Mədəniyyət Nazirliyinin tabeliyindəki qoruqların fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib

 

İyulun 10-da Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə müşavirə keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müşavirə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən qoruqların nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyinə verilməsinə həsr olunub.

Yığıncaqda nazirliyin müvafiq struktur bölmələrinin və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin məsul əməkdaşları, nazirliyin tabeliyindəki qoruqların rəhbərləri iştirak edib.

Gündəlikdə duran məsələlər barədə məlumat verən nazir Əbülfəs Qarayev rəhbəri olduğu qurumda aparılan son islahatlardan söz açıb. İslahatların əhəmiyyətini yüksək qiymətləndirən nazir qeyd edib ki, struktur islahatlarının reallaşdırılmasında əsas məqsəd ölkəmizdə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsidir.

Nazir aparılan islahatlardan sonra Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin səlahiyyətlərinin, eləcə də üzərinə düşən məsuliyyətin daha da artırıldığını diqqətə çatdırıb: “Mədəniyyət Nazirliyi yanında fəaliyyət göstərən dövlət xidmətinə Prezident İlham Əliyevin Sərəncamı ilə Zakir Sultanov rəis təyin olunub. Bu o deməkdir ki, nazirliyin strukturunda fəaliyyət göstərən xidmətin həyata keçirdiyi işlər ölkə başçısının diqqət mərkəzindədir. Ölkə başçısı xalqımızın mədəni irsinin qorunması, bərpası və təbliğinə böyük önəm verir. Ona görə də biz üzərimizə düşən məsuliyyətli vəzifəni daha yüksək səviyyədə həyata keçirməliyik”.

Əbülfəs Qarayev vurğulayıb ki, bugünkü tədbirin əsas məqsədi nazirliyin tabeliyində fəaliyyət göstərən qoruqların fəaliyyətini daha effektiv şəkildə qurulmasını təmin etmək üçün Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdinə verilməsidir. Nazirliyin tərkibində mövcud olan qoruqlar bundan sonra birbaşa dövlət xidmətinin tabeliyinə verilir. Bunlar Qobustan Dövlət tarix-bədii qoruğu, Nardaran tarix-mədəniyyət qoruğu, Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğu, “Pir Hüseyn xanəgahı” tarix-memarlıq qoruğu, Lahıc tarix-mədəniyyət qoruğu, “Çıraqqala” tarixi-memarlıq qoruğu, “Şabran şəhəri” tarixi qoruğu, “Avey” Dövlət tarix-mədəniyyət qoruğu, Gəncə Dövlət tarix-mədəniyyət qoruğu, Nizami Gəncəvi məqbərəsi kompleksi, Qəbələ Dövlət tarix-mədəniyyət qoruğu, İlisu Dövlət tarix-mədəniyyət qoruğu, Zaqatala tarix-mədəniyyət qoruğu, Şuşa Dövlət tarix-mədəniyyət qoruğuQuba şəhərindəki Soyqırımı Memorial Kompleksidir.

Nazir deyib ki, indi qarşıda duran əsas məsələ qoruqların fəaliyyətinin müasir tələblər səviyyəsində təşkil edilməsidir: “Bura həm ziyarətçilərin qoruqları rahatlıqla ziyarət etmələri üçün müvafiq infrastrukturun yaradılmasından tutmuş, elmi tədqiqatların aparılmasına qədər ən müxtəlif istiqamətlər aiddir. Hazırda Ağsu və Qəbələdəki qoruqlarda elmi tədqiqat işləri aparılır. “Avey” Dövlət tarix-mədəniyyət qoruğunda da Yaponiyadan olan mütəxəssislərin iştirakı ilə tədqiqat işlərinə başlanılıb. Bu araşdırmalar bütün qoruqlarımızı əhatə etməlidir”.

Qeyd edilib ki, regionların mədəniyyət müəssisələri kimi qoruqların da fəaliyyətinin daha da gücləndirilməsi üçün ixtisaslı kadrların işə cəlb olunması diqqətdə saxlanılmalıdır: “Qoruqların işi ölkəmizin müasir inkişaf səviyyəsinə uyğun qurulmalıdır. Bura xidmət səviyyəsinin yüksəldilməsi, eləcə də ödənişli xidmətlərin təşkili kimi məsələlər daxildir. Qoruqların dəqiq xəritələri hazırlanmalı, mühafizə zolaqları müəyyən olunmalıdır. Eyni zamanda qoruqların hər birinin saytı yaradılmalıdır və bu saytlarda həmin qoruqlar haqqında müfəssəl məlumatlar yerləşdirilməli, onların daxil olduğu marşrutlar göstərilməlidir”.

Diqqətə çatdırılıb ki, nazirliyin tabeliyində olan qoruqların bir qismi turizm məqsədləri ilə daha geniş istifadəsinin təşkil edilməsi məqsədilə Dövlət Turizm Agentliyinin tərkibinə verilib. Həmin qoruqların da gələcək fəaliyyəti nazirliklə qarşılıqlı əməkdaşlıq çərçivəsində, Mədəniyyət haqqında qanunun tələblərinə uyğun olaraq həyata keçiriləcək.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov çıxış edərək qoruqların gələcək fəaliyyətinin təmin olunması istiqamətində atılacaq addımlardan danışıb. Bildirib ki, qoruqların fəaliyyətinin gücləndirilməsi üçün müvafiq strukturun qurulması, ödənişli xidmətlərin təşkil olunması diqqətdə saxlanılacaq. Vurğulayıb ki, qoruqların inkişafı məqsədilə ölkəmizdə fəaliyyət göstərən bir sıra müvafiq təşkilatlarla əməkdaşlıq inkişaf etdirilməlidir.

Müşavirənin sonunda Əbülfəs Qarayev qoruqların fəaliyyətinin yüksəldilməsi, qoruq ərazilərində tədqiqat işlərinin aparılması, tədbirlərin təşkili istiqamətində tapşırıq və tövsiyələrini verib

 

Respublika.- 2018.-11 iyul.- S.4.