Tarixi şəxsiyyətin xilaskarlıq missiyası

 

15 iyun Milli Qurtuluş Günüdür

 

Böyük şəxsiyyətləri tarix, zaman özü yetişdirir və onlar öz əməlləri ilə tarixi yaradır, zənginləşdirir və dəyişdirirlər. Tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən biri də Heydər Əliyevdir. Bu tarixi şəxsiyyətin fəaliyyətinin hər səhifəsi, hər mərhələsi Azərbaycan tarixinin mərhələləri ilə üst-üstə düşür. Azərbaycanın müasir tarixinin bütöv bir mərhələsi böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Tariximizi, onun problemlərini Heydər Əliyevdən ayrı təsəvvür etmək mümkün deyildir. Onun parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğunda Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq, lll minilliyə inamla qədəm qoymuşdur.

Ümummilli liderimiz Heydər Əliyev öz ali liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitasının ən uca zirvəsində duran nəhəng şəxsiyyət idi. O, təkcə öz ömrünün müdriklik zirvəsində deyil, həm də bütöv bir xalqın tarixinin yüksək zirvəsində idi. Bu zirvədə xalqın dünəni, bugünü və sabahı görünür. Ümummilli lider qarşıya çıxan bütün sədləri yararaq Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırmışdır. Olduqca mürəkkəb bir dövrdə xalqın xidmətində dayanan Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyi və edə bilməyəcəyini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə zəmanəmizin tanınmış siyasi xadimləri sırasında həmişəlik öz layiqli yerini tutmuşdur. Heydər Əliyev yaşadığı fırtınalı həyatı boyu hər zaman xalqını, vətənini düşünmüşdür. Dahi rəhbərin ürəyi Azərbaycan müstəqilliyinin möhkəmlənməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır. O bir dövlət başçısı kimi Azərbaycanın ən çətin anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, ölkəsini bəlalardan qurtarmağı bacarmışdır.

Ulu öndər hələ sağlığında canlı əfsanəyə çevrilmiş, əməlləri isə Vətənə və xalqa sədaqət nümunəsi olmuşdur. 1993-cü il iyunun 15-də Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas etdi. Ona görə də həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil olub. 1969-1982-ci illərdə Azərbaycana uğurla başçılıq edən, 1982-1987-ci illərdə SSRİ kimi nəhəng bir dövlətin rəhbərliyində önəmli yer tutaraq adını dünyanın XX əsr tarixinə qızıl hərflərlə yazan Heydər Əliyevin respublikamızda hakimiyyətə qayıdışı xalqımızın israrlı tələbi, o zamankı iqtidarın və digər ictimai-siyasi qüvvələrin təkidli xahişləri əsasında baş verib.

1991-ci ilin oktyabrında dövlət müstəqilliyini ikinci dəfə qazanmış müstəqil respublikamız 1993-cü ilin iyununaqədərki müddətdə böhran, xaosçaxnaşmalarla qarşılaşmışdı. 1993-cu ilin iyununda böhran son dərəcə kəskinləşmişdi. Belə vəziyyətdə Azərbaycanın əsl xilaskara ehtiyacı vardı. Artıq hamıya aydın idi ki, paytaxtdakıların heç biri - nə iqtidar, nə də o dövrdə hakimiyyətə iddialı olan müxalif qüvvələr ölkəni düşdüyü iflic vəziyyətdən çıxara bilməyəcək. Həmin vaxt hamının nəzərləri Naxçıvana dikildi. Azərbaycanın yalnız Heydər Əliyevin təcrübəsi, müdrikliyi, iradəsi ilə xilas olunacağına heç kim şübhə etmirdi. Belə bir ağır dövrdə ölkəni bu vəziyyətdən çıxara biləcək uzaqgörən, dünyada və ölkədə baş verən siyasi hadisələri analiz etməyə qadir olan, dövlətçilik və yüksək idarəetmə təcrübəsinə malik olan, ölkədə və xaricdə böyük bir avtoritetə sahib olan vətənpərvər siyasi xadimə, ölkəsi və xalqı üçün özünü qurban verməyə hazır olan, heç bir təhdidlərdən və təhlükələrdən qorxmayan dövlət xadiminə, əsl xilaskara ehtiyac vardı. Heydər Əliyev son ümidlərin yeganə ünvanı idi. Heydər Əliyevin ölkənin taleyində oynayacağı rolu da, onun gücü də hamıya məlum idi. Ona görə də Azərbaycan dövlətçiliyinin, 70 ildən sonra qazanılmış müstəqilliyinin itirilməsi təhlükəsi reallaşanda xalq öz liderini hakimiyyətə, dövlətimizi xilas etməyə dəvət etdi.

Gəncədə baş verən qiyamın yatırılması, ölkənin vətəndaş müharibəsindən və qardaş qırğınından qurtulması Heydər Əliyevin üzərinə təkcə vətəndaş kimi yox, həm də ümummilli vəzifə kimi düşmüşdü. Heç kim risk edib qiyamçı dəstənin qarşısına çıxmaq istəmirdi. Heydər Əliyevin hakimiyyətə qayıdışı təkcə siyasi tələb deyildi, bu artıq dövrün ictimai tələbatına çevrilmişdi. Hətta o yerə çatmışdı ki, AXC-Müsavat təmsilçiləri parlamentin iyunun 15-də keçirilən iclasında Heydər Əliyevdən öz təhlükəsizlikləri üçün təminat istəmişdi. Onları nəinki siyasi, həm də fiziki cəhətdən məhv olmaqdan məhz Heydər Əliyev xilas etdi. “Əgər mən bu işə öz vicdanımın tələbi ilə, ən çox Azərbaycan əhalisinin cürbəcür təbəqələrinin nümayəndələrinin təkidi və tələbi ilə, Azərbaycan prezidenti Əbülfəz Elçibəyin xahişi ilə cəlb olunmuşamsa, deməli, mən burada bu işlərin həll olunması üçün bütün imkanlarımdan istifadə edəcəyəm. Bu barədə heç kəsin şübhəsi olmasın” - deyən Heydər Əliyev öz missiyasını yerinə yetirməyə başladı və qisa müddət ərzində ölkədə sabitlik yaratdı.

Ümummilli lider, ilk növbədə siyasi bacarığı və gücü ilə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, separatizmdən, ictimai-siyasi pərakəndəlikdən və anarxiyadan xilas etdi, xalqı yenidən vahid məfkurə ətrafında birləşdirdi. Azərbaycan yalnız böyük öndərin qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirə bildi. Heydər Əliyevin dərin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi arxada qaldı, ölkəmiz dünyada özünə layiqli yer tutdu. Respublikamızın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında dönüş yarandı, sivilhüquqi dövlət quruculuğu işlərinə başlandı. Milli Ordunun formalaşması, nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiəsi ilə bağlı mühüm addımlar atıldı, atəşkəsə nail olundu.

Müstəqillik illərində Heydər Əliyev dövrü Azərbaycanın təbii sərvətlərindən, coğrafi-strateji mövqeyindən milli mənafelərə uyğun istifadə edilməsinə yönəldilmiş beynəlxalq iqtisadi sazişlərin imzalanması və nəhəng layihələrin həyata keçirilməsi dövrüdür.

Azərbaycanda yaranmış ictimai-siyasi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inamdan istifadə edərək 1994-cü ilin sentyabrında iri neft şirkətlərinin iştirakı ilə “Əsrin müqaviləsi” adlı ilk neft sazişi imzalandı.

1993-1995-ci illər müasir Azərbaycanın tarixinə dövlət müstəqilliyinin qorunub saxlanılması, dünya iqtisadiyyatına inteqrasiya uğrunda mübarizə dövrü kimi yazılmalıdır. Müstəqilliyimiz qorunub möhkəmləndikcə, dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət aldı, ölüm hökmüsenzura ləğv edildi. Azərbaycanın ilk Milli Konstitusiyası qəbul edildi, mənəvi sərvətlərimizə, dilimizə, dinimizə, tarixi irsimizə qayğı dövlət səviyyəsinə qaldırıldı, əlifba islahatı həyata keçirildi. Başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, tərəqqi və dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni milli ideologiyanın əsası qoyuldu. Heydər Əliyev epoxası dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş milyonlarla azərbaycanlını milli məfkurə əsasında birləşdirib onların tarixi vətənlərinə və dövlətə bağlanmasını, Azərbaycan diasporunun yaradılmasını və möhkəmləndirilməsini təmin etdi.

Ümumiyyətlə, 1993-2003-cü illər Azərbaycanın demokratik prinsiplərə sadiq bir dövlət kimi inkişafında mühüm bir dövr olmaqla dünya birliyinə inteqrasiya yolunda ona çox böyük nailiyyətlər qazandırdı. Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi, gərgin zəhməti və təşəbbüskarlığı, yaradıcı dühası və beynəlxalq nüfuzu olmadan bütün bunları və bugünkü nailiyyətləri əldə etmək mümkünsüz idi.

Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “İndiki müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Azərbaycanda Heydər Əliyevin siyasəti yaşayır, möhkəmlənir, yeni formalarla zənginləşir”.

Möhtərəm dövlət başçımız öz sələfinin yolunusiyasi kursunu uğurla davam etdirir. Bu gün bütün istiqamətlərdə, sosial-iqtisadi həyatımızın hər bir sahəsində qazanılan nailiyyətlər Heydər Əliyevin hakimiyyətə qayıdışının, xilaskarlıq missiyasının bəhrəsidir.

 

Kamaləddin MƏnsimov,

Nabucco Architecture and

Construction” şirkətinin direktoru

 

Respublika.- 2017.-15 iyun.- S.9.