İŞIQ VƏ MEMARLIQ

 

Ötən 2019-cu il Azərbaycanın son 150 illik tarixinin ən mühüm nailiyyətlərindən olan Azərbaycan elektroenergetikası üçün yubileylər və əlamətdar hadisələr ili kimi yadda qaldı. Məhz həmin ildə respublikamızda elektrik enerjisinin sistemləşdirilməsinin 120 ili, paylayıcı elektrik şəbəkələrin formalaşmasının 90 ili, eləcə də Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin 20 oktyabr tarixinin Energetika günü olaraq qeyd edilməsi ilə bağlı Sərəncamı imzalamasının 15 ili tamam oldu.

 

 

 

Nura doğru

İşıqdan-partlayışdan yaranan kainatın dünya adlı evinin sakini olan insanın bütün yaşam tarixi həm də nura doğru fasiləsiz yürüşdən ibarətdir, deyə bilərik. Gündüz günəşi, gecə isə ulduzları heyranlıqla seyr edən ibtidai insanları qorxudan ildırımlar onların ilk süni işıq mənbəyi oldu. bununla da bəni-adəmin çağımızda belə səngiməyən işıqlandırma ehtiyacını qarşılama amaclı çalışmalarının əsası qoyuldu. İşığın təbiətinə, işıqlandırmanın ibtidai sirlərinə vaqif olduqca insan övladı yenisi əvvəlkindən daha mütərəqqi olan çoxsaylı primitiv işıqlandırma cihazları yarada-yarada irəlilədikcə irəlilədi. Müxtəlif formalı məşəllər, çıraqlar tədricən öz yerini daha “mürəkkəb” işıqlandırma qurğularına verdi. Və bunlar insanların yaşam məkanlarının həm içini və həm də çölünü bəzəməyə başladı, indiki dillə desək, dizayn və memarlıq elementlərinə çevrilərək sürətli inkişafa üz qoydu. Beləcə, əslində sənət əsəri olan bir-birindən gözəl şamdanlarşam çilçıraqları, şəhərlərin simasında özünə möhkəm yer eləyərək mühüm şəhərsalma elementinə çevrilən küçə fənərləri şəbəkəsi yarandı və s.

Şəhəri işıqlandırmaq üçün cərəyan istehsal edən ilk elektrik stansiyası İngiltərədə - Qodalmindəki Mərkəzi güc stansiyası oldu. O, 1881-ci il sentyabrın 26-da istismara verildi. 1883-cü ilin aprelindən “Siemens” şirkəti tərəfindən Azərbaycanda, Gədəbəyin Qalakənd kəndindəki eyni adlı çay üzərində ilk su elektrik stansiyası işə başlamışdı, 80 və 25 at gücündə olan iki turbin cərəyan hasil edirdi.

Stansiya uğurla istismar edilərək gündüzlər buradakı misəritmə zavodunu, mədənin ərazisini, emalatxana və binaları, dəyirmanı elektriklə təmin edirdi. Gecələr isə elektrik enerjisindən evlərin və küçələrin işıqlandırılmasında istifadə olunurdu. Maraqlıdır ki, Avropanın paytaxtböyük şəhərləri, məsələn, London, Paris, Sankt-Peterburq kimi şəhərlər hələ neft lampasından istifadə etdikləri bir zamanda Gədəbəy rayonunda elektrik işığı yanırdı. Qalakənd ətrafında həmin su elektrik stansiyasının qalıqları indi də qalmaqdadır.

İlk elektrik stansiyasının istehsal etdiyi enerji nəticəsində insanların və həyat şəraiti xeyli yaxşılaşdığından sonradan müxtəlif yerlərdə getdikcə artan kiçik elektrik stansiyalarının tikintisinə başlanıldı. Bakı keçmiş çar Rusiyasının elektrik enerjisindən kütləvi surətdə istifadə edən ilk əyalət şəhəri olub. Bunun səbəbi məşhur Bakı nefti idi. Neft sənayesinin sürətli inkişafı ilə elektrik enerjisi istehlakının artması Almaniyanın “Siemens Qalske”, AEG və digər əcnəbi firmaların Bakıda böyük gəlir mənbəyinə çevriləcək elektrik stansiyaları tikintisinə maraqlarının yaranmasına səbəb oldu. Hər şeydən görünürdü ki, bu, yalnız başlanğıcdır və həmin istiqamətdə işlər davam edəcək. Elə də oldu: 1899-cu ildə Bakıda İdarə Heyəti Sankt-Peterburqda yerləşən “Elektriçeskaya sila” (“Elektrik gücü”) adlı Səhmdar Cəmiyyəti təsis edildi. Məqsəd mədən rayonlarını, eləcə də Bakı şəhərini elektrik enerjisi ilə təmin etmək üçün Bibiheybətdə, digəri isə şəhərdə olmaqla iki stansiya tikmək idi. Bunun üçünElektriçeskaya sila” adlı Berlin Səhmdar Cəmiyyətinin Bakı şöbəsi yarandı. Həmin cəmiyyət isə öz növbəsində “Siemens Qalske” firmasının “1886-cı ilin Elektrik İşıqlandırması Cəmiyyəti”nin filialı idi. Bu firma maliyyələşdirmə, layihə-tədqiqat işləri, inşaat, avadanlıq və materialların alınması ilə məşğul idi. Geniş hazırlıq tədbirləri aparıldıqdan, işçi qüvvəsi və mütəxəssislərin dəvət olunması kimi məsələlər həll edildikdən sonra 1900-cü ilin əvvəlində Bakı şöbəsinin rəhbərliyi yekun hesabatla çıxış etdi. Bundan dərhal sonra isə “SiemensQalske” firması Bibiheybətdəki Bayıl burnunda şəhərdə iki elektrik stansiyasının qurulmasına başladı. Bütün bunlar dünyanın neft mərkəzi olan Bakıda sənaye memarlığının özünəməxsus bir qolunun - elektrik stansiyaları, yarımstansiyalar və digər bu tipli tikililəri əhatə edən “elektrik sənayesi memarlığının” təşəkkül tapması anlamına gəlirdi.

Yeni üfüqlərə

XIX əsrin sonlarında Bakıda neft sənayesinin coşqun inkişafı şəhərin və ətrafdakı mədənlərin elektrikləşdirilməsinə ciddi təkan verdi. XX yüzilliyin başlanğıcı ərəfəsində, daha dəqiqi, 1898-ci ildə Bakının neft sənayesi bütün dünyanın neft hasilatının yarısından çoxunu verirdi. Texniki inkişaf nəticəsində neft quyularının dərinliyinin artması, zərblə qazmaya keçilməsi əl əməyi əvəzinə mexaniki mühərriklərin getdikcə daha geniş surətdə tətbiqini şərtləndirirdi.

Əldə olan sənədlərə əsasən, Bakıda ilk elektrik stansiyası 1895-ci ildə Bayıl şosesi üzərindəki “Bakı dokunda quraşdırılıb. Bundan sonra şəhərdəki elektrik stansiyalarının sayı sürətlə artaraq səkkiz il sonra - 1903-cü ildə bunların sayı 70-ə çatmışdı. Artıq 1913-cü ildə Bakının elektrik stansiyaları güc və istehsalına görə yalnız MoskvaPeterburqdan geri qalırdı.

Bütün bu yeniliklər şəhərin və Bakıətrafının memarlıq-şəhərsalma simasına təsir edir, ona öz möhürünü vururdu. Yaradılan yeni stansiya binalarının tikintisi zamanı hər nə qədər bunların şəhərin simasına necə “oturacağı” məsələsi gündəmdə olmasa da, həmin tikililər Bakının ümumi görünüşünə mütləq təsir göstərir və bunların bəziləri onun hətta gələcək simasında da öz yerini tutmaq potensialını qoruyub saxlayırdı. Bu mənada “Siemensin törəmə müəssisəsi olanElektriçeskaya silaSC-nin 1900-cu ildə Bakıda tikməyə başladığı və bir neçə ildən sonra istifadəyə verdiyi o zamana görə böyük olan iki stansiyadan birinin - Bibiheybətdəki stansiyanın taleyi çox maraqlıdır. Ciddi, lakin özünəməxsus Avropa memarlıq ənənələri üslubunda yerli əhəngdaşından tikilmişbir neçə korpusdan ibarət olan bu sənaye obyekti uzun onilliklər ərzində Bakının həmin hissəsinin memarlıq simasında dominant mövqe tutdu. Hündür istehsalat korpusu divarları daş tağlarla haşiyələnərək şüşələnmiş, bunların friz hissəsi rozet formalı dairəvi elementlərlə bəzədilib. “Bibiheybət” elektrik stansiyasının tikintisində çalışmış və sonradan görkəmli sovet diplomatı kimi tanınan Leonid B.Krasinin şərəfinə Sovet dönəmində “Krasin” adlandırılan bu stansiya ötən əsrin 90-cı illərinə qədər Bakı şəhərini elektrik enerjisi ilə təmin edən mənbələrdən biri kimi fəaliyyət göstərirdi. Texnoloji olaraq, zamanla ayaqlaşmayan stansiya bir müddət baxımsız qaldı.

Nəhayət, son onillikdə Bakı şəhərində həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin ümumi kontekstində Heydər Əliyev Fondunun rəhbəri hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə stansiya binası olduğu kimi yenidən bərpa edilərək “loftaçevrildiburada gözəl birDaş salnamə” muzeyi yaradıldı. Elə buradaca qeyd edək ki, sonradan digər məqsədlər üçün istifadə olunan keçmiş sənaye obyektləri memarlıqda “loft” adlandırılır. İngiliscədən tərcümədə “çardaq”, “ikinci mərtəbə” mənasını verən həmin ifadə burada ikincili istifadə anlamında işlənir.

8 iyun 2015-ci ildə Dövlət Bayraq Meydanı ərazisində yerləşən həmin stansiya binasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə “Daş salnamə” muzeyinin açılışı oldu. Bu hadisə təkcə ölkəmizin çağdaş tarixində, ölkəmizdə və paytaxtda aparılmaqda olan dinamik və əhatəli abadlıq-quruculuq işləri çərçivəsində qədim tariximizin təbliği istiqamətində atılmış möhtəşəm bir addım deyildi. Vaxtında, böyük fədakarlıq və bacarıqla yerinə yetirlmiş layihə həm də çox maraqlı, perspektivə hesablanmış, Bakının ümumi simasına böyük müsbət təsir göstərən şəhərsalma təşəbbüsü idi. Şəhərimizin bu hissəsinin hazırkı simasına, Dənizkənarı Milli Parkın davamı kimi ümumi landşaft ansamblına üzvi şəkildə daxil olması onu yaradan insanların - dövlət rəhbərimizin və ölkəmizin Birinci vitse-prezidentinin memarlıq və şəhərsalma sahəsində zəngin bilik və təcrübəyə malik olmalarından soraq verir.

Maraqlıdır ki, “Bibiheybət-Krasin”ə yeni nəfəs verilərkən onun keçmiş təyinatının vurğulanması da yaddan çıxmayıb və binanın əsas korpusunun yaxınlığında butafor xarakterli bir neçə yüksək gərginlikli elektrik dayağı quraşdırılıb. Hazırda Bakı bulvarının bu hissəsinin bakılıların və şəhərimizin qonaqlarının sevimli istirahət məkanına çevrilməsi layihənin uğurlu alınmasının ən bariz sübutudur!..

Hər nə qədər sənaye təyinatlı olsalar da, elektrik stansiyalarının, paylayıcı qovşaqların, yarımstansiyaların və digər bu kimi tikililərin inşası istər-istəməz öz dövrünün memarlıq və tikinti ənənələrini əks etdirir və mütləq də olduğu ərazinin memarlıq və şəhərsalma simasına təsir göstərirdi. Daha bir maraqlı cəhət isə dövrün hakim tələblərinin təsiri altında memarlıq üslublarının dəyişməsi tendensiyasının bu cür sırf sənaye təyinatlı binaların görünüşündə də əks olunması idi. Belə ki, əgər digər Avropa şəhərlərində olduğu kimi, Bakıda tikilən ilk elektrik stansiyaları köhnə qitənin memarlıq ənənələrinin təsiri ilə inşa edilirdisə, 1920-ci illərdən başlayaraq SSRİ-də önə çıxmağa başlamış yeni konstruktivizm cərəyanı bu tikililərin memarlıq simasına da öz möhürünü vurmağa başladı. Bunlar başlanğıcda bir qədər qədim Avropa qəsrlərini, qismən də yeni zavod binalarını andıran elektrik təyinatlı tikililərdən sonra bəzək-düzəksiz, ciddi və xəsis konstruksiyaları ilə ətrafa elektriklə bərabər, həm də əsas etibarilə zövqsüzlük saçmağa başladılar. Bu, avtomobil, dəzgah, kitabmebel işindən tutmuş rəssamlıq, heykəltəraşlıq və memarlığadək bir sıra sahələrə nüfuz etmiş konstruktivizmin özünün təbiətindən irəli gəlirdi. Konstruktivizm təşəbbüskarları belə hesab edirdilər ki, öz istedadını vahid incəsənət əşyalarının yaradılmasına həsr etmişrəssam və ya memarın başlıca vəzifəsi əşya dünyası təsvir eləmək deyil, yaratmaq, konstruksiya etməkdir. Buradan dakonstruktivizmtermini əmələ gəlib. Maraqlıdır ki, konstruktivizm əsasən memarlıqda inkişaf etdi. Belə ki, XX əsrin 20-ci illərində tikilən yaşayış və ictimai binaların memarlıq görünüşündə ümumi tendensiya hiss oilunur. Onlardan biri belə idi - keçmişdən imtinayenilik axtarışı.

Həmin illərdə geniş yayılmış bu istiqamətin devizi “Qənaət, fayda, gözəllik” idi. Konstruktivizm dəmir-betonun böyük texnikiestetik imkanlarından bacarıqla istifadə olunması lakonizminə söykənirdi. Bakıda da konstruktivizmlə maraqlanılması, onun yerli müxtəlif növlüyünün - “Bakı konstruktivizminin” yaranmasına gətirib çıxardı. Bakı şəhərində bir neçə yarımstansiya binası var ki, bunlar konstruktivizm dövründə qəbul olunmuş qaydalarla tikilən istehsalat tikililəridir və paytaxtın memarlıq simasına öz dövrünün nümunələri kimi daxil olmuşlar.

Bakıda hələ sovet dövründən əvvəl tikilmiş bu tip yarımstansiya binalarından birinin - 1914-cü ildə Binəqədi rayonunda inşa edilmişuzun onilliklər ərzində bu ərazidəki neft mədənlərinə xidmət göstərmiş yarımstansiyanın hazırkı taleyi çox maraqlıdır: həmin yarımstansiya binası ilkin vəziyyətdə olduğu kimi bərpa edilib, ərazidə xüsusi abadlıq işləri aparılıb, aşıq havada xüsusi avadanlıqlar üçün sahələr ərsəyə gətirilib və”Bakıelektrikşəbəkə” müəssisəsinin yaranmasının 80 illiyi münasibətilə muzeyə çevrilib. Hazırda həmin Muzey-yarımstansiyada və onun ətrafında ölkəmizdə elektrikləşdirmənin tarixini əks etdirən çox maraqlı eksponatlar nümayiş etdirilir. Bu obyektonun yerləşdiyi ərazi Bakının turizm-inkişaf palitrasına daxil olaraq onu çox maraqlı seqmentlə zənginləşdirib. O da maraqlıdır ki, muzeyin gecə işıqlandırılması da əslində baxanların ruhunu oxşayacaq qədər yüksək zövq və peşəkarlıqla tərtib olunub.

 

 

 

(davamı növbəti saylarımızda)

 

 

 

Elbay QASIMZADƏ,

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri,

Beynəlxalq Memarlıq Akademiyasının akademiki, professor.

Şöhrət SƏLİMOV,

Memar” jurnalının redaktoru.

 

Respublika.- 2020.- 14 aprel.- S.2.