Böyük dövlət xadimi, müdrik insan

İnsanlıq tarixində elə şəxsiyyətlər var ki, onların özlərinin fitri istedadı, nümunəvi həyatı, həssas duyğuları, hər bir incəliklərə yanaşma tərzi, milli-mənəvi dəyərlərə bağlılıqları bu gün də xatırlanmaqdadır. Məhz bu kimi dəyərlərə malik olan şəxsiyyətlər daim saflıq, paklıq zirvəsinə yüksəlirlər, ürəklərdə əbədi məskən salırlar. Azərbaycanın belə tarixi şəxsiyyətləri sırasında Əziz Məmmədkərim oğlu Əliyevin müstəsna xidmətləri xüsusi olaraq vurğulanmalıdır.

Əziz Əliyev orta təhsilinin bir hissəsini Rusiyada (Çitada), bir hissəsini isə İrəvan gimnaziyasında alıb. Dünyada məşhur akademikimiz Mustafa bəy Topçubaşov Əziz Əliyevin hələ uşaqlıq illərindən fitri istedada malik olması barədə xatirələrində yazırdı: “Ağıllı və fərasətli uşaq olduğuna görə atam Əzizin xətrini çox istəyirdi. O, məndən iki sinif aşağı oxuyurdu. Di gəl ki, mənim dərslərimi də bilirdi. Hətta məhəllə uşaqlarına dərs də verirdi”. O, dünyanın ən məşhur tibb təhsili müəssisələrindən sayılan Sankt-Peterburqdakı Hərbi Tibb Akademiyasında oxumağı qarşısına məqsəd qoyur. Lakin Əziz Əliyevin anası bəy nəslindən olsa da, iğtişaşlar dövründə ailə ciddi maddi çətinliklərlə üzləşir. Bu da Əziz Əliyevin vətəndən uzaqda təhsil almasına mane olur. Möhkəm iradəyə malik gənc bundan çıxış yolu taparaq o dövrün ən böyük xeyriyyəçisi milyonçu Hacı Zeynalabdin Tağıyevə müraciət edir və onun maddi köməyindən sonra Sankt-Peterburqa gedə bilir. Orada yüksək bilik nümayiş etdirərək Hərbi Tibb Akademiyasına qəbul olunur. Əziz Əliyevin həyatının həmin dövrü 1998-ci il mayın 14-də ulu öndər Heydər Əliyevin bu görkəmli dövlət və elm xadiminin 100 illiyinə həsr olunmuş yubiley gecəsindəki nitqində aydın mənzərəsini tapmışdır: “O lap əvvəldən qeyri-adi insan idi. Onun tərcümeyi-halına diqqət yetirin. İrəvanda rus gimnaziyasında təhsil almaq və oranı qızıl medalla bitirmək, gənc ikən kömək üçün milyonçu Hacı Zeynalabdin Tağıyevə müraciət etmək, ondan bu köməyi almaq və bütün dünyada məşhur olan Hərbi Tibb Akademiyasında ali tibb təhsili almaq üçün Peterburqa getmək - gənclik illərində bunu heç də hər kəs bacarmazdı”.

1918-ci ilin iyun ayında İrəvana yay tətilinə dönmüş Əziz Əliyev dəhşətli mənzərə ilə üzləşir. Bir neçə ay əvvəl atasının dünyasını dəyişməsi və erməni silahlılarının davamlı olaraq törətdikləri qanlı cinayətlər onu sarsıdır. O, məcburən anasını və balaca qardaşını İrəvandan götürərək Naxçıvanda və oradan da Cənubi Azərbaycanda yerləşir. Ərəblər kəndində Ə.Əliyev tibbi fəaliyyətini davam etdirir və əhaliyə yardım göstərir. 1920-ci ildə anası Zəhra xanım vəfat etdikdən sonra 1921-ci ildə Naxçıvanın Şahtaxtı kəndinə köçür. Orada 1923-cü ilin may ayına qədər həkim köməkçisi kimi çalışır. 1923-cü ildə Ə.Əliyev Bakı şəhərinə köçür və bu dövrdən onun ictimai-siyasi fəaliyyəti başlayır. Azərbaycan SSR Xalq Komissarları Şurasında işə başlayan və paralel olaraq, 1927-ci ildə tibbi təhsil almış, Azərbaycan Dövlət Universitetində məzun olmuş Əziz Əliyev, Azərbaycan Klinik İnstitutunun rektoru vəzifəsinə qədər ucalır (1929-1932). Onun məqsədi ölkədə tibbi kadrların yetişdirilməsi idi. Daxili xəstəliklər kafedrasında ordinator kimi işə başlayan Əziz Əliyev haqqında Azərbaycan ziyalılarından və görkəmli şəxsiyyətlərindən, eləcə də Ə.Əliyevin çağdaşı və həmyerlisi olan Mustafa bəy Topçubaşovun xatirələrindən: “Atam tez-tez Əzizi mənə nümunə göstərirdi: “Əziz səndən iki yaş kiçikdir, amma iki dəfə səndən ağıllıdır. Müəllimlər hədsiz tərifləyirlər. Özü də oxuyur, başqalarına da öyrədir. Bir şey çıxsa, Əziz kimi uşaqdan çıxar...”.

Əziz Əliyev ATU-nun və Azərbaycan səhiyyə sisteminin ilk yaradıcılarından biri olmuşdur. Əziz Əliyev Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alan tələbələrin həyatı ilə dərindən maraqlanır, onların problemləri barədə ciddi düşünürdü. 1933-cü ildə onun təklifi, təşəbbüsü və bilavasitə iştirakı ilə indiki Kliniki Tibbi Mərkəzin yaxınlığında “Tibb şəhərciyi”nin inşasına başlanılıb. Sonralar həmin şəhərcikdə tələbə yataqxanaları ilə birlikdə nəzəri kafedralar üçün tədris korpusları da tikilib. Bünövrəsi o dövrdə qoyularaq inşasına başlanan işlərin genişləndirilməsi XX əsrin ortalarından etibarən və XXI əsrin əvvəllərində ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilib. Son 14 ildə isə bu monumentallıq Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılır. Əziz Əliyevin daha bir humanizmi onun öz tələbələrini aclıqdan qoruması üçün atalıq qayğısı olub. Misal üçün, 1933-1934-cü illərdə ölkədə çörək qıtlığı yarandığından ATİ-nin tələbələrinin də güzəranı xeyli ağırlaşır. Əziz Əliyevin qayğısı sayəsində “Azad qadın” heykəlinin yaxınlığındakı orta məktəbin birinci mərtəbəsində tələbə yeməkxanası təşkil edilir. Burada ATİ-nin tələbələrinə gündə 500-600 qram çörəklə bərabər, pulsuz yemək verilir. Bundan əlavə, Əziz Əliyev Azərbaycan Dövlət Tibb İnstitutunda rektorluq fondu yaradır. O, həmin fondun hesabına ehtiyacı olan əlaçı tələbələrə hər il paltar, ayaqqabı aldırır, bu da gəncləri daha yaxşı oxumağa sövq edir. Əziz Əliyev hər il Azərbaycan Dövlət Tibb İnstitutunun son kurs tələbələrinin ən bacarıqlılarını Moskvanın və Sankt-Peterburqun məşhur ali tibb məktəblərinə ezam edər, onlara təcrübə toplamaları üçün əlverişli şərait yaradardı. Belə vaxtlarda ölkədən xaricə gedən tələbələrə pul yardımı edər, onları öz hesabına geyindirərdi.

Maraqlı faktlardan biri də budur ki, Əziz Əliyevi 1934-cü ildə Bakıda səhiyyə xidmətinin səviyyəsini yüksəltmək məqsədilə şəhər səhiyyə şöbəsinin müdiri vəzifəsinə təyin edirlər. Bir neçə aydan sonra o, qarşısına qoyulan məqsədə nail olur və yenidən Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru vəzifəsinə qaytarılır. 1936-1940-cı illərdə Əziz Əliyevin iştirakı ilə malyariyaya və traxomaya qarşı mübarizəyə başlanılıb. Bu illər ərzində nə qədər insanların həyatı ölüm təhlükəsindən qurtarılır. Həyata keçirilən tədbirlər sayəsində ölkəmizdə tüğyan edən bu dəhşətli xəstəliklərin qarşısı alınır. Onun rəhbərliyi altında respublikada xüsusi dispanserlər, şəhər və kəndlərdə göz xəstəxanaları təşkil edilir.

O, müəyyən müddətdə Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru olmaqla yanaşı, Əczaçılıq İnstitutuna da rəhbərlik edib və 1937-ci ildə eyni zamanda Bakı Dövlət Universitetinin rektoru vəzifəsində də çalışıb. İkinci Dünya müharibəsi illərinin əvvəllərində isə alay polkovniki rütbəsində siyasi rəhbər kimi İrana — Cənubi Azərbaycana göndərilib. İlk dövrlərdə Sovet ordusunun soyğunçuluq hərəkətləri barədə onlarla hadisəni qeydə alan Azərbaycan kəşfiyyat qrupu bu haqda MK-ya xəbər verir. Həmçinin ordunun şəhərlərə girdiyi dövründə imkanlı adamların çoxu təcili şəkildə Cənubi Azərbaycanı tərk edirdi. Arxiv sənədlərində qeyd olunduğu kimi, avqustun sonu, sentyabrın əvvəllərində keçirilən hərbi əməliyyatlarda Azərbaycan SSR-dən yalnız çekist qrupu iştirak edirdi. S.Yemelyanov başda olmaqla bu qrupun iştirakının müəyyən əhəmiyyəti oldu. Belə ki, Ermənistan SSR-dən çekist qrupuna rəhbərlik edən daxili işlər nazirinin müavini Gözəlyan Ermənistan rəhbərliyinin fikrini belə açıqlamışdı ki, guya Sovet qoşunlarının işğal etdiyi “İran ərazisi” Azərbaycanla Ermənistan arasında təsir dairəsinə bölünməlidir. Onların fikrincə, Təbriz Ermənistanın respublika orqanlarına tabe edilməli idi. Vəziyyətin bu halından xəbərdar olan Azərbaycan hökuməti Stalini, Cənubi Azərbaycanda işin aparılmasının yalnız azərbaycanlılar tərəfindən mümkün olacağına inandıraraq 1941-ci ilin sentyabrında Təbrizdəki 47-ci ordunun Hərbi Şurasına Əziz Əliyev üzv təyin edilərək səfərbərliyinə nail olundu. O dövrdə rəsmi sovet dövlət orqanlarında “Əziz Əliyev qrupu” kimi tanınan 4000-ə yaxın partiya, sovet təşkilatı və təhlükəsizlik orqanı əməkdaşlarının, mədəniyyət işçisinin və dövlət xadiminin Cənubi Azərbaycanda gördüyü əhəmiyyətli iş bilavasitə bu görkəmli vətənpərvərin rəhbərliyi sayəsində uğur qazandı və tarixə “Əziz Əliyev qrupu” kimi həkk olundu.

O, 1941-1942-ci illərdə Azərbaycan KP MK-nın katibi, 1942-1948-ci illərdə Dağıstan MSSR Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışıb və həmin illərdə özünü bacarıqlı dövlət xadimi kimi göstərə bilib.

Kiçikbəy Musayev, Dağıstanın Əməkdar mədəniyyət xadimi Əziz Əliyev haqqında belə deyir:

“Ə.Əliyevin təbliğ etdiyi insanpərvərlik, insani məhəbbət, dostluq və həmrəylik, xalqa və insana xidmət kimi əbədiyaşar ideallar dərin kök atıb və bizim qəlbimizdə, şüurumuzda, həyat və fəaliyyətimizdə yeni-yeni bəhrələr verməkdədir”.

Dağıstanda 80-dən artıq xalq və etnik qrupun nümayəndələri yaşayır ki, onlardan sayca ən çoxu avarlar, darginlər, kumıklar, ləzgilər, laklar, azərbaycanlılar, tabasaranlar, ruslar, noqaylar, rutullar və tatlar idi. Dövlət xadimi Dağıstanda ucqar aullara baş çəkir, dağlara çəkilmiş gəncləri hərbi batalyon və partizan qruplarına cəlb edir. Təxribatçıları aşkara çıxarıb zərərləşdirmək üçün qırıcı dəstələri yaradılır. Dağıstanda təşkil olunmuş azərbaycanlılardan ibarət diviziya, Dağıstan polkları və digər ordu birləşmələri öz vəzifələrini şərəflə yerinə yetirir.

Dağıstan şəhərlərində yeni sənaye sahələri yaradılır. 400.000 hektardan çox sahə taxılçılığa ayrılır, 2000-dən çox kənd və aul birləşdirilərək 700-ə yaxın kolxoz və sovxoz fəaliyyətə başlayır. Yeni xəstəxana və hərbi hospitallar açılır.

Dağıstanın Samur-Dəvəçi kanalının açılışı Ə.Əliyevlə birbaşa bağlıdır.

Ə.Əliyev müharibə illərindən sonra Dağıstanda ardıcıl islahatlar aparır. Dağıstanda SSRİ Akademiyasının filialı açılır. Qadın Müəllimlər İnstitutu və Qadın Pedaqoji Məktəbi Ə.Əliyevin birbaşa vasitəçiliyi ilə fəaliyyətə başlayır.

Əziz Əliyev 1949-1950-ci illərdə Moskvada ÜK(b)P MK-nın təlimatçısı, 1950-1951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini, sonrakı illərdə Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru olub, Sabunçu xəstəxanasında işləyib, 1956-cı ildən etibarən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifəsində fəaliyyət göstərib. Onu da qeyd edək ki, Əziz Əliyev həm də böyük bir ailənin başçısı, gözəl və qayğıkeş ata idi. Əziz Əliyevin və həyat yoldaşı Leyli xanımın böyütdükləri övladlar öz istedadları, bacarıqları hesabına ucalıblar. Bu ailənin övladı Zərifə Əliyeva Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra həyatını bütünlüklə oftalmologiya elminin inkişafına, bu sahədə yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasına həsr edib. Əvvəl Bakıda, sonra isə Moskvada uğurla çalışan Zərifə xanım oftalmologiya sahəsində akademik səviyyəsinə qədər yüksəlib və 1981-ci ildə keçmiş SSRİ Elmlər Akademiyasının çox nüfuzlu “Averbax” mükafatına layiq görülüb. Əziz Əliyevin digər övladları Ləzifə Əliyeva bacarıqlı göz həkimi, ADTİ-nin Göz xəstəlikləri kafedrasının dosenti, Dilbər xanım adlı-sanlı mühəndis-rabitəçi olmuşlar. Ailənin kiçik qızı, Əməkdar incəsənət xadimi Gülarə Əliyeva “Dan ulduzu” instrumental ansamblını yaradaraq uzun müddət ona rəhbərlik edib. Alimin böyük oğlu, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Tamerlan Əliyev respublikanın tanınmış terapevtlərindən idi. O, uzun müddət ATU-nun Daxili xəstəliklər kafedrasının müdiri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş terapevti vəzifələrində çalışıb. Əliyevlər ailəsinin kiçik övladı Cəmil Əliyev də həyatını tibb elminin inkişafına həsr edib, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik səviyyəsinə qədər yüksəlib. O, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının, Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin baş direktorudur. Əziz Əliyevin xatirəsinə həsr edilmiş təntənəli yubiley gecəsində ulu öndər Heydər Əliyev gözəl bir nitq söyləmişdi: “Biz son illər bu möhtəşəm sarayda Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin yubileylərini təntənə ilə qeyd etmişik. Bu, çox gözəl ənənədir, bugünkü nəsillərin öz tarixi keçmişinə, görkəmli şəxsiyyətlərinə hörmət-ehtiramını, təşəkkür və minnətdarlığını ifadə edir. Ancaq bugünkü təntənəli yubiley gecəsinin fərqi vardır. Bu da ondan ibarətdir ki, biz Əziz Əliyevin 100 illik yubileyini qeyd edirik, eyni zamanda, Dağıstan və Azərbaycan xalqının çoxəsrlik dostluq, qardaşlıq tarixinə yeni gözəl, parlaq səhifələr yazılır”.

Həmin yubiley gecəsində xarici ölkələrdən, xüsusilə də qonşu Dağıstan Respublikasından çoxlu qonaqlar iştirak edirdilər. Onların arasında Dağıstan Respublikası hökumətinin sədri Xizri Şıxsəidov da var idi. Ümummilli lider Xizri Şıxsəidovu, onunla birlikdə Bakıya gəlmiş qonaqları, yubiley gecəsində iştirak edənləri salamlayaraq demişdi: “Bizim üçün xüsusi əhəmiyyəti olan odur ki, Azərbaycan xalqının oğlu Əziz Əliyev yüksək bacarığını, fayda vermək qabiliyyətini yalnız təkcə öz respublikasında, ölkəsində nümayiş etdirməmişdir. O, müharibə illərində İranda çox məsul işi uğurla yerinə yetirmiş, Dağıstan rəhbəri kimi son dərəcə məsuliyyətli vəzifənin öhdəsindən çox gözəl gəlmiş, Moskvada - tərkibində yaşadığımız Sovetlər İttifaqı kimi bir dövlətin paytaxtında müvəffəqiyyətlə çalışmışdır”.

2017-ci ildə ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladı. Bununla bağlı universitetimizin kitabxanasında Ə.Əliyevə həsr olunmuş guşə yaradılmış, elmi konfrans keçirilmişdir. Universitet tələbələrinin yubileyə həsr olunmuş rəsm sərgisi təşkil olunmuşdur.

Əziz Məmmədkərim oğlu Əliyev dəfələrlə SSRİ-nin, Azərbaycan SSR-in və Dağıstan MSSR-in Ali sovetlərinin deputatı olmuş, yüksək rəhbər partiya orqanlarının tərkibinə seçilmiş, iki dəfə “Lenin” ordeni, “Qırmızı Əmək Bayrağı” ordeni, bir çox dövlət mükafatları ilə təltif edilmişdir. Azərbaycanın Əməkdar həkimidir. Əziz Əliyevin mükafatı iki qardaş ölkə xalqlarının ona sonsuz məhəbbəti, ən böyük adı Azərbaycanda və Dağıstanda qurub-yaratdıqlarıdır.

 

Könül ƏLİYEVA, Azərbaycan Memarlıq və İnşaat  Universiteti İctimai fənlər kafedrasının müdiri, Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Respublika.- 2018.- 26 yanvar.- S.6.