Elmi bilikləri təcəssüm etdirən faydalı vəsait

 

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin “Zəngin elmi-podaqoji ənənələrə malik Azərbaycan Dövlət İqtisad Universiteti ölkəmizdə təhsilin inkişafına sanballı töhfələr vermişdir” epiqrafı ilə başlayan “Azərbaycan Dövlət İqtisad Universitetinin professor və müəllimlərinin müdafiə olunmuş dissertasiyaları: Biblioqrafık göstərici” elmi bilikləri, xüsusilə iqtisadi bilikləri təcəssüm etdirən qiymətli bir vəsait kimi nəzəri cəlb edir.

Respublikamızda elm adamlarının, xüsusılə yüksək ixtisaslı iqtisadçı kadrların yetişdirilməsində Azərbaycan Dövlət İqtisad Universitetinin xidmətləri danılmazdır.

Universitetin tarixinə nəzər saldıqda görünür ki, 1939-40-cı illərdə cəmi 3 nəfər elmlər namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya işi müdafiə etmişdir. Dissertasiya mövzuları içərisində Azərbaycan iqtisadiyyatının müxtəlif problemlərinə həsr olunmuş işlər üstünlük təşkil edirdi. Eləcə də həmin illərdə dissertantlardan 8 nəfəri doktorluq işi üzərində tədqiqatlar aparırdı.Bu günə nəzər saldıqda isə universitetdə fəaliyyət göstərən alimlərin sayının durmadan artdığının şahidi oluruq. Onlar doktorant və dissertantların respublikauniversitet miqyasında keçirilən elmi konfrans və seminarlarında, eləcə də beynəlxalq seminarlarda elmi işlərin nəticələri haqqında məruzələrlə çıxışlar edirlər. 2009-2010-cu tədris ilində universitetdə təhsil alan doktoranrtların sayı 20 nəfər, dissertantların sayı ilə 165 nəfər olmuşdur. Hazırda doktorantlaradissertantlara müxtəlif elm sahələri üzrə 40 nəfərdən çox elmlər doktoru və fəlsəfə doktorları rəhbərlik edirlər.

Azərbaycanda ali iqtisadi təhsilin formalaşmasında fərdi xüsusiyyətlərə malik mərhələli yol keçmiş Azərbaycan Dövlət İqtisad Universiteti bu gün öz əməkdaşları ilə qürur duyur. Burada əmək fəaliyyətinə başlamış, elmi araşdırmaları ilə respublikadaonun hüdudlarında kənarda alimlik dərəcəsi almış, hazırda isə yenl alimlər yetişdirilməsində böyük rol oynayanlardan ürək dolusu söhbət açmaq olar.

ADİU-nun Əsaslı Kitabxanasının əməkdaşları, eləcə də Biblioqrafiya şöbəsinin işçiləri respublikamızın önəmli, böyük təcrübəyə mailk kitabxanalarının metodlarından faydalanmağı zəruri hesab edirlər. 90 illik zəngin tarixi olan AMEA-nın Mərkəzi Elmi Kitabxanasının əməkdaşları tərəfindən tərtib edilmiş “Azərbaycanda müdafiə olunmuş dissertasiyaların biblioqrafik göstəricisi” adlı sanballı kitabını özünə örnək bilən ADİU-nun Əsaslı Kitabxanasının əməkdaşı belə bir vəsaiti hazırlamağa qərar vermiş və “Azərbaycan Dövlət İqtisad Universitetinin professor və müəllimlərinin müdafiə olunmuş dissertasiyaları: Biblioqrafik göstərici” adlı kitab bu yaxınlarda işıq üzü görmüşdür. Göstəricinin tərtibçisi kitabxananın baş biblioqrafı Arzu Məmmədova, elmi redaktoru BDU-nun biblioqrafiyaşünaslıq kafederasının baş müəllimi Solmaz Sadıqova, rəyçilər BDU-nun kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Knyaz Aslan, BDU-nun Kitabxanaşünaslıq kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Mehmanəli Məmmədovdur.

Kitabda 678 dissertasiya işinin – 81 doktorluq, 597 namizədlik dissertasiya işinin biblioqrafik təsviri verilmişdir. Onlardan 10-u Sankt-Peterburqda, 6-sı Moskvada, 5-i Kiyevdə müvafiq elmi-tədqiqat institutlarında müdafiə edilmiş dissertasiyalardır. Tanınmış iqtisadçı alimlərimiz Əlican Babayevi, Arif Şəkərəliyevi, Alıcan Abbasovu, Şirzad Abdullayevi, Damət Bağırovu, Mübariz Bağırovu, Şəmsəddin Hacıyevi, Məmmədhəsən Meybullayevi, Elnur Sadıqovu və başqalarını buna misal göstərə bilərik. Xüsusilə, 2000-ci ildə Prezident Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin olunmuş, 2004-cü ildən isə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları naziri vəzifəsini daşıyan akademik Əli Abbasovu xatırlamamaq olmaz. O, rektor kimi fəaliyyəti dövründə universitetdə bir sıra əhəmiyyətli islahatlar aparmış, elm və təhsilin inteqrsiyasına, xüsusilə də, makroiqtisadi proseslərin modelləşdirilməsi və analizində informasiya texnologiyalarının riyazi üsulların tətbiqinə böyük önəm vermişdir. Əli Abbasov informatika, telekommunikasiya və idarəetmə sahəsində yüksək elmi nailiyyətlər qazanmış bir alim kimi təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da tanınmış mütəxəssisdir. İqtisad Universitetində onun təşəbbüsü ilə informasiya iqtisadiyyatı kafedrası yaradılmışdır. Hazırda Əli Abbasov həmin kafedraya rəhbərlik edir və biliklərə əsaslanan iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə kadrlar hazırlayır.

Biblioqrafık göstəricidə adları çəkilən 678 nəfərdən 224-nün sıra nömrəsindən sonra kataloq nömrələri qeyd edilib. Nömrələrin dissertasiya işləri Əsaslı Kitabxananın fondunda saxlanılır. Çox təəssüf ki, qalan alimlərin dissertasiyalarının “adı var, özü yox”. Hazırda universitetdə yüksək vəzifə daşıyan alimlərdən Məhiş Əhmədovun, Ümidvar Əliyevin, Damət Bağırovun, Tofıq Quliyevin və başqalarının dissertasiya işləri kitabxana fonduna daxil olmayıb. Bu cəhətdən, Akademiyanın Elmi Kitabxanasının üsulundan nümunə götürmək lazımdır. Alimlərin hansı elmi şuralarda dissertasiya müdafiə edəcəyindən asılı olmayaraq müəllif dissertasiyanın orijinalını, diskini və avtoreferatını MEK-ə təhvil verib, arayış götürmədən elmi müdafiə üçün təqdim edilə bilməz. İndi müasir dövrdə heç olmazsa, dissertasiyaların diskləri universitetin Əsaslı Kitabxanasına təqdim edilməlidir. Əgər dissertasiyalar elektron fondda olarsa, elmi-tədqiqat işləri ilə məşğul olan istifadəçilər bu fonddan da istifadə edə bilərlər. Əsaslı Kitabxananın Elektron kitabxanasının İKT Mərkəzinin əməkdaşlarının dəstəyi ilə yenilənməsi layihəsində yəqin ki, bütün bunlar nəzərə alınacaqdır. Bu biblioqrafık göstəricidə diqqət çəkən həm də sonda müəllif tərəfindən müdafiə edənlərin statistik cədvəllərinin təqdimatıdır. Cədvəllər bir yenilik kimi çox maraq doğurur.

AMEA-nın 1964-cü ildən başlayan “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından biblioqrafik göstəricilər haqqında mətbuatda gedən məqalələrdən birində bu “İynə ilə gor qazmaq” adlandırılmışdır. Doğrudan da, biblioqrafik göstəricilər tərtib etmək çox çətin, əziyyətli işdir. Müəllimlər, magistrlər, tələbələr və geniş oxucu kütləsi, istifadəçilər üçün nəzərdə tutulanoxuculara təqdim olunan “Azərbaycan Dövlət İqtisad Universitetinin professor və müəllimlərinin müdafiə olunmuş dissertasiyaları: Biblioqrafık göstərici” adlı biblioqrafik vəsait ilə tanışlıqdan sonra belə qənaətə gəlmək olar ki, Azərbaycan Dövlət İqtisad Universiteti Əsaslı Kitabxanasının biblioqrafları baş biblioqraf Arzu Məmmədovanın rəhbərliyi altında bundan sonra da belə şərəfli işlərin öhdəsindən layiqincə gələ biləcəklər.

 

İsmət SƏFƏROV.

İqtisad Universiteti” nəşriyyatının baş redaktoru

 

Respublika.- 2015.- 7 yanvar.- S. 4.