“İnklüziv təhsil: nəzəriyyə və praktikanın vəhdəti”

 

AMİ-nin Mingəçevir filialında inklüziv təhsilə həsr olunmuş elmi-praktik konfransın mövzusu belə adlanırdı. Məlumdur ki, hər bir insanın yetişməsində, dünyagörüşünün artmasında, cəmiyyətə yararlı fərd olmasında təhsilin böyük rolu var. “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik” müddəasını əsaslandıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “təhsil əsri” elan edilən XXI əsrdə yüksək intellektə malik insan kapitalının formalaşması və güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu hec vaxt indiki qədər aktual olmamışdır. Təcrübə göstərir ki, hər hansı bir dövlətin inkişafını təbii sərvətlərin bolluğu deyil, bu sərvətlərin yüksək səviyyədə insan kapitalına çevrilməsi təmin edir. Təhsil sosial proseslərə təsir göstərən mühüm faktorlardan biri kimi, şəxsiyyəti şərtləndirən keyfiyyətlərin və dəyərlərin formalaşmasına xidmət edir. Demokratik təhsil cəmiyyətin bütün üzvlərinin – istər sağlam, istərsə də sağlamlıq imkanları məhdud insanların bərabər təhsil alma hüquqlarını təmin edir. Bu, cəmiyyətdə sosial bərabərliyin qorunmasına şərait yaratmış olur. Belə bir imkanı isə yalnız inklüziv təhsil yarada bilər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə ölkədə təhsil dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub və hazırda da Azərbaycan Respublikasının Prezidenti, Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı cənab İlham Əliyevin diqqət mərkəzindədir.

Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası bu sahədə bir sıra mühüm addımların atılmasını şərtləndirmişdir. Aparılan məqsədyönlü islahatlar sırasında inklüziv təhsil sahəsində görülən işləri uğurlu hesab etmək olar. Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili demokratik cəmiyyətin vacib tələblərindən biridir. Xüsusi təhsilin əsas məqsədi sağlamlıq imkanları məhdud şəxslərə həyat üçün zəruri olan bilik, bacarıq və vərdişlər aşılamaq, onların cəmiyyətə qovuşmalarını təmin etmək, özünə xidmət bacarıqlarını formalaşdırmaq, yaradıcı əmək fəaliyyətinə və ailə həyatına hazırlamaqdan ibarətdir. Bunun üçün bir sıra mühüm qərarlar qəbul edilmiş və qanunvericilik bazası yaradılmışdır. Respublikamızda müvafıq qanunvericilik bazasının yaradılması nəticəsində “Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili”nin təşkilinə əlverişli zəmin yaradılmışdır. Belə ki, 2001-ci ilin iyulunda ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanunda xüsusi təhsil sahəsində dövlətin vəzifələri müəyyənləşdirilmiş, sağlamlıq imkanları məhdud uşaqların, onların valideynlərinin və ya valideynlərini əvəz edən şəxslərin xüsusi təhsil sahəsində hüquq və vəzifələri öz əksini tapmış, xüsusi təhsilin təşkili və idarə olunması təsbit olunmuşdur. Qanunun icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müxtəlif təyinatlı 9 qərar, o cümlədən “İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydaları haqqında” qərar qəbul edilmişdir. Qaydalarda təsbit olunduğu kimi, inteqrasiya təlimli təhsil müəssisəsi sağlamlıq imkanları məhdud şəxslərin birgə təhsil alması üçün xüsusi şərait yaradılmış ümumtəhsil müəssisəsidir.

“İnklüziv təhsil: nəzəriyyə və praktikanın vəhdəti” mövzusunda keçirilən elmi-praktik kofrans inklüziv təhsil sahəsində görülən işlərə bir daha diqqəti yönəltmək və pedaqoji kadr hazırlığı ilə məşğul olan ali təhsil müəssisələrində bu təhsillə bağlı ortaya çıxan problemlərin həlli yollarının araşdırılması məsələlərinə həsr edilmişdir. Konfransda Azərbaycan Respublikası Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Həbib Kərimov, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının I müavini İlham İsmayılov, Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Əliyev, Mingəçevir Politexnik İnstitutunun rektoru Akif Hacıyev, Mingəçevir Şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, “Uşaq və ailələrə dəstək mərkəzi”nin direktoru Aygün Fərruxova, həmin mərkəzin eksperti Dilşad İlyasova, Mingəçevir şəhərinin orta məktəblərinin direktorları və uşaq bağçalarının müdirləri, Mingəçevir şəhərinin ümumtəhsil orta məktəblərində inklüziv təhsili həyata keçirən məktəb müəllimləri, Goranboy rayonunda yerləşən mərkəzin rəhbərliyi, həmçinin Ağcabədidə fəaliyyət göstərən “Gün ərzi” qayğı mərkəzindən nümayəndələr iştirak etmişlər.

Konfransı giriş sözü ilə açan filialın direktoru dosent Rasim Şükürov konfransın məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, bir ölkənin təhsilinin güclü olması, onun gələcəyinin uğuru deməkdir. Bir millətin gələcəyi isə onun təhsilindən asılıdır. Təhsil almaq hüququ ölkəmizdə yaşayan bütün vətəndaşlara şamil olunur. Azərbaycan Respublikasının Təhsil haqqında Qanununda qeyd olunur ki, cəmiyyətin bütün üzvlərinin – istər sağlam, istərsə də sağlamlıq imkanları məhdud insanların bərabər təhsil alma hüquqları vardır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasətində bütün vətəndaşlarımıza bərabər imkanlar yaradılmışdır. İnklüziv təhsil sahəsində son illərdə aparılan məqsədyönlü işlər, qəbul edilən qərarlar bu sahədə böyük nailiyyətlər əldə etməyə imkan vermişdir. Söz yoxdur ki, bütün bu uğurlar ölkə başçısı cənab Prezident İlham Əliyevin təhsilə, xüsusilə sağlamlıq imkanları məhdud olan insanların təhsilinə göstərdiyi qayğının nəticəsində mümkün olmuşdur. Azərbaycan Müəllimlər İnstitutunda İnklüziv Təhsil Mərkəzinin yaradılması məhz həyata keçirilən uğurlu tədbirlərdən biridir.

Sonra məruzələr dinlənilmişdir. Filialın “İctimai və təbiət fənləri” kafedrasının müdiri, dosent Zenfıra Əzizova “Xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası” , Müasir Təhsil-Tədrisə Yardımı Mərkəzinin eksperti Dilşad İlyasova “Uşaq və Ailələrə Dəstək Mərkəzində inklüziv təhsilin təşkili”, Mingəçevir şəhər 6 nömrəli məktəbin köməkçi-müəllimi İlahə Məhərrəmova “Orta məktəbdə inklüziv təhsilin təşkili”, Uşaq və Ailələrə Dəstək Mərkəzinin tərbiyəçisi Vəfa Abdullayeva “Azərbaycanda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək mərkəzlərinin problemli ailələrin həyatında rolu” mövzularında çıxış etmişlər.

Məruzələrdən sonra çıxış adənlər konfransın aktual bir mövzuya həsr edildiyini bildirərək, bu cür tədbirlərin keçirilməsini təqdir etmişlər. Mingəçevir şəhər Uşaq və ailələrə dəstək mərkəzinin məzunlarının və onların valideynlərinin çıxışları isə daha yaddaqalan olmuşdur. Plenar iclasdan sonra konfrans isrirakçıları sağlamlıq imkanları məhdud olan uşaqların əl işlərindən ibarət sərgiyə baxdırlar. Sərgi tədbir iştirakçılarında xoş ovqat yaratdı.

 

Həqiqət Qədimova,

AMİ Mingəçevir filialının filologiya və təhsildə psixoloji xidmət fakültəsinin dekanı, dosent.

 

Respublika.- 2015.- 7 yanvar.- S. 3.