“Beyin axını” probleminin yaranması səbəbləri və nəticələri

 

 

(əvvəli 25 və 26 iyul tarixli saylarımızda)

Bu gün Azərbaycanda və dünyada müasir, modern iqtisadiyyatın ən mühüm sosial-mədəni amilinə çevrilən insan kapitalının formalaşmasına, möhkəmlənməsinə və inkişafına xüsusi diqqət göstərilir. Bu mənada, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar hər bir Azərbaycan vətəndaşının rifahının yüksəldilməsinə yönəlib. İnsan amili, ölkə vətəndaşlarının sosial-iqtisadi rifahının yaxşılaşdırılması, ölkəmizin yüksək inkişaf etmiş ölkələr sırasına daxil olması həyata keçirilən çoxşaxəli islahatların başlıca hədəfidir.

“Zəka axını”na qoşulan savadlı kadrların sahəsi əsasən texniki-dəqiq elmlərdir. Belə problemlərlə üzləşən dövlətlər artıq ehtiyac duyulan elm təhsil sahələrinə diqqət yetirməyin ciddi olduğunu düşünərək tədbirlər planı hazırlayırlar. Qloballaşma dövrünün əsas tələblərindən biri yüksəkixtisaslı kadrların hazırlanmasıdır. Dünyanın aparıcı təhsil proqramları inkişaf etməkdə olan ölkələrdən zəka axınına qoşulmaq istəyən gənc kadrları müxtəlif yollarla öz ölkələrinə dəvət edirlər. İspaniyanın İE SE, Fransanın İNSEAD, İngiltərənin LBS, Avropanın EAİE, Amerikanın MASKİ, SOROS, FULBRAİT və digər proqramları Avropa, Asiya, Afrika, Avstraliya və Latın Amerikası ölkələrinin ali təhsil və elmi müəssisələrində nümayəndəliklər yaradaraq, müxtəlif qrant və tələbə mübadiləsi təklifləri irəli sürürlər.

Son məlumatlara əsasən inkişaf etməkdə olan dövlətlərin bəzilərində belə proqramlar olmadığından gənclər İnternet vasitəsilə onların “tələsinə” düşərək diplomların vətənlərində rəsmən tanınmayacağını bildiklərinə görə 2000-ci ildən etibarən ABŞ “zəka axını” qəbul edən dövlətlər içərisində birinciliyi ələ alır. XX əsrin 60-cı illərində ABŞ-a “zəka” verən əsas “donorlar” Kanada və Qərbi Avropa dövlətləri idisə (99%), 1990-cı illərdən başlayaraq, Latın Amerikası, Rusiya, MDB dövlətləri Amerikaya “zəka” ixrac edən dövlətlər oldu. Hazırda ABŞ-da düşünən beyinlərin 85%-i bu ölkələrdən olanlardır. Birləşmiş Ştatlara mühacirət edən alim və tədqiqatçıların sayı hər il artır. 1999-cu ildə ABŞ-da çalışan alim və mühəndislərin 15 faizini, 2003-cü ildə isə 22, 5 faizini əcnəbilər təşkil etmişlər. ABŞ Milli Elm Fondunun araşdırmalarına əsasən bu təmayül daha da güclənəcək. Belə ki, 1983-cü ildən bəri ABŞ universitetlərində elm və istehsalat üçün kadrlar hazırlayan texniki, riyaziyyat və digər fakültələrdəki əcnəbi tələbələrin sayı 19 faizdən 27 faizə çatıb. Birləşmiş Ştatlarda aspirantların 32 faizi kompüter elmləri, riyaziyyat və kənd təsərrüfatı sahəsində, elmlər doktoru almış şəxslərin 43 faizi, mühəndis elmləri sahəsində isə 55 faizi əcnəbilərdir. Xaricdə təhsil almaq qərarına gələn tələbələrin 40 faizi hazırda ABŞ universitetlərində təhsil alırlar. ABŞ-a hər il 65 min alim və mühəndis mühacirət edir. Onlar üçün “H-İB” tipli xüsusi viza da mövcuddur.

Bu məqsədlə Amerika konqresi 115 min xüsusi vizanın illik sayının 195 minə qaldırmaq üçün 2002-ci ildə qərar qəbul edib. ABŞ-dan başqa “zəkaları” öz ölkəsində görmək istəyən dövlətlər arasında ön yerlərdən birini Kanada tutur. Almaniya informasiya texnologiyaları genetik tədqiqatlar üzrə mütəxəssis sayılan şəxslər üçün “Green Card” sistemini daha da fəallaşdırmışdır. Bunun nəticəsində 2001-ci ildə 10 min düşünən beyini qeyd edilən istiqamət üzrə Almaniyada vətəndaşlıq alıbdır.

2001-ci ildən başlayaraq dövlətlərin zəkaları öz ölkəsinə cəlb etməsində apardıqları siyasət bir sıra sahələrdə xüsusən tibb sahəsində problemlər yaratdı. Hazırda dünyada tibb “heyət qıtlığı” aradan qaldırılması üçün daha 4 milyon həkimə ehtiyac vardır.

Milli və dövlətlərarası siyasət miqrasiya prosesləri ilə sıx əlaqələndirilməzsə, qlobal dünyada sosial inteqrasiya bir məqsəd kimi əlçatmaz olacaq. Mühacirlərin əsas rol oynadığı müasir cəmiyyətimizlə bağlı müəyyən gerçəkliklər bütün səviyyələrdə əlaqəli miqrasiya siyasətinin tətbiqini zəruri edir. Bu ehtiyac BMT-yə üzv olan dövlətlər tərəfindən prioritet kimi müəyyənləşdirilib.

Asiya qitəsindən olan düşünən beyinlər ABŞ, Kanada və Qərbi Avropa ölkələrində informasiya texnologiyaları və digər sahələrdə daha çox uğur əldə edirlər. 1990-cı ilin hesabatlarına əsasən texniki elmlər doktoru elmi dərəcəsi alan alimlər əsasən Asiya qitəsinin sakinləridir və onlar 62%-lə liderliyi qoruyub saxlayıblar.

Analoji hadisələr riyaziyyat, iqtisadiyyat sahəsində alimlik dərəcəsi olanlar xarici ölkələrin vətəndaşlarıdır ki, onlar 52 faiz təşkil edirlər. Belə mütəxəssislərin əksəriyyəti Hindistan, Çin və Cənubi Koreyadan mühacir edənlərdir. Hindistan ildə 25 min mühəndis “ixrac” edir. Amerika və Avropa kompüter sənayesi, istehsalı və işlənməsi hindli zəkaların əlindədir.

Tayvan, Seul universitetlərinin məzunları bu gün Amerika və Avropa texniki elmlərində liderlik mövqeyindədirlər. Zəka axını prosesini araşdıran alimlər müxtəlif proqramlarla vətənlərini tərk edən insanların məskunlaşdıqları ərazilərdə yerli əhali ilə onların sayının müqayisəli təhlilini aparıblar. 1990-2000-ci illərdə tədqiqatçılar 10 il ərzində zəka sahibi olanların say və faiz etibarilə çoxalmasını müşahidə ediblər.

Hazırda dünyada bir çox sahələrdə rəqabət aparan ABŞ və Avropa Birliyi arasında elmi kadrların kateqoriyalarında fərqlər mövcuddur. Avropa Birliyində doktorluq dərəcəsi alan düşünən zəkaların sayı ABŞ-dan çoxdur. Gənc tədqiqatçıların sayına görə Birləşmiş Ştatlar liderlik edir. Avropa Birliyində hər min nəfər işçidən 5,4 faizi alimlərdən ibarətdir. ABŞ-da bu göstərici 8,6 faizi, Yaponiya da isə 9,7 faizi təşkil edir. ABŞ-da əhalinin 37 faizi, Avropa Birliyində isə 23 faizi elmə maraq göstərir. Elm və təhsilə ayrılan xərclərə görə də fərqlər vardır. 2000-ci ilin statistikasına əsasən, ABŞ elm və texnologiyanın inkişafına 287 milyard avro, Avropa Birliyində isə 121 milyard avro ayrılır. ABŞ-da elmə maraq onun gənc kadrların zəkaların “oğurlanmasında” aqressivlik nümayiş etdirməsi ilə müşahidə olunur. Avropa Birliyində isə bu istiqamətdə passivlik özünü göstərir. Dünya üzrə elmi kadrların yaş fərqi də aşağıdakı kimidir: 40 milyon 222 min elmlə məşğul olanların 10,6 faizi 29 yaş, 15,6 faizi 3-39 yaş, 26,1 faizi 40-49 yaş və 47,1 faizi isə 50 yaş fərqi arasındadır.

Zəka axını probleminin ən təhlükəli tərəfi düşünən beyinlərə terrorçu təşkilatların da maraq göstərməsidir. Potensial imkana malik, yüksək savad və biliyi olan şəxslərin bir qismi artıq beynəlxalq miqyaslı terror təşkilatlarında çalışırlar. Bu məsələ Parisdə (2002-ci il 11 iyul), Berlində (2003-cü ilə 9 mart), Vaşinqtonda (2004-cü il 5 fevral) və Moskvada (2004-cü il 26 aprel) keçirilən xüsusi xidmət orqanlarının yığıncaqlarında da geniş müzakirə edildi. Çünki bu məsələ rus generalı N.Patruşevin “dünyanı sarsıdan və narahat edən bir məsələdir” ifadəsi ilə üst-üstə düşür. Hazırda çox dövlətlər zəka axınının qarşısının alınması üçün ciddi tədbirlər planları hazırlayırlar. Rusiya miqrasiya edən zəkaların sayının artmasından narahat olduğunu elm-təhsil sahəsinə diqqət yetirəcəyini bəyan edib. Malayziya dövləti isə ehtiyacı olan min işçini informasiya texnologiyaları sahəsində ailəli tərk edən kadrların geri qaytarılması üçün planlarını rəsmən açıqlayıb.

İsrail isə zəka axını üçün bütün qapıları açmışdır. 3000 mühəndisi qəbul etməyə hazırlaşan İsrail İntel və İBM şirkətlərinə bu işləri həyata keçirməyi həvalə edib. Beləliklə, qloballaşma dövründə zəka axını bütün bəşəriyyəti düşündürən problemə çevrilərək sosial, iqtisadi siyasi nəticələri bəzi ölkələr üçün fəlakət, bəziləri üçün isə firavanlıq gətirir. Qərbi Avropa - əsasən Avropa Birliyinə daxil olan ölkələr keçmiş SSRİ-dən zəkalı insanlara daxillərində yüksək keyfiyyətli iş və həyat vəd edirlər. 1990-cı ilin statistikasına əsasən onlar 180 min sovet respublikalarının vətəndaşlarını qəbul edib.

Yaxın Şərqin - neft istehsal edən ölkələri tibb, neft emalı, yüngül sənaye sahəsində yeni ixtiralar vəd edən alimləri yüksək əmək haqqı ilə təmin edirlər. Rəsmi məlumatlara əsasən Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Küveyt və İsrail 300 min zəka sahibinə qapı açıblar.

Düşünən beyinlərin axını MDB ölkələrində intensiv davam edir. Keçmiş Sovetlər Birliyi daxilində zəka axını problemi o qədər nəzərəçarpacaq halda baş vermirdi. Öz biliklərini artırmaq və Sovet ölkəsində peşəsinə görə uğur əldə etmək istəyənlərin ən yüksək hesab etdikləri paytaxt Moskva şəhəri idi. Moskva yenə də zəka axınını daha çox qəbul edən keçmiş postsovet məkanına daxil olan şəhərlər arasında liderliyini qoruyub saxlayır. Rusiya MDB məkanında zəka axınını daha çox qəbul edən ölkələrdən biridir. Lakin onun özü qəbul etdiyi qədər xarici ölkələrə zəka ixrac edir. Xarici ölkələrə ixrac etdiyi zəka axınından sovet ölkələrindən daha çox əziyyət çəkən Rusiya Federasiyası, Moldova, Litva və digər ölkələrlə yanaşı Azərbaycan da xüsusi yerlərdən birini tutur. Rusiya Federasiyasında zəka axını 1991-ci illərdə daha da intensivləşdi. Rusiyadan prosesin başlanma tarixi isə XVII-XVIII əsrlərdən götürülməsinə baxmayaraq, tədqiqatçılar əsas dövr kimi dalğanı mənbə kimi qiymətləndirirlər.

Bu statistikadan göründüyü kimi, Rusiyada elm sahəsində üstünlüyü texniki elmlər əlində saxlayır. Bu, özünü eyni zamanda 2000-2005-ci illər arasında Rusiyanı tərk edib öz zəkalarını yüksək qiymətləndirən insanların sahələrinin faiz göstəricilərində də aşkar büruzə verir:

Rusiyada zəka axınının qarşısının alınmasını tənzimləyən qanunvericilik bazası mövcud deyil. İntellektual mülkiyyət sayılan zəka sahibləri ölkədən gedərək xarici dövlətlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayırlar. Rusiya Federasiyasının Təhsil Nazirliyinin verdiyi rəsmi məlumatlara əsasən ABŞ-ın Müdafiə Nazirliyində 8 minə yaxın rus alimi 40 elmi proqramın fəal əməkdaşlarıdırlar. Rus alimləri öz növbəsində ölkələrinin istehsalı olan alətlərdən istifadə edirlər. Rusiya təhlükəsizlik orqanları bunun federasiya üçün arzuedilməz olduğunu etiraf edirlər. Zəkalı insanlarla ölkəni tərk etməzdən öncə işləməyi dövlətçilik nöqteyi-nəzərindən müsbət əhəmiyyət kəsb edən federal təhlükəsizlik xidməti hazırda xaricdə işləyən rus elminin elitası kateqoriyasına daxil olan alimlərin geri qayıtmasını zəruri sayır və bunun üçün normal şəraitin yaradılmasını ilk addım kimi qeyd edirlər. “Bu gün rus aliminə istənilən ölkədə rast gəlmək olar” fikrini bildirən tədqiqatçı Serqey Yeqorov belə hesab edir ki, mənbələrin ölkəni tərk edən zəkaların sayı ilə bağlı bəzi məlumatlar həqiqətə uyğun deyil. İldə 30 min zəkalı kadrın vətəni tərk etməsi faktını tədqiqatçı rus alimlərinin statistik göstəriciləri ilə müqayisə etdikdə gülünc rəqəm alınır. Onların 70%-ni alim hesab etmək düzgün olmazdı. “Zəkaların” içərisində plagiatçılıqla və karyera qurmaqla məşğul olanlar da vardır ki, alim adını belə şəxslərlə müqayisə etmək elmi “təhqir” etmək deməkdir.

Rusiyada əsl alimlərin olduqca az olduğunu açıqlayan tədqiqatçılar bu gün zəka sahibi deyiləndə ildə iki-üç müsbət rəy əsasında nüfuzlu elmi toplu və jurnallarda məqaləsi dərc edilən, 3 ildən çox olmayaraq monoqrafiya nəşr olunan seçdiyi ixtisas üzrə yenilik gətirmək iqtidarında olanları nəzərdə tuturlar. 2003-cü ildə Corc Soros Fondunun hesabatlarında belə şəxslərin keçmiş postsovet məkanında cəmi 50 min nəfər olduğu qeyd olunur. ABŞ-da isə bu rəqəm 20 minə yaxındır və bu isə yalnız Amerikada anadan olan və təhsil alanlara aiddir.

“Zəka axını” kateqoriyasına xaricdə təhsil alan gənc kadrların statistik göstəriciləri də daxildir. 1993-cü ilin məlumatlarında 13 min tələbənin xaricdə oxuması (10 min nəfər ABŞ, Fransa, Almaniya, Böyük Britaniya) qeyd edilirdisə, 2002-ci ildə bu rəqəmlər 26 mini keçmişdir. Bu tələbələr arasında keçirilən sorğu Rusiyanın bu işlə məşğul olan şəxsləri düşünməyə vadar edir: Rəyi soruşulan gənclərin 45%-i təhsil aldıqları ölkədə müddət bitdikdən sonra işləməyi və vətəndaşlıq əldə etməyi düşünürlər. Sorğuda iştirak edən 20% gənc təhsil müddəti başa çatdıqdan sonra yenidən təcrübə keçmək məqsədilə hələlik vətənə geri dönmək barədə fikirləşirlər. 18% gəncin xaricdə yüksək vəzifə və əmək haqqı almasına baxmayaraq, ana vətənlərinə geri dönüb, dövlətlərinin mənafelərinə xidmət edəcəklərini bildiriblər. Yalnız 3% sorğuda iştirak edən respondent təhsilləri bitdikdən sonra qərar verəcəklərini açıqlayıblar.

Rusiya Federasiyası hər il “zəka axını”ndan 50 milyard dollar itirir. Qərb dövlətləri Rusiyada hər rubl üçün 0, 50 ABŞ dolları sərmayə qoymağı planlaşdırırlar. Bunun nəticəsində 40 elmi işçi Amerikadan vətənə geri dönmüş və hazırda ev və işlə təmin ediliblər.

Azərbaycanda “beyin axını”nın böyük miqyasda olmamasına baxmayaraq, narahatlıq doğurur. Belə ki, Azərbaycanın mütəxəssislərinin xaricə getməsinə problem kimi baxmaq lazımdır. Ölkənin inkişafı baxımından beyin axınının müntəzəm xarakter almaması, problem yaranmaması məqsədilə qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülməlidir.

 

Ələsgər SARIYEV,

 

Vəfa RÜSTƏMOVA,

AMEA İqtisadiyyat İnstitutunun

elmi əməkdaşları.

 

Respublika.- 26 iyul-S.6