Pandemiyanın qarşının alınmasında Azərbaycan modelinin uğurları təqdir olunur

 

Cəmi 5-6 ay əvvəl kimsə təsəvvür belə etməzdi ki, inqilabi kəşflərə müəlliflik edən XXI əsrin insanları qısa zamanda dünyanı yaxalayan hansısa kütləvi xəstəlik qarşısında çıxılmaz duruma düşəcəklər. Bu gün mübaliğəsiz demək olar ki, irili-xirdalı bütün dünya ölkələrinin əsas diqqəti qlobal təhdid olan yeni növ koronavirusla (COVİD-19) mübarizə tədbirlərinə yönəlib. Yoluxmanın coğrafiyasının genişlənməsi müvafiq preventivprofilaktik tədbirlərin gücləndirilməsini zəruri etdiyindən, Azərbaycan da koronavirusun yayılmağa başladığı ilk günlərdən təxirəsalınmaz önləyici tədbirlərin görülməsinə başlayıb.

 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən və müdrik siyasəti sayəsində koronavirusun ölkəmizə yayılmasının qarşısının alınması məqsədilə çevik addımlar atılıb. Vətəndaşların sağlamlığını hər zaman üstün tutan dövlətimizin başçısının qətiyyəti və siyasi iradəsi ilə respublikamız ilk günlərdən qlobal problemə adekvat reaksiya verərək kompleks tədbirlərin reallaşdırılmasına müvəffəq olub. Avropa və MDB məkanında koronavirusun hələ geniş yayılmadığı bir dövrdə - fevral ayında Nazirlər Kabineti yaynında Operativ Qərargahın yaradılması gözlənilən təhdidlər qarşısında vətəndaşların maksimum sığortalanmasını təmin edib.

Azərbaycan hökumətinin bütün aidiyyəti strukturlarının nümayəndələrinin təmsil olunduğu Operativ Qərargah fasiləsiz rejimdə prosesləri dərindən izləyərək təsirli və çevik qərarlar qəbul edib. Dövlət qurumları arasında güclü əlaqələndirmə təmin edilib, koordinasiyalı və fasiləsiz rejimi qurulub. İnfeksiyadan qorunmaq üçün əhaliyə sosial məsafə saxlamaq və evdə qalmaq kimi zəruri tədbirlərin əhəmiyyəti geniş izah olunub, sərhədlər bağlanıb, aviareyslər təxirə salınıb. Məktəblərin, uşaq bağçalarının, ali məktəblərin, ictimai-iaşə müəssisələrinin, restoran və əyləncə mərkəzlərinin və s. fəaliyyəti müvəqqəti dayandırılıb. Məhdudlaşdırıcı qaydalarxüsusi karantin rejimi tətbiq olunub, xüsusi çarter reysləri ilə xaricdən ölkəmizə qayıdışı təmin olunan insanlar otellərdə karantinə alınıblar. 20-dən çox tibb müəssisəsi, o cümlədən regionun ən nəhəng səhiyyə ocağı olan, maddi-texniki bazasına, infrastrukturuna görə fərqlənən “Yeni Klinikada koronavirus infeksiyasına yoluxan xəstələrin ixtiyarına verilib.

Şübhəsiz, pandemiya bəşəri problem olduğundan, korporativ sosial məsuliyyət və dövlət- vətəndaş həmrəyliyi tələb edir. Təcrübə göstərir ki, bu qlobal təhdidə qarşı ictimai həmrəylik nə qədər güclü və davamlı olarsa, bir o qədər uğurlu nəticələr əldə etmək mümkündür. Koronavirusla mübarizədə məhz bu iki amilin vəhdəti Azərbaycana ciddi uğur qazandırıb - dövlətimizin başçısı tərəfindən vaxtında düzgün və qətiyyətli qərarların qəbulu və vətəndaşlar tərəfindən yüksək sosial məsuliyyət hissi ilə bu qərarların qeyd-şərtsiz icrası.

Bu günün prizmasından baxdıqda dövlətimizin vəziyyətin sabitləşdirilməsi istiqamətində atdığı addımların nə qədər sistemli, dolğun, ardıcıl olduğu bir daha aydın görünür. Azərbaycan ərazisində yoluxmanın qarşısının alınması məqsədi ilə hələ 2020-ci ilin yanvar ayından bəzi qabaqlayıcı tədbirlərin görülməsinə başlanılıb. Profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üçün 2020-ci il 27 fevral tarixli sərəncamla Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Ardıcıl tədbirlərin davamı olaraq 14 mart 2020-ci il tarixindən sosial təcrid qaydalarının tətbiqinə başlanılıb, martın 24-dən aprelin 20-dək xüsusi karantin rejimi elan edilib. Martın 29-dan xüsusi karantin rejiminin gücləndirilib, eyni zamanda 2 və 18 aprel tarixli qərarlarla aprelin 5-dən mayın 4-dək hərəkət məhdudiyyətləri tətbiq edilib. Əhalinin sağlamlığının qorunması, pandemiyanın qarşısının alınması məqsədilə zəruri preventiv tədbirlər müəyyən edilib, virusa yoluxma riski daha yüksək olan, yaşı 65-dən yuxarı vətəndaşların sosial təcridinə xüsusi diqqət yetirilib.

Koronavirus infeksiyası ilə mübarizənin səmərəli təşkili məqsədilə dövlətimizin rəhbərinin 19 mart 2020-ci il tarixli fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb, quruma ilkin olaraq 20 milyon manat vəsait ayrılıb. Bir illik məvaciblərini Fonda ianə edən dövlətimizin başçısı cənab İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu humanist addımları cəmiyyətdə həmrəylik və səfərbərlik ovqatının gücləndirilməsinə ciddi təkan olub. Bu nəcib təşəbbüsə müxtəlif dövlət qurumları, məhkəmə və hüquq mühafizə orqanlarının əməkdaşları, özəl təşkilatlar, biznes strukturları, sahibkarlar və müxtəlif peşə sahibləri qoşulmaqla həmrəylik nümayiş etdiriblər. Əlbəttə, dövlətimiz iqtisadi cəhətdən qüdrətlidir və Fondun tamamilə maliyyələşdirilməsində hansısa problem yoxdur. Fondun yaradılması daha çox həmrəyliyə, birliyə, sosial yardımlaşmaya, xeyirxahlığa nəcib çağırışdır. Toplanılan yardımlar yenə də Azərbaycan vətəndaşının sağlamlığına, sosial rifahına xərclənir.

Ümumilikdə, son 2 ayda Azərbaycan hökumətinin qəbul etdiyi sosialyönümlü tədbirlər bir daha təsdiqləyib ki, insanların həyatı, sağlamlığı hər şeydən üstündür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu günlərdə Sumqayıt şəhərinə səfəri zamanı qeyd etdiyi kimi, dövlət bundan sonra da sosial layihələrin icrasını xüsusi diqqət mərkəzində saxlayacaq: “Azərbaycan sosial dövlətdir və siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Bu gün koronavirus dövründə bizim əsas amalımız Azərbaycan xalqını bu bəladan qorumaqdır. Bizim qəbul etdiyimiz qərarlar, atdığımız addımlar həm ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilir, - mənə minlərlə təşəkkür məktubları gəlir, - həm də beynəlxalq təşkilatlar Azərbaycanı bu sahədə nümunəvi ölkə kimi göstərir. Ümumdünya Səhiyyə Təşkilatı bizim gördüyümüz işləri təqdir edir və açıq bəyan edir ki, Azərbaycan nümunəvi ölkədir. Biz dünya miqyasında birinci ölkə olmuşuq ki, koronavirusla mübarizə ilə əlaqədar tərəfdaş ölkələrlə zirvə görüşü keçirdik. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans şəklində zirvə görüşü bizim təşəbbüsümüzlə keçirilmişdir. Koronavirusla mübarizədə Azərbaycan xalqı bir daha gördü ki, sözümüzlə əməlimiz arasında fərq yoxdur. Vətəndaşların sağlamlığı, onların həyatı birinci dərəcəli məsələdir”.

Tətbiq edilmiş sosial təcrid tədbirləri yerləri müvəqqəti bağlanmış vətəndaşları, eləcə də ölkə iqtisadiyyatına töhfələri olan sahibkarları da qayğılandırırdı. Amma dövlətimiz belə ağır məqamda heç kimi darda qoymayaraq hər kəsə yüksək qayğı və diqqətlə yanaşıb. Virusla mübarizə tədbirləri çərçivəsində əhalinin, eyni zamanda adamlarının mənafelərinin maksimum dərəcədə nəzərə alınması dövlətin sosialyönümlü mahiyyətini bir daha dolğun əks etdirir. Belə ki, dövlətimizin başçısının 19 mart 2020-ci il tarixli sərəncamına əsasən, pandemiyanın iqtisadiyyatına, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədi ilə dəyəri 3 milyard manatı ötən sosial-iqtisadi dəstək paketi qəbul olunub. Xüsusi vurğulamaq lazımdır ki, həmin paketə əsasən, pandemiya dövründə mikro, kiçik, ortairi sahibkarlıq subyektləri üçün ciddi güzəştlər nəzərdə tutulub.

Bundan əlavə, Milli Məclisdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna edilmiş dəyişikliklə, - 2.1-ci maddədə göstərilən yoxlamalar istisna olmaqla, - Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb. Bununla da özəl tibb fəaliyyəti subyektlərində səhiyyə qanunvericiliyinə riayət olunmasına nəzarət gücləndirilib və əhalinin sağlamlığının keyfiyyətli qorunmasına nail olunub.

Onu da bildirək ki, pandemiya ilə əlaqədar tələbatın kəskin artması səbəbindən bütün ölkələrdə tibbi ləvazimat və qoruyucu vasitələrin, o cümlədən tibbi maskanın ciddi qıtlığı yaşanıb. İstehsalçı ölkələr tibbi maska ixracını dayandırmaqla yanaşı, istehsal avadanlığı və xammalın ixracını da saxlayıblar. Lakin Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail olublar. Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıt Kimya Sənaye Parkında yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər.

Dövlətimizin başçısının daha bir nəcib göstərişinə əsasən, pandemiyadan zərər çəkmiş, yerini itirmişyaxud işləməyən 600 min nəfərədək vətəndaşa 2 ay müddətində 190 manat məbləğində sosial ödəmənin verilməsi təmin olunacaq. Aztəminatlı ailələrə maliyyə yardımının göstərilməsi, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək də proqramın mühüm tərkib hissəsidir. ünvanlı sosial yardım alanların sayının artırılması, özünüməşğulluq proqramlarına cəlb edilən ailələrin əhatəsinin genişləndirilməsi, ictimai yerlərinin yaradılması və digər sosial tədbirlər yüzminlərlə insanın sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Eyni zamanda, əhalinin güzəştli elektrik enerjisindən istifadəsinə görə limitin artırılması da birbaşa sosial xarakterlidir.

Karantin rejiminin tətbiq olunduğu günlərdə dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Heydər Əliyev Fondunun reallaşdırdığı sosial layihə və çağırışlar da son dərəcə əhəmiyyətli olub. Azərbaycanın Birinci vitse-prezidenti, Fondun rəhbəri Mehriban xanım Əliyevanın xalqa özünəməxsus səmimi müraciətinin ictimai rəyə təsir baxımından əhəmiyyətini xüsusi vurğulamaq lazımdır: “Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! Qəlbimin dərinliklərindən gələn və hər birinizə ünvanlanan bu sözlərimi eşidib məni anlayacağınıza ümid edirəm! Xahiş edirəm, bunu mütləq zərurət və vəzifəniz kimi qəbul edin - növbəti 20 gün ərzində hamı evdə qalmalıdır. Ailələrinizlə birlikdə. Xahiş edirəm, vacib zərurət olmadan evlərinizi tərk etməyin!

...Gündəlik həyat tərzindən imtina edib evdən çölə çıxmamağın, doğma və yaxınlarınla görüşməməyin, bəzən övladlarını və nəvələrini qucaqlamaq imkanından məhrum olmağın necə çətin olduğunu anlayıram. Amma əgər biz məsuliyyətli vətəndaşlarıqsa, əgər həqiqətən valideynlərimizi seviriksə (mən isə buna əminəm!), əgər biz doğrudan da övladlarımızın və nəvələrimizin qədrini biliriksə, biz bunu onlar üçün! - etməyə borcluyuq, məhz borcluyuq! Özümüz üçün! Vətənimiz naminə!”

FondunBiz birlikdə güclüyük” şüarı ilə keçirdiyi sosial layihənin məqsədi karantin rejimi dövründə aztəminatlı və digər həssas kateqoriyadan olan ailələri və onlara sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək, bu işdə vətəndaş həmrəyliyini genişləndirməkdir. Aksiya çərçivəsində ölkə üzrə qeyd olunan kateqoriyadan olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılır. FondunRegional İnkişafİctimai Birliyi tərəfindən 150 Çağrı mərkəzinə daxil olan müraciətlər əsasında sovqatların hazırlanması və onların ünvanlara çatdırılması təmin edilir.

Ölkəmizdə pandemiya ilə mübarizə sahəsində tədbirlərin səmərəliliyinin daha da yüksəldilməsi məqsədilə son aylarda hüquqi sahadə də bir sıra mühüm qərarlar qəbul olunub, müvafiq məcəllələrə dəyişiklik edilib. Belə ki, Azərbaycan Respublikası Milli Məcslinin İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə etdiyi dəyişikliklər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə və tələblərindən irəli gələn təxirəsalınmaz tədbirlərin reallaşdırılmasına xidmət edib. İnzibati Xətalar Məcəlləsinin “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyenakarantin rejimlərinin pozulması”na dair 211-ci maddəsinə edilən dəyişikliyə əsasən inzibati məsuliyyəti nəzərdə tutaraq müvafiq cərimələrin məbləği artırılıb.

Cinayət Məcəlləsinə əlavə olunanEpidemiya əleyhinə rejimin, sanitariya-gigiyenaya karantin rejimlərinin pozulması”na dair 139-1.1-ci maddəyə görə 2500 manatdan 5000 manatadək cərimə və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Adı çəkilən rejimlərin pozulması insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda, 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə cəzasının tətbiqi nəzərdə tutulub.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 aprel 2020-ci il tarixli “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Qərarı da bu baxımdan mühüm əhəmiyyətə malikdir. Qərarla Azərbaycan Respublikasının bütün məhkəmələrinə 20 aprel 2020-ci il tarixdən 04 may 2020-ci il tarixədək təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, zəruri hallarda hökmünya məhkəmənin digər yekun qərarının icrası qaydasında müraciətlər, iddianın təmin tədbirlərinin görülməsi, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) baxılması istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılmasını müvəqqəti olaraq təxirə salmaq tövsiyə edilib. Qərarın 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadə edilməsi tövsiyə edilib.

Qərarda, həmçinin Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələbləri nəzərə alınmaqla, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması imkanlarından istifadə məsləhət görülür. Məhkəməyədək icraat zamanı barələrində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxslər haqqında cinayət işlərinin məhkəmələrin icraatına qəbul edilməsi; hakimlərin və məhkəmə aparatı işçilərinin rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlərin həlli tövsiyə edilir.

Ali Məhkəmənin sözügedən qərarı ilə bütün məhkəmələrdə vətəndaşların qəbulunun dayandırılması, qəbulun yalnız telefon, mobilinternet rabitəsi vasitəsi ilə həyata keçirilməsi təmin olunur. Fizikihüquqi şəxslərə isə məhkəmələrə ünvanlanmış ərizələrini, o cümlədən apellyasiyakassasiya şikayətlərini poçt vasitəsilə və ya elektron şəkildə göndərmələri tövsiyə edilir.

Bundan əlavə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 06 aprel 2020-ci il tarixdə imzaladığı növbəti əfv fərmanı ilə yaşı 65-i keçmiş məhkumların bir qisminin azad edilməsi pandemiya dövründə mühüm humanist və insanpərvər addımlardan olub. Sərəncamla yaşı 65-dən yuxarı olan 176 nəfər məhkum cəzalarının çəkilməmiş hissəsindən azad olunub. Şübhəsiz, virusa yoluxması daha ağır nəticələnə biləcək həmin şəxslərin azadlığa buraxılması onların həyatlarının təhlükəsizliyi və sağlamlıqlarının qorunması, xüsusilə ailə qayğısı ilə əhatə olunmaları baxımından mühüm humanist addımdır.

Ölkə ictimaiyyəti tərəfindən də rəğbətlə qarşılanan sərəncamın təxirəsalınmadan icrası məqsədilə Ədliyyə Nazirliyinin, o cümlədən Penitensiar xidmətin aidiyyəti məsul işçiləri azad olunan məhkumların saxlanıldığı cəzaçəkmə müəssisələrində olub, operativ zəruri sənədləşdirmə işləri aparılaraq çoxsaylı KİV və ictimaiyyət nümayəndələrinin iştirakı ilə bu humanist qərarın vaxtında və tam icrası təmin edilib. Azad olunan şəxslər iki həftəlik istirahət mərkəzlərinin birinə yerləşdirilib və hər cür şəraitlə, o cümlədən qidatibbi təminatla təchiz olunub.

Pandemiya dövründə dövlətimizin humanist siyasətinin təzahürü olan məhkumları cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və daha yüngül rejimli müəssisəyə keçirmə institutunun tətbiqi üzrə tədbirlər də davam etdirilib. Bu sahədə şəffaflığın və operativliyin təmini məqsədilə yaradılmış Ədliyyə Nazirliyinin müvafiq Komissiyasının rəyi nəzərə alınmaqla məhkəmələrə təqdim olunmuş materiallara təxirəsalınmadan baxılıb. Məhkumların hüquqlarının qorunması məqsədilə növbətçi hakimlər tərəfindən həmin işlərə təxirəsalınmadan baxılaraq ümumilikdə 200 məhkum azadlığa buraxılıb.

Dövlətimizin başçısının böyük müdrikliklə həyata keçirdiyi qabaqlayıcı tədbirlərin müsbət nəticələri göz önündədir. Nazirlər Kabinetinin 18 aprel 2020-ci il tarixli qərarı ilə xüsusi karantin rejimi mayın 4-dək uzadılsa da, 27 aprel 2020-ci il tarixdən artıq məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib. Bu, şübhəsiz vaxtında həyata keçirilən məqsədyönlü tədbirlərin səmərililiyini bir daha təsdiqləyir. Vətəndaşlarımız ürəkdən inanır ki, dövlətimizi başçısı cənab İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə görülən ardıcıl tədbirlər qısa zamanda müsbət nəticələr verəcək, insanlarımızın normal həyata qayıdışı təmin olunacaqdır.

 

Səadət BƏKTAŞİ,

Sumqayıt Apellyasiya Məhkəməsinin;

Azərbaycan Respublikası İxtisaslaşdırılmış

Məhkəmə Hakimləri İctimai Birliyinin

(Assosiasiyasının) sədri.

 

Respublika.- 2020.- 28 aprel.- S.6.