Milli qurtuluş xalqla mənəvi birliyin nəticəsidir

 

15 iyun Milli Qurtuluş Günüdür

 

Azərbaycan xalqı öz taleyini daim inandığı, etimad bəslədiyi Heydər Əliyev siyasi irsinə etibar etmişdir. Milli dövlətçilik idealı taleyin sərt hökmü ilə neçə əsrlər gerçəkləşməyən xalqımızın müstəqil dövlət qurmaq arzusu dərin nisgilə çevrilsə də, məhz daxili inama söykənən azərbaycanlılar qərinələr boyu milli kimliklərini qoruya, millət kimi mövcudluqlarını təsdiq edə bilmişlər. Məhz bu inamın, milli özünüdərk və özünütəsdiq istəyinin təcəssümü olaraq XX əsrin sonlarına doğru milli dövlətçiliyini bərpa edən xalqımız müstəqilliyinin ilk illərində yenidən mənəvi sarsıntılara məruz qalmış, üzləşdiyi böhran və faciələrlə qarşılaşmışdı.

Bu gün 1991-1993-cü illərin o böhranlı, ağrılı-acılı, faciəli günlərini qəlbində vətən, millət sevgisi olan hər bir azərbaycanlı böyük təəssüf, dərin kədər hissi ilə xatırlayır. Xalqın inam və etimadına söykənməyən, onun iradəsini, istəyini nəzərə almayan hər hansı siyasi qüvvə Azərbaycan cəmiyyətində uzun müddət duruş gətirə bilməzdi. Belə acınacaqlı şəraitdə əksəriyyət yaxşı başa düşürdü ki, məhz ulu öndər Heydər Əliyev kimi müdrik strateq və siyasət ustadı xalqın inamını doğrultmaq, respublikanı üzləşdiyi böyük faciələrdən hifz etmək iqtidarında ola bilər.

Xalqın Heydər Əliyev fenomeninə olan böyük inamı və bu inama olan yüksək ehtiram sarsılmaz vəhdət yaradaraq bütövlükdə Azərbaycan dövlətçiliyini məhv olmaq, ölkəni parçalanmaq, vətəndaşı isə qardaş qırğını təhlükəsindən qurtarmışdır. Bu mənada 1993-cü ildən Azərbaycanda əldə edilmiş milli birlik respublikanın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir. Heydər Əliyev dühasının tarixi sınaq anında üzərinə düşən missiyanın öhdəsindən uğurla gəlməsi, sözün həqiqi mənasında, Milli Qurtuluşa nail olması da onun xalqla mənəvi birliyinin nəticəsidir. Ulu öndər malik olduğu yüksək dövlətçilik və idarəçilik səriştəsi ilə çiyinlərini son dərəcə ağır bir yükün altına vermiş, məsuliyyətdən çəkinməmiş, əsl liderlərə məxsuz bir şəkildə dövlətinin üzləşdiyi faciələrə biganə qalmamışdır.

Ümummilli lider Heydər Əliyevin iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilməsi isə respublikanın çağdaş tarixində dönüş mərhələsi kimi dəyərləndirilir. Azərbaycan Milli Məclisinin 1997-ci il 27 iyun tarixli qərarı ilə 15 iyunun hər il Milli Qurtuluş Günü kimi qeyd edilməsi də obyektiv reallığa əsaslanır. Milli Məclisin qərarında vurğulanırdı ki, “Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin, müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin, şərəfli missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, “...ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” — deyib meydana atılan böyük ürəkli vətən oğlunun öz xalqı, öz vətəni qarşısında misilsiz fədakarlığı idi”.

Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan xalqının demokratik hüquqi dövlətdə yaşamaq idealının real və dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi də çağdaş tariximizin unudulmaz dühası — ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Böyük strateqin irəli sürdüyü demokratikləşmə konsepsiyası xalqın təkamülə əsaslanan demokratiya yolu ilə irəliləməsi, vətəndaş cəmiyyəti institutlarının iqtisadi nailiyyətlərə adekvat olaraq inkişaf etməsidir. Ulu öndər Heydər Əliyev dəfələrlə bildirmişdir ki, demokratikləşmə prosesi dövlətin siyasi, iqtisadi, sosial-mədəni həyatının modernləşdirilməsi, əhalinin maarifləndirilməsi, təfəkkürünün və vərdişlərinin tədricən dəyişdirilməsi, ictimai davranış normalarının yeniləşməsi ilə birlikdə həyata keçirilməlidir. 1994-cü ilin mayında cəbhə bölgəsində atəşkəsin əldə olunması, habelə bir il sonra Azərbaycanın ilk milli Konstitusiyasının hazırlanması istiqamətində real addımların atılması mühüm islahatların aparılmasına geniş üfüqlər açmışdır.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır.

Ulu öndərin rəhbərliyi altında Azərbaycanın xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri ümummilli mənafelərə, habelə siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etmişdir.

“Respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı əlaqələr yaratmaqinkişaf etdirməkdən, bu əlaqələrin həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməkdən ibarətdir” — deyən ümummilli lider həmçinin əlavə etmişdir ki, müxtəlif dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması, Avratlantik məkana inteqrasiya, sivil Qərb dəyərlərinin mənimsənilməsi Azərbaycanın xarici siyasət prioritetləri sırasında mühüm yer tutur.

Xarici siyasət məsələlərinə xüsusi diqqət yetirən ulu öndər Heydər Əliyev bu məqsədlə diaspor quruculuğu məsələlərinə də xüsusi diqqət yetirmişdir. 2001-ci ilin ən yaddaqalan, milli həmrəyliyimizin nümayişinin ən yüksək zirvələrindən biri Bakıda Dünya Azərbaycanlılarının Birinci Qurultayının keçirilməsi olmuşdur. Bu qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün şərait yaratmışdır. Ümummilli lider Heydər Əliyev həmin tarixi tədbirdəki çıxışında dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi zərurəti ilə bağlı fikirlərini söyləmişdir. Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması, Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası, bədnam erməni lobbisinə qarşı sistemli və ardıcıl əks-hücumun təşkili məsələləri qurultayın qarşıya qoyduğu başlıca vəzifələr kimi diqqəti cəlb etmişdir.

Ümummilli liderin Azərbaycanda milli dövlətçilik ideologiyasının yaradılması, suveren dövlət təsisatlarının formalaşdırılması və xalqımızın tarixi yaddaşının bərpası istiqamətində göstərdiyi xidmətlər indi hər bir azərbaycanlı tərəfindən etiraf olunur. Heydər Əliyev bütün dövrlərdə milli dövlət quruculuğunun, dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində əməli görmək və fəaliyyətini milli mənafe kontekstində qurmaq üçün var gücü ilə çalışmışdır. Heydər Əliyev idarəçilik fəlsəfəsinə görə, azərbaycançılıq və ziyalılıq məhz bu istinad nöqtəsindən başlayır. Çünki milli ruhu qorumağın, inkişaf etdirməyin və gələcək nəsillərə ötürməyin ən mükəmməl forması milli dövlətçilikdir. Milli dövlətçilik təkcə ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin, həmrəyliyin qorunmasından ibarətdir.

Bu gün tam əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin xaosanarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda regionun ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən dövlətinə çevrilmişdir. Respublikamız qlobal böhranın təsirlərinin hələ də qabarıq duyulduğu bir şəraitdə sürətli sosial-iqtisadi inkişafını qoruyub saxlayır, böyük infrastruktur layihələri, regional proqramlar həyata keçirir. Cəmiyyətin bütün sahələrində baş verən dirçəliş, intibah meyilləri sosial-mədəni sferada da özünü qabarıq büruzə verir. Ən başlıcası, bu gün Azərbaycan cəmiyyətinin bütövlüyümonolitliyi təmin olunmuş, insanlarda uğurlu gələcəyə nikbin baxış formalaşmışdır.

 

Şaiq MİRZƏYEV,

hüquq elmləri üzrə fəlsəfə doktoru,

İnter Glass” ASC-nin icraçı direktoru.

 

Respublika.- 2017.-15 iyun.- S.9.