Taleyimizdə yaşayan Taleh Həmid

 

Yaşlı və orta nəslin, elə bugünkü gəncliyin də tanıdığı bir şair vardı: Taleh Həmid. Əslində insanın fiziki yoxluğundan sonra haqqında keçmiş zamanda “vardı” kəlməsini işlətməyə məhkumuq. Lakin yaradıcı insanların, sənətkarların özlərindən sonra qalan mənəvi varidatı ilə bəhrələndikcə, söz-sənət sahiblərinin də aramızda olduğunu düşünəndə böyük inamla, “Taleh Həmid bu gün də yaşayır” fikrindən qəlbimiz işıqlanır.

Taleh təbiətin yaratdıqlarına aşiq olan, onun təzadlarını duyan və yaradıcılığında müşahidə etdiklərinə münasibətini bildirən şair idi. Bir sözlə, həyatın hər üzünə bələd olan şair bir ziyalı vətəndaş, düşündüklərini obrazlı şəkildə ifadə edən yaradıcı insan, ədəbi şəxsiyyət idi. Taleh yaxşı şair idi, mənalı yazırdı, fəlsəfi yazırdı, qəmli yazırdı, ovqatına söykənərək özünün taleyini, ictimai həyatın ağrılarını yazırdı. Azərbaycanın Şəmkir bölgəsinin Dəllər Cəyir kəndində doğulan, Bakıda çalışan, yazıb-yaradan Taleh Həmid ağır xəstəliyin sürüb gətirdiyi acı payızın bir günündə göz açdığı ocağa qayıtdı, bu dəfə əbədilik.

Bu qoca aləmin dağı, çayı var,

Fəsillər bölünüb-qışı, yayı var.

Çox da ki, hərənin ayrı payı var,

Biri çox, biri az olanlar oldu.

Kiminə az, kiminə çox pay düşən bu dünyada onun payı az oldu. Bir dəfə yazmışdı ki, şair kimdir? Onu zaman yaradır, yoxsa anadan şair doğulur? Bu suala özü cavab verirdi ki, şairlər qəlbən, fitrətən şair doğulurlar. Onun özü anadan şair kimi doğulmuşdu, anası bədahətən şeir deyib, atası da cavanlığında şeir yazıb. Özü yarı zarafat, yarı gerçək deyirdi ki, biz şair nəsliyik.

Taleh hələ orta məktəbdə oxuyanda şeir yazıb, el-obasında şair kimi tanınıb, mətbuatda çap olunub. Bakıya şair kimi gəlib. 1975-1980-ci illərdə Azərbaycan Dövlət Universitetinin (ADU) jurnalistika fakültəsində təhsil alıb. 1979-cu ildə əmək fəaliyyətinə o zaman gəncliyin nüfuzlu ədəbi orqanı olanUlduzjurnalında başlayıb. Onu Yusif Səmədoğlu işə qəbul edib. Şeirlərini oxuyub, bəyənib deyib ki, sən hazır şairsən. Burada şöbə müdiri vəzifəsində çalışıb. Sonradan jurnalın baş redaktoru olmuş Sabir Azəri onun qələminə, yazısına dəyər verib, onu qiymətləndirib. Taleh jurnalın sayılıb-seçilən, yüksək bədii zövqə malik əməkdaşı olub. Elə redaksiyaya gəlişinin ilk vaxtlarından yazılar haqqında fikirləri hər zaman müsbət qarşılanıb. Hələ gənclik illərində Respublika Lenin Komsomolu mükafatı laureatı adına layiq görülüb.

Hələ tələbə olarkən onun şeirləri çox oxunurdu, bəyənilirdi, sevilirdi. Həmin vaxtlar o, bəxtəvər günlərini yaşayırdı. İstedadlı, qabiliyyətli, bir səmimi, mehriban insan olduğundan dostları çox idi. Hamı xətrini əziz tuturdu. Taleh yaxşı dost, etibarlı adam idi. Ünsiyyətdə olduğu adamlar Talehin söhbətlərindən, şeirlərindən zövq alırdı. Onunla olanda heç kim darıxmazdı, əksinə, mənən zənginləşər, kamilləşərdilər.

Talehin yaxşı yol yoldaşlığı da vardı, dostları onunla yol getməyi çox xoşlayardı. Sabir Azəri rayona gedəndə Talehsiz getməzdi. O deyərdi, Taleh əvəzsiz həmsöhbətdi, adamı darıxmağa qoymur. Onunla yaxın olanların münasibəti tezliklə dostluğa çevrilirdi. Bizim tanışlığımızın ilkin vaxtlarından elə dostluğumuzun təməli qoyuldu. Qəlbən, ruhən yaxın idik, yaradıcı söhbətlərimiz - istər klassik ədəbiyyatımızla bağlı, istərsə çağdaş ədəbi mühitin durumu ilə əlaqədar daim müzakirələrimiz olurdu. Yazılarımızı bir-birimizə oxuyurduq. Bir vaxt onunla Alma-Ataya getdik, kitab günlərində iştirak etdik. Orada olanda vaxtilə o yerlərə sürgün olunmuş azərbaycanlıları tapdıq, görüşdük, dərdləşdik. Taleh təbiətən çox kövrək, ürəyiyumşaq adamıydı. Onlarla söhbətdən sonra mənim şair qardaşım oturub ağladı. Deyirdi, qardaş, gör bu günahsız insanların başı necə qovğalar çəkib, nələr, əziyyətlər yaşayıblar. Bütün bu hadisələrdən xəbərdar olanda, onları eşidəndə öz dərdimi unutdum. Vətən, doğma torpaq, yurd həsrətinin göynərtisi hələ gözlərindən çəkilməyib...

Taleh Həmid təcrübəli mətbuat işçisi kimi yetişib formalaşmışdı. Ötən əsrin sonlarında milli oyanış dövrünün meydana gətirdiyi mətbuat orqanlarından biri onun 1989-cu ildə yaratdığı, təsisçisi baş redaktoru olduğuYeni Fikirqəzeti idi. Bu qəzet az bir vaxtda ətrafına yeni düşüncəli, azad fikirli əliqələmliləri topladı. Qəzet ziyalıların tribunası idi. Taleh qədər səmimi, humanist olsa da, eyni zamanda prinsipial, vətən xalq təəssübünü çəkən, sözün dəyərini bilən bir ziyalı vətəndaş idi. Haqsızlığa qarşı barışmaz idi. O, qəzetdə xalqın milli hisslərini oyadan, haqqı, ədaləti təcəssüm etdirən yazılara yer verirdi. Onun jurnalistlik fəaliyyəti bu qəzetlə parladı, publisist kimi yetişdi, yazıları rəğbətlə qarşılandı. Taleh qəzetin bütün yazılarını zərrəbin dəqiqliyi ilə oxuyur, hər birinə diqqət yetirirdi. Elə bu səbəbdən o zaman bu qəzet çox sevilir, çox oxunurdu. O, 1992-ci ildəMüstəqilqəzetini yaratdı, təsisçisi baş redaktoru oldu. 13 il bu qəzeti yüksək zövqlə, milli mətbuatımızın dəyərli nümunəsi olan bir qəzet səviyyəsində yaşatdı. Bu qəzetin özünün ziyalı auditoriyası yarandı. Taleh 2005-2015-ci illərdə isə Regionların İnkişafının İctimai Birliyində sədr müavini işlədi.

Yaradıcılığını iki istiqamətdə (şair, publisist) inkişaf etdirən Taleh Həmid Azərbaycan ədəbiyyatınaQapımı bahar döyür”, “Dünya yaxşıdır hələ...”, “Məni gözləyən olsa”, “Təltifsiz bulud”, “Bu gündən sabaha”, “Mənə ürəyində yaz yeri saxla”, “Günəşdən gizlənir yay çiçəkləri”, “Ömrün payız sovqatı”, “Qarlı axşamların işığı”, “Sənə məktublar yazıramkimi bitkin, dərin mündəricəli, lirik-fəlsəfi məzmunlu əsərlərinin yer aldığı kitablar bəxş etmişdir. 2015-ci ildə şair-publisist Taleh HəmidinYəhya bəy Dilqəmadlı ikihissəli lirik-psixoloji dramı Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulmuşdur. O, Yazıçılar Birliyinin üzvü idi.

Bir dəfə Taleh bizə gəldi, yorğun üzgün idi, xəstəxanadan çıxmışdı. Xəstə olduğumdan mənə baş çəmək, dərdləşmək, söhbətləşmək istəmişdi. Özü ağrıların içində olsa da, mənim halıma yanır, səhhətimdən yaman nigarançılıq keçirirdi. Dedi, səni görməsəm, dayana bilmirəm, indi gördüm-rahat oldum. Bundan sonra çıxıb getdi. Arxayın vaxtı gələcəyini dedi, təəssüf ki, bir gəlmədi, qapımızı döymədi... Talehin gənclik çağlarında yazdığı belə bir şeiri vardı:

Taleyin gül açan anındayam mən,

Demək, doğmaların yanındayam mən,

Elə bil anamın yanındayam mən,

Qapını bahar döyür,

Qapını bahar döyür.

Taleh, doğurdan da, yanımızdadı... Deyiləsi, yazılası çox sözüm var, deyərdi. Ömür imkan verəydi kaş... daha bir ömür yaşasaydı, sözü bitib-tükənməzdi. Onun çox geniş qəlbi, həssas ürəyi vardı, insanlara qarşı olduqca diqqətli idi. Dostlarının sevinci, fərəhi kimi, dərdini, kədərini özününkü bilirdi.

Ömür yarı yasda, ötüşür vədə

Bu gündən sabaha gümanın nədi,

İllər baxmadılar sərhədə, sədə,

Mənə nəyi verib, nəyi istədi.

Ömrü yarı getdi Taleh, çox yazacaqdı, çox qəlbləri oxuyacaqdı, çox yeni fikirlərini mətbuatda işıqlandıracaqdı.

Onun həkiminə müraciətlə yazdığı bir şeiri vardı:

Deyirsən bir azca soyuq olum mən,

Çox şeyə çox yerdə fikir verməyim.

Deyirsən, de necə soyuq olum mən,

Qoruyum özümü çox hisslərdən.

Qışın qış qayğısı, yazın yaz günü,

Mənim ürəyimin adıdı-adı.

Bu sevinc yükünü, bu qəm yükünü

Çəkirəm, qəlbimim dadıdı-dadı.

Taleh Həmidə çox şeirlər həsr etmişəm. 2010-cu ildəGünəşnəşriyyatında çap olunmuşBir ömürlük məhəbbətkitabımdaŞairə şikayətlərsilsilə şeirlər Taleh Həmidə ünvanlanıb.

Eh, sən hardan biləsən

Dostun çəkdiyini.

Təki canın sağ olsun,

Mənə zəng etməsən ,

Gəzib aramasan da...

Sən mənim taleyimsən,

Taledən qaçmaq olmaz...

Yayın ilk ayında dünyaya göz açan (19 iyun, 1952) şair dostum, qəmli payızın orta çağında (1 noyabr, 2016-cı il) əbədiyyətə qovuşdu. Doğma Şəmkirin Dəllər Cəyir kəndində ana torpağa tapşırıldı. Allah sənə rəhmət eləsin, əziz dost. Əsərlərin yaşadıqca, sən yaşayacaq, xatırlanacaqsan...

 

İsmayıl VƏLİYEV,

Filologiya elmləri doktoru,

professor.

 

Respublika.- 2017.-18 iyun.- S.5.