Azərbaycanda patent sistemi və onun tarixi inkişaf dinamikası

 

Azərbaycanlı alimin Nobel mükafatı almasına A.Mikoyan mane oldu

 

Bəziləri Azərbaycanda patent sisteminin yaradılması tarixi ilə patent işinin tarixini qarışdırırlar. Sadə bir həqiqət var: köynəyin ilk düyməsi səhv düymələnibsə, digər düymələrin də yeri səhv düşəcək. Patent işinin tarixi ilə əlaqədar bəzi adamlar bu gün 25 il rəqəmini hallandırırlarsa, deməli, bu tarix nəinki 200 il cavanlaşır, eyni zamanda 200 illik bir zaman içərisində yetişmiş və dünyasını dəyişmiş zəka sahiblərini və onların ixtiralarını da tarixdən silmiş olurlar.

ümumiyyətlə, dünyada əqli mülkiyyət hüquqlarının qorunmasının təqribən 500 il tarixi var. Patentlə bağlı ilk qanun 1623-cü ildə Böyük Britaniyada, 1812-ci ildə isə Rusiyada qəbul olunmuşdur.

Müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev bu sahədə də müstəsna xidmətlər göstərmişdir. Müstəqilliyin ilk illərində əqli mülkiyyət sahəsində də dövlət siyasətinin aparılması, hüquqların tənzimlənməsi, beynəlxalq sistemə inteqrasiya və s. məsələlərin həlli ön plana çəkildi. 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılan Dövlət Elm və Texnika Komitəsinin əsas məqsədi, Fərmanda deyildiyi kimi, respublikada elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin səmərəliliyinin artırılmasını və yüksəkixtisaslı elmi kadrların hazırlanmasını təmin etmək, elmi-tədqiqat müəssisələrinin fəaliyyətini əlaqələndirmək, elmi nailiyyətlərin iqtisadiyyata tətbiqini sürətləndirmək idi. Komitənin tərkibində yaradılan Patent-Lisenziya İdarəsi ilə Patent sistemi öz fəaliyyətinə başladı. Sonradan aparılan struktur dəyişikliyinə rəğmən bu idarənin adı bir neçə dəfə dəyişikliyə məruz qaldı.

Ümumiyyətlə, Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Elm və Texnika Komitəsi və Dövlət Elmi-Tədqiqat İşlərini Əlaqələndirmə Komitəsi adlı strukturlar sovetləşmə dövrünün 20-ci illərindən mövcud idi. Hətta bununla bağlı 1923-cü ildə Respublika Elmi-Texniki Kitabxanası da fəaliyyətə başlamışdı, hansı ki, indi orada minlərlə beyin məhsulumuz toz altında qalıb. Həmin strukturlarda vaxtilə Azərbaycanın görkəmli alimləri çalışmışlar. Görkəmli elm və dövlət xadimi - Azərbaycan SSR xarici işlər naziri və paralel olaraq, Nazirlər Soveti sədrinin müavini işləmiş Tahirə Əkbər qızı Tahirova 1957-1959-cu illərdə bu Komitənin və Dövlət Elmi-Tədqiqat İşlərini Əlaqələndirmə Komitəsinin sədri olmuşdur. Dünya şöhrətli kimyaçı alim Yusif Məmmədəliyev və görkəmli elm xadimi Azad Mirzəcanzadə də Elm və Texnika Komitəsinin idarəetmə strukturlarında çox səmərəli fəaliyyət göstərmişlər.

Orta əsrlərdən bəri Azərbaycanın ən qiymətli təbii sərvəti, şübhəsiz ki, neft hesab olunmuşdur. Tarixə nəzər salanda görürük ki, Azərbaycanın zəngin yeraltı və yerüstü sərvətlərinin mövcudluğu əcnəbi iş adamlarının bu torpağa olan sonsuz maraqlarına səbəb olub. Neft və milyonlar səltənəti kimi tanınan Azərbaycan XIX əsrdən başlayaraq məhz bu sərvətinə görə işğalçı qüvvələr üçün yağlı tikəyə çevrilmişdi. Rus imperiyası tərkibində 200 ilə yaxın bir dövrdə bu sərvətlər talanmış, əqli mülkiyyətin xalqımıza məxsus məhsulları yadellilərin adına yazılmış, xarici ölkələrə yad dillərdə və yad markalar altında çıxarılmışdır.

1803-cü ildə bakılı Hacı Qasımbəy Mənsurbəyov dünyada ilk dəfə olaraq Bibiheybət körfəzində, sahildən 18 və 30 metr aralıda iki quyudan neft çıxarmağa başlamışdır. Lakin birinci dəniz mədəninin ömrü çox qısa olmuşdur - 1825-ci ilin güclü dəniz fırtınası quyuları məhv etmişdir.

1949-cu ildə isə açıq dənizdə, Bakı şəhərindən 100 kilometr məsafədə o zaman üçün nadir yataq sayılan Neft Daşlarında vuran fəvvarə dənizdə neftçıxarmanın yeni mərhələsinin başlanğıcını qoymuşdur və Azərbaycan dünyada ilk dəfə olaraq açıq dənizdə neft çıxarmağa başlamışdır. Birinci dəniz neft platforması kimi Neft Daşlarının adı Ginnesin Rekordlar Kitabına düşmüşdür.

Nəhayət, XIX əsrin sonlarında Azərbaycanda irimiqyaslı neft bumu milli burjuaziyanın yaranmasına səbəb olmuş və bununla yanaşı, milli özünüdərk prosesi başlanmışdır. Nobel qardaşlarının Bakıda neft sənayesinin yaradılmasındakı xidmətləri, Bakı milyonçularının Abşeronda neft və onun emalının təşkilindəki rolu külli miqdarda sərvətin əllərdə cəmlənməsinə gətirib çıxarmış və istehsalın az məsrəflə daha da genişləndirilməsi və səmərəliliyinin artırılması uğrunda milyonçular arasında elm adamlarının bu sahəyə cəlb edilməsi məqsədilə rəqabətin artmasına rəvac vermişdir. Nəticədə, XIX əsrin sonunda Azərbaycan neft hasilatına görə ABŞ-ı ötüb keçmiş və 1898-ci ildə dünyada birinci yerə çıxmışdı.

İsveçli Robert və Lüdviq qardaşlarının “Nobel qardaşları birliyi” adı ilə Rusiyada (oxu: Azərbaycanda) qeydiyyatdan keçirdikləri firma, azərbaycanlı milyonçu, Rusiya İmperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı, II və III dərəcəli Müqəddəs Stanislav ordeni laureatı Hacı Zeynalabdin Tağıyevin (1823-1924) “Hacı Zeynalabdin” şirkəti, tanınmış azərbaycanlı milyonçu, neft hasilatçısı, xeyriyyəçi Ağa Musa Nağıyevin (1848-1919) “Nağıyev Musa” və “Xəzər ortaqlığı” şirkətləri, XX əsrin əvvəllərində Azərbaycanın neft maqnatlarından biri, neftin Rusiyaya daşınmasında buxar gəmisindən birinci istifadə edən neftxuda Şəmsi Əsədullayevin (“Nobellərin qənimi”) (1840-1913) çoxsaylı şirkətləri, Bakı neft sahibkarı, mesenat, Peterburq müsəlman xeyriyyə cəmiyyətinin fəxri üzvü, 1895-ci ildə (dünyada ilk dəfə) metal ştanqlarla zərbə qazma dəzgahını quraşdırmış və bu ixtirasını “Bakı qazma sistemi” adlandırmış və dövlətdən müəlliflik hüququ almış (onun digər ixtiraları da var idi), XIX əsrin axırlarında Bibiheybətdə ilk neft avadanlığı müəssisəsini, 1917-ci ildə ilk dəfə taxtayonan dəzgah ixtira etmiş (dəzgah hazırda Sankt-Peterburq şəhərindəki “Dağ-mədən” İnstitutunda saxlanılır) Murtuza Muxtarovun (1857-1920) rəsmi qeydiyyatdan keçirdiyi onlarla şirkəti Azərbaycanda ixtiraçılıq və patent işinin əsasını qoymuşdu.

“Nobel qardaşları” firmasının zavodlarında ilk dəfə olaraq 1882-ci ildə neftin D.İ.Mendeleyev tərəfindən təklif olunmuş fasiləsiz distilləsi həyata keçirilmişdir.

Eklundu Qustav Petroviç isə neft işində ilk dəfə olaraq Bakı mədənlərində elektrik dartı qüvvəsini tətbiq etmiş, həmçinin əvvəlki kanat qazmasını ştanq qazması ilə əvəz etmişdi. Beləliklə, bu dövrdə yüzlərlə ixtira və səmərələşdirici təkliflər qeydə alınmışdı.

Patent haqqında qanunların tarixinin qədimliyi hər hansı bir xalqın əlahiddə əqli keyfiyyətlərinin səviyyəsinə dəlalət etsə də ixtiraların tarixi mübahisəlidir. Məsələn, Amerikada quldarlıq quruluşunu ləğv edən prezident Avraam Linkoln patentdən yararlanan ilk və hələ ki, son ABŞ prezidentidir. Maraqlıdır ki, düzəltdiyi qurğuya görə onun aldığı patent prezidentin ölümündən 132 il sonra - 1997-ci ildə aşkarlanmışdır.

Almaniya qədim dövlətdir, orada əvvəllər də ixtiralar mövcud olub, lakin 1877-ci ildə qəbul olunan Patent Qanunundan sonra elmi kəşflərə, mühəndis ixtiralarına və sənaye nümunələrinə görə müəlliflik hüquqları rəsmi dövlət qeydiyyatına alınmağa başlanıb. Ancaq baxın, cəmi 68 il ərzində - 1945-ci ilin mayına qədər Almaniyada elmi kəşf, mühəndis ixtirası və sənaye nümunəsinə 768,161 patent verilmişdi. Bu da təxminən bir ilə 11,296 kəşf, ixtira və sənaye nümunəsi deməkdir.

Məlumat üçün deyək ki, müharibəni məğlub tərəf kimi başa vuran alman xalqının beyin nailiyyətlərinin əksəriyyətini müharibədə onlara dəymiş ziyana görə təzminat olaraq qalib dövlətlər özlərinə götürdülər. Təxminən 370,000 patenti ABŞ götürdü. Qalanı isə Britaniya, Fransa və SSRİ arasında bölüşdürüldü. Ən kiçik pay SSRİ-yə çatdı.

Yeri gəlmişkən, II Dünya müharibəsi zamanı Azərbaycan kimyaçısı Yusif Məmmədəliyevin yüksək oktanlı benzin ixtira etməsi və bunun nəticəsində bizim təyyarəçilərin düşmən qırıcılarını daha əzmlə məhv etməsi, eləcə də məşhur “Molotov kokteyli”ni ixtira etməsi Stalinin diqqətindən yayınmayıb və o, şəxsən alimə təşəkkür edərək onu “Lenin” ordeni ilə təltif etmişdir. Stalinin göstərişi ilə Y.Məmmədəliyev birbaşa kimya elmləri doktoru alimlik dərəcəsi və professor elmi adına layiq görülüb. 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilən alim Elm və Texnika Komitəsinin fəal üzvü olmuşdur. Y.Məmmədəliyevin elmi tədqiqatlarının nəticələri 936 elmi və publisistik əsərdə, o cümlədən 15 müəlliflik şəhadətnaməsi və patentdə öz əksini tapmışdır.

Yerin ilk peyki, Y.Qaqarinin uçuşu - bütün bunlar Bakı nefti, Azərbaycanın neft kimyası məktəbinin yaradıcısı olan Y.H.Məmmədəliyevin və onun həmfikirlərinin fədakar əməyi sayəsində baş tutub.

Bəşər övladı yaranan gündən yaxşı və pis, xeyir və şər yanaşı yaşayıb. Bir vaxtlar Abşeron nefti ilə milyonlar qazanan Nobel qardaşlarının təsis etdikləri Beynəlxalq mükafata ən layiqli namizəd göstərilən və hətta Sov. İKP MK-da müzakirəyə çıxarılan Yusif Məmmədəliyevin namizədliyi üç yüksək vəzifəli erməninin fitvası ilə ləğv olunub.

Sovet ordusunun arxa təchizat idarəsinin rəisi marşal Baqramyan, tank qoşunları komandanı general Babacanyan MK-ya məktubla müraciət edərək Yusif Məmmədəliyevin ixtiralarının “dövlət sirri və hərbi sirr” olduğu üçün ona dair məlumatların Stokholma göndərilməsini məsləhət görməyiblər. Dövlət Təhlükəsizlik Komitəsinin sədri A.Şepilovun məktubda yazılanlara qəti etirazına baxmayaraq, A.Mikoyan məktub müəlliflərinə haqq qazandırıb və onları dəstəkləyib.

Beləliklə, Azərbaycanda Patent işinin, müəlliflik hüququnun, eləcə də digər əqli mülkiyyət hüquqlarının Rus imperiyası tərkibində olduğumuz çağlardan bu günədək 200 ildən artıq rəsmi, qeyri-rəsmi və yazılı tarixi mövcuddur. Ulu öndər Heydər Əliyevin bu sahədə ən böyük xidmətlərindən biri isə ondan ibarət oldu ki, Azərbaycanın yeni dönəmində - müstəqillik illərində beynəlxalq qanunlara uyğun olaraq Azərbaycanın Patent sistemini formalaşdırdı və bunu öz Fərmanı ilə təsbit etdi. Məhz bu sahədə qəbul olunan qanunlara rəğmən Azərbaycan Respublikası Ümumdünya Əqli Mülkiyyət Təşkilatının patent sistemi sahəsinə aid olan onlarla konvensiya, saziş və müqaviləsinə qoşulmuş və sıx əməkdaşlıq əlaqələri yaratmışdır. İndi ölkəmiz Paris Konvensiyası, Madrid Sazişi, Budapeşt Müqaviləsi, Lokarno Sazişi, Nitsa Sazişi, Strasburq Sazişi, Haaqa Sazişinin Cenevrə Aktı, Nayrobi Müqaviləsi kimi beynəlxalq sənədlərin tələblərinə uyğun olaraq ən işgüzar və səmərəli fəaliyyət göstərən ölkələrdəndir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 aprel 2018-ci il tarixli sərəncamı ilə yaradılmış Əqli Mülkiyyət Agentliyində bu gün patent işinin təşkili və patent sisteminin dünya əqli mülkiyyət prosesinə daha sıx inteqrasiyası özünün ən yüksək və məsul dövrünü yaşamaqdadır. Ölkənin texniki və iqtisadi siyasətinin həyata keçirilməsində özünəməxsus rol oynayan, intellektual kapitaldan istifadənin genişləndirilməsi və elmi-texniki inkişafın stimullaşdırılması, əqli dəyərlərin insanların sosial həyatını daha da mənalandırması və digər sahələrdə patent sistemi üzrə dövlət siyasəti uğurla davam etdirilir.

 

Şərif KƏRİMLİ,

Əqli Mülkiyyət Agentliyinin

məsləhətçisi,

yazıçı-publisist.

 

Respublika.- 2019.- 25 iyul.- S.5.