Qalağan kəndinin kiçik sahibkarı

 

Toxumçuluq kənd təsərrüfatının olduqca mühüm sahəsidir. Bu sahənin inkişaf etdirilməsi bol və yüksək keyfiyyətli məhsul deməkdir. Şimal regionunda təcrübəli, məhsuldar taxıl toxum sortları yetişdirən özəl təsərrüfatlar çoxdur. Taxıl toxumçuluğu üzrə ixtisaslaşan kəndli-fermer təsərrüfatlarının birinə Xaçmaz rayonunda gənc sahibkar Qalib İsayev rəhbərlik edir.

Xaçmazın Qalağan izibati ərazi dairəsinə daxil olan kəndlərini rayonun taxıl bazası da adlandırmaq olar. Bu ərazilərdə hər il min hektarlarla taxıl əkib becərilir.

Bol suyu olan torpaq arxı keçib yamyaşıl taxıl sahəsinə gəlirik. Göz işlədikcə uzanan zəmilər adamın gözünü oxşayır. Fermer: “Göz dəyməsin, builki əkinlərimiz çox yaxşıdır. Bütün aqrotexniki tədbirləri vaxtında görmüşük. İndi də sahələrə gübrə səpirik. Hava şəraiti imkan versə, məhsuldarlığın yüksək olacağına söz yoxdur”, - deyə təsərrüfatında gördüyü işlərdən ürək dolusu, məmnunluqla söhbət açır. Deyir ki, neçə illərdir ailəmizlə birlikdə bu təsərrüfatı yaratmışıq. Hər il azı 300 hektar taxıl sahəsinə xidmət göstəririk. Əkinçiliklə məşğul olmaqla biz həm də ailə ənənəsini davam etdiririk. Atam Baləhməd İsayev vaxtilə rayonun adlı-sanlı təsərrüfatçılarından olub. Böyük bir dövlət təsərrüfatına rəhbərlik edib. Torpaqda işləmək ailəmizin daimi məşğuliyyətidir. 2012-ci ildən Kənd Təsərrüfatı Nazirliyinin şəhadətnaməsini alıb toxumçuluqla məşğul olmağa başlamışam. Mülkiyyətimizdə olan 20 hektar torpaq sahəsi ilə bərabər, 250 hektar sahəni də icarəyə götürmüşük. Əsasən “Əzəmətli”, “Şəfəq-2”, “Fatimə”, “Qrom” taxıl sortlarını əkib-becəririk. Ötən il hər hektardan 45 sentner, bəzi sahələrdən isə 50 sentnerə yaxın məhsul götürmüşük. Taxıl istehsalçılarına 600 tondan çox yüksək repreduksiyalı toxum satmışıq. Keyfiyyətli buğda məhsulu istehsal etdiyimizdən Xaçmaz, Quba, Şabran, Xızı rayonlarından hər il təsərrüfatımızdan toxum almağa gəlirlər. Yeri gəlmişkən deyim ki, Quba Mərkəzi Regional Toxum Analizi şöbəsinə təqdim etdiyim toxum nümunələri həmişə müsbət cavablandırılır, keyfiyyət sertifikatı alır.

Məlumdur ki, məhsul istehsalı üçün kənd təsərrüfatında bir neçə amil xüsusi əhəmiyyət kəsb edir. Bol suvarma suyu, texnika və lazım olan gübrələr. Sadaladığımız bu xidmətlərdən biz də lazımınca yararlana bilirik. Gördüyümüz kimi ana arxda kifayət qədər su vardır. Gübrəni də hər vaxt güzəştli qaydada aqroservisdən alırıq. Torpağı əkib-becərmək üçün demək olar ki, bütün texnikamız vardır. Lizinq yolu ilə dövlətdən “MTZ-80” traktoru, toxumsəpən, toxumtəmizləyən, kotan, ot bağlayan, gübrə səpən və çiləyici aparatları lizinq yolu ilə almışıq. Bu yaxınlarda təsərrüfat üçün lizinq yolu ilə kombayn da almaq fikrindəyik. Onu da qeyd edim ki, indiyə kimi öz daxili imkanlarımız hesabına işləmişik. 1000 tonluq anbar binası, ot, küləş yığmaq üçün geniş quruluq tikmişik. Yaxın gələcəkdə kənd camaatının ehtiyacını nəzərə alıb un dəyirmanı tikməyi də planlaşdırırıq.

Torpaqdan səmərəli istifadə etməklə kiçik təsərrüfatımızın gəlirlərini ilbəil artırırıq. Bununla həm dolanışığımızı yaxşılaşdırır, həm də ölkəmizin ərzaq bolluğuna töhfəmizi veririk. Bütün bunlara isə dövlətimizin, onun başçısı hörmətli Prezidentimiz İlham Əliyevin kənd təsərrüfatına göstərdiyi xüsusi qayğı və diqqətinin nəticəsində nail oluruq. Sevindirici haldır ki, bu qayğı ildən-ilə artır, bitib tükənmir. Bu yaxınlarda hörmətli Prezidentimizin keçirdiyi müşavirədəki çıxışına qulaq asdım. Onun ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan video-konfransda söylədiyi fikirlər bir kəndli sahibkar kimi mənə yenidən ruh verdi. Möhrətəm Prezident qeyd etdi ki, son illər kənd təsərrüfatı sahəsində müsbət dəyişikliklər baş verir, Elektron Kənd Təsərrüfatı Proqramı icra edilir. Fermerlərə subsidiyaların verilməsi mexanizmi təkmilləşdirilib. Kənd təsərrüfatı ilə bağlı əsas məsələ məhsuldarlığı artırmaqdır. Prezidentimiz indiki çətin koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə Prezidentin Ehtiyyat Fondundan kənd təsərrüfatı məhsulları istehsalçılarına mikrokreditlərin verilməsi barədə Sərəncam imzaladı. Göstərilən bu qayğı və diqqətə görə dövlətimizin başçısına rayonumuzun bütün təsərrüfat adamları adından öz dərin minnətdarlığımızı bildirir, ona möhkəm can sağlığı və uğurlar arzulayırıq.

Qalib İsayev öz halal zəhməti və təşəbbüskarlığı ilə yaşadığı kənddə və rayon ictimaiyyəti arasında nüfuz sahibidir. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən tədbirlərdə tez-tez iştirak edir. Kənd təsərrüfatı sahəsində respublikadan kənar tədbirlərə də dəvət alır. Əməksevər torpaq adamının zəhməti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Ölkə Prezidentinin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə o, 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunmuşdur. Xaçmaz rayonunda ilk fermer kartı da Kənd Təsərrüfatı Naziri İnam Kərimov tərəfindən Qalib İsayevə təqdim olunmuşdur. Gənc sahibkar deyir ki, mənim üçün cənab Prezidentin bu ordenindən yüksək, qiymətli mükafat ola bilməz. Bu məni ikiqat yaxşı işləməyə ruhlandırır. Bu etimada həmişə əməli işimlə cavab verəcəyəm.

Kəndli sahibkar rayonun ictimai tədbirlərindən də geri qalmır, keçirilən dövlət tədbirlərində də yaxından iştirak edir. Yeri gəldikcə xeyriyyəçilik edir, imkansızlara əl tutur, ailələrə öz halal məhsulundan pay verir. Yaşadığı kəndin qayğıları ilə maraqlanır. Bu elin-obanın oğlu kimi kəndin xeyrinə-şərinə yarayır. Kənddə təhsilin inkişafı üçün təşəbbüs göstərir, yüksək balla ali məktəbə qəbul olunan tələbələri mükafatlandırır, onlara hədiyyələr verir.

Fermerdən xoş təəssüratla ayrılırıq. İş gününün başa çatmasına baxmayaq, o yenə sahəyə - yerinə qayıdır. Onu hələ bu gün üçün planlaşdırdığı, yarımçıq qalmış işlər gözləyir.

 

Ziyafəddin BAYRAMOV,

Respublika”.

 

Respublika.- 2020.- 24 aprel.- S.6.