Azərbaycanda mərkəzi bankçılığın
yaranmasının 100 illiyi
qeyd olunub
Sentyabrın
30-da Azərbaycanda mərkəzi
bankçılığın yaranmasının 100 illiyi
münasibətilə yubiley mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Mərkəzi Bankının
sədri Elman Rüstəmov tədbirdə
çıxış edərək,
mərkəzi bankçılığın
keçdiyi tarixi inkişaf yolundan danışıb. Bildirib ki,
1918-ci il mayın 28-də
Azərbaycan dövlətçilik
salnaməsinin ən parlaq səhifələrindən
biri kimi müsəlman Şərqində
ilk demokratik respublika yarandı. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev bu tarixi hadisəyə yüksək siyasi qiymət verib və 2018-ci il Cümhuriyyət ili elan edilib. Xalq Cümhuriyyətinin
100 illik yubileyi ölkə daxilində və xaricində çoxsaylı tədbirlərlə
qeyd edilməkdədir.
Mərkəzi bankçılığın
yaranmasının 100 illik
yubileyinə həsr olunmuş bugünkü mərasim də həmin silsilə tədbirlərin davamıdır.
Dövlətimizin başçısı
yubiley münasibətilə
Mərkəzi Bankın
bir qrup əməkdaşını yüksək
dövlət mükafatları
ilə təltif edib, bank işçilərinin
əməyinə yüksək
qiymət verib.
Elman Rüstəmov qeyd
edib ki, Mərkəzi Bankın 100
illik yubileyi dövlətimizin başçısı
tərəfindən ölkədə
yeni nəsil iqtisadi islahatlara start verdiyi bir
dövrə təsadüf
edir. İqtisadi inkişafın mühüm
sferalarına nüfuz
edən bu islahatlar başlıca olaraq yeni, daha yüksək, dayanıqlı və inklüziv iqtisadi artım modelinə keçidi özündə
ehtiva edir. Yeni iqtisadi model ölkəmizin yüksək,
təqibedici inkişaf
sürətini təmin
etməklə Azərbaycanla
ondan öndə olan dövlətlər arasında sosial-iqtisadi inkişaf səviyyəsinə
görə fərqlərin
azaldılmasını və
əhalinin həyat-yaşayış
standartlarını daimi
proses olaraq yaxşılaşdırılmasını nəzərdə tutur.
"Son illər ölkədə həyata keçirilmiş
makroiqtisadi stabilizasiya
tədbirləri, o cümlədən
son 3 ildə ölkədə makroiqtisadi
sabitliyin yaranması, aşağı birrəqəmli
inflyasiyanın təmin
edilməsi, milli valyutanın sabitliyi də ölkə vətəndaşlarının real gəlirlərinin artmasına şərait yaradır. Yeni strateji dövrün çağırışları nəzərə alınmaqla
Mərkəzi Bankın
qarşısında mürəkkəb
və şərəfli
vəzifələr durur.
Başlıca vəzifə
bundan sonra da makroiqtisadi sabitliyin qorunması, xüsusən də inflyasiyaya təsir imkanlarının genişləndirilməsidir.
Mərkəzi Bankın
bəyan etdiyi kimi, inflyasiyanın hədəflənməsi rejimində
keçid inflyasiyanın
əsasən faiz dərəcələri vasitəsilə
idarə edilməsinə
imkan verəcək. Bunun üçün monetar sferada islahatlara artıq start verilib”, - deyə Mərkəzi Bankın sədri diqqətə çatdırıb.
Milli Məclisin İqtisadi
siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə ölkəmizdə maliyyə-bank
sahəsində görülən
işlərdən danışaraq
bildirib ki, Azərbaycanın son illər əldə etdiyi uğurlarda Mərkəzi Bankın sanballı rolu var. Parlamentin müvafiq komitəsi 15 ildən çoxdur ki, Mərkəzi Bankla əməkdaşlıq
edir. Mərkəzi Bankla iqtisadi strukturlar arasında koordinasiya ildən-ilə təkmilləşir. Mərkəzi
Banka diqqət Azərbaycan iqtisadiyyatının
dayanıqlı olması,
həm də ölkədə sosial-iqtisadi
proseslərin yeni məzmun kəsb etməsi deməkdir. Mərkəzi Bankın nüfuzu, uğurlu fəaliyyəti Azərbaycanın
dinamik inkişafına
töhfə verməklə
dövlətimizin başçısı
tərəfindən qarşıya
qoyulan hədəflərə
nail olunmasına xidmət edəcək.
Dövlət müstəqilliyimizin bərpasından
sonra Mərkəzi Bankın əsaslarının
formalaşmasında ümummilli
lider Heydər Əliyevin müstəsna rolunu xatırladan Azərbaycan Respublikası
Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov deyib: "Ulu Öndərin
rəhbərliyi ilə
ölkədə makroiqtisadi
sabitliyin təmin edilməsi istiqamətləri
müəyyənləşdirildi, müasir tələblərə
cavab verən monetar idarəetmə mexanizmi quruldu, çevik pul-kredit siyasəti həyata keçirilməyə başlandı.
Eyni zamanda, ölkənin valyuta ehtiyatlarının formalaşdırılması
istiqamətində
mühüm nailiyyətlər
əldə edildi. Hazırda Mərkəzi Bankın və Neft Fondunun vəsaitlərindən
ibarət strateji valyuta ehtiyatları təqribən ÜDM səviyyəsinə
bərabərdir. Bu vəsait ölkədə
maliyyə dayanıqlığının
təmin olunmasında
mühüm əhəmiyyət
kəsb edir”.
Ş.Mövsümov qeyd edib ki, Prezident İlham
Əliyevin rəhbərliyi
dövründə ölkəmizdə
mərkəzi bankçılıq
daha da inkişaf
etdirildi, milli ödəniş sisteminin inkişafında, müasir
elektron ödəniş
sistemlərinin formalaşdırılması,
nağd pul tədavülünün təşkili
istiqamətində mühüm addımlar atılaraq beynəlxalq standartlara cavab verən müasir bank sistemi quruldu.
Həyata keçirilən
çevik və məqsədyönlü monetar
siyasətin nəticəsi
olaraq ölkədə
uzunmüddətli və
dayanıqlı maliyyə
sabitliyinə nail olundu. Bu gün Mərkəzi
Bank, burada yaradılmış peşəkar
komandanın fəaliyyəti
sayəsində böyük
və uğurlu inkişaf yolunu keçib, müasir texnoloji bazaya, geniş idarəetmə potensialına, yüksək
korporativ dəyərlərə
və insan kapitalına malik, beynəlxalq müstəvidə
tanınan struktura
çevrilib.
Dünya Bankının
Azərbaycan ofisinin rəhbəri Navid Hassan Naqvi təmsil
etdiyim qurumun Azərbaycan hökuməti
ilə 27 illik tərəfdaşlığından danışaraq deyib: "Biz ölkənin transformasiya xarakterli iqtisadi yolunun şahidi olmuşuq. Bu tərəfdaşlığın
əsası Azərbaycanın
yenicə müstəqillik
qazandığı və
onu qorumaq uğrunda mübarizə apardığı illərdə
qoyulmuşdu. Vaxtilə
beynəlxalq yardım
alan Azərbaycan bu gün Dünya
Bankının donoruna
çevrilib. Dünya
Bankı ilə əməkdaşlıqda baş
vermiş bu transformasiya həm də onun göstəricisidir
ki, Azərbaycan artıq digər ölkələrə də
yardım göstərmək
iqtidarındadır. Azərbaycan
dövlət müstəqilliyini
bərpa etdikdən sonra Mərkəz Bank ölkənin iqtisadi düşüncəsinin
və onun iqtisadi strategiyasının
formalaşmasında mühüm
rol oynayıb. Tərəfdaşlığımız ərzində Dünya Bankının vəsaitləri
ölkənin fiziki infrastrukturunun yenidən qurulmasına yönəlib.
Bu, həmçinin Azərbaycanın neft sərvətləri sayəsində
mümkün olub.
Azərbaycan Banklar Assosiasiyası
Rəyasət Heyətinin
sədri Zakir Nuriyev deyib ki,
ölkəmizdə biznes
mühitinin yüksəlişi,
dayanıqlı iqtisadi-siyasi
sabitliyi, sosial-iqtisadi quruculuğu, genişmiqyaslı
iqtisadi islahatlar Azərbaycanın regionda ən perspektivli ölkə olduğunu bir daha göstərməkdədir.
Beynəlxalq aləmdəki
nüfuzun qorunub saxlanması, əhalinin sosial vəziyyətindəki
irəliləyiş və
beynəlxalq iqtisadi reytinqlərdəki yüksəlmə
bunu təsdiqləyən
əsas indikatorlardandır.
Dövlət müstəqilliyinin
bərpasından ötən
dövrdə Mərkəzi
Bank öhdəsinə
düşən vəzifələri
layiqincə yerinə yetirib. Uğurlu pul-kredit siyasəti
nəticəsində inflyasiya
ticarət tərəfdaşı
olduğumuz ölkələrə
nisbətdə aşağı
səviyyədə saxlanılıb
ki, bu da
iqtisadiyyatın rəqabətqabiliyyətinin
artmasına və real sektorun inkişafına
müsbət təsir
göstərib. Mərkəzi
Bank yarandığı
gündən kommersiya
bank sektorunun iştirakçıları ilə
daim koordinasiyada işləyərək, maliyyə-bank
sisteminin inkişafı
üçün həyata
keçirilən tədbirlərdə
birgə fəaliyyəti
təmin edib.
Azərbaycan Şahmat Federasiyasının
vitse-prezidenti Faiq Həsənov çıxış
edərək, Mərkəzi
Bankın sədri Elman Rüstəmovun Şahmat Federasiyasının
prezidenti seçilməsindən
sonra ölkəmizdə
bu idman növünün inkişafı
istiqamətində görülən
mühüm işlərdən
danışıb.
Bu məqsədlə geniş konsepsiya hazırlandığını, müvafiq dövlət proqramı qəbul olunduğunu diqqətə
çatdırıb. Qeyd
olunub ki, şahmata dövlət tərəfindən dəstəyin
nəticəsində Azərbaycan
şahmatçıları tarixdə ilk dəfə olaraq Avropa çempionu adını qazandılar.
Sonra Mərkəzi
Bankın 100 illiyi münasibətilə hazırlanmış
yubiley poçt markasının imzalanma mərasimi oldu. Poçt markasını Mərkəzi Bankın sədri Elman Rüstəmov və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə imzaladılar.
Sonda Azərbaycanda mərkəzi
bankçılığın yaranmasının 100 illiyi
münasibətilə və
bank işinin inkişaf etdirilməsindəki
xidmətlərinə görə
Azərbaycan Prezidenti tərəfindən təltif
olunmuş Mərkəzi
Bankın bir qrup əməkdaşına
mükafatlar təqdim
edildi.
Respublika.- 2019.- 1
oktyabr.- S.2.