Nazir Əbülfəs Qarayev Qazaxda vətəndaşlarla görüşüb

 

Prezident İlham Əliyevin tapşırığı ilə mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən hər ay şəhər rayonlarda əhalinin qəbulu keçirilir. Mədəniyyət naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü iyulun 20-də Qazax rayonunda gerçəkləşib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Qazax şəhərində Ağstafa, Qazax, Tovuz, Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayonlarının sakinlərini qəbul edib.

Qəbuldan öncə Əbülfəs Qarayev ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib. Nazir sonra Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Əbülfəs Qarayev daha sonra rayon mərkəzindəki Şəhidlər xiyabanını, Mütəfəkkirlər parkını ziyarət edib, Cümə məscidi, İsrafil ağa hamamı, vaxtilə Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin (Qazax Müəllimlər Seminariyası) fəaliyyət göstərdiyi bina və Ədəbiyyat muzeyi ilə tanış olub.

Ədəbiyyat muzeyində keçirilən qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri səslənib.

Ağstafa sakinləri Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğunun saytında УVirtual KeşikçidağФ adlı turun yaradılması, rayon Mədəniyyət mərkəzinin tərkibində yaradılmış Xalq teatrına geyim və rekvizitlərin verilməsi, şəhər Uşaq Musiqi məktəbinin incəsənət məktəbinə çevrilməsi, rayon Dövlət Rəsm Qalereyasına nazirlik tərəfindən verilmiş əsərlər və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıb.

Qazax sakinlərinin müraciətləri Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən kitabxananın fondunun zənginləşdirilməsi, УAveyФ Dövlət Tarix-Mədəniyyət Qoruğunun abadlaşdırılması, Uşaq musiqi məktəbində nağara şöbəsinin açılması, Qazax Dövlət Rəsm Qalereyasında görkəmli rəssamların əsərlərindən ibarət sərgilərin təşkili barədə idi.

Tovuzdan qəbula yazılan vətəndaşlar tərəfindən rayon Dövlət Rəsm Qalereyasındakı bir neçə əsərin bərpası, Uşaq musiqi məktəbinin binasının nazirliyin balansına verilməsi, Xalq teatrının repertuarının zənginləşdirilməsinə köməklik göstərilməsi barədə müraciətlər olub.

Şəmkir sakinləri Moskva Dövlət Rəssamlıq və Sənaye Akademiyasında bədii şüşə ixtisası üzrə magistr təhsilinin davam etdirilməsinə köməklik göstərilməsi, Orta əsrlər Şəmkir qalasında arxeoloji işlərin davam etdirilməsi, qalaya qoruq statusunun verilməsi və digər məsələlərlə bağlı xahişlərini bildiriblər.

Göygöl sakinləri şəhər Uşaq musiqi məktəbinin incəsənət məktəbinə çevrilməsi, fəxri adın verilməsinə köməklik göstərilməsi barədə müraciət ediblər.

Gədəbəy rayonunda Simenslər muzeyinin yaradılması, Daşkəsən rayonu ərazisindəki kurqanlarda aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən tapıntıların yerli Tarix-diyarşünaslıq muzeyinin fonduna verilməsi barədə xahişlər də sakinlər tərəfindən diqqətə çatdırılıb.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

 

AZƏRTAC

 

Respublika.- 2018.- 21 iyul.- S.6.