İrəvanın verilməsi: Osmanlı niyə çibanı kökündən təmizləmədi?!

Tarixi Azərbaycan torpağı olan İrəvan şəhəri və ətraf ərazilərin ermənilərə verilməsi və bu ərazilərdə erməni dövlətinin yaradılmasından artıq 98 il ötür.

1918-ci ildə erməni dövləti niyə yaradıldı? Niyə erməni dövləti qədim İrəvan xanlığında yaradıldı? İrəvan və ətraf ərazilər ermənilərə kim tərəfindən və necə verildi? Azərbaycan tərəfinin bu məsələdə mövqeyi nədən ibarət idi? İrəvan və ətraf ərazilərin ermənilərə verilməsi və bu ərazilərdə erməni dövlətinin yaradılması hansı şərtlər daxilində həyata keçirildi? İrəvan hansı şərtlərlə ermənilərə verildi? Bu şərtlərin aqibəti necə oldu? Bütün bu suallara aşağıda aydınlıq gətirməyə çalışacağıq.

Problemə giriş üçün qısa arayış olaraq qeyd edim ki, Osmanlı imperatorluğu Trabzon konfransında (14 mart - 14 aprel 1918) Brest-Litovsk sülh müqaviləsinin Qafqaza aid maddələrini Zaqafqaziya Seyminə qəbul etdirib, onun əsasında sülh bağlamaq istəsə də, Seymin Brest müqaviləsini qəbul etməməsi səbəbindən bir aya qədər davam edən danışıqlar uğursuzluqla nəticələnmişdi və Tiflis hökuməti türk tələbləri qarşısına silahla çıxmışdı.

8 günlük (14-21 aprel 1918) müharibədə məğlub olan Zaqafqaziya Seymi Osmanlı imperatorluğunun tələblərini qəbul etdiyini bəyan etsə də, Zaqafqaziya hökumətinin türk tələbləri qarşısına silahla çıxması və Osmanlı imperatorluğunun Brest-Litovsk sülhü ilə əldə etdiyi ərazilərə (Qars, Ərdəhan və Batum) silah gücünə yiyələnməsi tərəflər arasında keçirilən Batum konfransında (11 may - 4 iyun 1918) Türkiyənin mövqeyinin daha da sərtləşməsinə səbəb oldu.

Batum konfransının 1918-ci il may ayının 11-də keçirilən ilk iclasında Osmanlı nümayəndə heyətinin rəhbəri Xəlil bəy Menteşə Brest müqaviləsinin şərtlərini indiki danışıqlar üçün əsas kimi qəbul etmədiyini bildirib, Türkiyənin hərbi əməliyyatlar meydanında verdiyi qurbanların əvəzi olaraq Qars, Ərdəhan və Batum vilayətlərindən başqa bir sıra yeni ərazilər və imtiyazlar tələb etdi. Bu tələblərə Tiflis quberniyasının Axıska və Axalkələk qəzaları, İrəvan quberniyasının Aleksandropol (Gümrü) və Sürməli qəzaları, Eçmiədzin qəzasının Sərdarabad hissəsi, İrəvan qəzasının cənub və cənub-qərb hissəsini təşkil edən Kəmərli (Gərnibasar), Uluxanlı (Zəngibasar) və Vedibasar bölgələri, Şərur-Dərələyəz qəzasının Şərur hissəsi və Ordubad istisna olmaqla Naxçıvan qəzası, habelə Qars-Aleksandropol-Culfa dəmir yolu daxil idi. Bundan əlavə, İngiltərəyə qarşı müharibə davam etdiyi müddətdə Türkiyəyə Zaqafqaziyanın bütün dəmir yol şəbəkəsindən istifadə etmək hüququ verilməli idi.

Qeyd edək ki, Osmanlı dövlətinin bu tələbləri nəinki Brest müqaviləsinin Türkiyə üçün müəyyən etdiyi 1877-1878-ci illər müharibəsinə qədərki türk-rus sərhəd xəttini, hətta 1828-ci ildəki türk-rus sərhədini də aşırdı. Bu tələblərə münasibətdə ümumi bir mövqeyə gələ bilməyən Zaqafqaziya heyətində fikir ayrılıqları və ziddiyyətlər daha da dərinləşdi. Bu da öz növbəsində heyətdə təmsil olunan azərbaycanlı, gürcü və erməni nümayəndələrinin ayrı-ayrılıqda Türkiyə və Almaniya ilə danışıqlar aparmasına gətirib çıxardı. Gürcülər türk tələbləri qarşısında çıxış yolu kimi Almaniyaya sığınmaq qərarına gəldilər. Gizli aparılan gürcü-alman danışıqları “Poti razılaşması” ilə nəticələndi ki, bu razılaşma ilə Gürcüstan Federasiyadan çıxıb öz müstəqilliyini elan edir və Almaniyanın qəyyumluğunu qəbul edirdi.

Türk tarixçisi A.N.Kurat yazır ki, “...gürcü, erməni və azərbaycanlıların bir dövlət halında yaşamaları imkansız idi. Bu durum qarşısında Türkiyə ilə imzalanacaq qəti sülhün davamlı və əsaslı olmasını təmin etmək üçün “konfederasiya” təşkil edən hər üç zümrənin ayrı-ayrılıqda müstəqil dövlət halına gəlmələri vacib idi. Bu görüş Osmanlı hökuməti tərəfindən irəli sürüldü və ancaq bu reallaşdığı təqdirdə qəti bir sülhün imzalana biləcəyi “Qafqaz nümayəndə heyəti”nə bəyan edildi”.

Batumda və Tiflisdə cərəyan edən hadisələr haqqında məlumatlı olan sədr-əzəm Tələt paşa Xəlil bəy Menteşəyə göndərdiyi 25 may tarixli teleqramında bildirirdi: “Son şifrənizi Məclis-i Umumidə oxuduq və uzun-uzadı müzakirə etdik. Son ərz etdiyim şəkildə ittifaq hasil oldu. Yəni, dərhal ultimatum vermək və qəbul etmədikləri təkliflərimizi qüvvə ilə qəbul etdirmək.

Əgər gürcülər ayrı və müstəqil bir hökumət təşkil edərlərsə, ayrıca müzakirə edərik. Şimali və Cənubi Qafqaz müsəlmanlarının ayrıca müstəqil bir hökumət təşkil etməsi, dərəcəyi-istiqlal və irtibatlarının təyini sonradan düşünülür. Gürcülərlə müsəlmanların erməni məsələsi həll edildikdən sonra birləşmələri imkanı vardır. Zat-ı dövlətləri indidən bu cəhətə çalışa bilərsiniz...”

Elə həmin gün Tələt paşa tərəfindən Xəlil bəyə göndərilən növbəti teleqramda deyilirdi: “Zeyldir. Müfəssəl şifrə teleqrafnamələri dahi mutalaa edildi. Gürcülərlə və müsəlmanlarla ayrı-ayrı dostluq müqavilələri bağlamaq daha üstün tutulur. Sonradan ordumuz intizamı təmin və hökuməti təşkil etmək üçün gedər. Və hökumət təşəkkül etdikdən sonra Dövlət-i Aliyyə ilə münasibətini təyin edərik”.

Osmanlı dövlətinin tələbləri əks olunan 11 may tarixli ultimatumun verilməsindən iki həftədən artıq bir vaxt keçməsinə baxmayaraq, Zaqafqaziya heyətindən bu ultimatuma heç bir rəsmi cavab verilməmişdi. Ona görə də Osmanlı nümayəndə heyətinin rəhbəri X.Menteşə 26 may 1918-ci il tarixində Zaqafqaziya heyətinə yeni və son ultimatumunu təqdim etdi. Ultimatumda deyilirdi: “Təəssüflə qeyd edirəm ki, Batum konfransının may ayının 11-də keçirilən ilk toplantısında Osmanlı imperator hökuməti adından Zaqafqaziya Federativ Respublikasının nümayəndə heyətinə təqdim etdiyim ultimatuma, iki həftədən artıq bir vaxt keçməsinə baxmayaraq, cavab almamışam. Zati-alilərinə məlum olduğu kimi, Qafqazın vəziyyəti çox kritik və qarışıqdır və çözülməyə möhtacdır. Bakı və ətrafında yüz minlərcə türk və müsəlman özlərinə inqilabçı deyən vicdansız quldurların qanlı pəncəsində inləyir. Bu zavallıları təhdid edən dözülməsi imkansız fəlakət gündən-günə artmaqdadır. Saysız mütəşəkkil quldur dəstələrin təcavüzünə məruz qalan Qafqazın digər bölgələrindəki türk və müsəlman xalqın vəziyyəti də heç cür ümidverici deyildir.

Rəis həzrətləri, qəbul edərsiniz ki, bu adı daşımağa layiq olan heç bir hökumət, qonşu olduğu bir ərazidə belə cinayətlərin cəzasız olaraq qalmasına dözə bilməz və yenə qəbul edərsiniz ki, Qafqazı məhv edən bu anarxiya münasibətilə Osmanlı imperator hökumətinin vəziyyəti çox nazikdir. Çünki bu anarxiyanın Osmanlı imperiyasının əhalisi ilə eyni irq və dinə mənsub bir əhalinin asayişi ilə əlaqəsi vardır. Digər tərəfdən, ümumi hərbin gərəyi olaraq Osmanlı imperator hökuməti öz ordusunu digər cəbhələrə Qafqaz yolu ilə göndərmək məcburiyyəti qarşısındadır. Bu da indiki qeyri-müəyyən vəziyyətə son qoymağı tələb edir...”

Bu ultimatumda Türkiyənin 11 may tarixli əsas tələbləri ilə yanaşı bir sıra yeni tələblər də yer almışdı və bunların qəbul edilib-edilməməsi ilə bağlı 72 saat ərzində cavab verilməsi tələb edilirdi. Ultimatum saat 20-də verilmişdi və bundan beş saat əvvəl Zaqafqaziya Federasiyası artıq mövcud deyildi, dağılmışdı. Elə həmin gün Gürcüstan, mayın 28-də isə Azərbaycan və Ermənistan öz müstəqilliyini elan etdi. Bu səbəbdən Zaqafqaziya hökumətinin Türkiyə ilə başladığı Batum danışıqlarını yeni elan edilmiş milli respublikalar davam etdirməli oldular.

Zaqafqaziya Federasiyasının dağılmasından sonra da Osmanlı iperatorluğunun tələblərində elə bir dəyişiklik olmadı, əksinə bu tələblər daha da sərtləşdi. Hələ Zaqafqaziya Seyminin dağılması ərəfəsində, mayın 24-də Osmanlı dövlətinin sədr-əzəmi Tələt paşa Batum konfransındakı türk nümayəndə heyətinin rəhbəri Xəlil bəyə göndərdiyi teleqramında yazırdı: “...Ermənilərin bir hökumət halında təşəkkül etməsinə qətiyyən tərəfdar deyiləm. Kiçik bir erməni muxtariyyəti beş il sonra beş milyon əhalisi olan bir erməni dövləti halına gələcək və bütün Qafqaza hakim olaraq Şərqin Bolqarıstanına çevriləcəkdir. İran və Amerikada olan bütün ermənilər orada toplanacaq, ingilis və fransızlardan hər cür yardım alaraq, gələcəkdə xristian gürcülərlə və çox asanlıqla əcəmlərlə birlikdə bizim əleyhimizə hərəkət edəcəklər. Bu səbəbdən mümkün olsa, çibanı kökündən təmizləmək ən xeyirli iş olacaqdır. Bu mümkün olmadığı təqdirdə Ermənistanın çox zəif və yaşamayacaq şəkildə təşəkkül etməsi zəruridir...”

Göründüyü kimi, Tələt paşa erməni dövlətinin yaradılmasının gələcəkdə Türkiyə üçün yarada biləcəyi problemləri öncədən görürdü və elə buna görə də erməni dövlətinin yaradılmasına imkan vermək istəmirdi.

Türkiyənin 26 may tarixli ultimatumundan sonra Batumdakı gürcü və erməni nümayəndələri Tiflisə qayıtdılar və may ayının son günlərində yeni təlimatnamələrlə yenidən Batuma döndülər. Azərbaycan nümayəndələri - M.Ə.Rəsulzadə və M.H.Hacınski isə Tiflisə qayıtmaqdansa Batumda qalıb Türkiyə ilə bir sıra məsələlərlə bağlı danışıqlar aparmağı üstün tutdular. Türkiyə tərəfindən təqdim olunan ultimatumda Azərbaycan torpaqları ilə bağlı ərazi tələbləri də var idi. Bu ərazi tələblərinə Naxçıvan qəzası (Ordubad istisna olmaqla), Şərur-Dərələyəz qəzasının Şərur hissəsi, İrəvan qəzasının Kəmərli (Gərnibasar), Uluxanlı (Zəngibasar) və Vedibasar bölgələri daxil idi. Bundan əlavə, türklər yeni yaranmış erməni dövləti üçün Qarsdan sonra siyasi mərkəz ola biləcək Aleksandropolu (Gümrünü) da tələb edirdilər ki, bu da öz növbəsində, Azərbaycanı yeni ərazi itkiləri faktı qarşısında qoymaq demək idi.

Bu dövrdə Bakı Sovet Rusiyasının əlində idi. 1918-ci ilin Mart qırğınını törətməklə Bakıda hakimiyyəti ələ keçirən bolşevik-daşnak alyansı Azərbaycanın digər qəzalarında da türk-müsəlman əhalisinə qarşı bu qırğın əməllərini davam etdirməkdə idilər. Bununla paralel olaraq, Azərbaycanın Qarabağ, Naxçıvan və Zəngəzur bölgələrində də erməni quldur dəstələrinin müsəlmanlara qarşı törətdikləri qırğınlar, vəhşiliklər davam etməkdə idi.

Çıxılmaz vəziyyətdə qalan müsəlman əhalisi erməni-bolşevik birləşmələrinin törətdikləri vəhşiliklərin qarşısını almaqda nicat yolunu Osmanlı dövlətinə kömək üçün müraciət etməkdə görürdü. Çünki Zaqafqaziya hökuməti bu qırğınların qarşısını almaqda acizlik göstərirdi, daha dəqiq desək, bunda maraqlı deyildi. Seymdəki azərbaycanlı nümayəndələr də hələ Seymin dağılmasından xeyli əvvəl Azərbaycanda tüğyan edən anarxiyanın qarşısını almaq məqsədilə Osmanlı dövlətinə hərbi yardım üçün müraciət etmək qərarına gəlmişdilər. Mövcud şərtlər daxilində Osmanlı dövlətindən başqa hər hansı bir dövlətin Azərbaycana yardım göstərməsi real deyildi. Osmanlı yardımı olmadan Azərbaycandakı anarxiyanın qarşısını almaq, xüsusilə də Bakını Sovet Rusiyasının qoruduğu Şaumyan rejimindən xilas etmək qeyri-mümkün idi. Bu səbəbdən Azərbaycan bütün ümidini Osmanlı yardımına bağlamışdı və Batumdakı Azərbaycan nümayəndələri də Türkiyənin ərazi və digər tələblərini qəbul etməyə bir növ məhkum idilər.

Aleksandropol türklər tərəfindən tutulduqdan sonra ermənilərə siyasi mərkəz olaraq İrəvanın verilməsi məsələsi gündəmə gəlmişdi. Osmanlı siyasi dairələri İrəvanı güzəştə getmək istəməsələr də, ermənilər bu məsələ üzərində israrla dayanmışdılar. İndi türklər yeni yaradılmaqda olan erməni dövləti üçün siyasi mərkəz olaraq ya Aleksandropolu ermənilərə verməli və bu şəhərlə bağlı irəli sürdüyü tələbindən geri çəkilməli, ya da İrəvanı müsəlmanlardan alıb onlara verməli idilər. Bu iki seçim qarşısında Aleksandropoldan imtina etmək fikrini belə qəbul etməyən türklər ikinci varianta üstünlük verdilər.

Qeyd edək ki, bu dövrdə “erməni məsələsi” ilə bağlı Osmanlı siyasi dairələrində müəyyən fikir ayrılıqları var idi. Tələt və Ənvər paşalar “erməni məsələsi”ndə “çibanı kökündən təmizləməyi” ən xeyirli iş hesab edib, bölgədə erməni dövlətinin yaradılmasına imkan verməmək və bu mümkün olmadığı təqdirdə yaşamayacaq dərəcədə çox zəif bir Ermənistanın təşəkkül etməsini zəruri hesab etsələr də, Xəlil bəy və Vehib paşa kimi siyasilər ən azından beynəlxalq aləm qarşısında ermənilərə bir mövcudiyyət və müəyyən güzəştlər verilməsinin vacib olduğunu bildirirdilər.

Onu da qeyd etmək lazımdır ki, Tələt və Ənvər paşaların mövcud vəziyyətdə erməni dövlətinin yaradılmasına imkan verməmək və bu məsələdə “çibanı kökündən təmizləmək” istəyinə Azərbaycan nümayəndələri heç də müsbət yanaşmırdılar. Onlar öz mövqeyini əsaslandıraraq bildirirdilər ki, əgər bölgədə üç - gürcü, müsəlman və erməni kantonları yerinə yalnız iki - gürcü və müsəlman dövlətləri yaradılarsa, o zaman Cənubi Qafqazda və xüsusilə də ultimatumda tələb edilən, Osmanlı dövlətinə birləşdiriləcək ərazilərdə olan böyük erməni kütləsi Azərbaycana axışacaq. Bu da Azərbaycana faktiki olaraq daha böyük qırğınlar, müsibətlər və dağıntılar gətirəcək. Buna yol verməmək üçün kiçik bir ərazidə ermənilərin milli dövlətlərini yaratmaq və onları ora cəm etmək lazımdır.

...Azərbaycan nümayəndələri 1918-ci il mayın 23-də Batumdan Ənvər paşaya yazılı bir müraciət də göndərdilər...

Müraciətnaməyə Azərbaycanın Batum sülh konfransındakı nümayəndələri olan M.H.Hacınski və M.Ə.Rəsulzadədən başqa Əhməd bəy (Can Baba), A.Səfikürdski, Ə.C.Pepinov, M.Y.Cəfərov, F.X.Xoyski, N.Yusifbəyli və X.Xasməmmədov imza atmışdılar. Bu müraciətnamənin göndərilməsindən bir gün əvvəl - mayın 22-də Ə.Hüseynzadə və Ə.Ağaoğlu da Tələt paşaya və Ənvər paşaya eyni məzmunlu bir müraciətnamə göndərmişdilər.

Bütün bunlara baxmayaraq, Osmanlı dövləti Batum konfransında irəli sürdüyü ərazi tələbləri üzərində israrla durmuşdu və heç bir güzəştə getmək fikrində deyildi. Belə olan təqdirdə Xəlil bəy üçüncü bir yol seçdi ki, bu da Türkiyənin ermənilərdən aldığı torpaqların əvəzində azərbaycanlılara məxsus ərazilərin bir qismini onlardan alıb ermənilərə verməkdən ibarət idi. Bu təklif ilk əvvəl ermənilər tərəfindən irəli sürülmüşdü. Trabzon konfransı uğursuzluqla nəticələndikdən sonra Osmanlı dövlətinin tələbləri qarşısına silahla çıxmağın əsas tərəfdarı olan ermənilər indi daha da sərtləşən türk tələbləri qarşısında əlacsız bir vəziyyətə düşmüşdülər.

Onlar “erməni məsələsi”nin beynəlxalq bir problem olduğunu önə çəkərək, Osmanlı dövlətinin ermənilərə ayırdığı ərazilərin erməni xalqının yaşaması üçün həddindən çox az olmasından şikayətlənir və bildirirdilər ki, Türkiyənin təklif etdiyi sərhədlər iki xalq arasında daimi bir düşmənçiliyə yol açacaqdır. Erməni nümayəndələri sərt türk tələbləri qarşısında çıxış yolu kimi təklif edirdilər ki, heç olmasa Azərbaycan torpaqlarından müəyyən bir ərazi ermənilərə verilsin. Bunun qarşılığında ermənilərlə müsəlmanlar arasında olan düşmənçilik də aradan qalxacaq və ermənilər Bakıdakı müsəlman əhalinin təhlükəsizliyini təmin etməyi öz üzərlərinə götürəcəklər.

Xəlil bəy bu məsələ ilə əlaqədar M.Ə.Rəsulzadə və M.H.Hacınski ilə bir sıra danışıqlar apardı və nəticədə Osmanlı yardımına böyük ehtiyac duyan Azərbaycan nümayəndələrinin razılığını ala bildi. Xəlil bəy dərhal bu barədə İstanbula məlumat verdi, amma adı keçən təklifin guya Azərbaycan nümayəndələrindən ona gəldiyini önə çəkdi və bunu xüsusi vurğuladı.

O, Tələt paşaya göndərdiyi 26 may tarixli teleqramında yazırdı: “...Müsəlman nümayəndələr bu gün səhər yanıma gəldilər. Bakıdakı vəziyyətlə bağlı çox qayğılıdırlar. Zira, bu şəhər ermənilərin əlindədir. Bunun üçün bizə tərk ediləcək ərazinin ötəsində erməniləri qismən təmin edəcək bir kanun (ocaq, yurd - V.Q.) kəndilərinə ayırmaq istədilər. Sonradan daşnaksütyunların xaricində olub da bu gün Tiflisdə kəsb-i əhəmiyyət edən nümayəndələr, bir erməni fırkasının rəisi gəldi. O da bu şəkildə yekunun tərəfdarı göründü. Bizə əvvəlcə vukubulan işar-ı dövlətlərinə istinad edərək Osmanlı hökumətinin böylə bir kanunun ayrılmasına qarşı olmadığını bildirdim. Bunun üçün bir neçə gün müddət istədi. Və ultimatum veriləcəksə bunun heç olmasa üç gün müddət ilə verilməsini rica etdi. Bu, böylə bir anlaşma gerçəkləşərsə, adı keçən (erməni nümayəndəsi - V.Q.) İstanbula bir heyət göndərilərək Hökumət-i Səniyyəyə sədaqət ərz ediləcəyini də əlavə edərək bir az da bizim tərəfə lütf və xoş münasibət göstərilməsini rica etdi. Ermənilər tarafına bu surətlə vukubulacaq təzahürün Avropa və Amerikada yapacağı təsir çox yaxşı olacaqdır”.

Lakin Ənvər paşa çox sərt bir şəkildə bu təklifə qarşı çıxdı. O, 27 may 1918-ci il tarixində Vehib paşaya göndərdiyi teleqramında yazırdı:

“Xəlil bəyin teleqramından anlaşıldığına görə, ermənilər bizdən kaybetdikləri ərazilərə müqabil Cənubi Qafqaz müsəlmanlarına aid ərazidən bir qisim almaq istəyirlərmiş və müsəlmanlar da buna muvafakat edəcəklərmiş. Məncə bu tamamilə yanlışdır. Əgər bu gün Qafqazda beş-altı yüz min əhalisi olan və kafi miqdarda əraziyə malik kiçik bir Ermənistan təşəkkül edərsə, gələcəkdə əmrləri Amerikadan alaraq, o tərəfdən gələn ermənilərlə bu hökumət milyonlarla əhaliyə sahib olacaqdır. Və bizim üçün şərqdə bir Bolqarıstan daha yaranar ki, bu da bizim üçün Rusiyadan daha zərərli bir düşmən olar. Çünki ermənilərin bütün mənafe və əməlləri bizim məmləkətimizdədir. Dolayısıyla, bu təhlükəni indidən ortadan qaldırmaq üçün ermənilərin kiçik bir hökumət halında belə təşəkkül etməməsini və müsəlmanlarla gürcülər arasında, bizim qüvvətlərimizin yardımı və təsirinin ən çox olduğu bu dövrdə bölüşdürülməsini, müsəlmanların ermənilərə heç bir haqq və ərazi verməmələrini təmin etməyi və bununla yanaşı bu gün ermənilərin əlində olan müsəlmanların yaşadıqları İrəvan kimi məntəqənin belə müsəlmanlar tərəfindən işğal edilərək, bu surətlə müsəlmanlar yaşayan yerlərin ermənilərin əlindən qurtarılmasına xüsusilə cəhd göstərilməsini üstün tuturam. Mənafeyimizə ən çox uyğun olan bu şəkil gerçəkləşməzsə, onda ermənilərə də bir mövcudiyyət verilməsi qaçılmaz olar. Belə olan təqdirdə, ermənilərin gələcəkdə vücud bularaq yaşamayacaq surətdə olduqca çox zəif bir halda bırakılmalarına çalışmaq lazımdır. Həm hökumətimizin, həm də Qafqazdakı müsəlmanların indiki və gələcəkdəki mənafeləri ancaq bu surətlə təhlükədən qurtarıla bilər...”

Buradan da açıq-aydın göründüyü kimi, Ənvər paşa da Tələt paşa ilə eyni mövqedən çıxış edərək, Qafqazda erməni dövlətinin yaranmasına imkan verməmək, ermənilərin yaşadığı əraziləri Azərbaycanla Gürcüstan arasında bölüşdürmək və müsəlmanların məskunlaşdığı əraziləri ermənilərdən təmizləmək istəyirdi. Bu mümkün olmadığı təqdirdə, Ənvər paşa yaranacaq erməni dövlətinin yaşamayacaq dərəcədə olduqca zəif bir şəkildə təşkil edilməsini vacib sayırdı və qətiyyətlə İrəvanın ermənilərə verilməsinə qarşı çıxırdı.

Amma Xəlil bəy də Azərbaycan nümayəndələri kimi reallıqdan çıxış edərək bildirirdi ki, kiçik bir ərazidə də olursa-olsun erməni dövləti yaradılmalıdır və bölgədə səpələnmiş halda olan ermənilər bu dövlətdə yerləşdirilməlidir. O, Tələt paşaya göndərdiyi 28 may 1918-ci il tarixli şifrəli teleqramında yazırdı:

“...Vehib paşa həzrətləri ... Gümrüdə beş min evdən yalnız iki yüz evin müsəlman olduğunu və Aleksandropol sancağında iki yüz əlli min erməni bulunduğunu və bizə ilhaqdan sonra nə yolda idarə edilə biləcəyində çaşqın bulunduğunu söylədi. Yüzdə səksən beşi erməni olan Axalkələk qəzasıyla digər yerlərlə bərabər olduqca dağlıq və sarb bir məmləkətdə dörd yüz minə yaxın erməni başımıza alıyoruz deməkdir. İnşaallah sonunu xeyirli etsin. Rus ermənilərinin bizimkilərin tərbiyəçisi və müəllimi olduğunu da nəzəri-diqqətə alıram. Hərhalda çox xətalı bir yolu təqib etməkdə olduğumuzda israr edirəm. Ermənilərin Bolqarıstana bənzədilməsi fərqli müqayisədir. Bolqarıstan Avropada və İstanbul yolunun üzərindədir. Böyük Slavyan ailəsinin cüzi və böyük bir siyasət pişdarıdır və bizi İstanbula doğru sıxışdıraraq arxasını böyük xristian dövlətlərinə istinad etdirmişdir. Asiyada və böyük türk dövlət və millətlərin əhatəsində qalacaq olan ermənilərin qonşularına tabe olmaqdan başqa çarəsi yoxdur. Bu günkü yarım tədbir həm bizi, həm də Qafqazı yakacakdır və bəlkə məsələni daha da çətinliyə yuvarlayacaqdır...”

Tələt və Ənvər paşalardan fərqli olaraq, Vehib paşa da mövcud reallığı dəyərləndirən Xəlil bəylə eyni mövqedən çıxış edirdi. O, Ənvər paşanın teleqramına 29 may 1918-ci il tarixində verdiyi cavabda “verilən əmrləri yerinə yetirmək üçün çalışdıqlarını” bildirməklə yanaşı onu da qeyd edirdi ki, “erməniləri büsbütün qeyri-mövcud edə bilmərik. Hər halda onlara bir vücud vermək zərurət və məcburiyyətindəyik”. Batumdakı türk heyətinin mövqeyinə görə yaradılacaq erməni dövləti Eçmiədzin və Yeni Bəyazid qəzalarından ibarət olmalı idi.

Bu durum qarşısında Ənvər paşa Batuma göndərdiyi 29 may tarixli təlimatında Osmanlı dövlətinin mərkəzi Gəncə olan hökumətlə (Azərbaycanla) birbaşa sərhədinin olmasının vacibliyini bildirirdi. Ənvər paşanın mövqeyinə görə, Qarakilsənin şimalından da Osmanlı dövlətinin Azərbaycanla birbaşa sərhədi olmalı idi. Belə olan təqdirdə Osmanlı dövlətinin bir tərəfdən Naxçıvandan, digər tərəfdən də Qarakilsədən Azərbaycanla sərhədi olurdu. Ermənistanın isə Gürcüstanla birbaşa əlaqəsi kəsilirdi və o, Osmanlı dövləti ilə Azərbaycan arasında bir ada şəklində qalırdı.

Batumdakı Azərbaycan və Ermənistan nümayəndələri arasında, eyni zamanda Osmanlı-Azərbaycan-erməni üçtərəfli danışıqlarında ərazi-sərhəd məsələləri ilə bağlı müzakirələr aparıldı və razılıq əldə edildi ki, Azərbaycan “Aleksandropol quberniyası” hüdudlarında erməni dövlətinin yaradılmasına razıdır. İrəvanı siyasi mərkəz kimi Ermənistana güzəştə getmək məcburiyyətində olan Azərbaycan nümayəndələri şəhəri bu şərtlə güzəştə getməyə razı oldular ki, ermənilər Yelizavetpol quberniyasının bir hissəsinə, yəni Qarabağın dağlıq hissəsinə olan iddialarından imtina etsinlər. Bundan başqa, ermənilərin türk-müsəlmanlara qarşı törətməkdə olduqları soyqırım aktlarının dayandırılması və yeni yaradılan erməni dövlətinin nəzarətində olacaq ərazilərdə yaşayan türk-müsəlmanların taleyi ilə bağlı Azərbaycan tərəfinin ortaya qoyduğu mövqe Osmanlı nümayəndəliyi tərəfindən dəstəkləndi. Bakıdakı daşnak silahlı qüvvələrinin şəhərdən çıxarılması və erməni daşnak hökumətinin Bakıdakı S.Şaumyanla əlaqəyə girib şəhərdəki müsəlman əhalisinin təhlükəsizliyinin təmin edilməsini öz üzərinə götürməsi də X.Menteşə-A.Xatisyan-M.Ə.Rəsulzadə arasında aparılan danışıqlarda əsas mövzulardan idi.

Nəticeyi-kəlam, sərt və ultimativ şəkildə aparılan danışıqların yekununda İrəvan mərkəz olmaqla ətraf Azərbaycan ərazilərində erməni dövlətinin yaradılması müqavilində erməni tərəfi Azərbaycan və Osmanlı imperatorluğu qarşısında bir sıra öhdəliklər yerinə yetirməyi öz üzərinə götürdü və bunlar Osmanlı imperatorluğu ilə yeni yaradılan Ermənistan Respublikası arasında imzalanan 30-31 may və 4 iyun 1918-ci il tarixli protokol və müqavilələrdə təsbit edildi. Həmin öhdəliklər aşağıdakılar idi:

1. Ermənilərlə müsəlmanlar arasında düşmənçilik aradan qaldırılacaq və erməni tərəfi Stepan Şaumyanla əlaqəyə girib Bakının müsəlman əhalisinin təhlükəsizliyini təmin edəcək, bununla azərbaycanlılara qarşı kütləvi qırğınların qarşısı alınacaqdır (Osmanlı-Ermənistan “Sülh və Dostluq” müqaviləsinin 5 və 11-ci maddələri).

2. Azərbaycan qəzalarında erməni silahlı birləşmələri tərəfindən müsəlmanlara qarşı həyata keçirilən kütləvi qırğınlar dayandırılacaqdır.

3. Ermənistan hökuməti İrəvanda və yeni yaradılan erməni dövlətinin digər ərazilərində yaşayan müsəlmanların sərbəst dini ibadət, azan oxunması, mədəniyyət, ictimai və siyasi fəaliyyət və ana dilində təhsil almaq hüquqlarını təmin edəcək və müsəlmanlar erməni əhalinin sahib olduğu bütün hüquqlara sahib olacaqlar (Osmanlı-Ermənistan “Sülh və Dostluq” müqaviləsinin 6-cı maddəsi və III əlavəsi).

4. Ermənistan hökuməti Azərbaycana qarşı ərazi iddialarından, xüsusən də Yelizavetpol quberniyasının bir hissəsinə, yəni Qarabağın dağlıq hissəsinə olan iddialarından imtina edəcəkdir.

5. Ermənistan Respublikası Azərbaycanla vahid konfederativ dövlətdə birləşmək üçün çalışacaqdır.

Nəticə etibarilə, baş komandan vəkili və hərbi nazir Ənvər paşanın bütün xəbərdarlıqlarına baxmayaraq, Xəlil bəyin rəhbərlik etdiyi Batumdakı türk heyəti Azərbaycan torpaqları hesabına ermənilərin lehinə bir sıra ərazi güzəştlərinə gedərək, İrəvan şəhərinin də daxil olduğu Yeni Bəyazid və Eçmiədzin bölgələrindən ibarət bir Ermənistan dövlətinin qurulmasını təsdiqlədi.

Batumdan göndərilən direktiv əsasında Azərbaycan Milli Şurasının 1918-ci il mayın 29-da Həsən bəy Ağayevin sədrliyi ilə keçirilən iclasında İrəvanın Ermənistana güzəştə gedilməsi məsələsi müzakirə olundu. Baş nazir F.X.Xoyski Ermənistanla Azərbaycan arasında sərhəd məsələləri barədə Şuranın üzvləri ilə Ermənistan Milli Şurasının üzvləri arasında aparılmış danışıqlar haqqında məlumat verdi. Fətəli Xan öz məruzəsində ermənilərin özlərinin siyasi mərkəzlərini yaratmaq üçün Aleksandropol türklər tərəfindən tutulduqdan sonra İrəvanın Ermənistana güzəştə gedilməsinin qaçılmaz olduğunu bəyan etdi.

Daha sonra bu məsələ ilə bağlı X.Xasməmmədov, M.Y.Cəfərov, Ə.Şeyxülislamov və M.Məhərrəmov çıxış edərək İrəvanın ermənilərə güzəştə gedilməsinin tarixi zərurət, lakin bizim üçün qaçılmaz acı bir həqiqət olduğunu qeyd etdilər. Nəticədə 28 nəfər Şura üzvündən 16 nəfəri bu təklifin lehinə səs verdi. Bununla da İrəvanın Ermənistana güzəştə gedilməsi məsələsi ermənilərin xeyrinə həll edilmiş oldu.

Qeyd etdiyimiz kimi, Bakının Sovet Rusiyasının qoruduğu Şaumyan rejiminin əlində olması, bolşevik-daşnak alyansı tərəfindən Azərbaycanın bir çox qəzalarında müsəlman əhaliyə qarşı törədilən qırğın və talanlar və bununla bağlı ölkədə tüğyan edən anarxiya qarşısında Osmanlı dövlətinin hərbi yardımına böyük ehtiyac duyan Azərbaycan nümayəndələri bu yardımı təmin etmək üçün türklərin bütün tələblərini qəbul etməyə məcbur oldular.

4 iyun 1918-ci il tarixində imzalanmış Batum müqaviləsinin şərtlərinə görə Ermənistan Respublikası Cənubi Qafqazda 9 min km2 ərazisi olan bir dövlət oldu. Ermənistan Respublikası Göyçə gölü ilə Osmanlı dövlətinin yeni sərhədləri arasındakı dar dağlıq ərazini əhatə edirdi. Bu ərazilər aşağıdakılardır: Yeni Bayazit qəzası (Basarkeçər adlanan cənub-şərq qismi istisna olmaqla), İrəvan qəzası (Qəmərli-Gərnibasar, Uluxanlı-Zəngibasar və Vedibasar istisna olmaqla), Eçmiədzin qəzası (Sərdarabad istisna olmaqla) və Aleksandropol qəzası (qəza mərkəzi Aleksandropol istisna olmaqla).

Yeni yaradılan Ermənistan Respublikası ərazisində cəmi 321.000 nəfər əhali yaşayırdı ki, onun da 230 mini erməni, 80 mini türk-müsəlman, 11 mini isə digər xalqların nümayəndələri idi. Ermənilər onlara ayrılan ərazinin azlığından yenidən şikayətləndikdə, Batum konfransındakı Osmanlı hərbi nümayəndəsi Mehmed Vehib paşa bildirdi ki, ermənilərə daha çox ərazinin qalması üçün Ermənistan daxilindəki bütün müsəlmanları böyük məmnuniyyətlə Türkiyəyə köçürə bilərik.

Beləliklə, Batum konfransındakı türk heyəti kiçik bir ərazidə öz nəzarəti altında olacaq bir erməni dövləti yaratdı və Osmanlı dövləti onu de-fakto tanıyan ilk dövlət oldu. Bununla da Osmanlı dövləti bir tərəfdən “erməni məsələsi” ilə bağlı beynəlxalq aləmdə ona qarşı olan “qınağ”ı aradan qaldırmış olur, digər tərəfdən də İngiltərə, Fransa və Rusiya kimi dövlətlərin Şərqi Anadoluda yaratmaq istədikləri erməni dövlətini Cənubi Qafqazda yaratmaqla problemi bir növ özündən uzaqlaşdırmış olurdu.        

Vasif Qafarov,

tarix üzrə fəlsəfə doktoru, dosent.

Respublika.-2016.- 14 iyul.- S.7.