Hamının can atığı çətin peşə: dövlət qulluğu

 

İyunun 22-də Haaqada (Hollandiya) Birləşmiş Millətlər Təşkilatının dövlət qulluğu gününə həsr olunmuş beynəlxalq konfransı öz işinə başlayır. Ənənəvi olaraq, BMT bu tarixi ikigünlük xüsusi forumla qeyd edir, tədbirlərdə dövlət qulluğunun aktual problemlərinə dair elmi məruzələr dinlənilir, təcrübə mübadiləsi aparılır. Bundan əlavə, həmin günlərdə ötən ilin yekunlarına əsasən bütün dünyada dövlət qulluğunun inkişafına verdiyi töhfəyə görə üzv ölkələrin dövlət qurumlarına BMT İqtisadiSosial Şurası tərəfindən mükafatlar verilir. Bu, dövlət qulluğu sahəsində ən nüfuzlu mükafatın təqdim olunmasında başlıca məqsəd dünya miqyasında dövlət qulluğu sahəsində əldə edilmiş ən yaxşı təcrübələrə diqqət cəlb etmək və üzv dövlətlərdə onun yayılmasına təkan verməkdır. Fərəhli haldır ki, Azərbaycanın dövlət qulluğu iki dəfə bu yüksək mükafata layiq görülmüşdür. Ölkəmizin dövlət qulluğu ilk mükafatını 2007-ci ildə almışdı. O zaman Azərbaycan Respublikasının Dövlət Neft Fondu dövlət qulluğunda şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması üzrə mükafatla təltif olunmuşdu. Xüsusi məmnunluq hissi doğuran budur ki, Dövlət Neft Fondu Şərqi Avropa və MDB ölkələrinin dövlət qurumları arasında BMT-nin Dövlət Qulluğu Mükafatına layiq görülən ilk dövlət qurumudur. İkinci dəfə isə həmin mükafatla ölkəmizin digər bir dövlət orqanı - Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi təltif edilmişdir.

Bu gündən başlanan gələcək: 2030-cu ilədək gündəlik üçün ictimai xidmətlər sahəsində innovasiyaların sürətləndirilməsi” mövzusuna həsr edilmiş bu ilki konfrans davamlı inkişaf məqsədlərinə çatmaq üçün ictimai xidmətlər göstərilməsi sahəsində yeni strategiyalar barədə geniş fikir mübadiləsi platforması olacaqbir növ beynəlxalq innovasiyalar sərgisi funksiyasını yerinə yetirəcəkdir. Lakin mükafatların veriləcəyi nominasiyaların 2030-cu ilədək olan müddət ərzində davamlı inkişaf sahəsində gündəliyin məqsədlərinə uyğunlaşdırılması üzərində hazırlıq işləri getdiyinə görə bu dəfə mükafatlar verilməsi gözlənilmir.

BMT-nin bu günü belə geniş miqyasda və təntənəli şəkildə qeyd etməsi ilk növbədə dövlət qulluqçularının cəmiyyət qarşısında göstərdikləri xidmətin dünya birliyi üçün çox dəyərli olduğunu vurğulamaq, onların ümumi inkişafa, sülhə, demokratiyaya böyük töhfə verdiklərinə diqqəti cəlb etmək məqsədi daşıyır. BMT hesab edir ki, dövlət qulluğunda çalışanların əməyi dünya birliyi üçün, habelə üzv dövlətlərin sosial-iqtisadi inkişafı üçün olduqca əhəmiyyətlidir. Milyonlarla dövlət qulluqçusu peşə vəzifələrini icra etməklə, əslində problemlərlə, münaqişələrlə dolu olan dünya ölkələrində cəmiyyətin sabitliyini, tərəqqisini, insanların haqqını, rifahını təmin etmək üçün ən çətin, ən məsuliyyətli bir işin ağır yükünü öz çiyinlərində daşıyır. Bu hələ dövlət qulluqçularının milli dəstələrinin taleyidir. Amma beynəlxalq və regional təşkilatlarda müəyyən kateqoriyadan olan çoxlu şəxslər çalışır ki, onlar da dövlət qulluqçuları, daha doğrusu, beynəlxalq dövlət qulluqçuları hesab olunurlar. Təkcə Birləşmiş Millətlər Təşkilatı sistemində dünyanın müxtəlif bölgələrində 150-dən çox xidmət yerində 100.000 nəfərdən çox yüksək vəzifəli əməkdaş var ki, onlar çətin şəraitdə, bir çox hallarda böhranlı, münaqişəli, bəzən hətta fövqəladə vəziyyətlərdə təhlükə ilə üz-üzə dayanaraq öz vəzifə borclarını yerinə yetirirlər. İctimai rəydə isə onlara münasibət heç də həmişə adekvat olmur.

Hələ sovet dönəmində neftçilər günü, şaxtaçı, inşaatçı, dəmir yolçu, müəllim və digər günləri qeyd etmiş, onların əməyinə layiq olduqları dəyəri vermiş, həmin peşələrin sahiblərinə hörmətlə yanaşmağa vərdiş etmişik. Dövlət idarəçiliyinin ən müxtəlif sahələri və səviyyələrində çalışanlara münasibətdə isə neqativ yüklə yüklənmiş “bürokrat”, “partokrat” və başqa “epitetlər” işlətmək adi hal olmuşdur. Doğrudur, bunu onlar qismən də olsa, öz əməlləri ilə - zorakı kollektivləşmə, amansız repressiyalar, şəxsiyyətə pərəstiş, azad sözün, azad fikrin təqib edilməsi siyasətinin həyata keçirilməsində iştirak etməklə qazanmışdılar. Amma xatırlayaq ki, repressiya qurbanlarının böyük bir hissəsi məhz elə məmur kütləsindən olub. Çox vaxt onlar səhvlərinə, cinayətlərinə görə yox, sadəcə, “xalq düşmənləri”nin, “əksinqilabi qüvvələrin” məhvinə dair mərkəzdə hazırlanıb təsdiq olunanicra üçün yerlərə göndərilən plana əsasən güllələnir və ya sürgünə göndərilirdilər. Bu proses Azərbaycandan da yan keçməmişdir. Ədəbiyyatda olan məlumatlara görə həmin repressiyalar zamanı 20 xalq komissarı və ya komissar müavini, 52 rayon partiya komitəsi katibi, 34 rayon icraiyyə komitəsinin sədri, eləcə də bir çox başqa partiya, sovet işçisi güllələnmiş və ya sürgün edilmişdi.

BMT Baş Assambleyasının 20 dekabr 2005-ci il tarixində qəbul etdiyi “Dövlət idarəçiliyi və inkişaf” adlı qətnaməsi ilə iyun ayının 23-nü BMT-nin Dövlət qulluğu günü elan etməsi və üzv dövlətlərə həmin gün dövlət qulluğunun ümumi inkişafa verdiyi töhfəni əks etdirən xüsusi tədbirlər keçirmək barədə tövsiyəsi əslində dövlət qulluqçularının mənəvi haqqının onlara qaytarılması deməkdir.

Azərbaycan Respublikası BMT-nin tövsiyəsinə uyğun müvafiq tədbirlər görən ilk üzv dövlətlərdən olub. Ölkədə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda dövlət qulluğunun mühüm rol oynadığını nəzərə alaraq, dövlət qulluğunda yaxşı xidməti mənəvi cəhətdən stimullaşdırmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Dövlət qulluqçularının peşə bayramı gününün təsis edilməsi haqqında” 25 may 2006-cı il tarixli sərəncamını imzaladı və həmin il ilk dəfə ölkəmizdə dövlət qulluqçularının peşə bayramı dövlət səviyyəsində qeyd edildi. Bayram ərəfəsində Prezident İlham Əliyev dövlət qulluqçularına bu münasibətlə təbrik də ünvanlamışdı. O zamandan etibarən ölkəmizdə hər il 23 iyun dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunur. Bu il də Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin xüsusi sərəncamı ilə dövlət qulluqçularının peşə bayramı gününün qeyd olunması ilə əlaqədar tədbirlər planı təsdiq edilmişdir və həmin plana əsasən əlaqədar dövlət orqanları və ali təhsil müəssisələri müvfiq tədbirlər həyata keçirirlər.

Dövlət qulluğu gününün belə geniş miqyasda qeyd olunmasının bir ənənəyə çevrilməsi əslində istər beynəlxalq, istərsə də milli miqyaslarda dövlət qulluğu təsisatlarının hüquqi, institusional, peşəkarlıq və mənəvi-əxlaqi potensialının üzə çıxarılması, müqayisəsi və rəqabət qabiliyyətinin artırılmasını təmin etmək üçünçox səmərəli platformadır. O, hamının öz təcrübəsinə “kənardan” baxmasına və daha obyektiv qiymət verə bilməsinə kömək edir.

Bu gün biz ölkəmizdə müstəqillik illərində dövlət qulluğu institutunun keçdiyi yola nəzər salarkən məmnuniyyət hissi ilə qeyd edə bilərik ki, bu müddət ərzində çox dövlətin əsrlər ərzində keçdiyi yolu cəmi iki onilliyə keçə bilmişik. Doğrudur, burada beynəlxalq təcrübə və onun sahiblərinin həmin təcrübəni bölüşməsi amili də müəyyən rol oynayıb. Müxtəlif beynəlxalq təşkilatların dəstəyi ilə həyata keçirilən layihələr buna yaxşı nümunədir. Lakin bu amil yalnız yardımçı olub. Əldə edilən nəticələr ölkəmizdə ümummilli lider Heydər Əliyevin dövlət idarəçiliyi sahəsində genişmiqyaslı islahatlar proqramının həyata keçirilməsi sayəsində mümkün olmuşdur. Məhz onun uzaqgörən siyasəti sayəsində cəbhədə atəşkəsə, ölkə daxilində isə siyasi sabitliyə nail olduq. Bütün bunların sayəsində isə “Əsrin kontraktı”nın imzalanması genişmiqyaslı və çoxcəhətli siyasi, hüquqi, inzibati islahatlarla başlamaq imkanı yaratdı. 1995-ci ildə Heydər Əliyevin sədrliyi ilə hazırlanan Konstitusiya layihəsi həmin ilin noyabr ayının 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edildi və noyabrın 27-də qüvvəyə mindi. Bununla da müasir dövlət idarəçiliyi və dövlət qulluğu sisteminin yaradılmasının hüquqi özülü qoyuldu. Ölkə Prezidentinin “Dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında” fərmanı (1998) ilə dövlət idarəetməsi sahəsində islahatlara güclü təkan verildi və beləliklə, hərtərəfli düşünülmüş, elmi cəhətdən əsaslandırılmış, Avropa ölkələrinin dövlət idarəetmə sisteminin üstünlüklərini, milli dövlətçilik ənənələrini özündə cəmləşdirən dövlət idarəçiliyi sistemi qurulmasına başlandı.

Həyata keçirilən köklü dəyişikliklər prosesində Azərbaycanın təbii ki, müasir dövlət qulluğu institutunun formalaşması mühüm yer tuturdu. Çünki bu sistem bütövlükdə nəhəng idarəçilik maşınını hərəkətə gətirən güclü bir mühərrikdir. Bunsuz nə idarəçilik, nə də dövlət mümkündür. “Dövlət qulluğu haqqında” 21 iyul 2000-ci il tarixli Azərbaycan Respublikası Qanunu bu sistemin normativ-hüquqi bazasının yaradılmasının, beləliklə də respublikada dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsasını qoydu. Bunun ardınca qəbul olunmuş çoxsaylı normativ hüquqi sənədlər dövlət qulluğuna müsabiqə yolu ilə qəbul, qulluqkeçmə, qulluqda irəli çəkilmə, fəaliyyətin maddi və mənəvi stimullaşdırılması, dövlət qulluqçularının etik davranış qaydalarına əməl edilməsinə nəzarət, dövlət qulluğuna rəhbərlik mexanizminin yaradılması və digər bu kimi məsələlərin həllini təmin etdi.

2003-cü ildə cənab İlham Əliyev dövlət başçısı seçildikdən sonra da dövlət qulluğunun idarə olunmasının təkmilləşdirilməsi istiqamətində işlər uğurla davam etdirildi. Bu məqsədlə Prezident İlham Əliyevin 2005-ci il 19 yanvar tarixli fərmanı əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradıldı, dövlət qulluğuna müsabiqə yolu ilə qəbul, dövlət qulluğunda irəli çəkilmə, qulluğa xitam verilməsi kimi qulluqkeçmə texnologiyaları, dövlət qulluğunda etik davranış qaydalarına əməl edilməsi, ona nəzarət mexanizmi və digər məsələlərin həlli hüquqi zəmin üzərinə qaldırıldı. Prezidentin imzaladığı çoxsaylı fərman və sərəncamlarda dövlət qulluqçularının əməyinin maddi və mənəvi cəhətdən stimullaşdırılması sahəsində mühüm tədbirlər həyata keçirilir. Dövlət qulluqçularının əməyini layiqincə qiymətləndirmək məqsədilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təsis edilmişdir və hər il dövlət qulluqçularının peşə bayramı münasibətilə onlarla dövlət qulluqçusu bu medalla təltif olunur. Həmçinin dövlət qulluğunda fərqləndiklərinə görə onlar respublikanın digər orden və medalları ilə, “Əməkdar dövlət qulluqçusu” fəxri adı ilə mükafatlandırılırlar.

Dövlət qulluğuna rəhbərlik, qulluğun fəaliyyətinin koordinasiya məsələləri də daim təkmilləşdirilir. Son zamanlar bu istiqamətdə atılan yeni addımlar sırasında Birinci vitse-prezident institutunun təsis edilməsi və bu yüksək vəzifəyə Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təyin olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidenti yanında “ASAN xidmət” sisteminin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın bazasında Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs təsisatının yaradılması institusional dəyişikliklərin və beləliklə də dövlət qulluğu sisteminin idarə olunmasının yeni keyfiyyət mərhələsinə yüksəlməsindən, zamanın çağırışlarına cavab olaraq bu islahatların davam etdiriləcəyindən xəbər verir.

XX əsrin fikir nəhənglərindən biri - Erix Frommun belə bir müddəası geniş yayılmışdır ki, gələcəyin inkişaf resursları insanın ixtiyarında nələrin olmasından daha çox, onun özünün kim olmasından, ixtiyarında olanlarla onun nələri edə biləcəyindən asılıdır. Təsadüfi deyil ki, dövlətin inzibati islahatlar proqramında idarəçiliyin kadr təminatı məsələləri də əhəmiyyətli yer tuturdu.

Bu gün idarəetmə, xüsusilə də dövlət idarəçiliyi sahəsinin müasir, sistemli, dərin elmi biliklərə, dinamik inkişaf edən iqtisadiyyatımızın, formalaşmaqda olan informasiya cəmiyyətinin tələblərinə uyğun kreativ düşüncəyə malik, rəqabət qabiliyyətli kadrlarla təmin olunması həyati zərurətdir və dövlət idarəçiliyi sahəsində kadr hazırlığı və əlavə təhsili üçün ölkədə çox geniş şəbəkə fəaliyyət göstərir. Bir sıra dövlət ali təhsil müəssisələri, o cümlədən xüsusi təyinatlı ali məktəblər dövlət idarəçiliyinin ən müxtəlif sahələrində çalışmaq üçün dövlət təhsil standartlarına uyğun kadr hazırlığını həyata keçirirlər. Onların çoxsaylı məzunları, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramının icrası nəticəsində dünyanın qabaqcıl ali məktəblərində təhsil alıb vətənə qayıtmış yüzlərlə gənc dövlət idarəçiliyinin ən müxtəlif sahələri və səviyyələrində uğurla çalışırlar ki, bütün bunların nəticəsində də son zamanlar dövlət qulluğunun kadr təminatı ciddi surətdə yaxşılaşmışdır.

Heç şübhəsiz, yaradılmış bütün bu strukturlar, o cümlədən ayrı-ayrı dövlət qurumlarının təşkil etdikləri təlim mərkəzləri kadrların bilik və bacarıqlarının artırılmasında əhəmiyyətli rol oynayırlar və Dövlət qulluğu günündə onların da bu sahədəki xidmətlərini hörmətlə yad etmək ədalətli olar. Bununla belə, etiraf olunmalıdır ki, bu sahədə dövlət idarəçiliyi islahatlarının üzvi tərkib hissəsi kimi, ümummilli lider Heydər Əliyevin 3 yanvar 1999-cu il tarixli fərmanı ilə dövlət idarəçiliyi və icra hakimiyyəti orqanları üçün mütəxəssis hazırlanması və əlavə təhsili sahəsində aparıcı tədris, metodiki, elmanalitik informasiya mərkəzi kimi təsis olunan Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının da xüsusi rolu var. Bu zəngin varislik ənənəsinə, güclü professor-müəllim heyətinə, geniş beynəlxalq əlaqələr şəbəkəsinə malik, ölkə Prezidenti yanında yeganə ali təhsil müəssisəsi uzun illərdir ki, öz nizamnamə vəzifələrini uğurla yerinə yetirir. Akademiya yarandığı vaxtdan bugünədək hər tədris ilində 75 nəfər dövlət qulluğuna yeni qəbul olunmuş şəxsi xüsusi proqramla əyani və qiyabi formalarda əlavə təhsilə cəlb edir. Son illər isə onlar eyni sayı saxlamaqla dövlət və bələdiyyə idarəetməsi istiqamətinin müxtəlif ixtisaslaşmaları üzrə magistr proqramına qəbul edilirlər. Bundan əlavə, hər tədris ilində təxminən 25-30 istiqamət üzrə 2000 nəfərə yaxın dövlət qulluqçusu, bələdiyyə işçisi müxtəlif müddətli kurslarda, təlimlərdə, seminarlarda, o cümlədən sonuncuların səyyar formalarında öz bilik və bacarıqlarını artırırlar. Buraya Heydər Əliyev Mərkəzi, ayrı-ayrı dövlət qurumları ilə birlikdə, akademiyanın sistemində fəaliyyət göstərən “Qarabağ” Araşdırmalar Mərkəzinin xətti ilə hazırlanıb keçirilən təlimləri də əlavə etsək, dövlət qulluqçularının geniş bir dairəsinin əhatə edildiyini aşkar görmək olar. Yaradılmış yeni texniki imkanlardan istifadə etməklə növbəti illərdə kurs, seminar və təlimlər distant formada da həyata keçirilə biləcək və nəticədə daha çox dövlət qulluqçusu öz yerindən ayrılmadan təlimlərə cəlb olunacaq.

Dinləyicilər qarşısında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, nazirlər, dövlət komitələrinin sədrləri, qanunvericiicra hakimiyyəti orqanlarının rəhbər işçiləri, DİA-nın və ölkənin digər ali məktəblərinin alimləri, Azərbaycanda akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələri çıxış edirlər.

Dövlət qulluğunda çalışanların təhsilindən başqa, akademiyada indiyədək onun öz profilinə uyğun istiqamətlərdə 4000 nəfərə yaxın bakalavr, 1000 nəfərdən çox magistr hazırlanmışdır. Doktoranturadissertantura vasitəsilə yüksək ixtisaslı kadr hazırlığı yolu ilə də akademiya dövlət idarəçiliyi sisteminə öz töhfəsini verməkdədir.

Akademiyanın inkişafında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı bəzi məsələlər haqqında” 11 dekabr 2014-cü il tarixli fərmanının xüsusi rolu olmuşdur. Fərman dövlət qulluqçularının hazırlanması, əlavə təhsilinin təşkili ilə bağlı ortaya çıxan müxtəlif suallara birdəfəlik cavab verərək bu sahədə vahid kadr hazırlığı siyasətinin həyata keçiriləcəyinə qərar verdi və müəyyən etdi ki, dövlət qulluqçuları üçün ixtisasartırma və yenidən hazırlanma növləri üzrə əlavə təhsil Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təşkil olunsun. Fərmanda həmçinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına həvalə edilirdi ki, o, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birlikdə ixtisasartırma və yenidənhazırlanma növləri üzrə əlavə təhsilin həyata keçirilməsini təmin etmək üçün lazımi tədbirlər görsün. Fərmanın elan edilməsindən ötən müddət ərzində keçirilən təlimlərdə iştirak edən dinləyicilərin sayı əvvəlki dövrlərə nisbətən daha çox olmuşdur. Bu yaxınlarda Akademiyada həyata keçirilməsi başa çatmış BMT İnkişaf Proqramının Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikasında dövlət qulluğu üzrə təlimlərə dəstək” layihəsi çərçivəsində dövlət qulluğu üzrə təlim mərkəzinin yaradılması, dövlət idarəçiliyinin, o cümlədən dövlət qulluğunun çoxsaylı problemlərinə dair mütəxəssislərin hazırladıqları mühazirə mətnləri, təqdimatlar, keyslər, videoçarxlar və digər təlim materialları da bu istiqamətdə fəaliyyətin səmərililiyinə imkan verəcəkdir.

Akademiyanın kollektivi Azərbaycanda, eləcə də bütün dünyada təntənə ilə qeyd edilən Dövlət qulluqçularının peşə bayramı gününü həm də özünün bayramı hesab edir, hər il bu günü xüsusi elmi-praktik konfransla və digər tədbirlərlə qarşılayırbu tədbirləri özünün inkişafı üçün mühüm stimul hesab edir. Bu gözəl fürsətdən istifadə edərək kollektivimizin təbriklərini və xoş arzularını ölkəmizin bütün dövlət qulluqçularına ünvanlayıram. Bayramınız mübarək, əziz dövlət qulluqçuları!

 

Əlikram ABDULLAYEV,

Azərbaycan Respublikası Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyasının birinci prorektoru,

fəlsəfə elmləri doktoru, professor

 

Respublika.- 2017.- 24 iyun.- S.7.