Muzey işinə həsr olunmuş ömür

 

 

Azərbaycan tarixşünaslığında Zərifə Dulayeva imzası özünəməxsus yazı məzmununu ehtiva edir. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin 2020-ci ildə 100 illiyi tamam olduğu ərəfədə 2019-cu ildə Zərifə Dulayeva 90 yaşına çatır. Zərifə xanımın 90 illik ömür yolunun tam 60 ili bu muzeylə bağlı olmuşdur. Azərbaycan Tarixi Muzeyi dedikdə ilk ağıla gələn isimlər sırasında Zərifə Dulayevanın adı çəkilir.

 

Elmi yaradıcılığı əsasən sovet dövrü tarixini əhatə edən, müstəqil dövlətçiliyimiz illərində həmçinin Cümhuriyyət tariximizi tədqiq edən Zərifə Dulayevaya nə sovet məmurunun standart həyat tərzi, nə də müasir dünyanın konyunktur xisləti xasdır. Sovet dövründə də Zərifə xanım inandığı həqiqətləri qələmə almış, indi də düzgün bildiyi mövqeyini dəyişməmişdir. Sovet dövründə onun yazıları mövcud ideologiyanı nəinki rədd etmirdi, əksinə sovet sisteminə xidmət etmiş insanların taleyini əks etdirir, bir eksponatın izi ilə yazdığı oçerklərdən ibarət salnamə yaranırdı. Zərifə xanım qələminin qəhrəmanları ilə maraqlı həmsöhbət olur, onların düşüncələrini araşdırır, psixoloji portretini yaratmağa səy edir. Zərifə Dulayevanın yaradıcılıq qəhrəmanları konkret şəxsiyyətlərdir: əməkdə, vətənpərvərlikdə, savaşda, təhsildə... fərqlənən insanlar. Dulayevanın qələminin gücü, yazısının sehri müəllif təfəkkürünün itiliyində, daha dəqiqi yaratdığı qəhrəman üçün ən xarakterik cəhəti tapmaq məharətindədir. Bundan sonra portret-oçerk həmin ştrixin müşayiətində tamamlanır. Zərifə xanım yaratdığı portretlərin sahibləri ilə də çox zaman tanış olur. Onun yaradıcılığının izi ilə gəlib Zərifə xanımı tapır, tanış olur, illərin ünsiyyətini qururlar. Zərifə xanım peşəkar muzey işçisi kimi akademik tədqiqatla yanaşı toplama işinə də xüsusi əhəmiyyət vermişdir. Çünki ən kiçik əşya, sahibi haqqında doğmalarının belə duya bilmədiyi qiymətli, hətta ən mühüm məlumat verməyə qadirdir. Amma hər tədqiqatçıya da maddi əşyaları dilə gətirib təfərrüatlı bilgi almaq nəsib olmur. Zərifə xanım isə bir portretin, bir məktub parçasının, bir qələmdanın, eynəyin və s. daşıdığı mənəvi yükü zəkası və qələmi ilə çağdaşlarına ötürə bilir. Özünəməxsus səliqəli xətlə cüzi intervalla əksər halda bir tərəfi işlənmiş vərəqlərə fikirlərini həkk etməklə mənəvi zövq alıbdır. Yaradıcı insanı məmnun edə biləcək ən ali məqam yaratdığının kamilliyinə özünün inanmasıdır. Zərifə xanım yaratdığının qiymətini həmkarlarından, oxucularından eşitdikdə həyatının ən ali mükafatını almış kimi olur, yaradıcılıq şövqünün artdığı gözlərindən, enerjili danışığından hiss olunur. Hər verilən dəyər Z.Dulayevanı daha yeni ideyalara, əməllərə stimullaşdırır.

 

Zərifə xanımın yaradıcılığında İkinci Dünya müharibəsi mövzusu xüsusi yer tutur, bu mövzuda onlarca məqalənin müəllifidir. Faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqının fədakar xidmətini tarixə yazmaq onun yalnız istəyi, vəzifəsi yox, vətəndaşı olduğu dövlətin şərəfini uca tutmaq hissindən irəli gələn borc işi olmuşdur. Onlar Belarus uğrunda döyüşürdülər kitabı da məhz belə amalla ərsəyə gəlmişdir. Müharibənin xaricdəki yubiley tədbirlərində Azərbaycan xalqının misilsiz xidmətinin yetərincə işıqlandırılmaması haqqında məlumatlar Zərifə xanım tərəfindən qürurunun zədələnməsi kimi qəbul olunmuşdu. Qələmə sarılaraq qısa müddətdə kitabın işıq üzü görməsinə nail oldu. Kitab haqqı-ədaləti bərpa etməklə yanaşı, Belarus xalqı ilə münasibətlərin daha da yaxınlaşmasına öz töhfəsini vermiş, bir neçə birgə tədbirin keçirilməsinə vəsilə olmuşdur.

 

Azərbaycanın müstəqillik qazandığı ilk ildən başlayaraq Zərifə xanımın yaradıcılığında yeni mərhələ, daha doğrusu yeni məzmun kəsb edən istiqamət başlayır. Azərbaycan Demokratik Respublikası deyimi ilə 1990-cı illərdə cəmiyyətə coşqu, yeni ovqat bəxş edən tarix araşdırılmağa başlanılır. Bu istiqamətdə demək olar ki, ixtisasından asılı olmayaraq əksər Azərbaycan ziyalıları fəal idilər. Vətən sevgisi, ədalət duyğusu ziyalıları hərəkətə, xalqı da birliyə səsləyirdi. Bu çağırışa səs verən ziyalılar içərisində AMEA Azərbaycan Tarixi Muzeyinin əməkdaşları da aktiv idilər. Azərbaycan Cümhuriyyətinin araşdırılması yönündə respublikada həmin dövrdə ilk işlər görülürdü. Geniş həcmli sənədlər toplusu hazırlanır, muzey ekspozisiyasında Cümhuriyyət tarixinə dair sərgi hazırlanır, dövlət televiziyası ilə sərgidən ətraflı ekskursiya təqdim olunurdu. Bütün bu işlərə muzey rəhbərliyi ilə yanaşı birbaşa rəhbərlik edən, təşkilatçı, məsul şəxs Zərifə Dulayeva olmuşdur. Yalnız dövrü ilə bağlı şöbəyə rəhbərlik etdiyinə görə deyil, həm də bu tarixlə bir mənəvi üzrxahlıq hissi də rol oynayırdı. Zərifə xanımın həyat yoldaşı tanınmış alim, dövrünün ən nüfuzlu tarixçilərindən olan akademik İsmayıl Hüseynov əslən gəncəli idi və Cümhuriyyət xadimlərinə qan bağlılığı var idi. Cümhuriyyət dövrü tarixinin tədqiqatçılarından biri kimi ideoloji tələblər çərçivəsində fikirlərini ifadə etmişdi. Çoxsaylı məqalələrin, akademik nəşrlərin fəsillərinin müəllifi, həmçinin redaktoru olmuş İsmayıl Hüseynovun monoqrafiyası yoxdur. Zərifə xanımın dediklərinə görə, bu barədə İsmayıl müəllim belə söyləmişdi: Mən istədiyim kimi qoymazlar, onlar istədiyi kimi mən yazmaq istəmirəm. Yusifbəylilər, Xanbudaqovlar, Cuvarlılar nəslinə qan bağlılığı və ünsiyyəti olan alim üçün həqiqəti olduğu kimi yaza bilməmək dözülməz əzabdır. İsmayıl müəllimi çox tez itirdiyinə baxmayaraq onunla bağlı xatirələr Zərifə xanımın ən doğma, ən sevimli söhbətləridir. Əgər İsmayıl Abbasoviç haqqında danışmağa başlasa Zərifə xanımın söhbətləri saatlarla çəkir, yaxud tamamilə başqa mövzudan İsmayıl Hüseynova aid xatirələrə keçid alır. Bu baxımdan Cümhuriyyət tarixi həmin prosesləri həqiqətin gözü ilə işıqlandırmaq imkanı idi ki, İsmayıl müəllimin etmək istədiklərini sevgili xanımı Zərifə Dulayeva yerinə yetirirdi. Baxmayaraq ki, Cümhuriyyət tarixi ilə bağlı həmin dövrdə respublikada hazırlanmış ilk toplu sayıla bilərdi, maliyyə səbəblərindən Azərbaycan Respublikası. Sənədlər və materiallar toplusu bir neçə il gec, 1998-ci ildə işıq üzü gördü. Artıq 30 ilə yaxındır ki, Cümhuriyyət xadimləri haqqında Dulayeva çoxsaylı məqalələr yazmışdır. Həmin məqalələrdən Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında istifadə edilmişdir. Zərifə xanım Nəsib bəy Yusifbəyli - milli istiqlal və dövlətçilik mücahidi (2013) kitabında iki irihəcmli məqalənin, Azərbaycanın Paris konfransında elçiləri (2011) kitabının müəllifidir. Cümhuriyyət tarixi ekspozisiyasının yenidən qurulmasında yaxından iştirak etmiş, xüsusən də Cümhuriyyət xadimlərinin yalnız siyasi deyil, bir şəxsiyyət olaraq bütöv portretlərini yaratmağa çalışmışdır. Z.Dulayeva bu gün də yazı masası başındadır, bir neçə yeni məqaləsi nəşr prosesindədir. Əgər onun əsərlərinin biblioqrafiyası hazırlansa irihəcmli kataloq ola bilər. Özü isə həyatı boyu çoxsaylı kataloqlar tərtib etmiş, ekspozisiyaların tematik planlarını hazırlamış, yaradılmasında birbaşa iştirak etmişdir.

 

Z.Dulayevanın fəaliyyətinin bir istiqaməti də təbliğatla bağlıdır. Bilik cəmiyyəti xətti ilə çoxsaylı mühazirələr oxumuş, istər muzeydə, istərsə respublika üzrə keçirilən tədbirlərdə, konfranslarda çıxışlar etmişdir. Onun natiqliyi yazdığı qədər canlı, obrazlı dilə söykənir. Respublikanın bir sıra ali məktəblərində tədris etdiyi fənləri tələbələrə mənimsətməkdə onun natiqlik bacarığı öz təsirini göstərib. Zəngin söz ehtiyatı, inandırmaq və maraq doğurmaq qabiliyyəti, erudisiyası, qüsursuz nitqi Zərifə xanıma daha geniş auditoriyanın diqqətini qazandıra bildi. Məhz onun müəllifliyi ilə dövlət televiziyasında Tarixin səhifələrində adlı veriliş çox populyar olmuşdu.

 

Qocaman muzeyşünas kimi tanınsa da, Zərifə xanımın fəaliyyətinin əhəmiyyətli hissəsi elmi kadr hazırlığı ilə bağlıdır. Çoxsaylı dissertasiyaların müzakirəsi, rəyləndirilməsi cari işlərinin bir parçası idi. Sumqayıt şəhərinin tarixindən yazdığı kitab ilk işlərindən sayılsa da, onun yaradıcılığı çox fərqli mövzuları əhatə etmişdir. Ümumilikdə 70-dən artıq elmi məqalənin müəllifi olan Zərifə Dulayeva zəkası, yaddaşı ilə hələ yeni əsərlər yaratmaq iqtidarındadır. Zərifə xanım o şəxsiyyətlərdəndir ki, onu tanıyıb-tanımamaqla dövrünün insanlarının intellekt səviyyəsini müəyyən etmək olar. Zərifə xanımın əhatəsində, ünsiyyətində varsansa, deməli müvafiq kateqoriyaya mənsub, yəni mədəni, bilgili insan sayıla bilərsən. Bu məziyyətlər son dərəcə ciddi, darıxdırıcı, cansıxıcı obraz təəssüratı doğura bilsə də, əslində Zərifə xanım güclü yumor hissinə, zarafat etməyə, lətifələr danışmağa malik insandır. Onun gözlərindəki parıltı, səsindəki qətiyyət, təfəkküründəki aydınlıq yaradıcılıq üçün yaşın heç bir rol oynamadığını təsdiqləyir. Yaradıcılıq işindən aldığı enerjini elə həmin prosesə də yönəldir. Z.Dulayevanın ömür yolu tariximizin bir parçası, cəmiyyətimizin bir əsrlik yolunu səciyyələndirə biləcək 90 illik salnaməsidir. Bu salnamənin ilk rəsmi mükafatını Zərifə xanım 42 yaşında Rəşadətli əməyə görə medalı ilə 1971-ci ildə almış, növbəti ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunmuşdur. İki mükafatı isə müstəqillik dövrünə aiddir: 2005-ci ildə Əməkdar mədəniyyət işçisi adına layiq görülmüş, 2010-cu ildə Tərəqqi medalı ilə təltif olunmuşdur. Həyatda ən ali mükafat isə insana dünyaya gəlişində verilmiş zəka, istedad və sonradan sahib olduğu bəşəri dəyərlərdir. Belə mükafat insanın həyat yolunu işıqlandırır, mənalı və ləyaqətli edir. Təbii ki, bir çox dəyərlər insanın özü ilə birlikdə dünyaya gəlir. Belə bir ömürlə fəxr etməyə dəyər.

 

 

Firdovsiyyə ƏHMƏDOVA

 

Azərbaycan Respublikasının Prezidenti yanında

 

Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri,

 

Əməkdar müəllim.

Respublika.- 2019.- 28 avqust.- S.2