Dünyadiş klinikası

 

Klinikada insanların estetik cəhətdən kamil olmasında, cavan, gümrah və gözəl görünməsində dişlərin böyük əhəmiyyət daşıdığını dərindən bilən və bu işlərin öhdəsindən bacarıqla gələn həkimlərdən biriRamin Əlövsət oğlu Adıgözəlovdur. O, 1987-ci ildə Bakıda dünyaya göz açıb. Bakıxanov qəsəbəsində yerləşən 252 saylı tam orta məktəbi bitirib. 2010-cu ildə Azərbaycan Dövlət Tibb Universitetinin stomotoloji fakültəsini bitirdikdən sonra Bakıxanov qəsəbəsindəki diş poliklinikasına təyinat alır. Bir il işlədikdən sonra təcrübəli həkim Sultan Qələndərlinin yanında özəl klinikada çalışır. Müsahibimiz Ramin həkim Sultan həkimdən və əmisi Allahyar Qənbərovdan çox şey öyrəndiyini, çox təcrübə qazandığını bildirdi: “İl yarım olar ki, “Dünyadiş klinikasında işləyirəm. Bizə müxtəlif insanlar müraciət edir. Onların müayinə və müalicəsini, dişlərini zövqlərinə uyğun düzəldilməsinə çalışırıq. Bunun üçün bizim klinakada hər cür imkan və şərait var. Çalışıram ki, müraciət edən xəstələri razı salım. Bu, hər şeydən əvvəl mənim bir həkim kimi müqəddəs borcumdur.

Bir həkim kimi çalışıram ki, dünyada ixtisasıma uyğun baş verən yenilikləri öyrənim və öz işimdə tətbiq edim. Bu sahə daim yeniləşirsə, biz həkimlər də yenilikləri öyrənməliyik.

Onu da deyim ki, klinikamız ən müasir avadanlıqlarla təchiz olunub. İstər Avropada, istərsə də dünyanın inkişaf etmiş hər bir ölkəsində olan yeniliklər dərhal bizə çatır.

Yeri gəlmişkən onu da deyim ki, çox təəssüflər olsun ki, bizim əhali arasında dişlərinə, ağız boşluğuna qulluq edən adamlar azdır. Ağız boşduğuna daimi qulluq etmək lazımdır, çünki, o, orqanizmin qapısıdır. Həzm sistemi, tənəffüs sistemi — hamısı bilavasitə onunla bağlıdır. Ağız boşluğundakı çürük dişlər vasitəsilə infeksiya birbaşa həzm sisteminə keçirbu da müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Əgər ağız boşluğunda dişlər yoxdursa, qida lazımi səviyyədə çeynənilmədən mədəyə düşür. Bu zaman orqanizmin həzm sistemində böyük pozuntular meydana çıxır. Dəyirman dəni normal üyütdüyü kimi, ağız boşluğundakı dişlər də daxil olan qidanı lazımi səviyyədə xırdalamalıdır. Belə olarsa, onda heç kəs həzm sistemlərinin pozulmasından şikayət etməz”.

 

Məhəmməd VƏLİYEV

 

Respublika.- 2015.- 7 yanvar.- S. 5.