İki əsrin qovuşağında

Cənubi Azərbaycan ədəbiyyatının tədqiqi son 40 ildə

 

(əvvəli 27 may tarixli sayımızda)

İnstitutun rəhbərliyi “Cənubi Azərbaycan ədəbiyyatı” şöbəsinin bağlanmasını Mirzə İbrahimovdan gizlin saxlayırdı. Bir neçə aydan sonra bu ağlasığmaz hadisədən xəbər tutan Mirzə İbrahimov ağır sarsıntı keçirdi. Şöbənin bərpa olunmasına onun ciddi-cəhdi nəticəsiz qaldı. 1993-cü ilin dekabrında Mirzə İbrahimov dünyasını dəyişdi. Onun tələbələri Nazim Rizvan, Xuraman Quliyeva və Teymur Əhmədov Mirzə İbrahimovun xatirəsini əziz tutaraq şöbənin bərpası uğrunda inadla mübarizə apardılar. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin vəziyyətindən xəbər tutan kimi şöbənin bərpa olunmasına göstəriş verdi”.

1996-cı ildə AMEA Rəyasət Heyətinin qərarı və İnstitutun 28 iyun 1996-cı il tarixli 49 saylı əmri ilə (əmri institutun direktoru, professor Yaşar Vahid oğlu Qarayev imzalamışdır) “Cənubi Azərbaycan ədəbiyyatı” şöbəsi yenidən yaradılmış və Teymur Əhmədov şöbənin müdiri, Rəhim Əliyev, Sabir Əmirov, Nazim Rizvanov böyük elmi işçi və Xuraman Quliyeva, Mahmizər Mehdibəyova kiçik elmi işçi təyin edilmişlər.

Sonrakı illərdə İslam Qəribov böyük elmi işçi, Pərvanə Məmmədova , Esmira Şükürova kiçik elmi işçi, Elmira Bağırova, Solmaz Daşdəmirova, Dilşad Cabbarova, Zəminə Zeynalova, Kifayət Məmmədova, Xalidə İsmayılova elmi işçi, Dilbər Rzayeva kiçik elmi işçi, Vüqar Əhməd böyük elmi işçi, Lətifə Mirzəyeva elmi işçi, Sədaqət Məmmədova böyük elmi işçi, Bahar Məmmədova (Bərdəli), Fikrət Süleymanoğlu elmi işçi vəzifəsində şöbədə işləmişlər. Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi 1996-cı ildə bərpa olunduqdan sonra da elmi tədqiqat işləri əsasən Mirzə İbrahimovun layihələri və tövsiyələri istiqamətində yenidən davam etdirilmişdir. Belə ki, yeni monoqrafiyalar iki cildlik Cənubi Azərbaycan ədəbiyyatı tarixi, bir sıra şair və yazıçıların transliterasiya və tərtib edilmiş seçilmiş əsərləri, məqalələr məcmuələri, dövri mətbuatda dərc edilmiş yüzlərlə elmi-tədqiqat xarakterli əsərləri ərsəyə gəlmişdir. Şöbə əməkdaşlarının Azərbaycanın hüdudlarından kənarda əsərlərinin çap edilməsi artıq adət halını almışdır. İranda, Türkiyədə, Almaniyada, Rusiyada, Qazaxıstanda, Ukraynada, Hindistanda şöbə əməkdaşlarının kitabları və məqalələri işıq üzü görmüşdür.  “Mir Cəfər Pişəvəri” (V.Əhməd, 1998), “Məhəmmədhüseyn Şəhriyar” (E.Şükürova, 1998, 1999, 2010), “Bulud Qaraçorlu Səhənd” (S.Nəbioğlu, F.Süleymanoğlu, 2006, 2016), “Mirzə İbrahimov” (T.Əhmədov, 2001, 2015), “Balaş Azəroğlu” (B.Məmmədova (Bərdəli) 2007), “Səməd Behrəngi” (S.Nəbioğlu, 2009), “Şeyx Məhəmməd Xiyabani” (V.Əhməd, 2010), “Kərim Məşrutəçi Sönməz” (L.Mirzəyeva, 2016) adlı, “”Varlıq” jurnalında ədəbiyyat məsələləri” (P.Məmmədli, 2000), “Cənubi Azərbaycan milli-demokratik ədəbiyyatı (1941-1990-cı illər)” (S.Əmirov (Nəbioğlu), 2000), “Zeynalabdin Marağali. “İbrahim bəyin səyahətnaməsi” romanı (M.Mehdibəyova, 2001), “Cənubi Azərbaycan ədəbiyyatının yeni inkişaf mərhələsi (1850-1920)” (M.Rizvan, 2005), “Cənubi Azərbaycan mühacirət nəsri (1947-1990-cı illər)” (M.Mehdibəyova, 2007), “XX əsrin birinci yarısında Cənubda anadilli ədəbiyyatın inkişafı” (R.Əliyev, 2008), “Cənubi Azərbaycan mühacir poeziyası (1947-1990)” (B.Məmmədova (Bərdəli), 2012), “AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu” (T.Əhmədov, 2013), “XX əsr Güney Azərbaycan epik şeiri” (E.Fuad (Şükürova), 2016) sərlövhəli monoqrafiyalar qələmə alınmışdır.

Sabir Əmirov “Cənubi Azərbaycan milli-demokratik ədəbiyyatı (1941-1990-cı illər)” ünvanlı monoqrafiyasında çox doğru yol seçərək 50 ildən bəri Güney ədəbiyyatı ilə əlaqədar yazıb-yaratdıqlarının, axtarış və tədqiqatlarının, tapıntılarının nəticəsini bu əsərində elmi və nəzəri baxımdan ümumiləşdirməyə nail olmuşdur).

Ədəbiyyatşünas alim Ş.Salmanov T.Əhmədovun “Böyük ictimai xadim və yazıçı Mirzə İbrahimov” (2001) əsəri haqqında məqaləsində yazır:

“Mirzə İbrahimov yaradıcılığının hansı sahəsindən baxılsa, yazıçı və ictimai xadim, sənətkar və mütəfəkkir, ədib və şəxsiyyət olaraq qalır. Bu isə bizcə, yazıçı şəxsiyyətinin çox qiymətli bir məziyyətidir. Nəhayət, kitabdan belə bir təəssüratla ayrıldığımızı demək istəyir və buna görə də onun müəllifinə minnətdarlığımızı bildirməyi özümüzə borc bilirik”.

1996-cı ildən bu günə kimi şöbə əməkdaşları tərəfindən Məhəmmədhüseyn Şəhriyarın (N.Rizvan, X.Quliyeva, İ.Qəribov (Qəribli), T.Əhmədov, V.Əhməd, E.Bağırova, Z.Zeynalova, (2000, 2005, 2011, 2016); Həmid Nitqinin (S.Nəbioğlu, 2005), Seyid Əbülqasim Nəbati və Heyran xanımın (İ.Qəribov, 2005), Əlirza Nabdil Oxtayın (İ.Qəribli, 2009), Məhəmməd Biriyanın (İ.Qəribli, 2010), Kərim Məşrutəçi Sönməzin “Şeh muncuğu” (M.Mehdibəyova, 2003), Ərdəbili Şeyx Səfiyəddinin “Qara məcmuə” (İ.Qəribov, 2004), Saidi Qulamhüseynin “Sonsuz səfər” (P.Məmmədli, 2015), Bulud Qaraçorlu Səhəndin “Dədəmin kitabı” (F.Süleymanoğlu, 2015) fars dilindən Azərbaycan dilinə tərcümə, ərəb əlifbasından Azərbaycan əlifbasına transliterasiya, tərtib edilərək, şərh, lüğət və ön sözlə nəşr edilmişdir.

“Filologiya elmləri doktoru, professor Teymur Əhmədovun tərtib etdiyi bu (“Seyid Məhəmmədhüseyn Şəhriyar” kitabı -L.M.) unikal nəşr, bənzərsiz abidə, and yerimiz olan kitaba ən böyük sevgi, sayğı, hörmət əlamətidir”.

XIX-XX əsrləri əhatə edən iki cildlik “Cənubi Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildi 2009, ikinci cildi (XX əsr) isə 2013-cü ildə nəşr edilmişdir. Kitabın redaksiya heyəti M.İbrahimov, T.Əhmədov, R.Əliyevdən ibarətdir.

“Bütövlükdə Cənubi Azərbaycan ədəbiyyatı tarixi kitablarının nəşri ölkənin ədəbi-ictimai həyatında unikal hadisədir. Bu hadisənin elmi və siyasi əhəmiyyəti böyükdür; ilk dəfə olaraq dünya görür ki, Cənubi Azərbaycan xalqının - İran türklərinin də yaratdığı söz sənətinin yaşı 200 ilə çatan zəngin bir tarixi var və bu tarix dünyanın müxtəlif yerlərində və müxtəlif dillərdə yaranan ümumazərbaycan ədəbiyyatının ayrılmaz hissəsidir”.

Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin fəaliyyətinin ikinci mərhələsində “Antoloqiə pogzii Öjnoqo Azerbaydjana” (E.Axundova, X.Quliyeva, 2005), “Antoloqiə prozı Öjnoqo Azerbaydjana” (E.Axundova, X.Quliyeva, 2008), “Cənubi Azərbaycan ədəbiyyatı: Poeziya (XIX-XX əsrlər T.Əhmədov, 2007),” Cənubi Azərbaycan şair və yazıçılarının da həyat və yaradıcılığını, əsərlərini əhatə edən üç cildlik “XIX əsr Azərbaycan ədəbiyyatı” - birinci cild (poeziya) -(T.Əhmədov, S.Əhmədova, 2009), ikinci cild (nəsr) (T.Əhmədov, S.Əhmədova, 2013), üçüncü cild (dramaturgiya) (T.Əhmədov, S.Əhmədova, 2014), Güney Azərbaycan ədəbiyyatı antologiyası (Çağdaş dövr) (P.Məmmədli, 2015), “Türkün ilk beşiyi sevgi ocağı Urmu” (poeziya) (E.Fuad (Şükürova), 2016) olmaqla 7 antologiya ərsəyə gətirilmişdir.

“Fəxr duyulmalı haldır ki, cənublu şairlərin oxucu dairəsi genişlənməkdədir. Bu kitab (Antoloqiə pogzii Öjnoqo Azerbaydjana-L.M.) ona görə diqqət çəkir ki, poeziyamızın gözəl nümunələri ədavət divarlarını aşaraq üzünü dünya ədəbiyyatına tutur. Təbii ki, rus dili bu şairlərin əsərlərinin digər dillərə də tərcüməsinə yol açacaq”.

1987, 1995, 2004, 2011-ci illərdə Cənubi Azərbaycan şair və yazıçılarının da yer aldığı “Azərbaycan yazçıları: ensiklopedik məlumat kitabı” hər dəfə də bir daha təkmilləşdirilməklə nəşr edilmişdir.

Şöbədə ilk dəfə olaraq Kərim Məşrutəçi Sönməzin (L.Mirzəyeva, 2015), Bulud Qaraçorlu Səhəndin (D.Rzayeva, 2016) biblioqrafik göstəriciləri tərtib edilib nəşr etdirilmişdir.

“Bu karvanın yolu Güneyədir” (S.Nəbioğlu, 2007), “Taleyin sözü” (R.Əliyev, 2008), “İntizar günlərinin nəğmələri” (S.Nəbioğlu, 2013), “Vüsalın qanadlarında” (S.Nəbioğlu, 2013), “Ədəbiyyat sərhəd tanımır” (İ.Qəribli, 2014), “Ədəbi şəxsiyyətlər, portretlər (P.Məmmədli, 2015) şəxsi, “Mirzə İbrahimov müasirlərinin xatirələrində” (Tərtib edəni: T.Əhmədov, 2008), “Cənubi Azərbaycan ədəbiyyatı: Tədqiqlər” (Tərtib edəni. İ.Qəribli, I kitab 2015, II kitab, III kitab 2016) ümumi məqalələr topluları tədqiqatçılar və oxucular tərəfindən yüksək qarşılanmışdır.

“Tanınmış ədəbiyyatşünas alim İslam Qəribli zəngin mənbələr, əzablı axtarışlar nəticəsində ərsəyə gətirdiyi “Ədəbiyyat sərhəd tanımır” kitabında XIX-XX yüzillik ərzində yaranan Cənubi Azərbaycan ədəbiyyatının dumanlı məqamlarına, açılmamış səhifələrinə aydınlıq gətirməklə, yeni tədqiqatlara yol açmışdır”.

Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində işlədikləri dövrdə M.İbrahimovun “Əsərləri” on cilddə (1978-1983), B.Azəroğlunun “Seçilmiş əsərləri” iki cilddə (1982-1983), T.Əhmədovun “Seçilmiş əsərləri” beş cilddə (2015) işıq üzü görmüşdür. “Professor Teymur Əhmədovun elmi, publisistik və ədəbi-bədii yaradıcılığı çoxşaxəli və rəngarəngdir. Onun zəngin elmi və publisistik araşdırmalarının bəhrəsi olan əsərləri son iki əsr Azərbaycan ədəbiyyatşünaslıq elminin, ədəbi-ictimai fikrinin inkişafı və zənginləşməsində mühüm rol oynayıb”.

Bu əsərlər haqqında söylənilən fikirlərdən bəzilərini yada salsaq yerinə düşər:

“Mirzə İbrahimovun başlıca əsərlərinin mövzusu Azərbaycan xalqının tarixi və onun müasir həyatı ilə, Vətənimizin daha xoşbəxt gələcəyi uğrunda aparılan böyük mübarizə ilə üzvi surətdə bağlıdır”.

Mirzə İbrahimovun 100 yaşının tamam olması ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı tarixi sərəncamda isə göstərilir: “XX əsr ədəbiyyatımızın tanınmış simalarından biri kimi meydana gətirdiyi əsərlərdə dövrün və zamanın dolğun mənzərəsi yaradılmışdır”.

Cənubi Azərbaycanın, demək olar ki, bütün qələm sahiblərinin həyat və yaradıcılığı, əsərləri şöbə əməkdaşlarının əsərlərində geniş işıqlandırılmışdır. Ölkəmizdə və eləcə də xarici ölkələrdə keçirilən elmi-praktik konfranslarda Cənubi Azərbaycan, onun qələm sahibləri ilə bağlı müxtəlif səpkili məruzələrlə çıxış etmək şöbə əməkdaşlarının əsas vəzifələrindən birinə çevrilmişdir. “Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi - 40 ildə” kitabında şöbə əməkdaşlarının yalnız Cənubi Azərbaycan ədəbiyyatı haqqında əsərləri yer almışdır. Onların bir sıra başqa mövzularda onlarca kitabları, yüzlərlə məqalələri çap olunmuşdur ki, bu da şöbə əməkdaşlarının bir vətəndaş alim kimi milli ədəbiyyatımızın inkişafına xidmət etdiklərinin bariz göstəricisidir.

Lətifə MİRZƏYEVA, ədəbiyyatşünas alim.

Respublika.- 2017.- 28 may.- S.8