Mahir qarmon ifaçısı

 

Mən onu çoxdan tanıyıram, oxuduğu musiqi məktəbinin tədbirlərində tez-tez görürəm. Gözəl ifası ilə hamını heyran edərdi. Bu illərdə özüböyümüş, ifası da mükəmməlləşmişdi. Onun hər çıxışından sonra düşünürdüm: deyəsən, musiqi dünyamıza yeni istedad gəlir...

Bu günlərdə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində, salonu ağzınadək doldurmuş böyük tamaşaçı qarşısındakı möhtəşəm solo konserti də dediklərimi bir daha təsdiqlədi. O, doğrudan da əsl istedaddır...

Azərbaycan qarmon sənətində məktəb yaratmış Əhəd Əliyevin ifasında səslənən muğamın ruh oxşayan sədası altında tədbiri açıq elan edən aparıcı Nərgiz Əsgərova ilk öncə bir çox xalqların milli musiqi mədəniyyətində özünə möhkəm yer tutan qarmon musiqi aləti haqda danışaraq dedi ki, o, Azərbaycan xalqının qədim milli musiqi alətləri sırasına daxil olmasa da xalq tərəfindən çox sevilmiş və əsl milli musiqi alətinə çevrilmişdir. Qarmon sənətinin inkişafında Əhəd Əliyevin xidmətləri böyükdür. Öz misilsiz sənəti ilə o, əsl Azərbaycan qarmon məktəbi yaratmışdır. Bu sənətin yaşamasında Aftandil İsrafilov, Aydın Əliyev, Xanlar Cəfərov və digər sənətkarların da rolu olmuşdur. İndi bu sənətin yeni nəsil davamçıları yetişməkdədir. Onlardan biri də Məhəmməd Abışovdur.

38 saylı görmə qüsurlu uşaqlar üçün musiqi məktəbinin şagirdi olan Məhəmməd Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbində həyata keçirilən “Mən də varam” fərdi qabiliyyət müsabiqəsində I yerə layiq görülüb. Ü.Hacıbəylinin milli lad sistemli gənc musiqiçilərin I Respublika festivalının laureatı, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının həyata keçirdiyi “Fəaliyyətdə incəsənət 2” adlı beynəlxalq layihənin, İstedadlı Əlillər İctimai Birliyi tərəfindən keçirilən “Günəş” layihəsinin, Uluslararası “Gülən çoçuq” şənliyinin iştirakçısı olub.

Sonra söz musiqiyə verildi. Tofiq Bakıxanovun “Konsert. Birinci hissə” adlı əsəri ilə çıxışa başlayan Məhəmməd bir-birinin ardınca, müxtəlif süjetli, fərqli janrlı musiqi nömrələri ifa etdi. Bəstəkar Qara QarayevinYeddi gözəl” baletindən “Saray qızlarının rəqsi”ni, dünyaşöhrətli bəstəkar, pianoçu Frederik Şopenin 14 nömrəli etüdünü, Emin Sabitoğlunun “Vals”ını, xalq rəqsi “Uzundərə”ni əsl peşəkarlıqla ifa edən gənc qarmonçu tamaşaçıları sanki sehirləmişdi.

Muğam Azərbaycan mədəniyyətini əks etdirən musiqi incilərindən biridir. Onu təbliğ, inkişaf etdirmək hər kəsin borcudur. Bu mənada Məhəmməd Abışovun “Dilkeş” muğamını öz konsert proqramına daxil etməsi də çox təbii idi. Barmaqlar şirmayı dillər üzərində gəzdikcə həzin, yanğılı bir musiqi ətrafa yayılır, ifaçı bütün imkanlarından istifadə edərək muğamın möhtəşəmliyini öz tamaşaçısına çatdırmağa çalışırdı. Son musiqi nömrəsinin son akkordlarını vuranda salonu alqış sədaları bürüdü: “Əhsən”, “yaşa”, “barmaqların yorulmasın” kimi sözlər alqış səslərinə qarışaraq Məhəmmədin qaranlıq dünyasına işıq salmışdı sanki.

Daha sonra çıxış üçün qonaqlar səhnəyə dəvət olundu. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Yaşar Əliyev mükəmməl çıxışı üçün Məhəmmədə təşəkkür edərək dedi: “Məhəmməd qeyri-adi istedada malikdir. O, bu gün burada öz istedadını yüksək səviyyədə nümayiş etdirdi. Mən çox şadam ki, belə bir istedadlı gənc, Azərbaycan qarmon sənətinin layiqli davamçısı var. Bu gün Məhəmməd təkcə özünün deyil, həm də ruhuna yaxın bilib seçdiyi, sevdiyi musiqi alətinin də imkanlarını nümayiş etdirdi. Bu, adi tədbir deyildi, musiqi bayramı idi. Mən ona uğurlar arzulayıram. Sorağı daha böyük səhnələrdən gəlsin”.

Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əməkdaşı Bəturə Məmmədəliyeva idarənin rəisi Vüqar Zeynalovun təbrikini gənc ifaçıya çatdırdıqdan sonra onun oxuduğu məktəbin rəhbərliyinə, valideynlərinə minnətdarlığını bildirdi.

Məhəmmədin təhsil aldığı 5 saylı internat məktəbin direktoru İradə Vəzirova onun digər qabiliyyətindən söz açaraq şagirdinə gələcək həyatında uğurlar arzuladı.

38 saylı görmə qüsurlu uşaqlar üçün musiqi məktəbinin direktoru Esab Əliyev tədbirin təşkilatçılarına təşəkkürünü bildirərək dedi: “Bir vaxt 38 saylı musiqi məktəbi tədbirlərdə yalnız qonaq qismində iştirak edirdi. İndi o, böyük tədbirlərin təşkilatçısıdır. Məktəbimizin istedadlı şagirdləri çoxdur. Məhəmməd də onlardan biridir. Bu gün o, ilk solo konsertini verdi. Bizə bu şəraiti yaratdığı üçün R.Behbudov adına Mahnı Teatrının rəhbərliyinə təşəkkürümü bildirirəm. Məktəbimizdə bacarıqlı müəllimlər çoxdur. Vüsal Qəhrəmanov da işini sevən pedaqoqlardandır və Məhəmmədin belə uğur qazanmasından onun böyük əməyi var. Tədbirin təşkilində əməyi olan hər kəsə minnətdaram”.

Məhəmməd Abışovun müəllimi Vüsal Qəhrəmanov tədbirin bütün iştirakçılarına, xüsusən gənc ifaçını müşayiət edən musiqiçilərə təşəkkürünü bildirdi.

Sonda Məhəmmədin atası Maşallah Abışov çıxış edərək mədəniyyətimizin inkişafına göstərdiyi qayğıya görə dövlət başçısına, ölkəmizin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlıq etdi.

Bizmahir qarmon ifaçısı Məhəmməd Abışova böyük sənət uğurları arzulayırıq.

 

Zümrüd QURBANQIZI,

 

Respublika.- 2017.-10 iyun.- S.7.