Nəsillərə nümunə

Azərbaycanın ictimai-siyasi həyatında xüsusi rol oynamış, bacarığı və intellektual səviyyəsi ilə diqqət mərkəzində durmuş görkəmli ictimai xadim Bəndalı Əbdülhüseyn oğlu Mehdiyev əslən Bakının Türkan kəndindəndir. Sonralar atası Əbdülhüseyn kişi Keşləyə köçmüş, Səkinə adlı bir qızla həyat qurmuş və onların bu izdivacdan iki oğlan övladı dünyaya gəlmişdir.

Keşlə kəndinin əsl adı Qışladır. Deyildiyinə görə Bakı xanlarının qaramalı, atları və qoyun-quzu sürüləri burada saxlanılırdı. Bakı xanları sürülərinə baş çəkmək üçün tez-tez buralara gələrdilər. Keşlənin də görünür əvvəlki “Qışla” adı buradan götürülmüşdür. Bunun nəticəsi idi ki, bir kəsi tələsən görəndə el arasında deyərdilər: “Haraya tələsirsən, Keşləyə xan gəlir?” Sonralar burada insanlar daimi məskunlaşmağa başlamış, nəticədə də böyük və sürətlə inkişaf etmiş bir qəsəbəyə çevrilmişdi. Qəsəbədə XVII əsrdə inşa edilmiş məscid tarixi bir abidə kimi qorunub saxlanmaqdadır.

Bəndalı Mehdiyev 1899-cu il may ayında neft Bakısında, fəhlə ailəsində dünyaya göz açıb. Dörd nəfərdən ibarət olan bir ailənin ağırlığı yalnız atası Əbdülhüseyn kişinin çiyinlərinə düşmüşdü. O da bu ailənin yaşayışını təmin etməkdən ötrü gecə-gündüz işləməli olurdu. Əbdülhüseyn kişi Bakının karxanasında fəhlə işləməklə yanaşı, bənnalıqla da məşğul olardı. Zəhmətkeş, halal insan olduğuna görə o, Bakı və ətraf kəndlərdə gözəl bir usta kimi də ad qazanmışdır. Bunun nəticəsi idi ki, bir çoxları, xüsusilə də kəndin kasıb təbəqəsi bənnalıq işlərini ona gördürərdi. O bu qazancdan bir hissəsini ailəsinə, bir hissəsini isə kasıblara, uşaq evlərinə paylayardı. O “əl tutmaq Əlidən qalıb” ifadəsini tez-tez işlədər və bu sözlərə əməl etməyi ömrünün sonuna qədər hamıya tövsiyə edərdi. Əbdülhüseyn kişi zəhmət haqqını sifarişçinin yaşayış tərzinə uyğun razılaşardı. Bunun nəticəsi idi ki, Əbdülhüseyn kişinin müştəriləri çox olardı. O, ömrünün son gününə qədər öz peşəsindən ayrılmamışdı. Əbdülhüseyn kişi keçən əsrin ikinci qərinəsinin başlanğıcında dünyasını dəyişir. Bəndalı müəllim də məhz belə zəhmətkeş kişinin ailəsində dünyaya göz açmışdı...

XIX əsrdən indiyə qədər Bakı öz nefti ilə bir çox dövlətlərin yuxusuna haram qatıb. Həmin illərdə əksər xarici dövlətlərin şirkətləri yenicə dirçəlməkdə olan bu “qara qızılı” istismar etməyə cəhd edirdilər. Məhz bunun nəticəsi idi ki, Bakıya gələn bir çox xarici dövlətlərin şirkətləri Azərbaycanın bu qiymətli sərvətini hərisliklə xaricə daşıyırdılar. Hələ XIX əsrin sonlarına qədər Bakıdakı neft mədənlərini və zavodlarını ələ keçirmək üçün onlarla ingilis kapitalistləri bura gəlmişdilər. Hətta Amerikanın məşhur milyonçuları da bura maraq göstərdiyindən öz nümayəndələrini Bakıya yollamışdılar. Bunların arasında xarici şirkətlərdən ən güclüsü İsveçdən gəlmiş, vaxtilə Rusiyada zavod açıb silah istehsalı ilə məşğul olan Nobel qardaşları olmuşdur. Yazılanlara inansaq Nobel qardaşlarının “Nobel” adlı şəxsi şirkətində otuz minə qədər insan işləyirmiş.

1917-ci ildə Bakının Qara şəhər deyilən yerində Nobel qardaşlarına məxsus şəxsi müəssisəsində Bəndalı Mehdiyev iki il fəhlə işləyib. Ağır iş şəraiti orada çalışanların əksəriyyətini müxtəlif xəstəliklərə düşməsinə səbəb olurdu. Məhz bunun nəticəsi idi ki, 1919-cu ilin aprelindən 1920-ci ilin may ayına qədər ağır şəraitdə işləyən Bəndalı Mehdiyev yatalaq xəstəliyinə tutulur. Bu ağır xəstəlikdən qalxandan bir müddət işsiz qalsa da, lakin gənclər arasında öz mədəniyyəti, alicənablığı, işgüzarlığı ilə seçilən B.Mehdiyev yeni yaranmış hökumət nümayəndəsinin diqqətini cəlb etmiş və onun göndərişi ilə Keşlə kəndində Mənzil İstismar Sahəsinə müdir təyin edilmişdir.

Qeyd edək ki, 1922-23-cü illərdə ölkədə yeni yaranmış hökumətə qarşı etiraz edənlər olsa da, lakin onlara rəğbət bəsləyənlər də tapılırdı. Bolşeviklər özlərini “fəhlə-kəndli” hökuməti olduğunu bəyan etdirməklə kasıb xalqın nümayəndələrinin qəlbinə yol tapmağa müvəffəq olmuşdular. Onlar nəyin bahasına olur-olsun xalqın etimadını doğrultmağa çalışır, özbaşınalığın, qisasçılığın qarşısını almağa səy göstərirdilər. Lakin yeni hökumət nümayəndələrinin arasında öz şəxsi qisasçılığını yaddan çıxarmayanlar da tapılırdı. Nəticədə xalqın nümayəndələri arasında narazılıqlar əmələ gəlirdi. Həmin narazılıqların nəticəsi idi ki, nəinki kapitalistlərin şirkətində işləyən fəhlə və qulluqçular, hətta şair Əhməd Cavad, yazıçı Seyid Hüseyn Sadıqzadə, dramaturq Cəfər Cabbarlı kimi böyük sənətkarlar da nahaqdan həbs edilmişdilər. Həmin qarmaqarışıqlıq vaxtlarda hər bir insan təsadüfən də olsa haqsızlıqlarla üzləşirdi. Bu özbaşınalığın “tamını dadan” B.Mehdiyev həbs olunmasa da, bir müddət işsiz qalmış, sonralar “Caparidze” zavodunda (sonralar Ə.Qarayev adına zavodla birləşib, indiki Azneftyağ) fəhlə, rektifikator işinə cəlb edilmişdir.

Öz bacarığı, işinin öhdəsindən vicdanla gələn, qoyulan planları artıqlaması ilə yerinə yetirən, bilik-bacarığı ilə yoldaşlarından seçilən B.Mehdiyev 1930-cu ildə “Andreyev” adına zavoda növbətçi mühəndis vəzifəsinə təyin olunur. Beş ay burada işlədikdən sonra vaxtaşırı yeni səmərələşdirici təkliflərinə görə zavodun rəhbərliyinin diqqətini cəlb edir və onun ixtisasını artırmaq üçün Amerika Birləşmiş Ştatlarına ezam edilməsi məsləhət bilinir. Qeyd edək ki, burada keçirilən kurslar tam məxfi xarakterli olduğu üçün oradakı məruzələri yazmağa və çəkilmiş çertyojların üzünü çıxarmağa qəti qadağa qoyulmuşdu. B.Mehdiyev güclü qavramaq qabiliyyətinə malik olduğu üçün həmin sənədləri özü ilə “gətirməyə” nail olur. Altı aylıq ezamiyyətdən sonra o zavodda sex rəisi köməkçisi vəzifəsinə təyin olunur.

1936-1937-ci illərdə B.Mehdiyev S.M.Kirov adına Azərbaycan Sənaye Akademiyasında təhsil alır və oranı müvəffəqiyyətlə bitirdikdən sonra işlədiyi zavodda mühəndis-təşkilatçı vəzifəsinə irəli çəkilir.

1937-ci ilin noyabr ayında artıq B.Mehdiyevin bilik və bacarığının nəticəsi idi ki, ona yüksək vəzifələri etimad göstərdilər. İlk ciddi etimad “Stalin” adına zavoda direktor müavini, on ay sonra isə “Caparidze” adına zavoda direktor təyin olunması idi. İşinin öhdəsindən bacarıqla gələn B.Mehdiyev Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin katibi Mir Cəfər Bağırovun diqqətini cəlb edir.

O, 1940-cı ilin fevral ayında respublika rəhbərinin təklifi ilə Şaumyan (indiki Xətai) rayonuna ikinci katib vəzifəsinə təyin edilir. Lakin bir neçə ay sonra “xüsusi adamların” səyi nəticəsində rayonda yerləşən 61 saylı məktəbdə təlim-tərbiyə işinin guya zəif olması və vaxtında tədbir görülmədiyi əsas gətirilərək Şaumyan (indiki Xətai) rayon partiya komitəsinin II katibi B.Mehdiyevə xəbərdarlıq edilməsi üçün həmin rayon Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi qarşısında məsələ qaldırılır. Sual olunur məktəbin direktoru, rayon və Bakı şəhər təhsil şöbəsinin müdirləri, o məktəbə təhkim olunan təhsil idarələrinin inspektorları olduğu halda rayon partiya komitəsinin II katibinə belə qərar çıxarmaq nə qədər düzgün idi. Qərarda göstərilir ki, əmək intizamını pozduğuna, Bakı şəhər Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin iyul plenumunun qərarlarını vaxtında yerinə yetirmədiyinə və kommunistlərin işdən yayınmalarına qarşı liberallıq göstərdiyinə görə B.Mehdiyevə xəbərdarlıq elan edilsin.

Maraqlıdır həmin vəzifədə bir neçə ay fəaliyyət göstərən katibə qarşı haqsızlıq haradan “qidalanırdı?”

SSRİ Böyük Vətən müharibəsi ərəfəsində idi. Stalinə aydın idi ki, artıq müharibə qaçılmazdır. Ona görə bütün müttəfiq respublikaların müharibəyə hazırlanması üçün göstərişlər verilmişdi. Xüsusilə Azərbaycan diqqət mərkəzində idi. Onun üzərinə çox böyük və ağır vəzifələr düşürdü. Müharibə dövrlərində cəbhəni yanacaqla təmin etmək məhz bu respublikanın neft sənayesində çalışan insanların üzərinə düşürdü. Bu çox böyük bir məsuliyyət tələb edirdi. Neft sənayesinin inkişafını artırmaq, cəbhəni “qara qızılla” təmin etməkdən ötrü ilk növbədə bu sahəyə təcrübəli, səriştəli rəhbər işçi cəlb edilməli idi. Bu sahəni idarə etmək üçün Azərbaycan Respublikası Bakı şəhər Kommunist (bolşeviklər) Partiyasına katib vəzifəsinə təyin etmək üçün respublikanın rəhbərinə o qədər də vaxt lazım olmadı. Həmin çətin, ağır sahənin idarə olunmasını müəyyən etmək üçün o, vaxtilə Azərbaycan K(b)P MK tərəfindən “xəbərdarlıq” almış B.Mehdiyevin adının üzərində dayandı və onun bu vəzifənin öhdəsindən gələcəyini əminliklə bildirdi. Çünki M.C.Bağırova yaxşı məlum idi ki, B.Mehdiyevin “xəbərdarlığı” üçün “canfəşanlıq” edən həmin vəzifədə çalışmış erməni əsilli katib imiş. Ona görə də respublikanın rəhbəri əminliklə B.Mehdiyevi qeyd-şərtsiz namizəd kimi təqdim edəndə büro bu təklifi yekdilliklə qəbul edir.

Müharibə dövrlərində bütün respublikalarda olduğu kimi Azərbaycanda da “hər şey vətən üçün, hər şey cəbhə üçün” şüarı hər bir insanı yaxşı işləməyə ruhlandırırdı. Məhz bunun nəticəsi idi ki, Bəndalı müəllim bu məsuliyyətli vəzifəyə təyin olunandan sonra onun rəhbərliyi altında cəbhənin yanacağının 80 faizini Azərbaycan verməyə başladı.

Unutmaq olmaz ki, M.C.Bağırovun etimadını qazanmaq heç də asan məsələ deyildi. Uzun müddət vicdanla işləyən mütəxəssisin hər hansı bir səhvinin M.C.Bağırov tərəfindən bağışlanması mümkün deyildi. Buna görə də bu dövrlərdə işləmək, tez bir zamanda inam qazanmaq hər bir insandan şücaət və məsuliyyət tələb edirdi.

B.Mehdiyevin ali təhsil alandan sonra ən çox çalışdığı iş yeri Bakı şəhər partiya komitəsində neft emalı üzrə katib vəzifəsi olub. O bu vəzifədə üç ildən çox işləyib. Bu illər ərzində Bəndalı müəllimin tez-tez daha yüksək vəzifələrə keçməsinə əsas səbəb, bacarığı, intellektual səviyyəyə malik olması, insanlara qayğı göstərməsi ilə yanaşı, onlara qarşı həm də tələbkarlığı idi. Sadə insanlar ona müraciət etməkdən, ağır, çətin vəziyyətlərini onunla bölüşməkdən çəkinmirdilər. Bəndalı müəllim də onlara qayğı ilə yanaşır, istəklərini yerinə yetirmək üçün əlindən gələni əsirgəmirdi. Çox zaman məvacibi az olan işçilərə müəyyən yollarla mükafatlar da ayırardı. Bəndalı müəllimin yanına gələn işçilər heç zaman naümid yola salınmazdı. İstəklərini yerinə yetirmək imkanı olmayanda şirin və məzəli sözləri ilə onları ovundurmağa çalışardı.

Nəql edirlər ki, bir gün Bakıda keçirilən nümayişdə Azərbaycanın Mərkəzi Komitəsinin katibi Mir Cəfər Bağırov tribunaya çıxıb zəhmətkeşləri salamlayırdı. Həmin salamlayanlar arasında Bəndalı Mehdiyev də var imiş. Bu zaman Quba zəhmətkeşləri tribunanın önündən keçəndə Bəndalı müəllim üzünü M.C.Bağırova tutub “Qubadan gələnlərdir” deyir. Katib heç nə demir. Bu zaman Bakının Keşlə qəsəbəsindən gələn zəhmətkeşlər tribunanın önündən keçəndə M.C.Bağırov Bəndalı müəllimin Keşlə qəsəbəsindən olduğunu bildiyi üçün üzünü ona tutub özünəməxsus yumorla “keşləlilərdir ha...” deyib gülümsəyir.

Vətən müharibəsi illərində SSRİ (MDB) məkanını təmsil etmək üçün İranın Ərdəbil şəhərində olan konsulluğa katib vəzifəsində işləmək üçün Moskvadan Azərbaycanın rəhbərinə müraciət edilir. O illərdə ictimai-siyasi vəziyyət ağır olduğu üçün təsadüfi şəxsi həmin vəzifəyə göndərmək mümkün deyildi. Çünki bu çətin, ağır, məsuliyyətli vəzifəni yerinə yetirmək üçün o bütün sınaqlardan keçməli idi. Respublikanın başçısı bu yerə öz bilik və bacarığı ilə seçilən, tapşırılan işin öhdəsindən gələcəyinə əmin olan B.Mehdiyevin namizədliyini irəli sürür.

B.Mehdiyev İranda iki ilə yaxın öz ölkəsinin mənafeyini qoruyur. O zaman İrandan vətənimizə 6000-dən çox fədainin sərhəddi keçməsinə şəxsən B.Mehdiyev başçılıq edənlərdən biri olub. Şaxtalı günlərdə fədailəri ölümün pəncəsindən qurtarmaq üçün B.Mehdiyev gecə-gündüz işləməli olmuş və nəticədə ağır xəstələnmişdi. Həmin xəstəlikdən o, dörd ay müalicə alır.

Müalicədən sonra B.Mehdiyev Əzizbəyov rayon (indiki Xəzər) “Azneftzavod” birliyinə direktor təyin edilir. 1949-cu ildə isə B.Mehdiyev Moskvaya Ali mühəndislər kursuna göndərilir. Kursu müvəffəqiyyətlə başa vurandan sonra “Ozero” adına kimyəvi zavoda direktor vəzifəsinə təyin olunur. 1956-cı ildə xəstəliyinə görə təqaüdə çıxmalı olur.

Bəndalı Mehdiyevin əməyi hökumət tərəfindən yüksək qiymətləndirilmiş və dəfələrlə qurultaya nümayəndə, Bakı şəhər partiya komitəsinin plenumuna üzv seçilmiş, “Qırmızı Əmək Bayrağı”, “Şöhrət” ordeni və bir çox medallarla təltif olunmuşdur.

Azərbaycanın ictimai-siyasi həyatında öz yeri olan, uzun müddət onun inkişafında xüsusi xidmətlər göstərən Bəndalı Əbdülhüseyn oğlu Mehdiyev 1969-cu il avqust ayının 21-də, 70 yaşında dünyasını dəyişir. Azərbaycan xalqının vətənpərvər oğlu, təvazökar insan Bəndalı Əbdülhüseyn oğlu Mehdiyevin ölümündən bizi yarım əsrlik bir vaxt ayırır. Lakin təəssüflə qeyd edək ki, onun adını əbədiləşdirməkdən ötrü hələ də bir iş görülməyib. Axı xalqımız qədirbiləndir. Biz inanırıq ki, böyük vətənpərvər, qayğıkeş insan olan B.Mehdiyev qədirbilən xalqımız qarşısında gördüyü işlərə görə öz layiqli qiymətini alacaq. Bizə elə gəlir ki, buna onun haqqı da var.

 

Aslan KƏNAN

Respublika.- 2019.- 19 iyul.- S.6