“Formula-1” yarışı Azərbaycanın turizm potensialını yenidən dünyaya tanıdacaq

Azərbaycanın ev sahibliyi edəcəyi “Formula-1” üzrə Avropa Qran-pri yarışına start verildi. Bu möhtəşəm idman tədbirinin (17-19 iyun 2016-cı il) keçirildiyi vaxt ölkəmizdə yay turizm mövsümünün başlanması ilə üst-üstə düşür. Məhz bu baxımdan deyə bilərik ki, digər beynəlxalq tədbirlər kimi, “Formula-1” yarışması da Azərbaycana turist axınının sürətlənməsinə, ölkəmizin əcnəbi vətəndaşlar tərəfindən daha yaxından tanınmasına, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasına müsbət təsir göstərəcək.

Dövlətimizin başçısı cənab İlham Əliyev iyunun 7-də Almaniya Federativ Respublikasına səfəri çərçivəsində Azərbaycan-Almaniya iqtisadi Forumundakı çıxışında bu məsələyə diqqət çəkərək demişdir: “Turizm potensialı əməkdaşlıq sahələrindən biridir...”. “Formula-1” ölkəmizə böyük diqqət cəlb edəcək. Beş yüz milyon insan bu yarışı izləyəcək və bu, şəhər halqası olduğundan onlar təkcə stadion və avtomobilləri deyil, inkişaf etmiş Bakı şəhərini görəcəklər. Ümid edirəm ki, hətta yarışı izləyənlərin cəmi 1 faizi Bakıya gəlsə, bu, bizim turizm sənayesi üçün böyük əhəmiyyət kəsb edəcək. Turizm üçün bizim bütün lazımi ilkin şərtlərimiz var —əlverişli coğrafi mövqe, sabit siyasi vəziyyət, təhlükəsizlik, qonaqpərvər insanlar, yaxşı iqlim, yaxşı qidaçoxlu tarixi abidələr. Turistləri cəlb etmək üçün yeganə ehtiyacımız olan bu şərt bunu dünyaya, Avropaya təqdim etməkdir. Düşünürəm ki, “Formula-1” bunu etmək üçün ən yaxşı yoldur”.

Qeyd edək, Odlar diyarı Azərbaycanın coğrafi mövqeyi, flora və faunasının zənginliyi, gözəl təbiəti, dənizi, mədəni-tarixi irsi ölkəmizdə kütləvi turizmin inkişafı üçün böyük perspektivlər açıb. Təsadüfi deyil ki, dünyada mövcud olan 11 iqlim qurşağından 9-u Azərbaycandadır. Eyni zamanda “İpək Yolunun ölkəmizin ərazisindən keçməsi Qərbdən-Şərqə, Şimaldan-Cənuba uzanan turizm marşrutlarında respublikamızın da iştirakı bu sahənin tərəqqisinə müsbət təsir göstərir.

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, turizm sektorunun inkişafı üç başlıca əsas istiqamətə söykənir: infrastrukturun yaradılması, xidmətin keyfiyyəti və təbliğat kampaniyası. Qeyd edək ki, bu sahəyə dövlət səviyyəsində diqqət var. Eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyev turizm sahəsini qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri elan etmişdir və ötən illərdə turizm sənayesində həyata keçirilən layihələr və proqramlar bunun təsdiqidir. Məsələn 2011-ci ilin dövlət başçısının təşəbbüsü ilə “Turizm ilielan edilməsi, “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası, Qusar rayonu ərazisində regionun ən iri qış turizm kompleksi - “ŞahdağTurizm Mərkəzi dövlət dəstəyinin bu sahəyə diqqət və qayğısının bariz nümunəsidir. Həmçinin ölkəmizdə böyük potensiala malik müalicə turizmi inkişaf etdirilir. Nəzərə çatdıraq ki, Naftalan kurortu əvvəlki şöhrətini bərpa edir, Şabranda (Qalaaltı), Qəbələdə (Yenicə) müasir müalicə-turizm kompleksi istifadəyə verilib.

Azərbaycanın turizm imkanları hər il Mədəniyyət və Turizm Nazirliyinin, tanınmış şirkətlərin iştirakı ilə müxtəlif ölkələrdə turizm sərgilərində nümayiş olunur. Eyni zamanda Bakıda ənənəvi Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AİTF) təşkil olunur. Respublikamızda turizm sənayesinin inkişafı, bu sahədə potensial imkanların tanıdılması məqsədilə 2006-cı ildən etibarən dünyanın aparıcı telekanallarında reklam çarxları yayımlanır, nəşrlərdə isə yazılar verilir. Bu sahəni kadr potensialı ilə təmin etmək üçün Azərbaycan TurizmMenecment Universiteti fəaliyyət göstərir.

Ölkəyə turist axınının gücləndirilməsi üçün viza verilməsi asanlaşdırılıb və elektron qaydada həyata keçirilir. Azərbaycan 2001-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Dünya Turizm Təşkilatına tamhüquqlu üzv qəbul olunmuşdur. Ümumiyyətlə turizmin inkişafı üçün zəruri infrastruktur və təsisatların yaradılması, yol-kommunikasiya layihələrinin icrası istiqamətində dövlətimiz öz üzərinə düşən bütün işləri görür.

Son 10 il ərzində dünyanın müxtəlif ölkələri ilə turizm sahəsində əməkdaşlıqla bağlı 19 müqavilə bağlanmışdır. Azərbaycan BMT, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı, İSESCO, MDB, TÜRKSOY və başqa beynəlxalq təşkilatlarla mədəniyyət və turizm sahəsində səmərəli əməkdaşlıq qurmuşdur. Ölkəmiz beynəlxalq miqyaslı ən mötəbər tədbirlərə ev sahibliyi edir. Bu sırada 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsini, 2015-ci ildə “Bakı-2015” ilk Avropa Oyunlarını misal göstərə bilərik. Ötən ilin iyun ayında Azərbaycan müstəqillik tarixində ən böyük beynəlxalq tədbirə — ilk Avropa Oyunlarına ev sahibliyi etdi. Birinci Avropa Oyunları ölkəmizin zəngin mədəni irsinin, incəsənətinin, turizm imkanlarının, qonaqpərvərlik ənənələrinin dünyaya təqdim olunması baxımından mühüm fürsət oldu. Prezident İlham Əliyevin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına ikinci ilinin yekunlarına həsr olunmuş konfransındakı nitqində bununla bağlı deyib: “Turizmin inkişafı daha sürətlə getməlidir. Xüsusilə, Avropa Oyunlarından sonra Azərbaycana dünyada maraq daha da artdı. Biz bundan istifadə etməliyik. Nə qədər çox turist gəlsə, Azərbaycanı o qədər də çox adam tanıyacaq və turistlər ölkəmizə valyuta gətirəcəklər”.

Qeyd edək ki, 2015-ci ilin noyabrında Bakıda İSESCO-nun Baş Konfransının keçirilməsi, bu ilin aprelində isə paytaxtımızın BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu qəbul etməsi də beynəlxalq tədbirlər sırasındadır.

Görülən işlərin, həyata keçirilən tədbirlərin nəticəsidir ki, turizm 2015-ci ildə ölkəmizə 2,5 milyon turist gəlib. 2005-ci ildən bu günə qədər ölkəmizdəki mehmanxanaların sayı 262-dən 535-ə çatıb. Əlbəttə, bu göstəricilərin əldə olunmasında Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlər də mühüm rol oynamışdır.

Əminliklə vurğulamaq lazımdır ki, qarşıdakı “Formula-1” Qran-pri yarışını izləmək üçün xarici ölkələrdən on minlərlə insan ölkəmizə təşrif buyurmuşdur. Sözsüz ki, bu tədbir də Azərbaycana turist axınının gücləndirilməsində böyük əhəmiyyət kəsb edir. Xarici qonaqlar yarışı izləməklə yanaşı, həm də ölkəmizin zəngin təbiəti, mədəni irsi və ən nəhayət insanların qonaqpərvərliyi ilə yaxından tanış olacaqlar.

Ramiz YUSİFLİ,

Respublika.-2016.- 18 iyun.- S.7.