BEYLƏQAN GÖZƏLLƏŞİR

 

Ana yurdumuz Azərbaycanın təkrarsız hüsnü ilə insanları valeh edən dilbər guşələrdən biri də qədim Beyləqandır. Tarixin keşməkeşlərinin şahidi olan bu bölgə hər zaman öz insanlarının qadir əməyi ilə yeniləşir, gözəlləşir, şəhər və kəndlərin, qəsəbələrin siması getdikcə tanınmaz dərəcədə dəyişilir.

Yen il beyləqanlılara yeni ruh, yeni nəfəs gətirmişdir. Onlar sevinirlər ki, ölkənin hər yerində olduğu kimi, bu rayonda da daimi əmin-amanlıq və sabitlik bərqərar olmuşdur. Rayon camaatı böyük əmək fəallığı göstərir, doğma el-obanın başını ucaltmaq üçün gərgin əmək sərf edir. İqtisadi məsələlərin həlli ilə yanaşı abadlıq və quruculuq işlərinə, insanların rahat yaşayışının təmin olunmasına da xüsusi diqqət yetirilir. Hər kəs çalışır ki, qarşıya qoyulmuş vəzifələr layiqincə həyata keçirilsin. Qədim Beyləqan əsl inkişaf dövrünü yaşayır, buna görə də indi daha cəlbedici görünür.

Beyləqan şəhərinin keçmişi, indisi və gələcək perspektivləri haqqında söhbət açan RİH başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Azil Aslanov ilk növbədə qeyd etdi ki, son illər Beyləqanda ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji kurs, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında irəli sürülən vəzifələrin yerinə yetirilməsi uğurla davam etdirilmişdir. Ötən illər həm də möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş ölkə iqtisadiyyatının inkişaf tempinin sürətləndirilməsi strategiyasının rayonda ardıcıl surətdə həyata keçirilməsi ilə də əlamətdar olmuşdur.

Ötən ilin avqust ayında ölkə başçısının rayona səfəri beyləqanlıların həyatında silinməz izlər buraxmışdır. Prezident Gənclər Mərkəzinin, Şahmat məktəbinin, 80 yerlik uşaq bağçasının, 3 min yerlik stadionun, Birinci Şahsevən-Əhmədli, Dünyamalılar avtomobil yolunun 20 kilometrlik hissəsinin açılışında iştirak etmişdir. Bu isə dövlət başçısının rayona göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirilir. Bu gün şəhərin abadlığı, görkəmi göz oxşayır, müasir tikililər insanı vəcdə gətirir və yenilikləri yaradan insanların qüdrətinə əhsən deyirsən.

Şəhərdə 2005-ci ildə əsası qoyulan yenidənqurma, tikinti-abadlıq və quruculuq işləri uğurla davam etdirilir. Son vaxtlar Heydər Əliyev prospektində və bəzi küçələrdə, körpülərdə əsaslı yenidənqurma işləri aparılmış, işıqlandırma sistemləri ən müasir avadanlıqlarla yenidən qurulmuş, Heydər Əliyev parkında, Mücirəddin Beyləqani xiyabanında və mərkəzi şəhər parkında, şəhər stadionunda yenidənqurma işləri aparılmışdır. 55 yerlik uşaq bağçasının, DSMF rayon şöbəsinin, Maliyyə idarəsinin, Polis şöbəsinin, Dövlət Reyestr Xidmətinin binalarının əsaslı təmiri başa çatdırılmışdır. Küçənin, dalan və döngələrin yol hissələrinə çınqıl tökülərək asfalt vurulmuş, xeyli təmir işi aparılmışdır. Şəhər ərazisində minlərlə ağac əkilmiş, yolların kənarları yaşıllaşdırılmış, parkxiyabanlarda yaşıl çəmənliklər salınmışdır. Hazırda əlillər üçün 54 mənzilli yaşayış binaları inşa olunur, Telekommunikasiya qovşağının və “Azərpoçt” rayon filialının inzibati binaları əsaslı surətdə təmir edilir.

Əhalinin içməli suya, elektrik enerjisinə, təbii qaza olan tələbatının ödənilməsi sahəsində mühüm tədbirlər həyata keçirilmişdir. Şəhərdəki mərkəzi boru və dayanmış hidrotexniki qurğular təmir edilərək işlək vəziyyətə gətirilmiş, 48 kilometr kanalizasiya, 45 kilometr su xətləri çəkilmişdir. Hazırda 8760 abonentə mavi yanacaq verilir, satılmış qazın dəyəri bütünlüklə ödənilmişdir.

Təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin işinin təkmilləşdirilməsi, onların maddi-texniki bazalarının möhkəmləndirilməsi, şəbəkələrinin genişləndirilməsi, ixtisaslı kadrlarla təminatının yaxşılaşdırılması istiqamətində son illər həyata keçirilən tədbirlər nəticəsində bu müəssisələrin əhaliyə göstərdikləri xidmətlərin səviyyəsi yüksəlmişdir. 1, 3, 4 və 6 saylı bağçalarda 8455 manatlıq təmir işləri aparılmış, 7 saylı uşaq bağçası binasının inşası başa çatdırılmışdır. Mədəniyyət, səhiyyə, təhsil ocaqları sosial həyatın çiçəklənməsi zəminində mühüm rol oynayırlar. Mərkəzi şəhər stadionu, Uşaq-Gənclər İdman Məktəbi kimi sağlamlıq ocaqları ən yeni idman avadanlıqları və təlim vasitələri ilə təchiz edilmişlər.

Qarşıdakı illərdə əhalinin güzəranının daha da yaxşılaşdırılması, xüsusilə xidmət sahələrinin işinin nümunəvi təşkili adamların fəaliyyətində əsas istiqaməti olacaqdır. Yeni ilin ilk günlərində hər sahədə işlərin canlanması onu göstərir ki, həmin vəzifələr layiqincə yerinə yetiriləcəkdir.

 

Sabir Mustafayev

 

Respublika.- 2015.- 7 yanvar.- S. 4.