IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkası başa çatıb

 

Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkasının sentyabrın 18-də bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov çıxış edərək üç gün davam etmiş sərgi-yarmarkanın işini yüksək qiymətləndirərək bu cür tədbirlərin kitabsevərlər tərəfindən maraqla qarşılandığını diqqətə çatdırıb.

Bildirilib ki, sərgidə həm yerli, həm xarici çap, poliqrafiya müəssisələri, nəşriyyatlar, kitabxanalar, çap işi ilə məşğul olan qurumların təmsilçiləri iştirak edib.

Kərim Tahirov qeyd edib ki, sərgi-yarmarka çərçivəsində bir sıra tədbirlər, kitab təqdimatları, müəlliflərlə görüşlər keçirilib, oxucular həm yerli, həm xarici ölkələrin nəşrləri ilə yaxından tanış olublar.

Tədbirdə çıxış edən digər natiqlər son vaxtlar ölkəmizdə kitabxanaların zənginləşdirilməsi istiqamətində xeyli görüldüyünü diqqətə çatdıraraq, kitab-sərgi yarmarkanın yüksək səviyyədə təşkilinə görə aidiyyətı qurumlara minnətdarlıqlarını bildiriblər.

Sonda IV Bakı Beynəlxalq kitab-sərgi yarmarkasında fəal iştirakına görə iştirakçılara diplomlar təqdim edilib. Mükafat alanlar sırasında Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) vardır.

 

AZƏRTAC

 

Respublika.- 2015.- 19 sentyabr.- S. 7.