Müasir standartlara uyğun şəfa ocağı

Bu gün dünyanın ən aparıcı universitetlərində öz maddi-texniki bazalarına, yüksək ixtisaslı kadrlarına görə seçilən klinikalar fəaliyyət göstərir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən, daha dəqiq desək, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra bu vacib məsələ ölkəmizdə də gündəmə gəldi.

Minlərlə tələbəni öz ətrafında birləşdirən, əhalinin sağlamlığının daima keşiyində duran peşəkar həkim və mütəxəssislər, elmi işçilər yetişdirən Azərbaycan Tibb Universitetinin təxminən 90 illik bir tarixi vardır.

Azərbaycan Tibb Universitetinin təşəkkül tapmasında, inkişafında 1932-1938-ci illərdə bu mötəbər təhsil və elm ocağına rəhbərlik etmiş görkəmli dövlət və elm xadimi Əziz Əliyev misilsiz xidmətlər göstərmişdir. Məhz onun yüksək təşkilatçılığı sayəsində 1938-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutu keçmiş Sovetlər İttifaqının öncül ali təhsil müəssisələri sırasına daxil olmuşdur.

Dünya şöhrətli alimlər: Mirəsədulla Mirqasımov, Mustafa bəy Topçubaşov, Zərifə Əliyeva, Cahangir Abdullayev, Əziz Əliyev, Abdulla Qarayev, Cəlil Hüseynov, Kamil Balakişiyev, Zülfüqar Məmmədov, Fuad Əfəndiyev, Ümnisə Musabəyli, Məmmədəmin Əfəndiyev, Əbdüləhəd Həşimov, Bahadur Eyvazov və b. yorulmadan çalışmış, öz kamil elmi-tibbi məktəblərini yaratmışlar.

30-cu illərin repressiyaları, 1941-1945-ci illər Böyük Vətən müharibəsi, müharibədən sonrakı quruculuq illərinin çətinlikləri Azərbaycan Dövlət Tibb İnstitutundan da yan keçməmişdir. Ancaq nə qədər çətin olsa da bu illər ərzində və sonrakı illər bu təhsil ocağı üçün 2 tədris korpusu və bir neçə tələbə yataqxanası binası, Elmi-Tədqiqat Mərkəzinin binası, İdman sağlamlıq kompleksi tikilib istifadəyə verilmiş, hazırda fəaliyyət göstərən 11 mərtəbəli tədris binasının təməli qoyulmuşdur.

1970-1982-ci illərdə ulu öndər Heydər Əliyev böyük çətinliklər bahasına keçmiş Sovetlər İttifaqının mərkəzi şəhərlərinin aparıcı institutlarında Azərbaycan üçün doktorantura təşkil olunmasına nail olmuş və bunun sayəsində 30-a yaxın gənc alim müxtəlif tibb ixtisasları üzrə doktorluq dissertasiyası üzərində işləmək üçün yüzlərlə gənc nəzəri və təcrübi biliklərini təkmilləşdirməyə ezam edilmişdir. Ulu öndərin müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1993-2003-cü illər ölkəmizin tarixinə və xalqımızın yaddaşına böyük inkişaf illəri kimi həkk olundu. 1998-ci ildə ATU-nun 11 mərtəbəli tədris korpusu, 500 nəfərlik akt zalı tikilib istifadəyə verildi. 2000-ci ildə Azərbaycan Tibb Universiteti nəzdində ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə hərbi tibb fakültəsi yaradıldı. 2002-ci ildə ATU-nun tarixində ilk dəfə olaraq bu ali tibb ocağının özünə məxsus olan ilk klinikası-stomatoloji klinika təşkil edildi.

Hazırda Azərbaycan tibb elmi və tibb təhsili sistemi sahəsində əldə edilən bütün nailiyyətlər ölkə başçısı cənab İlham Əliyev tərəfindən göstərilən daimi diqqət və qayğının nəticəsində mümkün olmuşdur. Son illər ərzində ATU-nun beynəlxalq nüfuzu artdı, bu qabaqcıl təhsil və elm ocağı bir sıra beynəlxalq təhsil qurumlarının tamhüquqlu üzvü seçildi. Hazırda ATU-nun inzibati binası, 6 tədris binası, 1700 yerlik 6 tələbə yataqxanası, 1 milyondan yuxarı kitab fondu olan kitabxanası vardır.

On ildən artıqdır ki, universitetdə tibb təhsilinin tədrisi kredit sistemi üzrə aparılır. “Təhsil haqqında qanun”un qəbulundan sonra təhsilin kredit sisteminə keçidinə, həmçinin diplomdansonrakı hazırlığın rezidentura sistemi ilə aparılmasına əlverişli şərait yarandı. Bu qanun elmi və pedaqoji kadrların hazırlığını yeni qaydalar üzrə aparmağa istiqamət verdi.

Azərbaycan Tibb Universitetinin həkim kadrları təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində, o cümlədən Almaniyada, ABŞ-da, Türkiyədə, Kanadada, İran İslam Respublikasında, Rusiya Federasiyasında, İsveçrədə və başqa ölkələrdə uğurla fəaliyyət göstərirlər.

Məhz dövlət başçısının bu diqqət və qayğısının nəticəsidir ki, 2007-ci ildə daha bir klinika - Onkoloji klinika yaradıldı. Elə həmin il sentyabrın 18-də çox profilli Tədris-Terapeftik Klinikanın təməlqoyma mərasimi oldu.

Tədris-Terapeftik Klinikanın təməlqoyma mərasimində ölkə başçısı Perezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da iştirak etdi. Təməlqoyma mərasimində ölkə başçısının nitqində deyilirdi: “Mən bilirdim ki, klinikanın yaradılmasına çox böyük ehtiyac var... Mən əminəm ki, klinika ən yüksək dünya standartlarına cavab verəcək. Burada çox gözəl müalicə imkanları yaranacaqdır. Tələbələr bu şəhərcikdə oxuyacaqlar, öz biliklərini artıracaqlar. Beləliklə oxumaq üçün daha yaxşı imkanlar yaranacaqdır. Bununla bərabər, ölkəmizdə müasir klinikanın yaranması da çox böyük əhəmiyyətə malik hadisədir”.

Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva məhz səhiyyəmizə göstərdikləri diqqət və qayğının nəticəsi kimi, dəfələrlə Azərbaycan Tibb Universitetində olublar.

Tədris-Terapeftik Klinikanın 2010-cu il oktyabrın 1-də açılışı oldu. Ümumi sahəsi 25000 m2 olan, 15 mərtəbəli çox profilli Tədris-Terapeftik Klinika 380 çarpayılıq 1 terapiya, 2 pediatriya, nevrologiya, nefrologiya, heziatriya (ölkəmizdə ilk dəfə olaraq), 1 reanimasiya və 1 intensiv terapiya şöbələri ilə fəaliyyətə başladı. Klinikada xəstəliklərin müasir dünya standartlarına uyğun diaqnostikası, müalicəsi, reabilitasiyası aparılır. Bunun üçün klinika Amerikanın, Yaponiyanın, Almaniyanın, Türkiyənin, Cənubi Koreyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla təchiz olunub. Burada respublikanın bütün şəhər və rayonlarından olan xəstələrə yüksək ixtisaslı mütəxəssislər tərəfindən tibbi xidmət göstərilir.

Respublikanın bu şəfa ocağında xəstələrin müayinə və müalicəsi ilə 22 tibb elmləri doktoru, 123 tibb üzrə fəlsəfə doktoru, o cümlədən 19 professor, 49 dosent, 9 əməkdar elm xadimi, 9 əməkdar həkim, bütövlükdə 220 yüksək ixtisaslı həkim məşğul olur.

Onu da deyək ki, bu klinikaların yaradılmasında akademik Əhliman Əmiraslanovun çox böyük rolu olmuşdur. Tədris-Terapeftik Klinikaya 5 ildən artıq bir müddətdə rəhbərlik etmiş professor Surxay Musayevin də zəhməti xüsusi qeyd olunmalıdır.

Klinikanın vacib bölmələrindən biri Reanimasiya və İntensiv terapiya şöbəsidir. Reanimasiya və İntensiv terapiya şöbəsində effektiv və sürətli reanimasiya intensiv terapiya xidmətləri göstərmək üçün Almaniya, Cənubi Koreya istehsalı olan aparat və cihazlardan istifadə edilir. Şöbədə yatan xəstələr üçün 24 saat müddətində bütün laborator testlərin icrası və instrumental müayinələrin aparılması üçün hər cür şərait yaradılmışdır. Dünyanın ən inkişaf etmiş ölkələrindən gətirilmiş aparatlarla təchiz edilmiş fizioterapiya kabinəsində distrofik, sümük-əzələ sisteminin travma və zədələnmələri periferik sinirlərin iltihabı xəstəlikləri, daxili üzvlərin, mədə-bağırsaq traktının iltihabi, sümük-əzələ sistemi, mərkəzi sinir sistemi, hipertoniya və hipotoniya xəstəlikləri, kəskin travmatik zədələnmələr, arteriya və venaların xəstəlikləri, revmatoid artrit, enurez, Bexterev xəstəliyi, yuxarı tənəffüs yollarının xəstəlikləri, bronxial astma, LOR-üzvləri və s. xəstəliklər müalicə olunur. Ölkəmizin bu möhtəşəm universitet klinikasında müasir texnologiya və elmi yanaşmaya əsaslanan dəqiq diaqnostika xidmətinin yaradılması qarşıda əsas vəzifələrdən biri idi. Klinikanın ən müasir cihazlarla təchiz olunmuş, tam avtomatlaşdırılmış klinik-diaqnostik laboratoriyası indi yüksək peşəkarlıqlı tibbi personala malikdir ki, onlar da Türkiyə Cümhuriyyətinin Ondokuz Mayıs Universitetinin xəstəxanasına göndərilmiş, planlı təcrübə kursu keçmişlər. Burada klinik biokimya, klinik mikrobiologiya, immunologiya və allerqologiya, hemotologiya, molekulyar genetika, PZR bölmələri fəaliyyət göstərir. Böyük qürur hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycanda ilk dəfə olaraq Tədris-Terapeftik Klinikanın bakterioloji laboratoriyası avadanlıq və mütəxəssisləri ilə müasir dünya standartlarına uyğun fəaliyyət göstərir və bu işdə ölkənin digər klinikaları üçün mütəxəssislərin hazırlanması ilə məşğul olur.

Klinikanın İmmunologiya və Allerqologiya bölməsində mövcud olan Almaniyanın SİEMENS şirkətinə məxsus, 15 dəq. müddətində nəticə verə bilən, saatda 180, eyni zamanda isə 480 test etmə imkanına malik “Advia Centaur CP” cihazı dünyanın ən həssas immunoloji analizatorlarındandır. Bu cihaz yüksək dəqiqliyə malik nəticələr verdiyi üçün dünyanın referens laboratoriyalarında mövcuddur və Terapevtik Klinikada çoxprofilli məqsədlər üçün istifadə edilir. Qeyd edilən cihazda hormonlar, onkomarkerlər, autoimmun markerlər, infeksiya markerləri, kardio-markerlər təyin edilir.

Laboratoriyada mövcud olan Almaniyanın “Karl Zeiss” flüoressent mikroskopu İmmunoflüoressent metodların tətbiqində istifadə olunan ən müasir mikroskoplardandır. İmmunoflüoressensiya üsulları ilə autoimmun markerlər, xlamidiyalar, mikoplazmalar, ureaplazmalar tətbiq edilir. Bu məqsədlə Azərbaycanda ilk dəfə olaraq dünyanın ən etibarlı istehsalçısı sayılan Almaniyanın EUROİMMUN şirkətinin məhsulu olan reaktivlərdən istifadə edilir.

Hematologiya və Molekulyar Genetika bölməsində isə Türkiyənin Tokra şirkətinə məxsus cihaz və Polşa istehsalı olan avtomatik, ən qısa müddətə nəticə verə bilən, 22 parametrli Mythic 22 cihazı müxtəlif təhlillər aparmağa imkan verir. Mikroskopik hematoloji analizlər (qanın və sümük iliyinin mikroskopiyası) təcrübəli mütəxəssislər tərəfindən Yaponiyanın OLYMPUS mikroskopunda aparılır.

Klinikanın Şüa Diaqnostika şöbəsində müasir dünyanın ən son tibb texnologiyasının nailiyyətlərini özündə əks etdirən 2 ədəd distansion, tam rəqəmsal rentgendiaqnostik sistemlə təchiz edilmiş rentgen kabinetləri, bir mammoqrafiya kabineti və kompüter tomoqrafiyası kabineti fəaliyyət göstərir. Angioqrafiya və angioplastika şöbəsi müasir invaziv və müalicə tələblərinə cavab verən Toshba İnfinix angioqrafiya cihazı ilə təchiz edilmişdir. Angioqrafiya şöbəsində dünyanın aparıcı kardiologiya cəmiyyətləri və o cümlədən Azərbaycan Kardiologiya Cəmiyyətinin müəyyən etdiyi ürək xəstəliklərinin müayinə və müalicə üsullarına uyğun müalicə tədbirləri aparılır.

Şöbədə kardiologiya ixtisası üzrə təhsil almış təcrübəli invaziv kardioloqlar tərəfindən diaqnostik məqsədlərlə və kəskin koronar sindromlar zamanı ürəyin koronar angioqrafiyası, ürək boşluqlarının kateterizasiyası, koronar angioplastika, ürək qapaqlarının perkutan balon valvuloplastikası, aritmiya müalicəsində müvəqqəti və daimi peysmaker implantasiyası, implantable kardioverter defibrilator (İCD) yerləşdirilməsi, ürək çatışmazlığı müalicəsində kardiak resinxronizasiya (CRT) terapiyası, periferik damar angioqrafiyası, angioplastikası və digər müayinə və müalicə tədbirləri aparılmaqdadır.

Müasir tələblərə uyğun olaraq angioqrafiya şöbəsi 24 saatlıq iş rejimində xidmət göstərir. Şöbənin əməkdaşları seminarların, mühazirələrin aparılmasında, rezidentlərin ixtisas artırılmasında, o cümlədən Azərbaycan Kardiologiya Cəmiyyətinin tədbir və proqramlarında aktiv iştirak edir.

Klinikanın funksional kardiologiya şöbəsində müasir Exokardiodoppleroqrafiya, EKQ-nin Holter metodu ilə sutqalıq monitorlaşması, uşaqlarda, yeniyetmələrdə və böyüklərdə ürək kameralarının qapaqlarının vəziyyəti, miokardın işi real zamanda qiymətləndirilir. Xəstələrdə işemiya olan nahiyədə seqmentar yığılma qüsuru, ürəyin xarici qişasının-perikardın xəstəlikləri, onun qalınlaşması, perikardda maye toplanması aşkar olunur.

Klinikanın efferent terapiya mərkəzi müasir cihazlarla təchiz olunmuşdur. Mərkəzdə planlı və təxirəsalınmaz nefroloji tibbi yardıma ehtiyacı olan böyrəyin xronik xəstəlikləri, kəskin böyrək zədələnmələri və xronik böyrək çatışmazlığının kəskinləşməsindən əziyyət çəkən olan xəstələrə hemodializ, hemofiltrasiya, ultrafiltrasiya aparılır.

Klinikada müalicə işi ilə yanaşı, tədris prosesi də təşkil olunmuş, 12 klinik kafedra yaradılmışdır. Eyni vaxtda multimedia sistemi ilə təchiz olunmuş 8 mühazirə zalı fəaliyyətdədir. Kompüterləşdirilmiş 70-ə qədər dərs otağında universitetin III-VI kurs tələbələrinə terapiya, pediatriya, nevrologiya, ailə təbabəti, klinik farmakologiya, fizioterapiya, şüa diaqnostikası, anesteziologiya və reanimasiya fənləri tədris olunur. Bundan əlavə, klinikada rezidentura və doktorantura xətti ilə yüksək ixtisaslı kadrların hazırlanması həyata keçirilir.

Burada xarici ölkələrin qabaqcıl klinikaları və dünyanın görkəmli tibb mütəxəssisləri ilə video bağlantı qurub müzakirələr aparmaq, məsləhətlər almaq mümkündür. Bütün tədris prosesinin əyaniliyini artırmaq üçün 18 mürəkkəb xəstəliyi və onların çoxsaylı fəsadlaşmalarını modelləşdirmək imkanına malik, Amerikadan gətirilmiş robot simulyatorlar quraşdırılaraq Tibbi treninq mərkəzi yaradılmışdır.

Klinika Səhiyyə Nazirliyinin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Onu da qeyd edək ki, universitet rəhbərliyi də klinikanın bütün problemləri ilə yaxından maraqlanır və onların dərhal həllinə səy göstərir.

Bir sözlə, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası ölkənin dünya standartlarına cavab verən şəfa ocaqlarından biridir. Fikrimizcə, səhhətində yaranan hər hansı bir problemlə bağlı buraya üz tutan hər kəs öz sağlamlığına qovuşa biləcəkdir.

Fəxrəddin MƏmmƏdov, Azərbaycan Tibb Universitetinin  professoru.

Respublika.- 2017.- 4 iyun.- S.5.