Qızılkənd kəndi ərazisində dəfinə aşkarlanıb

 

İmişli rayonunun Qızılkənd kəndində gümüş sikkələrdən ibarət dəfinə aşkarlanıb. Dəfinə barədə Azərbaycan Milli Elmlər Akademiyasının ArxeologiyaEtnoqrafiya İnstitutuna məlumat verən rayon sakini Məmmədağa Rüstəmov sikkələrdən birinin təsvirini bu elm müəssisəsinin elektron ünvanına göndərib. Sikkənin fotosuna baxış zamanı onun avers (üz) tərəfindəki təsvirin Makedoniyalı İskəndərə (e.ə. 336-323) aid olduğu müəyyənləşib.

AMEA ArxeologiyaEtnoqrafiya İnstitutu rəhbərliyinin göstərişi ilə Numizmatika şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Quliyevİmişli arxeoloji ekspedisiyasının müdiri, tarix üzrə fəlsəfə doktoru Mikayıl Mustafayev Qızılkəndə ezam ediliblər. Kənd sakini Həsənov Ehtiram Hümbət oğlu tapdığı 9 ədəd sikkəni A.Quliyevə təhvil verib.

Dəfinənin aşkarlandığı yerə baxış keçirən arxeoloqlar burada antik dövrə aid yaşayış yerinekropolun olduğunu müəyyənləşdiriblər.

İnstitutdan bildiriblər ki, hazırda dəfinə institutun numizmatika şöbəsində tədqiq edilir. Yaxın vaxtlarda dəfinənin aşkarlandığı ərazidə arxeoloji tədqiqat işlərinə başlanılacaq.

Ölkəmizdə antik dövrə aid sikkə dəfinələri bundan əvvəl 1958-ci ildə Şamaxıda (Xınıslı kəndi), 1966-cı ildə Qəbələdə və 1972-ci ildə Ağsu rayonu (Nüydi kəndi) ərazisində aşkarlanıb. Bunlardan fərqli olaraq, İmişlidə tapılan dəfinə Makedoniyalı İskəndərin gümüş draxmalarından ibarətdir.

Məhz sikkələrin bu ərazidə tapılması buranın həmin dövrlərdə iqtisadi gücə malik olması və ticarət karvan yollarının bu ərazidən keçdiyini deməyə əsas verir.

İmişli arxeoloji ekspedisiyasının rəhbəri, AMEA-nın tarix üzrə fəlsəfə doktoru Mikayıl Mustafayevin bildirdiyinə görə, ərazidə aparılan arxeoloji qazıntılar zamanı tapılan qədim məzarda insan skeleti ilə yanaşı saxsı məmulatlar və heyvan sümükləri də aşkar edilib. Bu da onu sübut edir ki, ərazidən qədim zamanlarda yaşayış məntəqəsi kimi istifadə olunub. Ərazinin əlverişli təbiətə malik olması da burada insanların məskunlaşmasına şərait yaradıb. Qeyd edilir ki, zaman-zaman ərazidə müxtəlif vaxtlarda İmişli sakinləri tərəfindən antik dövrə aid olan çoxlu sayda müxtəlif əşyalar aşkar edilib. Əşyalar içərisində 3-cü minilliyə aid qılınc dəstəyi, ox ucluqları, həmçinin saxsıdan hazırlanmış fit çalan alət, un üyüdən daş, dolçalar, çıraq və bir sıra saxsı məişət əşyaları da var. Sakinlər tərəfindən qorunub saxlanılan antik əşyalar AMEA əməkdaşlarına təhvil verilib.

Ekspedisiyasının rəhbəri Mikayıl Mustafayev qeyd edib ki, tapılan əşyalar ərazinin qədim dövr yaşayış məskəni olduğunu sübut etsə də, bölgə arxeoloqları tərəfindən tarixi-arxeoloji baxımdan az tədqiq olunan və öyrənilən ərazidir. Ümumiyyətlə Zilitəpədən başqa İmişli ərazisində Muxurtəpə, Qızıltəpə və Bəhrəmtəpə kimi tarixi abidələrin qədim zamanlardan bir-biri ilə sıx əlaqəsinin olması buranın qədim yaşayış məskəninin olduğunu göstərir.

 

Səməd İSMAYILOV,

Xalq sözü” qəzetinin baş redaktoru

 

Respublika.- 2017.-15 iyun.- S.14.