Qədim Beyləqan torpağında görüş

 

XII əsr Azərbaycan şairi Mücirəddin Beyləqaninin vətəni olan qədim Beyləqan monqolların işğalı nəticəsində yerlə-yeksan olunandan sonra həmin yerlər Örənqala, yəni ölən qala, torpağın altında qalan bir xarabalığa çevrilmiş, bu gözəl şəhərin adı qərinələr, əsrlər boyunca itirilib-unudulmuşdu. Vaxtilə Eldəgizlər dövlətinin tərkibində ən böyük şəhərlərdən sayılan Beyləqan böyük zamanlar içində adının və şöhrətinin unudulmasına məhkum olsa da, tarix heç nəyi unutmadı. Dünyanın yola saldığı neçə yüzilliklərdən sonra həmin ərazidə şəhərin xarabalıqlarından tapılan rəngbərəng xırda daşlar, saxsı, kaşı qırıqları, məişət avadanlıqlarının qalıqları, qadınlara məxsus zinət əşyaları böyük bir ərazinin həyat yaşamlarından xəbər verirdi. Şəhərin tarixi ilə bağlı səhih, etibarlı mənbələrdən o da məlumdur ki, bu yerlərin iqlimi xoş, mülayim olduğundan, vaxtilə şahlar öz elatı, sürüsü, davarı ilə qışlanmaqdan ötrü burda düşərgə salardılar. Qarabağın dağətəyi məskənlərindən olan bu şəhər ticarət yolunun üstündə olduğundan özünün iqtisadi, mədəni həyatı, gözəl üslubda olan tikililəri, sənətkarların əl işlərini yaşadan abidələri ilə məşhur idi.

Ötən əsrin sonuncu onilliyində öz əzəli adının qaytarılmasından sonra Beyləqan yeni inkişafa qədəm qoydu. Bütün sahələrdə quruculuq, abadlıq işləri aparıldı, şəhər böyüdüldü. Zəhmətsevər insanların quruculuq fəaliyyəti sayəsində keçmiş şöhrətini qaytaran Beyləqan günü-gündən çiçəklənməyə qədəm qoydu.

Bu gün Mücirəddin Beyləqaninin vətənində böyük bir ziyalı ocağı yaradılmışdır. Rayonun tarixini, mədəni-mənəvi simasını özündə ehtiva edən mədəniyyət ocaqları–Tarix-Diyarşünaslıq Muzeyi, Mədəniyyət Mərkəzi, Mərkəzi Kitabxana, Musiqi Məktəbi, Şahmat Məktəbi, Uşaq Yaradıcılıq Mərkəzi... bütün bunlar şəhərin əzəmətini daha da artırır. Bu şəhərin yeni həyatına, yaşam tərzinə özünün mənəvi dünyası, yaradıcılıq ruhu ilə dəyər bəxş edən Azərbaycan Yazıçılar Birliyinin Beyləqan bölməsi öz fəaliyyətində davamlı olaraq yeniliklərə, təşəbbüslərə imza atır. Bölgədə yaşayıb fəaliyyət göstərən şair və yazıçıların əsərlərinin nəşri, təqdimatı, həyatımızın bir çox sahələrinin fəaliyyətini işıqlandıran mədəni tədbirlərin keçirilməsi artıq neçə illərdir ki, bir ənənə şəklini almışdır.

Bu günlərdə belə tədbirlərdən biri də Beyləqan Mədəniyyət Mərkəzində Azərbaycan Yazıçılar Birliyi Beyləqan Bölməsinin təşkilatçılığı ilə həmyerlimiz, tanınmış yazıçı-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasirlə rayon ictimaiyyətinin, ziyalıların, şair və yazıçıların keçirdiyi görüş olmuşdur. Tədbiri giriş sözü ilə AYB-nin Beyləqan Bölməsinin sədri, yazıçı Asif Cəfərli açaraq görüş haqqında iştirakçılara məlumat vermiş, bundan sonra tədbiri idarə etmək üçün sözü Azad İstehlakçılar İctimai Birliyinin Beyləqan rayon nümayəndəsi Mehman Əliyevə vermişdir. Mehman müəllim Şəfəq Nasirin həyat və yaradıcılığından geniş söhbət açmış, onu ədəbiyyata, jurnalistikaya gətirən böyük yola nəzər salmışdır. Qeyd etmişdir ki, yaradıcılığa hələ orta məktəb illərindən şeirlə başlamış Şəfəq xanım sonradan qələmini nəsrdə sınamış və ortaya xeyli sayda bədii-publisistik əsərlər qoyaraq ədəbi yaradıcılıqda uğurlara imza atmışdır. Yazıçının bu günə qədər çoxlu sayda əsərləri, o cümlədən “Gecə yağışı”, “Beyləqanın güllü yazı”, “Ciddi söhbət”, “Bir ömrün üç bucağı”, “Məmmədəli Nasir”, “Könüllərə şəfəq payı” kimi bədii, publisistik kitabları işıq üzü görmüşdür. Ş.Nasirin həyatda olduğu kimi, yaradıcılıqda da səmimi, özünə qarşı tələbkar olduğunu qeyd edən natiq yazıçının bununla bağlı öz fikirlərinə istinad etmişdir: “Heç vaxt mətbuatda söz deməyə tələsməmişəm. İmzamın vaxtaşırı görünməyinə can atmamışam. Kimdən və ya nədən yazacağımı məqsəd kimi qarşıma qoymamışam. İç dünyamın narahatlığı tüğyan edəndə, mövzu məni tutanda, titrəyəndə, kövrələndə, hissim, duyğum tarıma çəkiləndə - yazmaqdan ötrü içim gedəndə əlimə qələm götürmüşəm. Dolub-ağırlaşanda, ağrıyıb-göynəyəndə yazı masam məni özünə sarı çəkib... “M.Əliyev yazıçı-publisistin yaradıcılığında böyük əhəmiyyət kəsb edən mövzularından da bəhs edib. Natiq qeyd edib ki, Şəfəq Nasir peşəkar jurnalist kimi dövri mətbuatda xalqımızın didərginlik, şəhidlik ağrıları, atılmış uşaqların acı taleyi, kitab nəşrindəki yarıtmaz vəziyyət, kitablar haqqında rəylər, ictimai-siyasi mövzularda yazılmış publisistik məqalələrlə müntəzəm olaraq dövri mətbuatda çıxışlar edir. Hələ tələbəlik illərindən özünü jurnalistikada ciddi və düşündürən janr olan publisistikada kökləyən Şəfəq Nasir elə ədəbi mühitə - yazıçılığa da publisistikaya gedən yoldan keçib.

Tanınmış şair, uzun illər Şəfəq Nasirlə “Gənclik” nəşriyyatında çalışan Musa Ələkbərli yazıçı ilə bağlı xatirələrinə işıq saldıqdan sonra, onun yaradıcılığının bir neçə istiqamətdə inkişaf etdiyindən söz açdı, onu yazıçı, publisist, tədqiqatçı jurnalist kimi xarakterizə etdi. O dedi: “Şəfəq xanımın əsərlərinin dili sadə, səmimi və axıcı olduğundan maraqla oxunur. O, zəhmətkeş, öz üzərində çalışan bir qələm sahibidir. Onun bədii əsərlərində yaratdığı xarakterik obrazlar yaddaqalandır. Mən onun təxminən 30 il əvvəl oxuduğum “Gecə yağışı” hekayəsini bu gün də xatırlayıram. Ailəsi ilə kəndə, ata ocağına istirahət etməyə gələn oğul-qəhrəman uşaqlarını Şuşaya aparmağa söz versə də, yaşlanmış valideynlərinə kömək məqsədilə günlərlə həyət-bacada, evdə tökülüb-qalan iş-güclə məşğul olduğundan vədinə əməl edə bilmir. Bütün bunlar maraqlı hadisələr, xarakterik detallar, bədii priyomlarla təsvir olunduğundan onları unutmaq mümkün deyil. Mən onun babası, “Molla Nəsrəddin” ədəbi məktəbinin nümayəndəsi olan Məmmədəli Nasirin həyat və yaradıcılığından bəhs edən monoqrafiyasını da böyük maraqla oxudum. Onun klassik mətbuatı necə böyük məsuliyyətlə, həssaslıqla tədqiq etdiyininşahidi oldum. Şəfəq Nasirin əsərləri həmişə orta və yaşlı nəslin rəğbətini qazanmışdır. Mən yazıçı-publisist Şəfəq xanıma yeni yaradıcılıq uğurları arzulayıram”.

Tədbirdə çıxış edən “Yada düşdü” jurnalının təsisçisi, şair Nəzakət Məmmədli də Şəfəq Nasirlə tanışlığından, ədəbi əlaqələrindən, onun öz qələm məhsullarına böyük məsuliyyətlə, tələbkarlıqla yanaşdığından danışdı. O bildirdi ki, Şəfəq xanım sözə həssaslıqla yanaşan, onu hər şeydən uca tutan yazıçı-publisistdir. O dedi: “Məni Şəfəq Nasirlə bağlayan hər ikimizin də ədəbiyyata olan böyük marağıdır. Jurnalımız fəaliyyətə başlayandan bizimlə əməkdaşlıq edir. Hiss edirəm ki, onun yazıları oxucular tərəfindən böyük rəğbətlə qarşılanır. Şəfəq həm də “Yada düşdü” jurnalında baş redaktorun müavinidir. O, Azərbaycan ədəbiyyatında və mətbuatında qələmi ilə özünü təsdiq etmiş yazıçı-publisistdir. Yaradıcılığının məhsuldar dövrünü yaşayan Şəfəq xanıma cansağlığı və yeni yaradıcılıq uğurları diləyirəm. Arzu edirəm ki, yeni əsərləri ilə oxucularının görüşünə gəlsin”.

Beyləqan rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, jurnalist Mehriban İsgəndərova yazıçı-publisisti öz doğma torpağında salamladı, onun əsərləri haqqında xoş sözlər söylədi. Qeyd etdi ki, bir həmyerli, yazıçı kimi onun əsərlərinə və özünə rəğbəti böyükdür: “Mən Şəfəq Nasirin yaradıcılığının bəlkə də xeyli hissəsi ilə tanışam. “Beyləqanın güllü yazı” kitabını yəqin ki, rayonumuzda oxumayan az tapılar. Bu gün bu torpaqda onu ən çox bu əsəri ilə tanıyır və sevirlər. Muzeyimizə hədiyyə etdiyi bütün kitablarını oxumuşam. Arzu edirəm ki, qələmi ovxarından düşməsin, yazıb-yaratsın, Beyləqan mövzusunda da yeni əsərlər ərsəyə gətirsin”.

Tədbirdə çıxış edən AYB üzvlərindən E.İsrafiloğlu, F.Hilaloğlu, R.Budaq, F.Əsəd, S.Beyləqanlı, eləcə də Beyləqan ziyalı ocağının nümayəndələri, Ə.Hacıyev, Ə.Ziya və başqaları Ş.Nasirlə doğma torpağında görüşdən məmnun olduqlarından, eləcə də əsərlərindən söz açdılar. Yazıçıya yeni yaradıcılıq uğurları dilədilər. Daha sonra Azad İstehlakçılar İctimai Birliyi Beyləqan nümayəndəliyinin ofis rəhbəri Ş.Qarayeva, “Aytac Kompüter kursunun rəhbəri V.Əliyeva, BDU-nun tələbəsi K.Qarayeva, II Aşıqlı kənd orta məktəbinin IX sinif şagirdləri L.Əmirquliyeva, S.Əhmədzadə və başqaları onları maraqlandıran suallarla yazıçıya müraciət etdilər.

Tədbirin sonunda Şəfəq Nasir öz yaradıcılığına kiçik bir ekskurs etdi, görüş iştirakçılarına və tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi. İctimai Televiziyanın və mətbuat nümayəndələrinin iştirak etdiyi tədbirin sonunda Şəfəq Nasir, o cümlədən N.Məmmədli, M.Ələkbərli, T.Məmmədova, M.Əliyev, T.Həsənov, R.Budaq AYB-nin təsis etdiyi “Mücirəddin Beyləqani” “Diplomu ilə təltif olundular. Bundan sonra tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkildi.

 

Mehman ƏLİYEV,

Azad İstehlakçılar İctimai Birliyinin

Beyləqan rayon nümayəndəsi.

 

Respublika.- 2017.-11 iyun.- S.6.