“Kino  sənəti yaşamalıdır...”

O, operator olmaq arzusu ilə 21 yaşında “Azərbaycanfilm” kinostudiyasına gəlir. Milli kinomuzun görkəmli operatorları və rejissorlarının yanında böyük kino məktəbi keçir. İlk dəfə operator assistenti kimi “Şərikli çörək” filmində adını titrlərdə görəndə sevincdən göz yaşlarını gizlədə bilmir. Son dərəcə sakit, nizam-intizamlı olması, işə ciddi münasibəti görkəmli sənətkarların nəzərindən yayınmır.

Tezliklə quruluşçu operatorlar Arif Nərimanbəyov və Zaur Məhərrəmovdan yeni dəvətlər alır. Şamil Mahmudbəyov, Tofiq Tağızadə, Rasim Ocaqov kimi rejissorların filmlərində operator assistenti kimi çalışır. 1977-ci ildə isə quruluşçu operator Rafiq Qəmbərov “Vulkana doğru” bədii televiziya filminə onu ikinci operator kimi dəvət edir. Sevdiyi peşənin sirlərinə daha dərindən yiyələnmək üçün 1978-ci ildə Ümumittifaq Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsinə daxil olur.

Amin Novruzov ümumi nəzəri hazırlığı, peşə təcrübəsi ilə sənət müəllimi, dünya şöhrətli sənətkar Vladimir İvanoviç Yusovun diqqətini çəkir. 1983-cü ildə təhsilini başa vurandan sonra “Azərbaycanfilm” kinostudiyasında quruluşçu operator kimi çalışır. O, kameradan qəlbinin gözü ilə baxmağı bacarır... Çəkdiyi epizodlar qəlbinin işığı ilə nura boyanır. Bu işıq selində təkrarsız rənglər dünyası, ifadə çalarları yaradır. Amin Novruzovun ekran dili olduqca maraqlı və obrazlıdır. Mənalı planlar və rakurslar çəkilişlərində təsadüfi xarakter daşımır. O, standart formalardan qaçır, hər epizodun yeni, orijinal quruluş həlini axtarır.

Amin Novruzovun quruluşçu operator kimi lentə aldığı “Musiqili xaş”, “Cin mikrorayonda”, “Süd dişinin ağrısı”, “Özgə vaxt”, “Yalan” kimi filmlər sənətsevərlərə yaxşı tanışdır. 1997-ci ildə rejissor və operator kimi quruluş verdiyi “Ləqəbi “İkadır” filmi onun rejissor kimi də sənət fəaliyyətini səciyyələndirir.

“Mozalan” satirik kinojurnalında Amin Novruzovla bir sıra bədii və sənədli süjetlər çəkən Xalq artisti Vaqif Mustafayev 1984-cü ildə quruluş verdiyi “Musiqili xaş” qısametrajlı bədii filmində də uğurlu yaradıcılıq əlaqələrini davam etdirir. O zaman Moskvada ikiillik Ali rejissorluq və ssenaristlər kursunda təhsil alan Vaqif Mustafayevin bu kurs işi ilin sənət hadisələri sırasında özünəməxsus yer tutur. Komediya janrında çəkilən filmdə Hacı İsmayılov, Səməndər Rzayev, Yaşar Nuri, Larisa Xalafova kimi aktyorlar maraqlı ekran obrazları yaradırlar. Kursun rəhbəri SSRİ Xalq artisti Eldar Ryazanov “Musiqili xaş”da uğurlu rejissor və aktyor işi ilə bərabər peşəkar operator çəkilişlərini də xüsusi vurğulayır. Filmdə Amin Novruzov iri planlara üstünlük verir. Çəkilişlərin bədii estetikası, yüksək ekran mədəniyyəti quruluşçu operatorun cilalanmış fərdi üslubunu və peşəkarlığını aydın göstərir.

O, 1985-ci ildə Xalq artisti, kinorejissor Oqtay Mirqasımovun quruluş verdiyi”Cin mikrorayonda” filminin çəkilişlərinə başlayır. Milli kinomuzda mövzu və janr baxımından tamamilə yeni olan bu filmə Amin Novruzov sənətkar məsuliyyətilə yanaşır. Filmin hazırlıq mərhələsində yaxından iştirak edir.

1991-ci ildə isə Amin Novruzov Xalq artisti Ramiz Əzizbəylinin quruluş verdiyi “Bəxt üzüyü” filmini lentə alır. Afaq Bəşirqızı, Valeh Kərimov, Gülşad Baxşıyeva, Firəngiz Rəhimbəyli, Cahangir Novruzovun, Ayşad Məmmədovun obrazları tamaşaçı sevgisi qazanır. Quruluşçu operatorun kompozisiya və bədii təsvir xüsusiyyətləri onun yaradıcılıq üslubuna yeni inkişaf yönümündən işıq salır.

“Ləqəbi “İkadır” filminin rejissoru Teymur Bəkirzadə 1995-ci ildə qəflətən dünyasını dəyişir. Filmin quruluşçu operatoru olan Amin Novruzov özünü rejissor kimi sınayır. Rejissor debütü uğurlu olur. 1997-ci ildə Minskdə “Listopad” beynəlxalq kinofestivalında iştirak edən bu film MDB ölkələrinin İcraiyyə Komitəsinin Prizini qazanır. Beynəlxalq kinofestivalda Amin Novruzov rejissor və operator kimi yüksək professionallığına görə Diplomla təltif olunur. 2002-ci ilin avqust ayında isə “Ləqəbi “İkadır” filmi Bakıda keçirilən “Bizim naməlum kino” festivalının proqramına daxil edilir. Amin Novruzov uğurlu işinə görə mükafata layiq görülür.

Ötən çağların filmlərdən söz düşəndə Amin müəllim deyir ki, o vaxt “Azərbaycanfilm”in çox gözəl filmləri, rejissorları var idi. Tofiq Tağızadənin, Həsən Seyidbəylinin çəkdikləri filmlər, demək olar ki, dünya səviyyəli filmlər idi. Gənc yaşlarımızda o filmlərə baxaraq ilham alırdıq. Özümüzü həmin sənətkarlara oxşatmağa çalışırdıq. “Uzaq sahillərdə”, “Sən niyə susursan”, “Bir cənub şəhərində” kimi filmlər çox sevdiyim filmlər sırasındadır. “Bir cənub şəhərində” filminə ilk dəfə baxanda operatorun çəkiliş üslubu mənə çox güclü təsir bağışladı. Bu filmdə Ocaqov geniş bucaqlı obyektivdən istifadə edərək sanki tamaşaçını ekrana daha da yaxınlaşdırırdı. Bu üsul aktyor oyununu incəliklərinə qədər müşahidə etməyə, onların daxili aləmini duymağa zəmin yaradırdı. İşıq və başqa texniki vasitələrlə ekran obrazlarının daha da qabardılması Rasim Ocaqov tərəfindən çox gözəl həyata keçirilirdi. Bunlar bizim üçün əsl məktəb idi.

—Rejissor şərhi, aktyor oyunu ilə bərabər, texniki vasitələrin də filmin uğurundakı rolu az deyil...

—Əlbəttə. “Özgə vaxt” filmini Hüseyn Mehdiyevlə çəkmişəm. “Özgə vaxt” “Azərbaycanfilm” yaranandan 10 ən yüksək səviyyəli filmlərin sırasındadır. Filmdə obrazların açılması üçün texniki vasitələrdən – işıqdan, rakursdan, xətti perspektivdən istifadə olunub.

—Amin müəllim, yaxın zamanlaracan kinonun teatrı üstələyəcəyi barədə birmənalı olmayan fikirlər səslənirdi. Və bir vaxt teatr tamaşalarında olduğu kimi, indi kino seanslarında da tamaşaçı qıtlığı hiss olunur. Sizcə, bunun səbəbi nədədir?

—Məncə, bəsit filmlərə imkan verilməsə, kino daha da inkişaf edər. “Azərbaycanfilm” nəhəng bir orqanizm idi. İndi onun infrastrukturu da çöküb. Bəsitlik yaranıb, qeyri-peşəkarlıq meydana çıxıb. Təəssüflə qeyd edirəm ki, teleekranları zəbt edən bəsit filmlər, “Bozbaş pikçers”lər insanların zövqünü korlayır.

—Amin müəllim, bu gün milli kinomuzda, çoxsaylı seriallarda operator işinin səviyyəsi Sizi qane edirmi?

—Birmənalı deyərdim ki, qane eləmir. Lakin peşəkarlar da var. “Vicdan haqqı” teleserialını tələbəm Hakim Ağayev çəkir. İlk seriyalarda işini bəyənmədim. Onu başa salırdım ki, belə çəkmək olmaz. İndi artıq kompozisiyanı düzəldib, işıqlandırmadan istifadə edir.

—Videoçəkiliş kinodünyasında böyük inqilab yaratdı. Artıq plyonkanın aşkarlanmasının, neqativin, pozitivin çapını günlərlə gözləməyə ehtiyac yoxdur. Rejissor monitorda epizodları canlı olaraq izləyir. Ən mürəkkəb quraşdırılmış epizodlar kompüter texnologiyası ilə göz qırpımında yerinə yetirilir. Lakin etiraf edək ki, lentdə çəkilən filmlərin bədii-estetik səviyyəsi daha yüksək idi...

—Videoçəkilişlərin səviyyəsi lentə çata bilməz. “Oskar” alan filmlər həmişə lentə çəkilir. Lentin dəyəri heç vaxt ölmür. Arzulayıram ki, bir gün kinostudiya bərpa edilsin. Lentlə bağlı bütün texnologiya kinostudiyada təşkil olunsun.

—Rejissorların hansı xüsusiyyətlərini sənət obyektivinizdə daha çox dəyərləndirirsiniz?

—Teymur Bəkirzadə, Oqtay Mirqasımov, Hüseyn Mehdiyev, Ramiz Əzizbəyli, Tofiq Tağızadə, Rasim Ocaqov kimi rejissorlarla işləmişəm. Hər sənətkarın özünəməxsus görmə qabiliyyəti var. Operatorla müştərək işləyən rejissorlara üstünlük verirəm.

—Amin müəllim, “Cin mikrorayonda” filminin çəkilişlərindən 30 ildən artıq bir zaman keçir. Bir anlığa o günlərə qayıdaq. Bu gün də həmin filmin çəkilişlərində unutmadığınız xatirələri bölüşməyinizi xahiş edirik.

—Ən xoş xatirələrimdən biri Moskvada Demodedovo aeroportunda rejissor Oqtay Mirqasımovla görüşəndə mənə “Cin mikrorayonda” filmini təklif etməsi oldu. Film çox mürəkkəb idi. Aktyor birinci səhnədə pitonla çəkilirdi. Pitonun uzunluğu iki metr yarım olardı. Pitonu soyuducuya qoyurdular. Çəkilişə başlayanda işıqların təsirindən isinişən piton cini oynayan aktyoru sıxırdı. Bu hadisə heç yadımnan çıxmır.

—Operator çəkiliş meydançalarında bəzən günəşdən, bəzən buluddan, bəzən də küləkdən asılı qalır. Sənət həyatınızda filmdəki əfsanəvi cinin köməyini arzuladığınız anlar varmı?

—(Gülür). Çox olub. İstərdim, kino yenidən yaşasın və biz də çəkilişlərə cəlb olunaq.

— Böyük tamaşaçı sevgisi qazanan “Bəxt üzüyü”nün çəkilişlərində kadr arxasında qalan gülməli hadisələr də az olmayıb yəqin...

—“Bəxt üzüyü”nü çəkəndə ləzzət aldım. Şüvəlanda çəkirdik. Çəkilişlərin birində kamera çiynimdə Afaq xanımın ardınca qaçırdım. Gözlənilmədən Afaq xanım yıxıldı. Mən də müvazinətimi saxlaya bilməyib kamera ilə üstünə aşdım...

—Siz uzun illərdi ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində operator sənətini tədris edirsiniz. Bəs, elmi-nəzəri mülahizələrinizi, operator sənətkarlığı barədə tövsiyələrinizi qələmə almaq barədə düşünmürsünüz ki? Bizcə, bu gənc operatorlar üçün çox əhəmiyyətli bir dərslik olardı...

—Mən İncəsənət Universitetinin professoruyam. Kino sənəti kafedrasına rəhbərlik edirəm. Həmkarım SSRİ Dövlət Mükafatı laureatı Rafael Qəmbərovla İncəsənət Universitetinin tələbələri üçün dərslik yazmışıq. Bu, dərslikdə operator sənəti, rəngkarlıq və fotoqrafiya sənəti vəhdət təşkil edir. Rafael Qəmbərovla eyni zamanda proqram və dərs vəsaitləri də yazmışıq. Hazırda yenə bir kitabı tamamlamışıq.

Amin müəllim “Ləqəbi “İkadır” filmindən də danışır...

—Bu filmi çəkmək üçün məkanı Belarusiyada seçdik. 90-cı illərdə xaotik vəziyyət yaranmışdı. Biz naturanı Azərbaycanda tapmaq məcburiyyətində qaldıq. Natura çəkilişlərini İvanovka kəndində apardıq. Filmə baxan mütəxəssislər belə çəkilişlərin Azərbaycanda olduğuna inana bilmir. Filmdə dörd dövlətin – Rusiyanın, Belarusiyanın, Türkmənistanın və Azərbaycanın aktyorları çəkilirdi. Belarusiyada “Özgə vaxt” filminin aşkarlanması zamanı kinostudiyanın direktoruna müraciət etdim. Direktor dedi ki, filmi videoda gətirin, nazirə göstərək, bəyənsə, müştərək tamamlayarıq. Filmin videovariantını Belarusiyaya apardım. Məni direktorun yanına çağırdılar. Direktor məni öpüb dedi ki, təbrik edirəm, nazir filmin müştərək çəkilişlərinin davamına icazə verdi. Film alındı...

Gələn il kinomuzun 120 yaşı tamam olur. Düşünürəm, nə qədər ki, peşəkarlar, sənətkarlar var, kinonu bərpa eləmək lazımdır. Bizim dövlət hər şeyə qadirdir. Sputnik buraxan dövlət kinonu bərpa edə bilər. Mən kino istehsalının bərpasını çox istərdim. Kino milli-mənəvi dəyərlərimizi əks etdirmək üçün gözəl vasitədir. Kino sənəti yaşamalıdır.

Hatəm ƏSGƏROV, rejissor.

Respublika.- 2017.- 6 oktyabr.- S.7.