Heydər Əliyev ideyaları yaşayır və qalib gəlir

 

15 iyun Milli Qurtuluş Günüdür

 

Hamımız üçün çox doğma və əziz olan Heydər Əliyev dünya şöhrətli siyasətçi, zəmanəsinin ən böyük şəxsiyyəti idi. O, Azərbaycanın güclü, inkişaf etmiş qüdrətli dövlətə çevrilməsində, sənayemizin, kənd təsərrüfatımızın, sosial-iqtisadi sahələrin güclənməsi yolunda əlindən gələni əsirgəməmişdir. Ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsində, pensiyaçıların, əlillərin, çoxuşaqlı ailələrin, əmək qabiliyyəti olmayan insanların sosial problemləri həmişə onun diqqət və qayğısında olmuşdur. Prezidentliyi dövründə dəfələrlə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması barədə güzəştli fərmanlar imzalamışdır. Onun insanların qayğısına qalması, Vətənə, xalqa bağlılığı hamımıza yaxşı bəllidir.

O, əvəzsiz, yeri görünən çox müdrik şəxsiyyət idi. Qazandığımız müstəqilliyə, əldə olunan sabitliyə, həyatımızdakı inkişafa və tərəqqiyə görə biz bu böyük şəxsiyyətə çox borcluyuq.

Heydər Əliyev bütün mənalı ömrünü yalnız insanlığa xidmət göstərməyə sərf etmişdi. Bu böyük şəxsiyyət Azərbaycan xalqının təhlükəsiz yaşaması, azadlıq haqqını tapması uğrunda mübarizə aparmışdı. “Haqqı tapdanan insanların arxasında güclü dövlət durmalıdır, ədalət durmalıdır”. Bu ideya və prinsiplər Heydər Əliyevin istər milli təhlükəsizlik orqanlarında, istər Sovet dönəmindəki siyasi fəaliyyətində, istərsə də Azərbaycanın prezidenti olduğu son 10 ildə həyat devizi, amalı olub. Ümummilli liderimiz bu istiqamətdə zəngin milli-mənəvi dəyərlər yaradıb, ümumbəşəri dəyərlər formalaşdırıb. Heydər Əliyev respublikamızın hansı bölgəsinə ayaq basıbsa, xalq onu ən əziz adamı kimi qarşılayıb, onun qədəmləri altında qurbanlar kəsib, onun gəlişinə sevinib. Çünki hər bir böyük siyasətçinin qibtə edəcəyi bir ömür yaşadı Heydər Əliyev. O, zəngin, mübarizələrlə və qalibiyyətlə dolu həyatının hər gününü, hər anını doğma xalqına bağışladı. Bu xalqı qaldırıb dikəltdi, parçalanmaqdan, məhv olmaqdan, əzilməkdən və əyilməkdən xilas etdi, onu dünyada layiq olduğu şöhrətə çatdırdı. Ümummilli liderimiz müstəqil Azərbaycan dövlətini qurdu. Bu gənc və zəif dövləti öz qüdrətli əlləriylə ayağa qaldırdı, möhkəmləndirdi, xarici düşmənlərdən və daxildəki xəyanətkarlardan qorudu. O, Azərbaycan dövlətinə, bu məmləkətə, bu xalqa yönələn bütün zərbələrə qarşı öz polad sinəsini sipər etdi.

Ümummilli liderimiz, möhtərəm Heydər Əliyevin milli və ümumbəşəri dəyərlərə söykənən ideyaları yüz illərlə yaşayacaqqalib gələcəkdir. 60-cı illərin sonuna qədər Azərbaycan keçmiş SSRİ-nin müttəfiq respublikaları arasında sosial-iqtisadi göstəricilərinə görə geridə qalan aqrar ölkə kimi tanınırdı. Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə 70-80-ci illərdə respublikada sosial-iqtisadi sahədə çox böyük işlər görülmüş və yüksək nailiyyətlər əldə edilmişdir. Həmin dövrdə respublikanın sosial-iqtisadi sahələrinin inkişafına əvvəlki 50 ildə olduğundan 1,4 dəfə çox vəsait qoyulmuşdur. 250-dən çox zavod, fabrik, istehsal sexiemal müəssisələri tikilib istifadəyə verilmiş, çox gəlirli sahə olan üzümçülük sürətlə inkişaf etdirilmiş və istehsalata yeni texnologiyalar tətbiq olunmuşdur. Respublikada milli gəlir 2,5 dəfə artaraq adambaşına ictimai məhsul istehsalının artım tempi 2 dəfədən çox olmuşdur. Sənaye məhsullarının istehsalı 2,7 dəfə artmışdır ki, bu da əvvəlki 30 ildə istehsal olunan məhsulun həcmindən təqribən 2 dəfə çox idi. Kənd təsərrüfatında ümumi məhsul istehsalı 2,7 dəfədən çox olmuşdur. Həmin dövrdə respublikada 18,5 milyon kvadratmetrlik mənzil tikilib istifadəyə verilmiş və 2 milyon 200 min adam yeni mənzilə köçmüşya mənzil şəraitini yaxşılaşdırmışdır. Azərbaycanda təhsil və səhiyyə sisteminin inkişaf etdirilməsinə də o illərdə xüsusi diqqət göstərilmişdir. Həmin dövrdə tutumu 419 min 968 şagird olan 792 ümumtəhsil məktəbi, 660 yerlik 3 internat məktəbi, 66 min 807 yerlik 414 məktəbəqədər tərbiyə müəssisəsi tikilib istifadəyə verilmişdir. Göstərilən illərdə respublikada səhiyyə sahəsində həm keyfiyyət, həm də kəmiyyət baxımından çox böyük işlər görülmüşdür. Mövcud xəstəxanaların əksəriyyəti təmir olunaraq yeni avadanlıqlarla təchiz edilmiş, əhaliyə ambulatoriya-poliklinika xidməti göstərən müalicə müəssisələrinin sayı 11 faiz artaraq 1191 ədədə çatmış, qadın məsləhətxanalarının, uşaq poliklinikalarının və ambulatoriyalarının sayı 3,2 dəfə artmışdır. Eyni zamanda elektrik enerjisi istehsalı sahəsinin inkişaf etdirilməsi, respublikanın elektrik enerji sisteminin SSRİ-dən asılı vəziyyətdən çıxarılması üçün mühüm tədbirlər görülmüşdür. 1970-ci ildə Naxçıvanda “Arazsu elektrik qovşağı, 1976-cı ildə Dağlıq Qarabağda “Sərsəng” su elektrik stansiyası, 1981-ci ildə Mingəçevirdə Azərbaycan DRES-in birinci bloku, 1982-ci ildə isə “Şəmkir” su elektrik stansiyası istifadəyə verildi.

XX əsrin sonlarında xalqımız özünün müstəqillik mübarizəsinin nəticəsi kimi dövlət suverenliyinin yenidən bərpasına nail oldu. Şübhəsiz ki, özünün tarixi keçimişi baxımından zəngin dövlətçilik ənənələrinə malik olan xalqımız bu müstəqilliyə layiq təkamül yolu keçmiş, böyük qurbanlar bahasına azad ölkədə yaşamaq haqqı qazanmışdır. Lakin o da bir gerçəklikdir ki, respublikamızın dövlət müstəqilliyini bərpa etdiyi tarixi şərait SSRİ-ni süquta aparan, bütövlükdə dünyada gedən və dünyanın siyasi xəritəsinin yenidən çəkilməsi kimi xarakterizə edilən qlobal proseslərlə müşayiət edilirdi. Azərbaycan özünün müstəqilliyinin ilk illərindən yeni geosiyasi vəziyyətin diktə etdiyi ciddi siyasi, iqtisadi, sosial və idarəçilik problemləri ilə qarşılaşmalı oldu. Ermənistanın hərbi təcavüzünün nəticəsi kimi ortaya çıxan Dağlıq Qarabağ problemiiqtisadi tənəzzül, hüquqi qeyri-müəyyənlik, siyasi təlatümlər, zorakılıqlarla müşayiət olunan hakimiyyət ambisiyaları dövlət həyatını və cəmiyyəti idarəolunmaz vəziyyətə gətirmişdi. Bütövlükdə isə bu problemlər milli təhlükəsizliyi və müstəqilliyin özünün mövcudluğunu ciddi təhdid edəcək səviyyəyə qədər qalxmışdı. Təsadüfi deyildir ki, Azərbaycanın müasir müstəqillik tarixinin araşdırıcıları da həmin dövrü — 1991-1993-cü illəri — xaosun, anarxiyanın, böhranın dərinləşdiyi, dövlətin parçalanma, millətin isə məhvolma təhlükəsi ilə qarşı-qarşıya qaldığı dövr kimi qiymətləndirərək “formal müstəqillik” mərhələsi kimi xarakterizə edirlər.

1993-cü ilə qədər ölkəmiz elə vəziyyətə düşmüşdü ki, Azərbaycanın bir dövlət kimi mövcudiyyəti şübhə altında idi. Elə bir xaos, özbaşınalıq şəraiti yaranmışdı ki, bundan baş çıxarmaq hər kəsin işi deyildi, yaxın gələcəkdə respublikada sabitliyin bərpa olunacağına bütün dünya şübhə ilə yanaşırdı. Problemlər baş alıb gedirdi, həmin problemləri aradan qaldıra biləcək yeganə qüvvə isə yalnız Heydər Əliyev şəxsiyyəti ola bilərdi. Ölkəni görünməmiş bəlalardan xilas etmək üçün lazım olan enerji, müdriklik və uzaqgörənlik yalnız bu nadir insanda var idi, ümidlər yalnız ona idi. Çünki xalq yaxşı bilirdi ki, Azərbaycan xalqının tarixində ulu öndərimiz Cavanşir, Şah İsmayıl Xətai kimi şan-şöhrətli dövlət xadimləri ilə bir cərgədə durur. Dünyanın məşhur siyasətçiləri, dövlət xadimləri Heydər Əliyevi siyasət nəhəngi adlandırırlar. O, tarixi perspektivləri qabaqcadan görmüş, ən çətin məqamlarda yeganə düzgün qərarlar qəbul etmək bacarığı ilə çoxlarını heyran qoymuşdur.

Xalq ayağa qalxdı və əldən getməkdə olan müstəqilliyin nicatını ancaq böyük şəxsiyyət və siyasətçi Heydər Əlirza oğlu Əliyevdə görərək onu təkidlə Bakıya dəvət etdi. Xalqın çağırışına heç vaxt biganə qalmayan ulu öndərimiz 1993-cü il iyunun 9-da Naxçıvandan respublika paytaxtına gəldi və iyunun 15-də Azərbaycan Respublikası Milli Məclisinin sessiyasında Ali Sovetin sədri seçildi. Heydər Əliyevin respublika rəhbərliyinə bu böyük qayıdışı siyasi-iqtisadi böhran içində boğulan Azərbaycanı böyük fəlakətlərdən xilas etdi. Elə o zaman Heydər Əliyev çıxışlarının birində belə demişdi: “Azərbaycan bərbad vəziyyətdədir, bəzi adamlar on gündür ki, barmaq-barmağa vurmayıblar. Kabinetlərdə boş-boş şayiələrlə məşğul olurlar. Mən heç kəsə heç bir qarantiya vermirəm. Mən özümü peyğəmbər hesab etmirəm. Fəqət bu ağır vəziyyətdən çıxmaq üçün fəaliyyət göstərəcəyəm”. Bəli, indi bu fəaliyyətin nəticələri artıq hər birimizə bəllidir. Məhz bu fəaliyyətin hesabına Azərbaycan yaşayır, tərəqqi edir. O dövrdə müdrik rəhbərin qısa zaman kəsiyində həyata keçirdiyi tədbirlərlə cəbhə xəttində atəşkəsə nail olundu, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı alındı. Bununla da respublika ərazisində stabil, normal həyat bərqərar olundu. Sabitlik əldə olunandan sonra dövlət quruculuğu istiqamətində təxirəsalınmaz addımlar atıldı, bir çox mühüm qanunlar qəbul edildi. Bu da öz növbəsində dövlət institutunu möhkəmləndirdi. Ölkə iqtisadiyyatının dirçəlişi yönümündə də çoxsaylı vacib müqavilə və proqramlar imzalandı, xalq təsərrüfatının ayrı-ayrı sahələrində perspektiv layihələr, islahatlar həyata keçirildi. Odur ki, 1995-ci ildən iqtisadiyyatın hər sahəsində inkişaf açıq-aydın gözə çarpmağa başladı.

Azərbaycan dövlət müstəqilliyinin möhkəmləndirilməsində milli sərvətlərimizdən ölkənin və xalqın mənafeyinə uyğun istifadə olunmasında ümummilli liderimiz Heydər Əliyevin uğurlu neft strategiyası olduqca xüsusi əhəmiyyət kəsb edir. 1994-cü il sentyabrın 20-də dünyanın iri neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi”, 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul zirvə toplantısında Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin inşa olunmasına dair bağlanmış saziş Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində müstəsna rol oynadı.

Bu gün Azərbaycan dinamik inkişaf edən, dünya birliyində layiqli yer tutan, müstəqil siyasət yürüdən bir dövlətdir, imzalar içində millətimizin də imzası görünür. Təkcə biz yox, bütün dünya bilir ki, “Əsrin müqaviləsi”nin və digər neft konraktlarının, iqtisadistrateji baxımdan misilsiz əhəmiyyətə malik Bakı-Tbilisi-Ceyhan neft kəmərinin reallaşması Heydər Əliyevin xidmətidir. 1994-cü ildə çoxlarına əfsanə kimi görünən layihələri yalnız ulu öndərimizin şəxsi nüfuzu, qətiyyəti, uzaqgörənliyi sayəsində reallaşdırmaq mümkün olub.

Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətlərindən biri də dövlət quruculuğunun hüquqi bazasının yaradılmasıdır. 1995-ci ildə qəbul olunmuş ilk milli Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının qorunmasını öz siyasətinin prioriteti kimi qəbul etdi. Heydər Əliyev bütün varlığı ilə sevdiyi Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, inkişaf etmiş, sivil dünya dövlətləri cərgəsinə çıxarmaq, arzusunda olduğu yeni Azərbaycanın reallaşması naminə var gücü ilə çalışırdı. Yorulmadan dünyanın böyük dövlətlərinin başçıları ilə saysız-hesabsız görüşlər keçirir, Azərbaycan həqiqətlərini dünyaya çatdırırdı. Bu səfərlər zamanı dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımızın vəziyyəti ilə maraqlanır, onların azərbaycançılıq ideyası ətrafında birləşməsi üçün böyük səy göstərir, bütün ölkələrdə soydaşlarımızın mənəvi və mədəni həmrəyliyinin yaradılmasına, Azərbaycan diasporunun formalaşmasına böyük önəm verirdi. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” — deyən ulu öndərimiz 2001-ci ilin noyabrında Bakıda bütün dünya azərbaycanlılarının I qurultayının keçirilməsinə də nail oldu.

Böyük öndərimizin titanik fəaliyyətinin digər mühüm nəticəsi Azərbaycanın beynəlxalq aləmdə özünə layiqli yer tutması, dünyanın inkişaf etmiş dövlətləri ilə səmərəli əlaqələr çərçivəsində bərabərhüquqlu əməkdaşlığa nail olmasıdır. Ardıcıl, düşünülmüş xarici siyasət kursu Azərbaycan dövlətinə demokratik dəyərləri hər şeydən uca tutan, dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri quran, qonşuları ilə dinc şəraitdə yaşamağa üstünlük verən sülhsevər ölkə imicini qazandırmışdır. Məhz ümummilli liderimizin gərgin səyləri və yenilməz iradəsi nəticəsində Azərbaycan bu gün dünya birliyi tərəfindən tükənməz təbii sərvətləri, iqtisadi imkanları ilə yanaşı, mədəni, elmi, intellektual, yaradıcı potensiala malik ölkə kimi qəbul olunur. İndi dünyanın qüdrətli dövlətləri regionla bağlı bir çox məsələlərin həllində ölkəmizin dəstəyinə arxalanır, onunla etibarlı tərəfdaş kimi hesablaşırlar. Azərbaycan bu gün həm regional, həm də beynəlxalq təhlükəsizlik sisteminin qurulmasında fəal iştirak edir.

Azərbaycan BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatların üzvüdür. NATO və Avropa Birliyi ilə səmərəli və işgüzar əlaqələr qurulub. Terrorçuluğa qarşı ümumdünya mübarizəsinin, ABŞ başda olmaqla yaradılmış koalisiyanın fəal üzvüdür. Ulu öndərimiz Heydər Əliyev qurub-yaratdığı möhkəm iqtisadi-siyasi bazaya əsaslanaraq tam arxayınlıqla deyirdi: “İnanıram ki, Azərbaycan Respublikası XXI əsrdə həyatın bütün sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğurlar qazanacaqdır”.

Azərbaycanın iri beynəlxalq layihələrdə iştirakı, Böyük İpək Yolunun bərpası, TRASEKA-nın reallaşması da ümummilli liderimizin bəşəri xidmətlərindəndir. Heydər Əliyev deyirdi: “Heç bir ölkə, ən böyük ölkə də öz çərçivəsində iqtisadiyyatını lazımi səviyyədə inkişaf etdirə bilməz... Tarixi böyük İpək Yolunun bərpası, milliregional nəqliyyat strukturlarının, beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı Avrasiya məkanında sülhün, sabitliyin və tərəqqinin möhkəmləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir”.

Ümummilli liderimizin yenidən hakimiyyətə qayıdışı bütün digər sahələrdə olduğu kimi, xüsusən elm, təhsil sahəsində müsbətə doğru əsaslı dönüş yaratdı. Orta məktəb və universitetlərdə tədrisin, təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində böyük işlər görülməyə başladı. Ulu öndərimiz xüsusi vurğulayırdı ki, “İslahatlar, xüsusən təhsil, elm sahəsində islahatlar çox ağıllı, düşünülmüş şəkildə həyata keçirilməlidir... dəb naminə yox, yalnız və yalnız əldə etdiyimiz səviyyədən daha yuxarı qalxmaq üçün, təhsilin səmərəliliyini, elmin səmərəliliyini artırmaq üçün aparılmalıdır.”

Fenomenal şəxsiyyət, müdrik dövlət adamı, gözəl natiq, qeyri-adi yaddaşa, analitik düşüncə qabiliyyətinə və tükənməz siyasi iradəyə malik olmaq — yalnız kamil siyasi liderə xas olan bütün bu keyfiyyətlərin Heydər Əliyevdə cəmləşdiyini ictimai statusundansosial mövqeyindən asılı olmayaraq hər kəs, hətta dünya miqyasında tanınmış siyasətçi və politoloqlar da qəbul edirlər. Heydər Əliyev istənilən mürəkkəb siyasi prosesdən uğurla çıxmağı, ən çətin anlarda həlledici qərarlar qəbul etməyi, hadisələrə çevik reaksiya verməyi yüksək peşəkarlıqla, əsl siyasi liderə xas formada bacarırdı.

Yüksək humanizmə, uzaqgörənliyə, insanları düzgün tanımaq, mürəkkəb şəraitdən məharətlə xalqı çıxarmaq keyfiyyətlərinə malik olan Heydər Əliyev təsadüfi deyildir ki, XX əsrin görkəmli liderlərindən biri olmuşdur. Onun bənzərsiz dövlət xadimi kimi şöhrət qazanmasında hər şeydən əvvəl digərlərindən fərqli olaraq yüksək mənəvi, yaradıcı keyfiyyətlərə malik olması, təşəbbüskar və cəsarətli olması və həm də onun xalq qarşısında duran mütərəqqi tələbatı düzgün müəyyən edərək bütün fəaliyyətini dövlətin varlığına və onun durmadan inkişafına sərf etməsi olmuşdur. Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi arxada qalmışdır.

Ümummilli liderin ömrünün davamı, kamillik zirvəsinə çatan ideyaları indi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycanda bu gün ümummilli liderimizin ideyaları nəinki yaşayır, hətta daha geniş şəkildə həyata keçirilir. Böyük öndərimizin başladığı, lakin axıra çatdıra bilmədiyi işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin rəhbərinin bu gün dünya miqyasında qazandığı böyük nüfuz, nəhəng dövlətlərin başçıları ilə bərabərhüquqlu tərəfdaş kimi danışıqlar aparması, xalqımızın həqiqətlərini uca səslə bəyan etməsi bir daha sübuta yetirir ki, Heydər Əliyevin dövlətçilik ideyalarının, Heydər Əliyev yolunun alternativi yoxdurbu yol xalqımızı yeni-yeni uğurlara, zəfərlərə aparacaq.

 

Nəsib MƏHƏMƏLİYEV,

Milli Məclisin üzvü.

 

Respublika.- 2017.-15 iyun.- S.7.