Tarixi abidələri qorumaq hər kəsin borcudur

 

Bəzən deyirik ki, insan həyatda heç nədən sığortalanmayıb. Xəstəlik, hər cür bədbəxt hadisə, ölümün özüonu istənilən anda yaxalayır. Bəs, insanın qurub-yaratdıqları, təbiətin bizlərə bəxş etdiyi abidələr, necə? Qorunurmu? Mədəni irsimiz kifayət qədər mühafizə edilirmi? Onu da qeyd edək ki, mədəni irsin mühafizəsi bu gün bütün dünyada qlobal xarakter daşıyır və bu istiqamətdə bir çox beynəlxalq təşkilatlar fəaliyyət göstərir. O da bəllidir ki, mədəniyyət abidələri əsasən təbii fəlakətlər və silahlı münaqişələr zamanı daha çox ziyan çəkirlər. Bunlardan biri insan iradəsindən kənar olsa da, digərini törədənlər məhz insanlardır... Doğru deyirlər ki, müharibələr təkcə insan tələfatı, insan faciəsi deyil. Dağıdılan, yerlə-yeksan edilən abidələrin “göz yaşını” heç kəs görmür, onların “fəryadını” heç kəs eşitmir. Belə olmasaydı dünyanın söz sahibləri gözləri qarşısında dağıdılanlara bu qədər laqeyd qalmazdılar.

Müstəqillik nəyisə əldə etmək üçün, həm də nəyisə itirməkdir. Elə bizqurbanlar, şəhidlər verdik ki, azadlığımıza qovuşaq. Torpaqlarımızı da itirdik, o torpaqlardakı mədəni abidələrimizə, gözəlliklərə də həsrət qaldıq. Bu gün itirdiklərimizin dəqiq hesablamalarını aparanda ən böyük təsəllimiz əldə etdiyimizin böyüklüyü, əvəzedilməzliyi olur. Bütün acılarımıza məlhəm olur onun şirinliyi.

Müstəqiliksə, qüdrətləndikcə günahkarlarla haqq-hesab çəkməyə də gücümüz çatar. Təsadüfi deyildir ki, ölkəmiz mədəni irsin idarə edilməsi, abidə və komplekslərin mühafizəsi sahəsində dünya təcrübəsinin öyrənilməsi, beynəlxalq normalar əsasında hüquqi bazanın formalaşdırılması istiqamətində məqsədyönlü şəkildə aparır. “Silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyası və ona dair İkinci Protokolu qəbul edən respublikamız üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirir. 2010-cu ildən etibarən Silahlı Münaqişə Zamanı Mədəni Dəyərlərin Qorunması üzrə Komitə ilə əməkdaşlıq edilir. Bununla yanaşı, YUNESKO-nun Ümumdünya İrsi Komitəsi və Komitənin katibliyi qismində çalışan Ümumdünya İrs Mərkəzi ilə əməkdaşlığı məhsuldar hesab etmək olar. 2011-ci ildə Azərbaycan YUNESKO-nun Parisdəki Baş Qərargahında Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması üzrə Hökumətlərarası Komitəsinin üzvü seçilib. Hazırda ümumbəşəri abidələrimiz olanQobustan” və “İçərişəhər”in müasir standartlara uyğun qorunması və idarə olunması sahəsində YUNESKO-nun müvafiq qurumları ilə əməkdaşlıq uğurla davam etdirilir. Görülən işlərin nəticəsidir ki, bir sıra abidələr Ümumdünya İrs Siyahısında yer ala bilmişdir.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan, lakin bu gün ermənilərin tapdağı altında qalan Dağlıq Qarabağonun ətrafında yerləşən yeddi rayonda 699 tarix-mədəniyyət abidəsi, 4366 mədəni sosial obyekt ermənilər tərəfindən dağıdılmışdır. Bu abidələrin böyük bir qismi tamamilə məhv edilmişdir. Talan edilmiş həmin muzeylərdən 40.000-dən artıq qiymətli əşya, nadir eksponat oğurlanmış, bir hissəsi qaçaqmalçılıq yolu ilə digər xarici ölkələrə satılmışdır. Uzun tarixi dövr ərzində hazırkı müstəqil Azərbaycan dövləti ərazisində mövcud olmuş Qafqaz Albaniyası dövrünə aid olan kilsə və məbədlər qriqoryanlaşdırılmış, məhz Albaniyaya məxsus olan memarlıq üslubu məhv edilərək saxtalaşdırılmışdır. Müsəlmanların müqəddəs inanc yerləri olan məscid binaları heyvan saxlamaq üçün tövləyə çevrilmişdir ki, bu da bütün dünyada qəbul edilmiş etikdini dözümlülük normalarına ziddir. İnsan hüquqlarına, onların mövcudluğuna, inkişafına qarşı ən fövqəl təhlükə də məhz elə budur.

Doğrudur, bu dağıdılmış maddi irsimizlə bağlı məsələyə beynəlxalq müstəvidə hüquqi qiymət verilməsi istiqamətində müəyyən görülür, lakin hələlik heç bir nəticə yoxdur.

Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə yerləşən tarix-mədəniyyət abidələrinin zərər görməsində təbii fəlakətlər, xüsusilə zəlzələlər böyük rol oynayır. Bu, tarixən də olub, bu günvar.

Onu da qeyd etməliyik ki, fövqəladə hallar zamanı zərər görmüş, fiziki aşınmaya məruz qalmış abidələrin əsaslı bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi Dövlət Proqramı layihəsi hazırlamışdır. Layihənin 2020-ci ilə qədər icrası nəzərdə tutulur.

Tarixi abidələrin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi, inkişafı bugünümüz üçün deyil, gələcəyimiz üçün daha vacibdir. Çünki hər bir xalq, millət, dövlət öz tarixi köklərinin üzərində qərar tutur. Əgər biz də qədimliyimizi, yüksək mədəni dəyərlərə mənsub olduğumuzu sübuta yetirmək istəyiriksə bu işə hamılıqla dəstək olmalıyıq. Kurqanların qanunsuz olaraq qazılması, buradan çıxarılan torpaqdan tikinti materialı kimi istifadə olunması, tarixi əhəmiyyət kəsb edən binaların dağıdılması, tikinti-quruculuq işləri zamanı arxeoloji-kəşfiyyat işlərinin aparılması və s...

Maddi mədəniyyət nümunələrinə bu cür etinasız münasibət yolverilməzdir. Gəlin, elə edək gələcək nəsillər bizi topa-tüfəngə tutmasın...

 

Zümrüd ABDULLAYEVA

 

Respublika. - 2015.- 9 yanvar.- S. 6.