Əsərləri ilə tanınan sənətkar

 

Təsviri sənətin həm nəzəriyyəsinə, həm də praktikasına mükəmməl şəkildə yiyələnmiş nadir mütəxəssislərindən biriRafiq Məhərrəm oğlu Quliyevdir.

Doğulub boya-boşa çatdığı Cəbrayıl rayonunun Quyçaq kəndində hələ orta məktəbdə təhsil alarkən çəkdiyi rəsmlərlə rayonda tanınan Rafiqin incəsənətə, rəngkarlığa, tətbiqi sənət sahəsinə, heykəltəraşlığa marağı onu sonralar, Bakı şəhər 4 nömrəli tətbiqi sənət məktəbinə gətirmişdir. Rafiq 1974-cü ildə tətbiqi sənət məktəbini bitirdikdən sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna daxil olmuşdur. Rafiq Quliyev 1980-ci ildən gənc mütəxəssis kimi təyinat üzrə Respublika Mədəniyyət Nazirliyinin (indiki Mədəniyyət və Turizm Nazirliyi) Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzində əmək fəaliyyətinə başlamışdır. Təsviri incəsənətin rəngkarlıq, qrafika, dekorativ-tətbiqi sənət və heykəltəraşlıq sahələrində gördüyü işlər gənc rəssamı daha da şöhrətləndirmiş və 1986-cı ildən SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilmişdir.

Rəssamın əsərləri bir çox respublikalarda, beynəlxalq sərgilərdə nümayiş etdirilmişdir. Bir neçə dəfə fərdi sərgisi keçirilmiş Rafiq Quliyev beynəlxalq festivalların laureatı adına və bir çox media mükafatlarına layiq görülmüşdür. Öz üzərində daim işləyən və yeni-yeni əsərlər yaradan Rafiq Quliyev təhsilini də davam etdirmiş və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kulturologiya fakültəsini müvəffəqiyyətlə bitirmişdir.

Rafiq Quliyev tədqiqatçı-yazıçı kimi də fəaliyyət göstərir. Azərbaycan tətbiqi sənətinin tədqiqinə həsr olunmuş dörd elmi kitabı nəşr edilmişdir. Onun kitablarında çoxəsirlik tarixə malik olan incəsənətimiz ənənə və müasirlik kontekstində təhlil olunmaqla, dünya incəsənətinə verdiyi bədii töhfələr obyektiv dəyərləndirilmişdir. Yeri gəlmişkən onu da qeyd edək ki, “Təsviri sənətdə insan dünyası” kitabı bilavasitə ulu öndər Heydər Əliyevin misilsiz fəaliyyətinə həsr olunmuşdur.

1980-ci ildən bu günə qədər Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzində fəaliyyətini davam etdirən Rafiq Quliyevin fəaliyyəti səmərəli və çoxşaxəlidir.

Onun xalq sənətinin öyrənilməsi və təbliği sahəsində çalışmış sənətkarların üzə çıxarılması yolunda gördüyü işlər xüsusilə diqqəti cəlb edir. Bu gün ölkəmizdə milli dekorativ-tətbiqi sənətin nüfuzlu nümayəndələri kimi tanınan S.Rəhimova, E.Abbaslı, Q.Qasımov, Əlicavad, Q.Sultanov, T.Rəsulov və başqalarının yaradıcılığını məhz Rafiq Quliyev bir vaxtlar respublikamızın rayonlarında elmi-praktiki ezamiyyətləri zamanı üzə çıxarmış və onların o vaxta qədər geniş ictimaiyyətə bəlli olmayan yaradıcılıqlarının milli mədəniyyət tariximizə qovuşmasını təmin etmişdir.

Rafiq Quliyevin vaxtaşırı respublika mətbuatında dərc olunan elmi-publisistik məqalələri də sənətin müxtəlif sahələrinə həsr olunmaqla, onların təbliğinə və tədqiqinə layiqli töhfə olmuşdur. Özünün yaratdığı əsərləri respublika və beynəlxalq sərgilərdə nümayiş etdirilmiş və fərdi dəst-xəttə malik rəngkar, qrafik və heykəltəraş olduğunu əyaniləşdirə bilmişdir. Rəngkarlıq əsərlərinə xas olan janr müxtəlifliyi, müraciət etdiyi çeşidli mövzulara düşündürücü görkəm vermək istedadı onun yaradıcılığını fərqləndirən cəhətlərdəndir. “Xudafərin körpüsü”, “Aşıq Pəri”, “Sosialist Əməyi Qəhrəmanı Köçəri Babayevin portreti”, “Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun portreti” və sair əsərləri özündə dünənimizlə bu günümüz arasında obrazlı-ənənəvi görüntü yaradan düşündürücü tablolardır.

Rafiq Quliyevin heykəltəraşlıq işləri xüsusilə təqdirəlayiqdir. Bu mənada onun ümummilli lider Heydər Əliyevə həsr etdiyi və müxtəlif materiallarla işlənən heykəlləri xüsusi qeyd etmək lazımdır.

Tovuz rayonunun mərkəzində ucaldılmış monumental abidə, Bakının Xətai Rayonunun İcra Hakimiyyətində, Azərbaycan Dəmir Yolu İdarəsində, Azərbaycan Dövlət İqtisad Universitetində, Bakı Məktəbəqədər Pedaqoji Texnikumunda, Beyləqan rayonundakı büst-heykəl bədii dəyərinə, yaddaqalan plastik həllinə görə diqqət çəkir, unudulmur.

Respublikamızın müxtəlif yerlərində ulu öndərin 100-dən çox muzey və guşələrinin də yaradıcısı məhz Rafiq Quliyevdir. Dahi rəhbərə məhəbbəti onun ömür yolunda, elmi fəaliyyətində və yaradıcılığında xüsusi əhəmiyyət kəsb edirbu güno, gördüyü işlərdən zövq alır. Onun Cəbrayıl rayonunda Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədova, Qarabağ müharibəsində şəhid olmuş Fərhad Quliyevə, eləcə də böyük Vətən Müharibəsi iştirakçılarına, üç milli qəhrəman və üç şəhidə, Zərdab rayonunda yeddi şəhidə, Şəmkir rayonunda Milli Qəhrəmana, Bakıdakı İ.Allahverdiyev adına Gəmi Təmiri Zavodunun həyətində dörd şəhidə, Bakıdakı Azərbaycan Dövlət Texniki Universitetinin həyətində şəhid soydaşlarımıza ucaltdığı heykəl və büstlərin aşıladığı mərdlik duyğularını və ana kədərini müəllifin təsirli plastik duyumunun təzahürü hesab etmək olar.

Müstəqilliyimizin lap ilk illərində Rafiq Quliyevin şəxsi təşəbbüsü ilə paytaxt memarlığının ayrılmaz parçası olan inzibati binaları bəzəyən köhnə sistemin atributlarının dəyişdirilməsinə başlanması onun yaradıcılığının maraqlı və yaddaqalan səhifələrindəndir. Bu gün Azərbaycan Dəmir Yolu İdarəsinin və Azərbaycan Dövlət Texniki Universitetinin əzəmətli binalarının memarlığına uyğun gəlməyən atributlarının yenisi ilə əvəzlənməsi və onların bu tikililərlə sintez təşkil etmələri də məhz görkəmli rəssamın özünəməxsus monumental duyumunun ifadəsidir.

Rafiq Quliyevin bu gün respublikanın Ağdam, Quba rayonlarında, eləcə də Qaçqın və Məcburi Köçkünlərlə üzrə Dövlət Komitəsində, Şəmkir, Ağdaş, Şabran, Şamaxı rayon polis şöbələrində, Binəqədi, Nəsimi rayonlarında ümummilli liderimiz Heydər Əliyevin xatirə muzeylərinin, rabitə və İnformasiya Texnologiyası Nazirliyində,  Xətai Rayon İcra Hakimiyyətində H.Əliyev guşələrinin yaradılması da onun muzey tərtibatı sahəsində əldə etdiyi nəzəri-praktik potensialının, bitib tükənməyən fəaliyyətinin təzahürüdür. Bu obyektlərdə ümummilli liderimizin unudulmaz obrazı peşəkarlıq səviyyəsində əyaniləşdirilmiş, mənalı həyatı və zəngin ömür yolu özünün təsirli tarixi-bədii-estetik həllini tapmışdır.

Rafiq Quliyev özünün tərtibatçılıq qabiliyyətini bir çox ictimai-siyasi və mədəni tədbirlərdə də göstərməyə nail olmuşdur.

Abşeron rayonunda keçirilmişAnalar laylay çalır” adlı ədəbi-musiqili gecənin və Şabran rayonunda “Çıraqqala” adlı möhtəşəm tədbirlərin bədii-estetik tərtibatı da çox duyğulandırıcı olmaqla müəllifə şöhrət gətirmişdir.

Rafiq Quliyevin yazdığı kitablar məktəb və universitetlərdə dərs vəsaiti kimi istifadə olunur. Görkəmli rəssam, heykəltəraş Rafiq Quliyevin həyat və yaradıcılığı haqqında 2006-cı ildə sənətşünas Ziyadxan Əliyev tərəfindən monoqrafiya yazılıb nəşr olunmuşdur. Milli mədəniyyətimizə 40 ilə yaxındır ki, xidmət göstərən Rafiq Quliyev 2009-cu ildən Respublika Ağsaqqallar Şurası İdarə heyətinin üzvüdür. 2010-cu ildə müqəddəs Həcc ziyarətində olmuş Rafiq Quliyev insani keyfiyyətləri ilə də seçilən dəyərli sənətkarlarımızdandır.

Xarici ölkələr arasında mədəni əlaqələrin yaradılmasındakı əməyinə görə səfirliklər tərəfindən dəfələrlə təşəkkürnamələr, Fəxri diplomlar alan Rafiq Quliyev hazırda Respublika Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin şöbə-müdiri vəzifəsində işləyir.

İndiyə qədər 100-dən artıq Qarabağ müharibəsi şəhidinin, o cümlədən 25-dən çox Azərbaycanın Milli Qəhrəmanının büstlərinin hazırlanması heykəltəraş rəssamın vətəndaşlıq borcunu layiqincə yerinə yetirməsindən irəli gəlir.

Görkəmli rəssam-heykəltəraş Rafiq Quliyevin şah əsərləri sayılan qranitdən və tuncdan hazırladığı heykəltaraşlıq nümunələrinin 50-dən çoxu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuşdur.

Yaratdığı sənət əsərləri ilə könülləri fəth edən Rafiq Quliyevə geniş və çoxşaxəli yaradıcılığında uğurlar arzulayırıq.

 

Rauf İLYASOĞLU,

 

Respublika.- 2016.- 8 yanvar.- S. 4.