Xocalı soyqırımı ilə bağlı rəsm sərgisi

Qazaxda Xocalı soyqırımının ildönümü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir.

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş rəsm sərgisi keçirilib. Qazax Dövlət Rəsm Qalereyasında təşkil olunmuş sərgidə Xocalı soyqırımını özündə əks etdirən 60 rəsm əsəri nümayiş olunub. Qalereyanın dərnək üzvlərinin, Uşaq Gənclər İnkişaf Mərkəzinin rayonda təhsil alan orta məktəb şagirdlərinin əl işlərinin nümayiş olunduğu sərgidə soyqırım qurbanlarını əks etdirən rəsmlər yer alıb.

Sərgiyə qatılan Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli faciəli səhifələrdən biri kimi daxil olduğunu qeyd edərək məktəblilərin əl işləri ilə tanış olub. Bildirib ki, uşaqlar Xocalı faciəsini öz gözləri ilə görmədiklərinə baxmayaraq çəkdikləri rəsmlərdə faciəni canlandıra biliblər. Rəsmlərdə düşmənlərə nifrət Xocalıya ədalət çox canlı şəkildə əks olunub.

Sərgidə Ombudsmanın Gəncə regional mərkəzinin rəhbəri Səbuhi Abbasov, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qərənfillərdən yanan şamlardan hazırlanmış kompozisiya sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb. Uşaqlar çəkdikləri rəsmlər haqqında məlumat verməklə yanaşı, Xocalıya həsr edilmiş şeirlər söyləyib, vətənpərvərlik ruhunda mahnılar oxuyublar.

Vəliyev Vəli

Respublika.- 2018.-22 vevral.- S.6.