şaumyan Azərbaycan Xalq Cümhuriyyətinin liderlərini ləkələmək üçün onları bəy-xan, burjua xadimləri kimi qələmə verir, onu devirmək üçün yollar axtarırdı. Belə böhtançıları ifşa edən Məhəmməd Əmin Rəsulzadə yazırdı ki, mən kasıbçılıq üzündən ali təhsil ala bilməmişəm. Ə.Topçubaşov, H.Ağayev, Əhmədbəy Ağayev və digərləri də öz zəhmətləri ilə dolanan insanlar, Vətən yolunda canlarını əsirgəməyən insanlardır.

M.Ə.Rəsulzadə öz məqalə və çıxışlarında Bakıda hakimiyyəti zəbt edərək Azərbaycanın azadlığı yerinə sizə məzarlıq bəxş edəcəyəm siyasəti yeridən Şaumyanın antiazərbaycan siyasətini ifşa edirdi. Bakının Şaumyan bolşevik-daşnaq hökumətindən sonra sentrokaspi diktaturasından azad edilməsi bir nömrəli vəzifə idi. Bu məsələ Rəsulzadənin təbirincə Azərbaycan üçün yalnız ərazi məsələsi təşkil etməyib, həyat və ya ölüm şəklini almışdı. O, 6 sentyabr 1918-ci ildə İstanbuldan hökumətin sədri F.X.Xoyskiyə yazırdı: Bakı alınmasa, hər şey bitdi, əlvida, Azərbaycan.

Qafqaz İslam Ordusu sentyabrın 15-də Bakını düşməndən azad etdi, Rəsulzadənin başçılığı ilə AXC bütün hakimiyyətini Azərbaycan ərazisində bərqərar etdi.

Xalq Cümhuriyyəti hökuməti 21 iyun 1918-ci ildə mühüm dövlət rəmzlərindən biri kimi Dövlət bayrağı haqqında qərar qəbul etdi. Həmin qərara əsasən qırmızı rəngli Dövlət bayrağının üzərində rəngli aypara və səkkizguşəli ulduz təsvir olunmuşdu.

M.Ə.Rəsulzadənin təklifi ilə noyabrın 9-da Dövlət bayrağının təsviri dəyişildi. Yaşıl, qırmızı və mavi rənglərdən, aypara və səkkizguşəli ulduzdan ibarət olan milli bayraq qəbul olundu. Bu bayraq xalqımızın istiqlal mücadiləsində önəmli əhəmiyyət kəsb etdi...

70 il sonra Sovet imperiyasının çökməsi ərəfəsində üçrəngli bayraq yenidən qaldırıldı. Məhəmməd Əminin uzaqgörənliklə söylədiyi:Bir kərə yüksələn bayraq bir daha enməz kəlamı təsdiqini tapdı. Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Ali Məclisinin sessiyası 17 noyabr 1991-ci ildə AXC-nin üçrəngli bayrağını dövlət bayrağı kimi qəbul etdi.

Fəxarət hissi ilə qeyd etməliyik ki, Prezident İlham Əliyevin sərəncamı ilə Bakının Dövlət Bayrağı meydanında dünyanın ən böyükuca bayrağı olan Azərbaycan bayrağı ucaldılmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin, o cümlədən Rəsulzadənin ən böyük tarixi xidməti ondan ibarətdir ki, onlar dünya tarixində Azərbaycan adlı demokratik bir dövlətin təşəkkül tapmasına nail oldular. 7 dekabr 1918-ci ildə Azərbaycan parlamentinin təntənəli açılışında giriş sözü söyləyən Məhəmməd Əmin demişdi: Biz o zaman bizim üçün ən yaxşı məsələniAzərbaycan muxtariyyətini müdafiə edirdik... Müsavat partiyası birinci olaraq Azərbaycanın müstəqilliyi bayrağını qaldırmışdır. Xalqın şüurunda Azərbaycan ideyası artıq möhkəmlənmişdir...

Azərbaycan parlamentinin yaradıcılarından biri olan Rəsulzadə onun fəal üzvü kimi çoxsaylı Müsavat fraksiyasına başçılıq etmişdir. 7 dekabr 1918-ci ildən 27 aprel 1920-ci ilə qədər parlamentin 145 iclası keçirilmiş, Azərbaycanın dövlət maraqlarına cavab verən 270-dən artıq qanun və qərarların hazırlanmasında Məhəmməd Əmin mühüm rol oynamışdır.

Dekabrın 7-də parlamentin ilk iclasını Rəsulzadə açmış, qısa giriş nitqində Səadət və hürriyyətin istiqlal olduğunu, biz azərbaycanlıların istiqlala layiq olduğumuzu, bütün mövcudiyyətimizdə öz müqəddəratımızı və istiqlaliyyətimizi müdafiə və mühafizə edəcəyimizi bəyan etmişdir.

Parlamentin dekabrın 12-də keçirilən 2-ci iclasında Müsavat fraksiyasının bəyannaməsi ilə çıxış etmişdir. Əsl dövlət quruculuğu proqramı xarakterli çıxışında Azərbaycan məsələsinin artıq bir beynəlxalq məsələ olduğunu vurğulamışdır. Məhəmməd Əmin bütün siyasi qüvvələri vətən və azadlıq naminə birliyə və həmrəyliyə çağırmışdı.

Rəsulzadə Azərbaycan Cümhuriyyəti əsərində AXC parlamentinin fəaliyyətini yüksək dəyərləndirərək göstərirdi: Millət məclisi məmləkətin bütün sinif və millətlərini təmsil edib, dövlətin tamamən taleyinə hakim idi. Onsuz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz, heç bir müharibə başlanmaz, heç bir barışıq bağlanmazdı. Hökumət məclisin etimadını qazandıqda qalır, itirəndə istefaya gedirdi. Parlament hakimi mütləq idi. Burada Avropada belə tətbiq olunmayan həqiqi bir xalq Cümhuriyyəti qurulmuşdu. Məhəmməd Əminin dəfələrlə vurğuladığı Cümhuriyyətin dövlət quruluşu, bütün siyasəti Avropa dəyərlərinə tamamilə cavab verirdi.

M.Ə.Rəsulzadənin elmi-nəzəri irsində 23 ay fəaliyyət göstərən AXC-nin siyasi, iqtisadi-sosial və mədəni sahədə həyata keçirdiyi tədbirlərin işıqlandırılması mühüm yer tutur. O, göstərirdi ki, qısa müddətdə çoxmillətli Azərbaycanda vətəndaşların bərabər hüquqlara malik olması təmin olundu, məmləkətdə əsl tolerantlıq hökm sürməyə başladı.

Mülkiyyət müxtəlifliyinə, bazar iqtisadiyyatına geniş yer verildi. Cümhuriyyətdə söz, vicdan, təşkilat azadlığı yüksək səviyyəyə çatmışdı. O sonra nəzərə çatdırırdı ki, AXC mətbuat üzərində nəzarəti ləğv etdi. Təhsil elm, mədəniyyət inkişaf etməyə başladı.

Azərbaycanda ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin təsis edilməsində Rəsulzadənin xidmətləri böyükdür. Bu məsələ ilə əlaqədar parlament iclaslarında dəfələrlə çıxış etmiş, onun açılmasına nail olmuşdur. Həm də onun BDU-da Osmanlı ədəbiyyatı tarixindən mühazirələr oxuması təqdirəlayiqdir.

1920-ci ildə Xalq Cümhuriyyətinin süqutundan sonra gizli fəaliyyətə keçən Məhəmməd Əminin göstərişi ilə Bakıda Müsavatın gizli mərkəzi yaradıldı. Həmin dövrdən ömrünün sonuna 6 mart 1955-ci ilə qədər qürbətdə - siyasi mühacirətdə fəaliyyət göstərmişdir. Ömrünün sonunadək Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması uğrunda mübarizə aparmışdır.

Məhəmməd Əminin 100 il öncə söylədiyi aşağıdakı fikirlər xalqımızın qədim tarixini, zəngin mədəniyyətini inkar edən erməni şovinistlərinə tutarlı cavabdır. O yazırdı: Xalqımızın inkişafını təsdiqləyən cəhətlərdən biri odur ki, ilk türk dramaturqu Azərbaycanlı, ilk türk bəstəkarı Azərbaycanlı, məzhəb uzlaşmadığını ilk dəfə ortadan qaldıran yenə də Azərbaycanlı, nəhayət, islam aləmində ilk dəfə Cümhuriyyət elan edən də Azərbaycanlıdır.

Rəsulzadə yazırdı ki, Azərbaycan, həqiqətən, Turan torpağının gözəl bir parçasıdır, Azərbaycan zəngin mədənlərindən başqa, təbii gözəlliklərdən pay almış bir yamyaşıl yerdir. Haqlı olaraq A.A.Bakıxanov bu yerləri Cənnət-məkan adlandırmışdır.

Türk dünyasının böyük öndəri M.K.Atatürk onunla söhbətində vurğulamışdır: Mən dünyaya səndən üç sənə erkən göz açmışam. Ancaq bütün türk aləmində türkün istiqlal bayrağını sən qaldırmısan və bayraq enməsin deyə, mən sənin əlindən alıb Türkiyə üzərində dalğalandırmışam. Enməz demisən, bu bayraq enməyəcəkdir.

Üçrəngli istiqlal bayrağı 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının dövlət bayrağı kimi yenidən qaldırıldı. M.Ə.Rəsulzadənin arzu etdiyi doğma yurdu qısa müddətdə əsrlərə bərabər inkişafa nail oldu.

 

Xəlil çərli,

Tarix elmləri doktoru, professor, Əməkdar müəllim.

Respublika.-2014.- 26 yanvar.- S.2.