Xalqın nicat günü

 

Həyatda elə hadisələr var ki, ölkənin, milyonlarla insanın müqəddəratında həlledici rol oynayır. Bütöv bir xalqın yaddaşına əbədi həkk olur, tarixinə qızıl hərflərlə yazılır. Azərbaycan üçün 1993-cü il iyunun 15-i məhz belə günlərdəndir. Həqiqətən də həmin gün ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə respublika rəhbərliyinə qayıdışı, dövlətçiliyimizin xilas anının başlanğıcı - Milli Qurtuluş Günüdür.

Düz 24 il bundan əvvəl, yəni 1993-cü il iyun ayının əvvəlində ölkəmizdə cərəyan edən hadisələr hər birimizin yadındadır. Həmin vaxt Azərbaycan dövlətçiliyi və müstəqilliyi görünməmiş təhlükə qarşısında idi. Siyasiiqtisadi böhranla üzləşmiş ölkəmizdə vəziyyət olduqca ağır idi. Azərbaycan öz tarixinin çox çətin dövrünü yaşayırdı. Ölkəmiz elə vəziyyətə düşmüşdü ki, bir daha dirçələcəyinə gümanımız yox idi, Azərbaycanın bir dövlət kimi mövcudluğu şübhə altına düşmüşdü. Elə bir xaos, özbaşınalıq şəraiti yaranmışdı ki, bundan baş çıxarmaq hər kəsin işi deyildi. Respublikamızda sabitliyin bərpa olunacağına ümid yox idi. Xalq daha ağır günə düşə bilərdi. Daha bir addım bəs idi ki, xalq dərin uçuruma yuvarlansın. Problemlər baş alıb gedirdi. Həmin problemləri aradan qaldıra biləcək yeganə qüvvə isə yalnız Heydər Əliyev şəxsiyyəti ola bilərdi.

Ölkəni görünməmiş bəlalardan xilas etmək üçün lazım olan enerji, müdriklik və uzaqgörənlik yalnız bu nadir insanda var idi, ümidlər yalnız ona idi. Ölkədəki özbaşınalıqdan cana yığılan, belə yaşayışın mümkünsüzlüyünü dərk edən xalq ayağa qalxdı və əldən getməkdə olan müstəqilliyin nicatını ancaq böyük şəxsiyyət və siyasətçi Heydər Əliyevdə görərək onu təkidlə Bakıya dəvət etdi. Xalqın çağırışına heç vaxt biganə qalmayan ulu öndərimiz 1993-cü il iyunun 9-da Naxçıvandan respublika paytaxtına gəldi və iyunun 15-də Ali Sovetin sədri seçildi. Həmin gün müstəqil dövlətçilik tarixinin ikinci dövrü başlandı. Ölkə onu gözləyən fəlakətlərdən, daxilixarici antiazərbaycan qüvvələrin qəsdlərindən, vətəndaş müharibəsindən, dövlətçiliyin məhvindən xilas oldu.

Azərbaycanın çox zəngin və şərəfli tarixi var. Bu tarix öz yaddaşında xalqın taleyini müəyyənləşdirmiş nadir şəxsiyyətləri əbədi yaşadır. Heydər Əliyev onların ən görkəmlisi, ən qüdrətlisidir. Təkcə Azərbaycanın deyil, bütün dünyanın taleyinə həlledici təsir göstərən nəhəng siyasətçilər və dövlət xadimləri arasında Heydər Əliyev öz dühası, müdrikliyi ilə xüsusi yer tutmuş, hələ sağlığında ikən əfsanəyə dönmüşdür.

Heydər Əliyevin adı və şərəfli həyatı öz Vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə və dövlətə xidmətin misilsiz nümunəsi kimi əsrlər boyu yaşayacaq, Azərbaycanın indiki və gələcək nəsilləri üçün əbədi örnək olacaqdır. Heydər Əliyev canından çox sevdiyi xalqına möhkəm dövlətçilik təsisatlarına malik demokratik və bəşəri dəyərlərə sadiq, dünya birliyində layiqli yer tutan müasir, müstəqil Azərbaycan bəxş etdi. Ən yeni tariximizin 35 ili məhz onun şərəfli adı, nəhəng siyasi fəaliyyəti ilə bilavasitə bağlıdır. Bu illərdə ölkəmizin qazandığı bütün uğur və nailiyyətlər, inkişaf və tərəqqi, xalqımızın milli mənliyinin formalaşması Heydər Əliyev dühasının bəhrəsidir.

Heydər Əliyev dühası Azərbaycan dövlətinin, xalqının bir millət kimi yetkinləşməsində müstəsna əhəmiyyət kəsb etdiyindən tariximizin çox parlaq şəxsiyyətlərindən birinə çevrildi. XX əsrdə ikinci dəfə müstəqilliyinə nail olmuş demokratik Azərbaycan dövlətinin qurulması istiqamətindəki xidmətləri böyük idarəçilik təcrübəsinə malik olan ümummilli liderimizin böyük tarixi şəxsiyyət olduğunu təsdiq etdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə onun hakimiyyətə qayıdışından sonra Azərbaycanda demokratik təsisatların yaranmasına meydan verildi. Məhz həmin dövrdən Azərbaycanda iqtisadi islahatların aparılması, bazar iqtisadiyyatının inkişafı üçün normativ-hüquqi bazanın yaradılması, Azərbaycana irihəcmli investisiyaların cəlb edilməsi, sahibkarlığın inkişafı üçün dövlətin qayğı və himayəsi, beynəlxalq maliyyə qurumları ilə əlaqələrin genişləndirilməsi ümummilli liderimiz Heydər Əliyevin gərgin və səmərəli əməyinin bəhrəsidir. 15 iyun - Milli Qurtuluş Günü heç vaxt azərbaycanlıların yaddaşından silinməyəcək həlledici bir gündür. Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı kimi tarixə düşən bu gün Azərbaycanın müstəqil dövlət kimi tərəqqisinin başlanğıcı oldu. Azərbaycan xalqının tam müstəqil yaşamağa qadir olduğubu yoldan dönməyəcəyi bütün dünyaya sübut olundu. Həmin gündən başlayaraq bütün sahələrdə dönüş yarandı.

Milli Qurtuluşun müstəqil Azərbaycan dövləti, azərbaycançılıq ideologiyası və təfəkkürü, bütövlükdə sivil bəşəriyyətə qovuşmaq yolunu seçmiş xalqımız üçün mühüm tarixi, ictimai, siyasi, iqtisadi, beynəlxalq, hüquqi əhəmiyyəti olduqca böyükdür. İnamımızın, ümidimizin simvolu olan bu gün həm də təhlükəsiz sabaha açılan qapıdır. Müstəqillik tariximizin bu şanlı səhifəsini gələcək nəsillərə ibrət dərsi olmaq üçün həmişə vərəqləmək vacibdir.

Ümummilli liderimiz ömrünün bütün qalan hissəsini müstəqilliyimizin möhkəmlənməsinə sərf etdi. Ulu öndər bütün dünyaya bəyan etdi ki, yolumuz demokratiya yoludurbiz bu yoldan heç vaxt dönməyəcəyik. Azərbaycanın demokratiya yolunda qısa zaman ərzində əldə etdiyi nailiyyətlər dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları tərəfindən də yüksək qiymətləndirilir.

Bir xalqın və dövlətin tarixi üçün 24 il çox qısa zamandır. Amma həmin Qurtuluş Günündən ötən bu illər böyük dəyişikliklərlə yadda qalmışdır. Azərbaycan xalqı milli dövlətini yaratmış və özünün xilaskarının fəaliyyəti nəticəsində varlığını əbədi etmişdir. Əgər həmin gün, xalqın istəyi və tələbi ilə dövrümüzün müdrik tarixi şəxsiyyəti, təcrübəli və iradəli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli, tərəqqi edən, yeniləşən və demokratikləşən Azərbaycan dövlətindən danışa bilməzdik. Bu qayıdış Azərbaycanın müstəqilliyini dünya müstəvisində reallığa çevirdi. Bu, əsrlərin sınağından keçə-keçə min bir əziyyətlə, amma dönmədən məqsədinə doğru addımlayan bir millətin özünə qayıdışı idi. Bununla Azərbaycan özünün müstəqillik tarixinin daha şərəfli, daha əzəmətli bir mərhələsinə qədəm qoydu. Həmin mərhələnin baş memarı isə ümummilli liderimiz Heydər Əliyev idi.

15 iyun 1993-cü il Azərbaycan tarixində tarixə bərabər gün kimi səciyyələndirilməlidir. Bu gün ölkəmizin sürətli inkişafı, uğurları məhz Milli Qurtuluşun bəhrəsidir. Təsadüfi deyildir ki, 15 iyun - Qurtuluş Günü Milli Məclisin qərarı ilə 1997-ci il iyunun 27-də rəsmiləşdirildi. Həmin tarixi qərarda deyilir: “Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin, müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması əslində onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi”.

Ulu öndər Heydər Əliyev üçün ən böyük sevinc xalq etimadı, Azərbaycanın müstəqilliyi, azadlığı, suverenliyi idi. Ümummilli lider 1993-cü ilin oktyabrında keçirilən andiçmə mərasimində bildirmişdir: “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm”. Prezidentliyinin ilk mərhələsində həyata keçirdiyi islahatlar, böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını daha da artırdı. Ulu öndər Heydər Əliyev sabitliyi hər bir inkişafın əsası kimi önə çəkərək, ölkədə ictimai-siyasi sabitliyin qorunmasını hər kəsin vətəndaşlıq borcu olduğunu bildirdi. Uğurlu siyasət Azərbaycanı qısa müddətdə sabitlik məkanına çevirdi, ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayı artmağa başladı. Ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də atəşkəs sazişinin imzanlanması bu sabitliyin daha da möhkəmləndirilməsinin, Azərbaycanın bugünkü uğurlarının stimulu oldu. Azərbaycan müharibə şəraitində yaşasa da, hər sahədə davamlı uğurlar əldə etmək üçün biri-birindən əhəmiyyətli islahatların həyata keçirilməsinə nail oldu. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin  imzalanması ilə Azərbaycanın iqtisadi imkanlarının genişlənməsinin, dünya iqtisadi sisteminə inteqrasiyanın əsası qoyuldu. Bu sazişdən sonra imzalanan onlarca müqavilə, Anlaşma memorandumları Azərbaycanın bu gününə, sabahına olan inamdan qaynaqlanır. Artıq qeyd etdiyimiz kimi, bu gün dünya “Cənub qaz dəhlizi”nin perspektivlərindən danışır. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz layihələrinin reallığa çevrilməsi ilə Azərbaycan dünya enerji bazarına yollarını daha da genişləndirdi, çoxtərəfli əməkdaşlığın qurulması üçün imkanlar yarandı. Bu gün Azərbaycanın beynəlxalq aləmdə təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınması və nüfuz qazanması, təbii ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsinin nəticəsidir.

Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda demokratik təsisatların yaradılmasına meydan verildi. Ümummilli lider ilk növbədə siyasi bacarığı və gücü ilə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, separatizmdən, ictimai-siyasi pərakəndəlikdən və anarxiyadan xilas etdi, xalqı yenidən vahid məfkurə ətrafında birləşdirdi.

Azərbaycan yalnız böyük öndərin qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirə bildi. Heydər Əliyevin dərin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olmaq təhlükəsi arxada qaldı, ölkəmiz dünyada özünə layiqli yer tutdu. Respublikamızın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında dönüş yarandı, sivilhüquqi dövlət quruculuğu işlərinə başlandı. Milli Ordunun formalaşması, nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiəsi ilə bağlı mühüm addımlar atıldı, cəbhədə atəşkəsə nail olundu.

Azərbaycanda yaranmış ictimai-siyasi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inamdan istifadə edərək 1994-cü ilin sentyabrında iri neft şirkətlərinin iştirakı ilə “Əsrin müqaviləsi” adlı ilk neft sazişi imzalandı.

1993-1995-ci illər müasir Azərbaycan tarixinə dövlət müstəqilliyinin qorunub saxlanılması, dünya iqtisadiyyatına inteqrasiya uğrunda mübarizə dövrü kimi yazılmalıdır.

Müstəqilliyimiz qorunub möhkəmləndikcə, dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət aldı. Azərbaycanın ilk Milli Konstitusiyası qəbul edildi, mənəvi sərvətlərimizə, dilimizə, dinimizə, tarixi irsimizə qayğı dövlət səviyyəsinə qaldırıldı, əlifba islahatı həyata keçirildi. Milli ideologiyanın əsası qoyuldu.

Heydər Əliyev epoxası dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş milyonlarla soydaşımızı milli məfkurə əsasında birləşdirdi. Azərbaycan diasporunun yaradılması və möhkəmləndirilməsi təmin edildi.

Ümumiyyətlə, 1993-2003-cü illər Azərbaycanın demokratik prinsiplərə sadiq bir dövlət kimi inkişafında mühüm bir dövr olmaqla dünya birliyinə inteqrasiya yolunda ona çox böyük nailiyyətlər qazandırdı. Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi, gərgin zəhməti və təşəbbüskarlığı, yaradıcı dühası və beynəlxalq nüfuzu olmadan bütün bunları və bugünkü nailiyyətləri əldə etmək mümkünsüz idi.

Bu gün ulu öndərin müəyyənləşdirdiyi strateji inkişaf kursunu uğurla reallaşdıran Prezident İlham Əliyevin ölkəyə rəhbərliyinin leytmotivini sistemlilik, iqtisadi inkişafda dinamizm, beynəlxalq əməkdaşlıqda qarşılıqlı maraqlara əsaslanaraq, milli mənafelərin qorunması, xalqın rifahını yüksəltmək kimi amillər təşkil edir.

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan tarixindəki rolu haqqında dünya siyasətinin tanınmış simalarından olan Türkiyənin doqquzuncu prezidenti Süleyman Dəmirəlin sözləri reallığı aydın əks etdirir: “Çörçill ingilis millətinə 40 il xidmət etdi, ancaq bu, xidmətin sonunda, 1940-cı ildə lazım oldu. O zaman Çörçillin edəcəyi xidməti göstərəcək ikinci adam yox idi. Bəşər tarixində insanlar hər zaman millətinə xidmət edir, ancaq bəzən lazım olurlar. Ruzveltin 1942-ci ildə, de Qollun 1958-ci ildə, Adenauerin 1946-cı ildə lazım olduğu kimi... Hörmətli Heydər Əliyev Azərbaycan millətinə çox xidmət etmişdir, amma 1993-cü ildə lazım idi. Onun gördüyü işi görəcək başqa heç kim yox idi. Yaxşı ki o vardı!..”.

Möhtərəm Heydər Əliyevin xalqımızın və dövlətimizin taleyində, tarixində təkrarolunmaz rolu bizə haqq verir ki, onu Azərbaycanın bütün dövrlərdə yetişdirdiyi şəxsiyyətlərin ən ucası, ən dəyərlisi, ən böyüyü adlandıraq!

Ümummilli liderimizin həyata keçirdiyi xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan etmiş, ölkəmizi gələcəyə inamla baxan güclü bir dövlətə çevirmişdir. Bu gün isə Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi altında aydın bir yolla öz parlaq sabahlarına doğru addımlayır. Bu yol Heydər Əliyev yoludur. Bəli, tam əminliklə demək olar ki, Azərbaycanın gözəl gələcəyi var. Bu gələcəyin təməli isə məhz 24 il əvvəl, 1993-cü ilin 15 iyununda qoyulub.

 

Əkbər HƏSƏNOV,

Ekologiya və Təbii Sərvətlər

Nazirliyinin Milli Hidrometeorologiya

Departamentinin direktor əvəzi.

 

Respublika.- 2017.-11 iyun.- S.3.