Nəriman Nərimanovun “Müstəqil Sovet Azərbaycanı quruculuğu”

(1920-1921-ci illər)

 

Nəriman Nərimanov əqidəli, iradəli və təcrübəli siyasi xadim idi. O, Bakıda şərəfli, məsuliyyətli işdə böyük çətinliklərlə üzləşəcəyini bilirdi. Şərq ölkələrinin, doğma Azərbaycanın nicatı, azadlığı və xoşbəxt gələcəyi üçün bu tarixi fürsəti həyatı bahasına olsa da, yerinə yetirəcəyini qət etmişdi. Müqəddəs borc bildiyi vəzifəni yerinə yetirəcəyinə inanırdı. Bakıya yola düşməzdən əvvəl V.İ.Leninlə görüşündə səmimi söhbətləri bu inamı möhkəmləndirmişdi. Lakin N.Nərimanov Bakı fəaliyyətinin ilk günlərindən onu duman kimi bürüyəcək “bolşevik şovinizmi” kabusundan xəbərsiz idi.

Azərbaycanda aprel çevrilişinin ilk günlərindən iqtisadiyyat və dövlət quruculuğunda yerli şəraiti nəzərə almadan Sovet Rusiyası üsul idarəçiliyinin tətbiqi - totalitar rejimin əsasları qoyulurdu.

 

 

1920-ci ilin mayından Azərbaycan İnqilab Komitəsinin Rusiyada olduğu kimi, torpaq üzərində xüsusi mülkiyyət hüququnu ləğv etməklə torpağı milliləşdirməsi, meşələrin, suyun və yerin təkinin milliləşdirilməsi, istehsalat üzərində fəhlə nəzarətinin qoyulması, neft sənayesini milliləşdirməsi və sairə sovet totalitar rejimin əsaslarını bərqərar edilirdi (Bax: Azərbaycan iclaslarının protokolları (1920-1922-ci illər). Bakı, 2009, səh.6).

Ölkənin idarə edilməsində inzibati işləri Azərbaycan Xalq Daxili İşlər Komissarlığı həyata keçirirdi. Ölkədaxili bütün qəzalarda, şəhərlərdə İnqilab komitələri və İcraiyyə komitələrinin qəbul etdikləri qərar və əmrləri Xalq Daxili İşlər Komissarlığı təsdiq edirdi.

Birinci Ümumazərbaycan Sovetlər qurultayında (16-18 may 1921-ci il) geniş xalq kütlələri arasında narazılığın artmasının səbəbləri barədə çıxış edən nümayəndələr N.Nərimanovdan soruşurdular ki, əgər Azərbaycan deyildiyi kimi həqiqətən müstəqildirsə və Rusiya Federasiyası ilə bərabər hüquqlu respublikadırsa, onda nəyə görə Sovet Rusiyası Azərbaycanın daxili işlərinə istədiyi kimi müdaxilə edir? Niyə Azərbaycan öz neftinin həqiqi sahibi deyil və ondan istədiyi kimi istifadə edə bilmir? Soruşulur ki, nəyə görə yaxın vaxtlarda Azərbaycanın xarici işlər və hərbi komissarlıqlarının ləğv ediləcəyi və Azərbaycanın xarici ticarətinin RSFSR xarici ticarəti ilə birləşdiriləcəyi haqqında söhbətlər gedir. Zaqafqaziya yollarının respublikamızın yolları ilə birləşdirilməsini necə izah etmək olar?..

N.Nərimanov suallara cavabında Sovet respublikalarının bəzi məsələlərdə ümumi bir mərkəzdən idarə olunmasına haqq qazandırır və bunun sosializmin təbiətindən irəli gəldiyini sübut etməyə çalışırdı. Öz cavabında o, bildirirdi ki, bunun üçün “biz ilk növbədə Sovet hakimiyyətinin mahiyyətini” başa düşməliyik. Biz deyirik ki, nə qədər düşmənlərimiz məhv edilməyib sosialist respublikaları vahid bir küll təşkil edəcək, hər yerdə və həmişə vahid cəbhədə çıxış edəcəklər. Belə bir vaxtda hər hansı Sovet Sosialist Respublikası tam suverendir, ya yox söhbəti ola bilməz. Əgər onlar hər biri öz küncünə çəkilirsə və hərə öz mühasibat hesabını apararsa, onda biz hamımız məhv olarıq.

“Lenin milli siyasəti”nə və “Rusiyanın və Şərqin bütün müsəlman zəhmətkeşlərinə!” müraciətinə N.Nərimanov dərin inam bəsləyirdi. V.İ.Leninin “Milli siyasəti”nin elan olunmuş prinsiplərində deyilirdi:

“Rusiya xalqlarının bərabərliyi və suverenliyi; Rusiya xalqlarının azad surətdə öz müqəddəratlarını təyin etməsi (ayrılmaq və müstəqil dövət yaratmağa qədər); bütün milli və milli-dini imtiyaz və məhdudiyyətlərin ləğvi; Rusiyada azlıqda qalan xalq və etnik qrupların müstəqil inkişafı” (Dekretı Sovetskoy vlasti, tom I, M.1957, səh.113).

Azərbaycan Müvəqqəti İnqilab Komitəsi 1920-ci il aprelin 27-də yaranmışdı. Həmin il aprelin 29-da İnqilab Komitəsinin keçirilən ilk iclası protokolundan məlum olur ki, bu Komitə “həqiqətən tam hakimiyyətə sahib deyildi” (Bax: “Azərbaycan İnqilab Komitəsinin Xalq Komissarları Sovetinin protokolları” (1920-1922-ci illər), Bakı, 2019, səh.12).

1920-ci il mayın 27-dək Azərbaycan K(b)P MK-nın qəbul etdiyi bir sıra qərar əsasında İnqilab Komitəsində tədbirlər həyata keçirilmişdir. İnqilab Komitəsində müzakirə edilmiş, təcili rəsmi arxiv sənədlərindən göründüyü kimi, Azərbaycan K(b)P MK-nın bütün qərarları İnqilab Komitəsi tərəfindən təcili icra edilmişdir: Hətta ölkədə olan xarici valyuta təcili olaraq “beynəlxalq təbliğatın ehtiyaclarını təmin etmək məqsədi ilə” Moskvaya göndərilmişdir;

Torpaqların milliləşdirilməsi haqqında dekret layihəsi təsdiq edilmişdir. Səməd Ağamalı oğlu Xalq Torpaq Komissarı, Q.Musabəyov isə Xalq Ərzaq Komissarı, Azərbaycan Xalq Təsərrüfatı Şurası yaradılaraq N.Sovolyov onun sədri (Tez-Qazaryan, M.Hacinski, N.Tyuxtenev və Q.Pılayev kollegiya üzvləri), S.Yaqubov Azərbaycan SSR Xalq Əmək Komissarı, Koval, Apryatkin və Sapunov həmin komissarlığın kollegiya üzvləri təyin olunur. Azərbaycanın bütün qəzalarında təcili olaraq Qəza İnqilab komitələrinin yaradılması qərara alınır. Həmin qərarla Baba Əliyev, A.Yusifzadə, M.Ağayev, B.Cəfərov və İsrafilovdan ibarət Bakı Qəza İnqilab Komitəsi yaradılır. Bakı şəhər rəisliyi Bakı İnqilab Komitəsinə tabe edilir.

Məlum olduğu kimi, Azərbaycanda sovet hakimiyətinin yarandığı 20-ci illərdə Xalq Komissarları Soveti formalaşdırılsa da, ali hakimiyyəti, həm də icra işlərini Azərbaycan İnqilab Komitəsi yerinə yetirirdi.

Birinci Ümumazərbaycan Sovetlər Qurultayında (6-18 may 1921-ci ildə) Azərbaycan SSR-in ilk konstitusiyası qəbul edildikdən sonra Azərbaycanda Mərkəzi İcraiyyə Komitəsi (MİK) Ali hakimiyyət, Xalq Komissarları Soveti (XKS) isə ali icraedici orqan kimi fəaliyyət göstərməyə başladı.

İnqilab Komitəsinin 1920-ci il mayın 12-də keçirilən iclasında Azərbaycan ərazisində fövqəladə komissarların təyin edilməsi barədə qərar qəbul edilir. Azərbaycan K(b)P MK-nın qərarına əsasən keçmiş Gəncə quberniyasına H.Sultanovu komissar, Y.Kvantaliani və V.Xutulaşvili onun müavinləri; Qarabağa D.Bünyadzadə fövqəladə komissar, A.Karakozov isə erməni hissəsi üzrə ona müavin; Quba qəzasına isə A.Qoqoberidze komissar təyin olunur; Azərbaycan SSR-də keçmiş Məhkəmə institutları ləğv olunaraq Xalq məhkəmələrinin yaradılması haqqında Əsasnamə təsdiq olunur.

Oğurluq və digər sui-istifadə hallarına qarşı mübarizə məsələləri müzakirə edilərək fabrik, zavod, mədən, gəmi və emalatxanalarda xüsusi fəhlə nəzarəti qoymaq barədə qərar qəbul edilmişdir (səh.12).

Azərbaycan Müvəqqəti İnqilab Komitəsi “İnqilab Komitəsinin yaradılması haqqında” Bakı şəhəri və Azərbaycan əhalisinə 28 aprel 1920-ci il tarixli müraciətində Azərbaycan zəhmətkeş kütlələri içərisində fəhlə-kəndli hakimiyyətinin yaranması məqamında hamını köməyə çağırır. Bildirir ki, Azərbaycanın yenidən yaranmış əsl müstəqilliyini daha da möhkəmləndirmək, onu qorumaq üçün Qırmızı Ordu köməyə gəlir. “Azərbaycan Sovet Respublikası adından İnqilab Komitəsi Rusiya Federativ Sovet Respublikası ilə qarşılıqlı etimad və tanınmaya əsaslanan sıx, qardaşlıq ittifaqı təklif edir.

Sovet Rusiyası və Sovet Azərbaycanı fəhlə kəndlilərinin qüvvələri birliyi və qarşılıqlı köməyi Qafqazda və Şərqdə fəhlə inqilabı qələbəsinin etibarlı rəhnidir” (Orada).

Belə bir məqamda İnqilab Komitəsi “qanlı vətəndaş müharibəsi” istəmədiyinə, “bütün vətəndaşların tam toxunulmazlığına” təminat verir, həmvətənlərini “əməkçi Azərbaycanın azadlığı uğrunda” birlikdə mübarizə aparmaq üçün Nəriman Nərimanovun da imzası ilə müraciət yayması böyük təsir qüvvəsinə malik idi.

Çünki Azərbaycan fəhlə-kəndliləri Nəriman Nərimanova inanır, ona böyük etimad bəsləyirdilər.

N.Nərimanov Bakıya gəlişinin ertəsi gün (17 may 1920-ci il) Azərbaycan İnqilab Komitəsinin ilk iclasında sədrlik etmiş, Bakı və Lənkəran inqilab komitələrinin bir aylıq fəaliyyəti, ölkədəki ictimai-siyasi və iqtisadi vəziyyəti barədə məruzələri dinləmişdir.

Nəriman Nərimanovun Bakıya gəlişinə qədər XI Qırmızı Ordu tərəfindən Azərbaycanın işğalı başa çatmışdı. Bu müddət ərzində XI Qırmızı Ordunun kəndlərdə bəy-xan mülklərini talan etməsi, özbaşınalığı barədə iclasda eşidilən söz-söhbət N.Nərimanovu narahat etmişdi.

1920-1922-ci illərdə N.Nərimanovun Azərbaycan İnqilab Komitəsi və Xalq Komissarları Sovetinin yığıncaqlarında sədrlik etdiyi iclasların protokollarından göründüyü kimi ölkənin elə bir taleyüklü məsələsi olmamışdır ki, bu iclaslarda müzakirə edilməmiş olsun. Burada təcili tədbirlərin həyata keçirilməsi qərara alınırdı. Həmin tarixi sənədlərdə zəhmətlə dolu həyatın ritmi döyünürdü. Görüləcək işlərin mərkəzində Nəriman Nərimanov dayanmışdı. O, həmişə fikirli, qayğılı olurdu. Dumanlı Şərq dünyasına pəncərə açmaq üçün Azərbaycanda nümunəvi respublika yaratmaq son dərəcə çətin, məsuliyətli vəzifə idi.

Mötəbər mənbələrdən göründüyü kimi, Sovet Azərbaycanı dövlətinin tərkibi əsasən milli kadrlardan təşkil olunsa da hakimiyyət sükanını özgə millət nümayəndələri Kirov, O.Kaminski, S.Orconikidze, A.Mikoyan idarə edirdi.

1920-ci ilin mayından Azərbaycanda ilk quruculuq işlərinin bütün sahələrində sovet totalitar rejimi hakim kəsilmişdi.

Yeni hakimiyyət strukturunun bərqərar olması, idarəçilik, iqtisadiyyat, siyasi və ideoloji iş Sovet Rusiyasında olduğu kimi öz “etibarlı” adamlarına tapşırılmışdı. Bolşeviklər bütün işləri “demokratik mərkəziyyət prinsipi” əsasında idarə etməyə çalışırdılar.

“Ölkədə bütün hakimiyyət tam şəkildə bolşeviklər partiyasının mərkəzi komitəsindən başlayaraq, getdikcə şaxələnən yerli partiya təşkilatlarlarının əlində cəmləşdirilirdi (Tarixin gərdişi sübut etdi ki, Xalq Komissarları Sovetinin sədri V.Lenin və Milli İşlər üzrə Xalq komissarı İ.Stalin “Rusiya xalqlarının hüquq bəyannaməsində” və “Rusiyanın və Şərqin bütün müsəlman zəhmətkeşlərinə” (1917) müraciətlərində verdikləri vədlər yalan və riyakarlıqdan başqa bir şey deyilmiş. Onların bəlağətli, təntənəli sözləri ilə əməlləri arasında uçurum olmuşdur).

N.Nərimanov “dumanlı” ictimai-siyasi mühitdə əqidəli, prinsipial dövlət xadimi kimi qarşısına məqsəd qoymuşdu: Xalq Cümhuriyyətinin dağıdılmış, talan olmuş xalq təsərrüfatı məkanında bütün Şərq ölkələrinin həsəd apara biləcəyi nümunəvi müstəqil sovet Azərbaycanı yaratmaq. Şərq ölkələrinin azadlığı naminə istedad və bacarığını, təcrübəsini bu müqəddəs işə həsr etmək.

Azərbaycanda Sovet hakimiyyətinin ilk illərində ən mühüm problemlərdən biri - ərzaq təchizatı problemi idi. Ölkədə aclığı aradan qaldırmaq üçün təcili tədbirlər görülməli idi. Cavanşir, Qubadlı, Gəncə, Şamxor, Qazax, Tovuz və Şuşa qəzalarında aclıq hökm sürürdü. 1921-ci ilin iyulunda Azərbaycan Xalq Komissarları ərzaq (çanaq) toplamaq məqsədilə qəzalara təhkimçilər göndərilməsi, Azərbaycan Aclara Kömək Mərkəzi Komitəsinin 10 milyard manat kredit ayırması, Azərbaycan Xalq Komissarları Sovetinin təklifi ilə Azərbaycan Neft Komitəsinin sədri A.Serebrovskiyə təcili 75 min pud ağ nefti bazarda satdırıb aclara kömək üçün sərf etməsi, taxıl məhsullarının Bakıya məneəsiz gətirilməsi, Bakı Gömrük İdarəsinin yığdığı rüsumların tam yarısının aclar üçün göndərilməsi, Dövlət Qiymətli Əşyalar Fondunun 50 min manatlıq qiymətli əşyalar ayırması ərzaq təchizatı problemini həll etdi.

Azərbaycan Neft Komitəsinin vəsaiti ilə Türkiyənin “Hacı Paşazadə qardaşları” tiracət evindən Azərbaycan əhalisinə manufaktura, ayaqqabı, paltar, kağız və başqa mallar göndərildi. Nəriman Nərimanov Azərbaycan İnqilab Komitəsinin növbəti iclasında (4 oktyabr 1920-ci ildə) ehtiyacı olan Anadolu türklərinə valyuta ilə təcili yardım göndərmək məsələsini müzakirəyə çıxarmışdır. İclasda qəbul olunmuş qərarda deyilir:

“Anadolu inqilabçılarının briliant, qızıl və xalça kimi qiymətli valyuta ilə təmin edilməsinin vacibliyini nəzərə alaraq, Xalq Xarici İşlər Komissarlığına təklif olunsun ki, Anadoluya göndəriləcək valyutanın təchizi və göndərilməsi barədə müvafiq layihə təqdim etsin” (səh.16).

Arxiv sənədlərindən göründüyü kimi, N.Nərimanov Türkiyə xalqının lideri Mustafa Kamal Atatürkün rəhbərliyi ilə xarici işğalçılara qarşı mübarizəsində onlara qardaşlıq köməyini əsirgəməmişdir.

1921-ci ilin mayında N.Nərimanov XI Qırmızı Ordu rəhbərliyinin Qafqaz cəbhəsi komandanının Qarakilsədə Türkiyə ordusunun komandanı Qarabəkir Paşa ilə görüşü zamanı türk ordusuna hədiyyə olaraq 30 sistern ağ neft və benzin göndərmək xahişini yerinə yetirmiş, bundan sonra müntəzəm davamlı qardaşlıq yardımını əsirgəməmişdir (səh.20).

N.Nərimanovun məlumatı əsasında 1921-ci il iyunun 13-də Azərbaycan Xalq Komissarlarının növbədənkənar iclası keçirilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin və xarici ölkələrdə təhsil almağa göndərdiyi tələbələrə maddi kömək göstərilməsi barədə təklif müzakirə olunmuşdur.

Nəriman Nərimanov 1920-ci il mayın 17-dən İnqilab Komitəsinin iclaslarına sədrlik etmişdir. O, yeni hakimiyyətin quruculuğu ilə ciddi məşğul olmağa başlamışdır. Xalq təsərrüfatı dağılmış ölkədə həlli çətin problemləri həll etmək, sosial-iqtisadi, mədəni dirçəlişə nail olmaqdan ötrü fövqəladə bacarıq, dərin bilik və dözüm tələb olunurdu. Məqsəd ölkəni təkcə xaos vəziyyətdən çıxarıb dirçəltməkdən ibarət deyildi. Onun məqsədi Azərbaycanı bütün Şərq İslam dünyasını cəlb edən nümunəvi ölkəyə çevirmək idi.

Nəriman Nərimanovu gecə-gündüz düşündürən Azərbaycanı türk kökənli millətin ölkəsi kimi dirçəltmək, bütün Şərqə nümunə olan, dünyada tanınan dini, dili, milli mənsubiyyəti inkişaf etmiş məmləkət görmək istəyirdi.

Nəriman Nərimanov Şura Rusiyası hökumətinin qanun-qaydaları çərçivəsində, yerli şəraiti nəzərə almaqla müdrik dövlət başçısı kimi Azərbaycanda quruculuq işinə başlamışdı. Şura Rusiyası Xalq Komissarları Sovetinin sədri Vladimir İliç Lenin ona inanırdı, nümunəvi müstəqil Azərbaycan yaratmaq niyyətinə xeyir-dua vermişdi.

Arxiv sənədləri, dekret protokolları, müqavilələr və rəsmi yazışmalar Nəriman Nərimanovun dövlət başçısı kimi ictimai-siyasi fəaliyyətinin ağlasığmaz miqyası, yorulmaz əməyi, mübarizəsi heyrət doğurur.

Xalq təsərrüfatı dağılmış ölkədə bərpa işləri, qayda-qanun yaratmaq elə şəraitdə baş verirdi ki, menşevik Gürcüstan və daşnak Ermənistan hərbi hissələri Azərbaycan sərhədlərində təxribat törədir, torpaq iddiası ilə kəndlərə hücum edirdilər.

Müvəqqəti İnqilab Komitəsi N.Nərimanovun başçılığı ilə düşmən qoşunlarının təcavüzkarlıq hücumlarının qarşısını almaqla yanaşı, Gürcüstan və Ermənistan hökumətləri ilə danışıqlar aparmalı olurdu. Bu danışıqlarda N.Nərimanov dövlət başçısı kimi Azərbaycanın mövqeyini müdafiə edirdi. Belə ki, N.Nərimanov İnqilab Komitəsində menşevik Gürcüstan və daşnak Ermənistanla danışıqlar haqqında məruzəsində Rusiya Sovet hökumətinin Ermənistandakı nümayəndəsi Leqranın bağladığı müqaviləni tamamilə qəbuledilməz hesab edir.

Qərarda bildirilir ki, “Ermənistanın daşnak hökuməti ilə bu cür müqavilənin bağlanması Şərq siyasətindən imtina etmək deməkdir. Habelə bu Azərbaycanın daşnaklar tərəfindən dağıdılmasına şərait yaradır. Buna görə də Azərbaycan SSR hökuməti təkidlə təklif edir ki, bu müqavilənin imzalanmasından imtina edilsin” (səh.17).

1921-ci il mayın 23-də Bakıda Azərbaycan SSR Xalq Komissarları Sovetinin ilk iclası N.Nərimanovun sədrliyi ilə keçdi. Həmin iclasda AK(b)P MK-nın qərarı əsasında banditlərlə və qaçaq-quldura qarşı mübarizə aparmaq üçün xüsusi fövqəladə üçlük yaradıldı. Fövqəladə üçlük müəyyən etdiyi bandalara və qaçaq-quldurlara ən ağır cəzanı Azərbaycan İnqilab Tribunalı tətbiq edə bilərdi. Ümumiyyətlə, dövlət strukturları Sovet Rusiyasındakı qaydaya müvafiq göstərişlə yerinə yetirildi (səh.21).

Müstəqilliklə əlaqəli vəzifələrin məhdudlaşdırılması müşahidə olunsa da N.Nərimanov öz səlahiyyətləri çərçivəsində Azərbaycan xalq təsərrüfatının inkişafını, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasını və ən zəruri məsələlərin həyata keçirilməsini diqqət mərkəzində saxlayırdı.

1920-ci ilin yayında Sovet Rusiyası Azərbaycanın torpaqları - Naxçıvan, Zəngəzur, Şərur-Dərələyəz uğrunda Ermənistan daşnak hökuməti ilə hərbi döyüşlər apardığı məqamda Azərbaycanın iştirakı olmadan onun mübahisəsiz torpaqlarının Ermənistana verilməsi məsələsi barədə gizli siyasi və diplomatik danışıqlar aparırdı. Bundan xəbər tutan N.Nərimanov V.İ.Leninə yazırdı: “Dəhşətli vəziyyət yaranmışdı. Mərkəz Gürcüstan və Ermənistanın müstəqilliyini, Azərbaycanın isə istiqlaliyyətini tanımış, lakin eyni zamanda mərkəz Azərbaycanın tamamilə mübahisəsiz ərazilərini Ermənistana verir”.

Azərbaycanın əyalətlərində əksinqilabçıların ixtişaş və üsyan törətməsi də ciddi təhlükə yaradırdı. İnqilab Komitəsində Gəncədən göndərilən teleqram təcili müzakirə edilir. Teleqramda həyəcanla deyilirdi:

“Səhiyyə köməyinə böyük ehtiyac var. Belə ki, Gəncənin küçələrində bu günə qədər külli miqdarda ölülər atılıb qalır. Bu da kütləvi epidemiyanın yayılmasına səbəb ola bilər. Şəhərin bütün müsəlman hissəsi top atəşindən güclü dağıntıya məruz qalıb. Şəhər yoxsulları arasında ərzağa böyük ehtiyac var. Gəncəyə 20 nəfər təcrübəli partiyalı yoldaşlar göndərmək lazımdır. Onlarsız ola bilsin ki, üsyan yenidən qızışdırılsın”.

İnqilab Komitəsinin qərarı ilə Xalq Səhiyyə və Ərzaq komissarları müsəlman işçi qrupunun müşayiəti ilə Gəncə zəhmətkeşlərinə “həkim dəstəsi, medikament, 20 vaqon düyü, 5 vaqon kişmiş, 50 milyon manat nağd pul göndərmişdir”.

Mayın 26-da keçirilən həmin iclasda İnqilab Komitəsinin qərarı ilə Azərbaycan Sovet Fəhlə-Kəndli Müdafiə Şurası yaradılır.

N.Nərimanov sovet hökumətinin xalq kütlələrinə azadlıq və firavanlıq ruhunda car çəkdiyi Lenin siyasi kursu istiqamətində Azərbaycanda daxili imkanlardan istifadə edərək, ictimai-siyasi və iqtisadi sahələrdə dönüş yaradırdı.

N.Nərimanovun Azərbaycanda Xalq Komissarları Sovetinin sədri işlədiyi müddətdə böyük nüfuz və səlahiyyətləri çərçivəsində olduqca faydalı işlər həyata keçirirdi ki, bu da Sovet hökumətinin gizli siyasətini təmsil edən mənsəbpərəst məmurları qıcıqlandırırdı.

N.Nərimanov Müstəqil Sovet Azərbaycanının Ordusunun yaradılması istiqamətində real tədbirlər həyata keçirirdi. İnqilab Komitəsinin 1921-ci il martın 27-də keçirilən iclasında Azərbaycan ordusuna xidmət edən 6-cı xüsusi şöbə yaradılması qərara alınmışdı. Qərarda deyilir: “Azərbaycan ordusu müstəqil strukturdur və onun idarəsi bütövlükdə Azərbaycan SSR Xalq Hərbi Dəniz Komissarlığının sərəncamına verilir...”.

Azərbaycan İnqilab Komitəsi müstəqil Azərbaycan Ordusunun yaradılması məqamında RSFSR Xalq Komissarları Sovetinə rəsmi müraciətində Azərbaycan SSR-dən göndərilmiş türk mənşəli bütün zabitləri və məşhur generallar S.A.Mehmandarov və Ə.A.Şıxlinskini də Bakıya, geriyə göndərməsi xahiş edilirdi. Həmin iclasda ordunun hərbi mükəlləfiyyət yolu ilə təşkil edilməsi də təklif olunur (səh.20).

1920-ci il noyabr ayının 10-da çağırılan iclasda Azərbaycan İnqilab Komitəsi tərkibində və iş prinsipində dəyişiklik etməyi qərara alır və oradaca rəyasət heyəti yaradılır. Üç gündən sonra İnqilab Komitəsi Rəyasət Heyətinin sədri olan N.Nərimanov Xalq Komissarlarının tərkibini elan edir. Həmin iclasda ölkənin bütün daxili və xarici təsərrüfat siyasətini həyata keçirən Ali İqtisadi Şuranın təşkili qərara alınır.

Banditizmin ləğvi və cinayətkarların cəzalandırılması işində özbaşınalığı aradan qaldırmaq məqsədi ilə İnqilab Komitəsinin 1921-ci il yanvarın 14-də keçirilən iclasında Azərbaycan SSR Ali İnqilab Tribunalı ilə Azərbaycan SSR Hərbi Səhra Tribunalının birləşdirilməsi haqda dekret layihəsi müzakirə edilərkən “Hökmlər Azərbaycan SSR İnqilab Komitəsi tərəfindən təsdiq olunur” əlavəsi ilə qəbul edilmişdir (səh.18).

N.Nərimanov ölkə başçısı kimi Milli mədəniyyəti, maarif və səhiyyəni günün tələbi səviyyəsinə çatdırmağa təxirəsalınmaz vacib vəzifə kimi baxırdı: kənd və şəhərlərdə savadsızlığın ləğvi, ixtisas kursları, məktəblərin, tibb məntəqələrinin, xəstəxanaların açılması kütləvi hal almışdı. Bakıda Ali-bədii emalatxana, teatr və mədəniyyət ocaqları yaradılmışdır. N.Nərimanovun təşəbbüsü ilə şair Mirzə Ələkbər Sabirin vəfatının 10 illiyi ərəfəsində əsərləri nəşr edilmiş, “İslamiyyə” binası yanında (25 dekabr 1922-ci ildə) abidəsi ucaldılmışdı. İnqilab Komitəsi (7 fevral 1921-ci ildə) Hacı Zeynalabdin Tağıyev teatrının təmiri üçün 303 milyon vəsait ayırmışdı.

Azərbaycan Xalq Cümhuriyyəti yüksəkixtisaslı kadrların hazırlanması üçün Fransa, İtaliya, İngiltərə, Almaniya və Türkiyəyə təhsil almağa yüz istedadlı gənc göndərmişdi. Aprel çevrilişindən sonra təqaüdləri kəsilən tələbələrin maddi vəziyyəti son dərəcə ağırlaşmışdı. Səkkiz aydan sonra Azərbaycan Tələbə Mərkəzinin Berlin Komitəsindən tələbə Hilal Munşiyevin yazıb göndərdiyi həyəcanlı məktubunda deyilirdi: “Paramız tükəndiyindən təkcə təhsilimiz deyil, güzəranımız da böhranlı vəziyyətdədir. 9 aydır ki, qeyri-müəyyən və müşkül halda bulunmaqdayıq. Belə getsə dolanacağımız fənalaşacaq və təhsilimiz yarımçıq qalacaqdır”.

Rəsmi arxiv sənədlərindən göründüyü kimi, tələbələrin acınacaqlı vəziyyətini təlaşla xəbər verən məktubla tanış olan N.Nərimanov dərkənarda yazır: “T.Əliyev və Tağıyev yoldaşlara. Təcili icra edilsin. Tələbə komitəsinə yüz min marka göndərilsin” (Bax: R.Qəhrəmanova. Nəriman Nərimanov. Dünən, bu gün, sabah, Bakı, Vektor, 2013, səh.68).

Həmin iclasda N.Nərimanovun təklifi ilə Bəhram Axundov xaricdə təhsil alan azərbaycanlı tələbələrin işləri üzrə xüsusi müvəkkil təyin edilməsi qərara alınır (Bəhram Axundov Azərbaycan Xalq Cümhuriyyətinin Parlament üzvü olmuşdu. 1919-cu ildə M.Ə.Rəsulzadənin təklifi və parlamentin qərarı ilə xaricdə təhsil alan azərbaycanlı tələbələrin təhsili, maddi təminatı ilə məşğul idi).

1921-ci il iyul ayının əvvəllərindən 1922-ci ilin yanvarına qədər Avropada ezamiyyətə göndərilən Bəhram Axundov Almaniya, Fransa, İtaliya və Türkiyə şəhərlərinin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə görüşür, yardım edir, onları böhranlı vəziyyətdən çıxarır. Bəhram Axundov Bakıya qayıtdıqdan sonra, 1922-ci il mart ayının 2-də “N.Nərimanova ətraflı hesabat təqdim edir. Beləliklə, Nəriman Nərimanovun şəxsi göstərişi ilə xaricdəki azərbaycanlı tələbələrə təhsillərini müvəffəqiyyətlə davam etdirmələrinə şərait yaradılması işi təşkil olunur.

1922-ci ilin axırlarında N.Nərimanov Moskvaya işə göndərildikdən sonra xaricdə təhsil alan azərbaycanlı tələbələrə münasibət yenidən dəyişilir (Bax: Azərbaycan iclaslarının protokolları (1920-1922-ci illər. Bakı, 2009, səh.6).

Zaqafqaziya respublikalarında sovet hakimiyyəti bərqərar olunduqdan dərhal sonra üç ölkə - Azərbaycan, Gürcüstan və Ermənistan arasında narahatlıq doğuran, münaqişələrə səbəb olan sərhədlərin tənzimlənməsi təxirəsalınmadan həll olunmalı idi. Ona görə də Azərbaycan Xalq Komissarları Sovetinin 1921-ci il 13 iyunda keçirdiyi iclasda Tiflisə sərhəd məsələlərini müəyyənləşdirən komissiyaya nümayəndə heyəti göndərilməsi məsələsi müzakirə olunur. Üç gündən sonra növbədənkənar iclasda Azərbaycan SSR Xarici İşlər Komissarı Ə.H.Qarayevin Naxçıvan bölgəsi və Dağlıq Qarabağ səfəri haqqında məruzəsi dinlənir. Məlum olur ki, Ermənistan SSR hakimiyyəti, Dağlıq Qarabağı ələ keçirmək iddiasında olan erməni bolşevikləri daşnak siyasətini davam etdirir, hətta A.Muravyanı Şuşaya xüsusi müvəkkil kimi təyin etmişlər. N.Nərimanovun təklifilə ərazi məsələləri həll edilənə qədər A.Mravyanın Qarabağdakı səlahiyyəti ləğv olunur: Ş.Orconikidzeyə, Ermənistan İnqilab Komitəsinin sədri A.Myasnikyana və Azərbaycan Hərbi Dəniz Komissarlığına etiraz teleqramı göndərilir. Həmin məsələyə AK(b)P MK siyasi və təşkilat bürosunda baxıldıqdan sonra N.Nərimanov Tiflisə RKP MK-nın Qafqaz bürosuna dəvət olunur (səh. 22-23).

1921-ci il iyul ayının 4-də Qafqaz bürosu plenumunun axşam iclasında RKP MK üzvü Stalinin və büro üzvlərinin (Orconikidze, Maxaradze, Myasnikov, Nazarapetyan, Oraxelaşvili və Fiqatnerin) iştirakı ilə müzakirə edilir. Burada Qarabağ məsələsinə iki baxış: 1) Qarabağı Azərbaycan hüdudunda saxlamaq; Bütün əhalinin, erməni və azərbaycanlıların iştirakı ilə Qarabağda sorğu keçirmək.

2) Qarabağın Dağlıq hissəsini Ermənistan tərkibinə daxil etmək; sonra sorğunu ancaq Dağlıq Qarabağda keçirmək səsə qoyulur.

Plenumda meydana çıxan iki baxışa iştirakçıların səsverməsindən sonra, nəticədə qərara alınır: “Dağlıq Qarabağı Ermənistan SSR-in tərkibinə daxil etmək, sorğunu ancaq Dağlıq Qarabağda keçirmək”.

N.Nərimanov qərarla razılaşmır, bəyənatla çıxış edərək deyir: “Azərbaycan üçün Qarabağ məsələsinin zəruriliyini nəzərə alaraq onun RKP MK-nın qəti qərarına keçirilməsini vacib hesab edirəm”. (Sov. İKP MK yanında... Azərbaycan filialının Partiya arxivi, fond 64, siyahı 2, iş 1. Vərəq 118).

Ertəsi günü, 5 iyul. 1921-ci ildə RKP MK Qafqaz bürosu plenumu iclasında eyni tərkibli iştirakçılar Qarabağ məsələsini müzakirə edir, səsvermənin nəticəsi olaraq qərara alınır: “Müsəlmanlar və ermənilər arasında milli (sülhün) asayişin vacibliyinin və Yuxarı, həm Aşağı Qarabağın Azərbaycanla daimi olan Şuşa şəhəri inzibati mərkəz olmaqla Dağlıq Qarabağa geniş vilayət muxtariyyatı verilməklə, o, Azərbaycan SSR-in hüdudlarında saxlanılsın.

N.Nərimanovun bəyanatına inam və etimadla yanaşan V.İ.Leninin göstərişi ilə Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması haqqında 5 iyul 1921-ci il tarixli qərarda Şuşa şəhəri inzibati mərkəz olmaqla Dağlıq Qarabağa geniş vilayət muxtariyyatı verilməsi” Qafqaz bürosu iştirakçılarının əksəriyyətinin xristian təəssübkeşliyinin, yerli müsəlman xalqına xəyanətinin göstəricisi idi.

Erməniliyin fürsət düşən kimi Dağlıq Qarabağ münaqişəsinə “bəhanə” imkanı verən bu mürtəce fikrin qəsdən ortaya atılması niyyətini bu gün tarix sübut edir.

Səfalı Qarabağ Azərbaycanın əzəli və əbədi torpağıdır. Məhz ona görə də N.Nərimanov o zaman Azərbaycanın KP Mərkəzi Komitəsində yuva salmış Sarkis, Mirzoyan kimi düşmənlərin, Orconikidze və Kirov kimi ermənipərəstlərin xəyanətini başa düşürdü. Ona görə, Bakıda rəhbərlikdə olduğu müddətdə Qafqaz bürosunun xəyanətkar siyasətinin reallaşmasına imkan vermədi. Onun Azərbaycandan uzaqlaşdırılmasından sonra Dağlıq Qarabağa vilayət statusu verildi.

N.Nərimanov özü bu barədə sonralar yazırdı: “... Dağlıq Qarabağ Mirzoyanın güclü təsiri altında muxtar vilayət elan edilmişdir. Mənim vaxtımda bu mümkün olmamışdır, ona görə yox ki, mən bu muxtariyyətin əleyhinə idim, sadəcə olaraq ona görə ki, erməni kəndlilərinin özləri bunu istəmirdilər. Mirzoyan bu müddət ərzində erməni müəllimlərinin köməyi ilə zəmin hazırladı və məsələni Zaqafqaziya Diyar Komitəsində keçirdi” (Nəriman Nərimanov. Məktublar və Qarabağ məsələsinə dair məktublar. Bakı, Nurlar, 2016, səh.75).

1920-1922-ci illər Azərbaycanda ümumxalq işinə, camaatın maddi rifah halının yaxşılaşdırılmasına, maarif və mədəniyyətin tərəqqisinə, ölkənin hərtərəfli inkişafına bütün qüvvəsini və bacarığını əsirgəməyən N.Nərimanov saf əqidəli, mütəfəkkir ictimai xadim kimi tanınırdı.

Fanatik bolşevik məmurları N.Nərimanovun ədalətli, doğru-düzgün sərbəst əməli işində millətçi təmayülçülük görürdülər. N.Nərimanov gənclik dövründən bədii əsərlərində və publisistikasında beynəlmiləlçilik, dostluq, birlik təbliğ etmişdir. O, ömrü boyu türk xalqlarının birliyi, Şərq xalqlarının azadlığı uğrunda mübarizə aparmışdır.

Çar Rusiyasının müstəmləkəçilik ənənəsini davam etdirən şovinist bolşevik rəhbərliyi Nəriman Nərimanovun obyektiv, qərəzsiz islahatlarından xoşlanmır, cidd-cəhdlə onun səlahiyyətlərini məhdudlaşdırmağa, qara yaxmağa çalışırdılar. N.Nərimanov təkləndi, ciddi hücumlara məruz qaldı. O, ilk illərdəcə anladı ki, Sovet Rusiyasının yaratdığı “məqsədə müvafiq ittifaq forması” Çar Rusiyasının ucqarları mərkəzə birləşdirmək siyasətindən başqa bir şey deyildir. Sovet Rusiyasının Qafqaza can atmaqda başlıca məqsədi neftə və Asiyanın dərinliyinə aparan ən mühüm yollardan istifadə etmək idi. Stalin açıq-açığına deyirdi: “Qafqazın inqilab üçün mühüm əhəmiyyəti onun yalnız xammal, yanacaq və ərzaq mənbəyi olması ilə”, həm də onun Avropa, Asiya və Türkiyə arasındakı mövqeyi “Mühüm iqtisadi yollara malik olması” ilə müəyyən olunur. (Bax: İ.V.Stalin. Əsərləri, IV cild, s.108).

Ölkədə böhranlı ictimai-siyasi və iqtisadi vəziyyətə baxmayaraq, vahid çoxmillətli dövlət yaratmaq niyyətində olan bolşeviklər bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirirdilər. “Müstəqil” respublikalar arasında federal əlaqələr yaradılır, əks-inqilabi qüvvələrlə mübarizə aparmaq üçün dostluq və əməkdaşlıq haqqında ikitərəfli müqavilələr bağlanırdı. “Bütün bunlar Azərbaycan SSR-in Rusiya Federasiyasından iqtisadi, siyasi və hərbi asılılığını artırır, onu tədricən Rusiyadan asılı vəziyyətə salır və keçmiş Rusiya imperiyasını fəhlə-kəndli hökuməti adı ilə yeni Sovet imperiyasına çevirmək üçün yol açırdı (səh.26).

Ölkədə respublikaları vahid bir məcraya salmaq istiqamətində hazırlıq gedirdi. Bu məqamda Cənubi Qafqazda ilk növbədə Azərbaycan, Gürcüstan və Ermənistan arasında ərazi, iqtisadi, kommunikasiya cəhətdən bir-biri ilə əlaqədə olması. Vahid dəmiryolçuların hər üç respublikaya xidmət etməsi nəzərə alınmaqla Zaqafqaziya Federasiyası yaradıldı.

Bu ilk addımlar keçmiş Rusiya imperiyası ərazisində yaşayan xalqları Sovetlər Birliyi adı ilə totalitarizm cəmiyyət toruna salmağa doğru aparırdı. Stalin müstəqil respublikalarla RSFSR arasında federativ əsaslarla vahid sosialist dövləti yaratmaq layihəsini təklif etsə də Lenin 1922-ci ildə Siyasi Büro üzvlərinə göndərdiyi tənqidi məktubunda “çox cazibəli ideya” - respublikaların “bərabər ittifaqı” əsasında yeni dövlət qurumu SSRİ-ni yaratmaq ideyasını ortaya atdı (səh.11).

Nəhayət, 1922-ci il dekabrın 30-da Moskvada keçirilən I Ümumittifaq Sovetlər qurultayında SSRİ yaradıldı.

N.Nərimanov Azərbaycanda Xalq Komissarları Sovetinin sədri işlədiyi müddətdə böyük nüfuz və səlahiyyətləri çərçivəsində olduqca faydalı işlər həyata keçirirdi ki, bu da sovet hökumətinin gizli siyasətini təmsil edən mənsəbpərəst məmurları qıcıqlandırırdı. Nəriman Nərimanovu bəhanə ilə Azərbaycana rəhbərlikdən uzaqlaşdırmaqla onun Şərqdə nümunəvi, demokratik, xalq hakimiyyəti - “Müstəqil Sovet Azərbaycanı” (V.İ.Lenin) yaratmasına imkan vermədilər.

Rus şovinizm azarına yoluxmuş bolşevik məmurları xalqını, vətənini sevən, bütün Şərq xalqlarını xristian dünyasının əsarətindən xilas etməyə çalışan N.Nərimanovu millətçi-təmayülçü adlandırıb, onun ictimai-siyasi fəaliyyətini, şəxsiyyətini, bəşəri xidmətlərini unutdurmuşdu. Lakin doğma xalqı Nəriman Nərimanovu unutmadı. Ulu öndər Heydər Əliyev Türk dünyasının böyük oğlunu qədirbilən xalqına qovuşdurdu. Paytaxtımız Bakının bağrında yüksələn Nəriman Nərimanovun əzəmətli heykəli sanki müstəqil Azərbaycandan öz bəxtiyar, xoşbəxt günləri uğrunda mübarizə aparan Şərq ölkələrinin gələcəyinə böyük ümid və inamla boylanır.

 

Teymur ƏHMƏDOV.

Respublika.- 2019.- 27 oktyabr.- S.7