Azərbaycan tərcüməşünaslıq tarixində mühüm hadisə

 

Tərcümə dil əlaqələri prosesinin məhsulu olub hər bir dilin tarixi inkişaf prosesinin müəyyən dövründə meydana çıxmışdır. Müasir dövrdə də qardaş ədəbiyyatların çiçəklənməsi və yaxınlaşmasınının çoxcəhətli proseslərində qarşılıqlı tərcümələr getdikcə daha böyük rol oynayır. Bu, milli mədəniyyətlərin qarşılıqlı öyrənilməsi və zənginləşməsinin böyük ictimai-siyasi əhəmiyyətə malik qüdrətli vasitəsidir. Tərcümə məlumatın mənbə dildən obyekt dilə keçidini şərtləndirir. Qeyd etmək lazımdır ki, bu sahədə respublikada mühüm işlər görülmüşdür.

Azərbaycan tərcümə tarixinə dair bir çox önəmli məqamları özündə ehtiva edən, Azərbaycan Dillər Universitetinin Elmi Şurasının qərarı ilə nəşr olunan “Azərbaycan Tərcümə Ensiklopediyası” ədəbiyyatımız, tərcümə mədəniyyətimiz və bütövlükdə elmin inkişafı tarixində ciddi hadisədir. Ensiklopediyanın redaksiya heyətində Kamal Abdulla (baş redaktor), Anar, Leyla Əliyeva (məsul katib), Rövşən Əliyev, Rüstəm Hacıyev, İsa Həbibbəyli, Muxtar İmanov, Teymur Kərimli, Afaq Məsud, Azər Mustafazadə, Möhsün Nağısoylu, Tofiq Nağıyev təmsil olunurlar. İlk dəfə oxuculara təqdim edilən “Azərbaycan Tərcümə Ensiklopediyası”nda tərcümənin elm sahəsi kimi inkişafı, fəlsəfi əsasları, predmet və problemləri, tərcümənin metod və prinsipləri, nəzəri-təcrübi məsələləri, Azərbaycanda tərcümə ədəbiyyatı tarixi və ən əsası, personalilər əhatə olunmuşdur. Yəni tərcüməşünaslığın ən əsas şaxə və istiqamətləri, həm Azərbaycan dilinə, həm də Azərbaycan dilindən digər dillərə tərcümələrin müəllifləri haqqında ətraflı məlumat verilmişdir. Ensiklopediyanın “Tərcümə elm sahəsi kimi” hissəsində tərcümə sənətinə dair fikirlər, tərcümənin mahiyyəti və inkişafı əsaslandırılır. Qeyd edilir ki, ilkin dövrlərdə tərcümə sənətinə dair fikirlər tərcümənin növləri və ümumi prinsiplərini əhatə edirdisə, XX əsrdə artıq bu məsələlər, nəzəri əsaslar və elmi ideyalar üzərində işlənib hazırlanmışdır. Bundan əlavə, əgər orta əsrlərdə tərcümələr əsasən dini məzmunlu və təsəvvüfə aid bədii əsərləri əhatə edirdisə, artıq XX əsrin 30-40-cı illərindən bədii ədəbiyyatla yanaşı, siyasi ədəbiyyat və elmi-texniki ədəbiyyat nümunələri də Azərbaycan dilinə tərcümə olunur. Çünki orta çağlara aid bədii nəsr nümunələrində, hətta tarixə aid əsərlərdə yeri gəldikcə şeir nümunələrinə də yer verilmişdir. Məhz buna görə də orta əsr Azərbaycan mütərcimlərinin bir çoxu (Vəli Şirazi, Əhmədi Təbrizi) həm də şair olmuşlar. Yeni dövrdə isə vəziyyət tamamilə dəyişmişdir. Belə ki, XIV əsrdə dini əsərlərin, sülalələr haqqında təzkirələrin sətiraltı mətni, xüsusilə də, sərbəst tərcümələrdən başlayan tərcümə sənəti daha sonralar (XIX əsrdə) püxtələşmiş, ədəbi-bədii nümünələrin — şeirlərin, təmsillərin, pyeslərin, romanların tərcüməsinə geniş fikir verilən nadir nümunələr yaradılmış, nəhayət, tərcüməçiliyin son dərəcə maraqlı və faydalı ədəbi-bədii peşəyə çevrilməsini şərtləndirmişdir. Bu baxımdan, Azərbaycan tərcüməşünaslığının zəngin tarixi var. Eyni zamanda, tərcüməçilik anlayışını birtərəfii qəbul etmək də doğru olmazdı. Azərbaycan dilinə tərcümələrlə yanaşı, əlbəttə, daha sonrakı dövrlərdə Azərbaycan dilindən başqa dillərə edilən tərcümələrin də önəmini vurğulamaq vacibdir. Hər iki istiqamət üzrə həyata keçirilən fəaliyyət bu fundamental əsərdə öz təsvirini tapmışdır.

Tərcüməçilər qarşısında yeni tələblər qoyulur. Bu amil tərcüməylə bağlı daha çox dilçilik problemlərinin araşdırılmasını tələb edir. Bu tələbə uyğun olaraq tərcümənin başlıca prinsipləri müəyyənləşdirilmişdir. Tərcüməşünaslıq yeni formalaşan elm olduğundan hələ hərtərəfli tədqiqata cəlb edilməmiş, onun problemlərinin çox az hissəsi tərcümə nəzəriyyəçiləri tərəfindən araşdırılmışdır. Xüsusilə, dilçilər, ədəbiyyatşünaslar, sosioloqlar, psixoloqlar, filosoflar və başqalarının da öz töhfələrini vermələrinə baxmayaraq, bütün cəhdlər ilə aparılan tədqiqatlar ümumi tərcümə nəzəriyyəsinin yaradılmasını, əsrlərdir mövcud olan tərcümə problemlərinin həlli zərurətini yaratmışdır.

Orta əsrlərdə olduğu kimi, XX əsrdə, eləcə də günümüzdə tərcümələrin böyük bir payı bədii tərcümələrin üzərinə düşür. Bu nəzərə alınaraq tərcümənin nəzəri və praktik prinsipləri müəyyənləşdirilmişdir. Mədəniyyətin bir sahəsi kimi tərcümə haqqında danışarkən, adətən, ya tərcümə mətninin yaradılması prosesi, ya da bu prosesin nəticəsi nəzərdə tutulur. Ona görə də son dövrlər tərcümə nəzəriyyəçiləri tərəfindən tərcümə prosesini öyrənən üç əsas – situativ, transformasiyasemantik model nəzəri aspektdə təhlil edilmişdir. Tərcümə prosesi zamanı sintaktik struktur seçimin hansı yolla aparıldığı, transformasiya modeli, transformasiya modelinin dilin nüvə strukturunu tədqiq edən transformativ qrammatikaya əsaslanması da təhlil edilmişdir. Qeyd edilir ki, bu modelə görə, tərcümə prosesi üç mərhələdən ibarətdir. Birinci mərhələdə orijinalın üst strukturu onun nüvə strukturuna, ikinci mərhələdə orijinalın nüvə strukturu tərcümənin nüvə strukturuna, üçüncü mərhələdə isə tərcümənin nüvə strukturu onun üst strukturuna keçirilir. Bununla yanaşı, tərcümə prosesini öyrənən semantik model, bu modelə xas xüsusiyyətlər, tərcümədə leksik-semantik əvəzləmələrin mahiyyəti açılır. Bu əvəzləmələr adətən ya konkretləşdirmə, ya da ümumiləşdirmə yolu ilə aparılır. Aydınlaşdırılır ki, hər bir dildə əşyalar və hadisələr qrupunu bildirən ümumi və növləri bildirən konkret ifadələr mövcuddur. Tərcümə zamanı nə vaxt ümumini konkret, konkreti isə ümumi ilə əvəzləmək mümkün olduğu məhz tərcümə prosesinin semantik modelində əsas götürülür. Hətta dildə gerçəkliyin hansısa elementlərini əks etdirmək üçün lazımi vasitələr çatışmadıqda belə, yeni sözlər yaratmaqya artıq mövcud olan sözlərdən istifadə etməklə bu çatışmazlığı aradan qaldırmaq mümkündür.

Tərcüməşünaslıq elmi və tərcümə sənəti heçbir-birini inkar etmir. Tərcüməçiliyin sənət, yaradıcı peşə olduğu tərcüməşünaslıqda öz əksini tapır. Ona görə də hər bir sənət növü elmi cəhətdən əsaslandırılmış nəzəri bazaya malik olmalıdır. Tərcümə nəzəriyyəsinə dair məsələlər, bu sahədəki problemlər bu gün bir neçə istiqamətdən tədqiq olunur. Ümumiyyətlə, tərcümə nəzəriyyəçiləri iki qrupa ayrılır. İlk dövrlərdən bu iki mövqe tərəfdarları arasında qızğın mübahisələr və onların səbəbləri araşdırılır. Tərcümənin dilçilik konsepsiyasını əsas tutan alimlər tərcümə prosesi zamanı əlavələrin edilməsini qəbul olunmaz hal kimi dəyərləndirir, tərcüməyə dilçiliyin çərçivələri daxilində baxırlar. Tərcüməşünaslığın ümumi xarakteri haqqında danışarkən dilçilik və ədəbiyyatşünaslıq elmləri ön plana çəkilir. Tərcüməşünaslığın ümümi spesifikası müəyyənləşdirilən zaman dilçilik və ədəbiyyatşünaslıq vəhdətdə götürülür. Tərcümə nəzəriyyəsinin dilçiliklə əlaqəsi onun elmi dəqiqliyinə, ədəbiyyatşünaslıqla əlaqəsi isə estetik mahiyyətinə təsir edir. Qeyd edilir ki, tərcüməçiliyin bu bazası təkcə dilçilik və ədəbiyyatşünaslıq elmlərinə əsaslanaraq yaradılmamalıdır. Çünki tərcümə sosial cəhətdən vacibictimai əhəmiyyətli əməyi özündə birləşdirən fəaliyyət növüdür. Bunlar nəzərə alınaraq “Azərbaycan Tərcümə Ensiklopediyası”nda tərcümə prosesinin mahiyyəti, əsas problemləri, onun mexanizminin öyrənilməsinin fəlsəfi əsasları da öz şərhini tapmışdır.

Azərbaycan tərcümə ədəbiyyatı tarixinin mühüm hissəsi akademik Möhsün Nağısoylu tərəfindən yazılmışdır. Tərcüməşünaslığın XIV-XX əsrlərdə inkişaf tarixi geniş şəkildə tədqiq edilmişdir. Hər bir dövrdə tərcümə edilən əsərlər haqqında məlumat verilir və zəngin faktlarla xarakterizə edilir. Müşahidələrə əsasən yazılır ki, Azərbaycanda dini-bədii və tarixi-bədii, eləcə də fəlsəfi məzmunlu kitabələrin tərcüməsinə daha böyük tələbat və ehtiyac olmuşdur. Dövrün bədii tərcümə nümunələri həm ədəbi əlaqələr tarixinin, həm də ədəbiyyat və dil tarixinin araşdırılması baxımından dəyərli qaynaqlardır. Çünki tərcümə prosesində mənbə dildə elə vahidlər, xüsusi halda elə sözlər qeydə alınır ki, obyekt dildə qarşılığı olmur. Göstərilir ki, əsərlərin hansı üsullarla tərcüməsindən asılı olmayaraq, həm mənbə, həm də obyektdə dilin normaları nəzərə alınmalı, bütün hallar üçün leksik normalara əməl olunmalıdır. Ensiklopediya Azərbaycan tərcüməşünaslıq terminləri lüğəti ilə tamamlanır. Elmin başqa sahələrinin terminoloji sistemlərində olduğu kmi, tərcüməşünaslığın terminoloji sistemində də daim təkmilləşmə, zənginləşmə prosesi gedir. Bu proses bir tərəfdən Azərbaycan dilinin bilavasitə öz sözlərindən müxtəlif üsul və vasitələrlə yeni terminlərin əmələ gəlməsində, başqa bir tərəfdən isə digər dillərdən hazır terminlərin alınıraq işlədilməsində özünü göstərir. Verilmiş lüğətdə tərcüməşünaslıq terminlərinin əsas korpusu müəyyənləşmiş qayda və prinsiplər çərçivəsində təqdim olunmuşdur. Lüğətin ən gözəl məziyyətlərindən biri göstərilən terminlərin ana dilimizdə düzgün izahının verilməsidir. Bu da həmin sahəyə xas olan dil faktları və hadisələrinin mənimsənilməsi üçün terminlərin böyük rola malik olduğunu göstərir.

Beləliklə, dövlət sərəncamlarında, “Dünya ədəbiyyatı kitabxanası”na daxil edilmiş əsərlərin siyahısında yer alan, tərcümə sənəti və tərcümə elminə, Azərbaycan tərcümə tarixinə dair bir çox önəmli məqamları özündə ehtiva edən bu ensiklopediya Azərbaycan tərcüməşünaslığına dair ilk monoqrafik tədqiqatdır. Kitab elmi və tədris baxımından əhəmiyyətlidir, həm də Azərbaycan ensiklopediya yaradıcılığında mühüm hadisədir.

“Azərbaycan Tərcümə Ensiklopediyası” kitabının çapı dünyanın ən çətin sənətlərindən sayılan, sözə zərgər dəqiqliyi ilə yanaşmağı tələb edən və çox vaxt dəyərini yetərincə almayan tərcümə sənətinə ölkəmizdə göstərilən böyük diqqət və qayğını sübut edir. Müstəqillik dövrü ədəbiyyatımızın görkəmli nümayəndələrindən biri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın ideyaön sözün müəllifi olduğu kitab istər bu sahə ilə bağlı nəzəri-praktik araşdırmalar, istərsə də tərcümə işinin ayrı-ayrı şəxsləri barədə təqdim olunan məlumatlar baxımından mühüm əhəmiyyətə malikdir. Akademikin qeyd etdiyi kimi, tərcümə mədəniyyətimizin bariz göstəricisi olan bu əsər dünyanı daha yaxşı tanımağın, özünü dünyaya daha ləyaqətlə təqdim etməyin möhtəşəm üsuludur. Tərcümə bir mədəniyyətin təzahürü deyil, ən azı iki mədəniyyətin qovuşduğu məqamdır, əsl multikultural reallıqdır. Doğrudan da, “Azərbaycan Tərcümə Ensiklopediyası” kitabı illərin yadigarıdır. Nəşrdə tərcüməçilər və bu sahə ilə maraqlananlar, eyni zamanda, yazarlar, filoloqlar, gənc ədəbiyyatşünaslar üçün faydalı məlumatlar verilmişdir. Bu baxımdan kitabın tərcüməçilər və bu sahə ilə maraqlananlar, eyni zamanda filoloqlaryazarlar üçün xüsusi intellektual faydası olacaqdır. Fikrimcə, gənc ədəbiyyatşünaslar ondan yetərincə faydalanacaqlar. Belə ki, ensiklopediyanın nəzəri və praktik hissələri, personalilər tərcüməşünaslıq nəzəriyyəsinin inkişafında son dərəcə ciddi həm faktoloji, həm də nəzəri bünövrədir. Uzun illər ərzində hazırlanmış “Azərbaycan Tərcümə Ensiklopediyası” tərcümə sənətinə, tərcümə elminə böyük töhfədir.

 

Sayalı SADIQOVA,

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya

Komissiyasının sədr müavini, professor.

 

Respublika.- 2018.- 21 iyul.- S.6.