Bol suvarma suyu məhsuldarlığın əsasıdır

 

Cəbrayıl rayonu müvəqqəti olaraq aran düzündə, Biləsuvar bölgəsinin ərazisində yerləşir. Respublikamızın hər yerində olduğu kimi, Cəbrayıl rayonunun fermerləri də ötən ilin quraqlıq keçən yay fəslində əziyyət çəkdilər. Əkin sahələrinin optimal müddətdə suvarılmasında xeyli problemlər yarandı. Buna baxmayaraq, rayon suvarma sistemləri idarəsi fermerləri suvarma suyu sarıdan korluq çəkməyə qoymadı. İdarənin rəisi Tehran Məmişovla söhbət zamanı öyrənirik ki, ərazidən keçən kanalda suyun həcmi minimal səviyyəyə düşdüyündən suvarma işi xeyli çətinliklərlə başa gəldi:

Bildiyiniz kimi, meliorasiya işlərinin vaxtında və səmərəli həyata keçirilməsi, suvarma sistemlərinin düzgün qurulması kənd təsərrüfatının inkişafında müstəsna rol oynayır. Azərbaycan MeliorasiyaSu Təsərrüfatı ASC-nin gündəlik və hərtərəfli qayğısı sayəsində biz bu mühüm vəzifənin öhdəsindən layiqincə gələ bilirik. 2014-cü ildə əkilmiş 4042 hektar sahənin 2294 hektarı taxıl, 1080 hektarı yonca, 648 hektarı həyətyanı sahə, 20 hektarı isə çuğundur əkinlərindən idarət idi. Mövsüm ərzində taxıl sahəsini 2 dəfə, yoncanı ən azı 6 dəfə, həyətyanı sahəni 7 dəfə, çuğundur sahəsini 7 dəfə suvarma suyu ilə təmin edə bildik. Artıq 147 hektar təzə yonca, təzə əkilmiş 2147 hektar taxıl sahəsi tam suvarılmışdır.

Yeri gəlmişkən, deyim ki, suvarma işinin normal aparılması sistemdəki qurğu və avadanlıqların texniki cəhətdən saz halda işləməsindən asılıdır. Keçən il öz vəsaitimiz hesabına 32,5 kilometr kanal lildən təmizlənmiş, 39 ədəd hidrotexniki qurğu cari təmir olunmuşdur. 2015-ci ilin vegetasiya suvarma mövsümünün daha keyfiyyətli aparılması üçün nasos stansiyalarının işçi hissələri bütünlüklə yenisi ilə əvəz olunmuşdur. 2 saylı nasos stansiyasında 1 ədəd aqreqat yenidən qurulmuş, 1 və 3 saylı nasos stansiyasında 5 ədəd nasos aqreqatının işçi hissələri bütünlüklə yenisi ilə əvəzlənmişdir. Tehran müəllim daha sonra dedi ki, Cəbrayıl Rayon Suvarma Sistemləri İdarəsinin melioratorları, şübhə yoxdur ki, ötən illərdə olduğu kimi, 2015-ci ildə də öz vəzifəsinin öhdəsindən layiqincə gələcəkdir.

 

Tofiq HÜSEYN

 

Respublika.- 2015.- 7 yanvar.- S. 4.