Dünya şöhrətli, nur çöhrəli oftalmoloq

 

Xalqa, vətənə göstərdikləri əvəzsiz xidmətləri ilə yanaşı, həm də mənəvi varlıqları, insansevərlikləri, professional sənətləri, mənəvi keyfiyyətləri ilə də bəşəriyyətə sevinc dolu xoş əhval-ruhiyyə, nikbinlik, gələcəyə inam hissləri bəxş edə bilən şəxsiyyətlər var. Onlar insanların dünyanın hansı ölkəsində yaşamalarından, dini mənsubiyyətlərindən, siyasi baxışlarından asılı olmayaraq hamıya eyni rəğbət hissləri ilə yanaşır, nikbin duyğular aşılamağı bacarırlar. Yüksək elmi dəyərlərin və insani keyfiyyətlərin ali vəhdətini özündə cəmləşdirə bilən belə şəxsiyyətlərdən biridünya şöhrətli alim-oftalmoloq, akademik Zərifə Əziz qızı Əliyeva idi.

 

 

 

Bu dünyaya insanlara nur paylamaq, xeyirxahlıq etmək üçün gəlmiş Zərifə xanım Əliyeva da belə seçilmiş insanlardan olmuşdur. O, günəş qədər parlaq ürək sahibi, yüksək mənəviyyat, daxili zənginlik simvolu idi...

 

...Zərifə Əliyeva 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu müvəffəqiyyətlə bitirdikdən sonra həkimlik təcrübəsində ən vacib peşələrdən sayılan oftalmologiya ixtisasını seçibbu sahədə mütəxəssis kimi yetişməsi üçün ali məktəbi bitirdikdən sonra Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya ixtisası üzrə mükəmməl ordinatura kursu keçib. Bu illər ərzində Zərifə xanımı düşündürən ən mühüm dövlət əhəmiyyətli elmi problemlərdən biri Azərbaycanda təhlükəli vəziyyət yaradan traxoma xəstəliyinin yayılmasının qarşısının alınması, onun müalicəsi və profilaktikası üsullarının işlənib hazırlanması məsələləri idi. Vətən övladları üçün ciddi təhlükə törədən bu qlobal məsələ Zərifə xanımı rahat buraxmırdı. Eyni zamanda, ona bəlli idi ki, 1941-1945-ci illər müharibəsindən əvvəlki dövrdə Azərbaycanda tüğyan edən traxoma xəstəliyinin qarşısını almaq üçün təşkil edilmiş xüsusi səhiyyə işçiləri komissiyasına atası Əziz Əliyev rəhbərlik etmişdi. Doğrudur, o vaxtlar bu komissiya çox fədakar işlər aparmış və Azərbaycanda traxoma epidemiyasının yayılmasının qarşısı alınmışdı. Lakin II Dünya müharibəsindən sonrakı illərdə bu xəstəlik Azərbaycanda yenidən baş qaldırmışdı və insanlarda ağır fəsadlar törədərək görmə qabiliyyətindən məhrumluğa, əmək qabiliyyətinin itirilməsinə, gözdən əlillərin sayının kütləvi surətdə artmasına səbəb olurdu. Həkimlərin qarşısında sosial dilemma kimi dayanan bu problem Zərifə xanımın diqqətini daha çox cəlb edirdio, belə patologiyalardan əzab çəkən insanlara ixtisaslaşmış həkim yardımı göstərmək üçün bütün imkanlarını səfərbər edərək bu işin icrasına başlamışdı.

 

Zərifə Əliyevanın belə ağır bir problemin həllinə girişməsi də onun insansevərliyindən, vətənpərvərliyindən irəli gəlirdi. O, bununla həm də atasının bir vaxtlar başladığı nəcib işləri davam etdirərək həyata keçirmək istəyirdi. Bu məqsədlə o, institutu bitirdikdən sonra Moskvaya gediborada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda məşhur alimlərin təcrübəsi ilə tanış olub, praktiki vərdişlərə yiyələnib, oftalmologiya ixtisası üzrə mütəxəssis kimi təkmilləşmə hazırlığı keçib. İki ildən sonra vətənə qayıdan, Z.Əliyeva 1949-cu ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayıb. Bununla da onun elmi axtarışlarının, gələcək müvəffəqiyyətlərinin möhkəm bünövrəsi qoyulub. Xalqın sağlamlığının vacibliyini ön plana çəkən gənc alim ölkəmizi bürümüş yoluxucu göz xəstəliklərinin qarşısını almaqbu xəstəliklərin ləğvinə nail olmaq üçün yollar axtarırdı. O dövrdə Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 400 milyona qədər insan traxoma xəstəliyinə tutulmuş, bunun nəticəsində 80 milyon insan kor olmuşdu. O dövrdə traxoma xəstəliyinin müalicəsinə zəmin yarada biləcək o qədər də güclü təsirə malik dərman preparatları hələ mövcud deyildi. Gənc tədqiqatçı Zərifə xanım Əliyevanın başlıca məqsədlərindən biri Azərbaycanda traxoma xəstəliyinin diaqnostikası, epidemiologiyası, müalicə və profilaktikasını vaxtında və yetərincə həyata keçirməkdən, bu prosesin elmi istiqamətlərini müəyyənləşdirərək səhiyyə praktikasına tətbiqini reallaşdırmaqdan ibarət olmuşdur.

 

Alim Azərbaycanın rayonlarına gedib göz xəstəliklərinin regional lokallığını müəyyənləşdirir, xəstəliyin epidemioloji xüsusiyyətlərini araşdırır, əhaliyə öz məsləhətlərini verir, bir sıra göz xəstəliklərinin profilaktika və müalicəsi haqqında maarifləndirici söhbətlər keçirirdi. Alim traxomanın müalicəsində o dövrün güclü antibiotiklərindən hesab edilən sintomitsindən isifadə ediruğurlu nəticələrə nail olurdu. Dəyərli elmi kəşflərdən sayılan Zərifə Əliyeva üsulunun kompleks profilaktik tədbirlərlə birlikdə praktik səhiyyədə geniş tətbiqindən sonra traxoma xəstəliyinin müalicə və profilaktikasında əsaslı dönüş yaranır, xəstəliyin yayılmasının qarşısı alınır və bu da tədricən ölkə əhalisi üçün təhlükə törədən ağır infeksion xəstəliyin ləğvinə gətirib çıxarır. Yalnız bundan sonra Zərifə xanım dissertasiya müdafiəsi etmək qərarına gəlir və səhiyyə praktikasında göz önündə olan pozitiv reallıqlar əldə edərək 1959-cu ildə yerinə yetirdiyi elmi istiqamətlərinin nəticələrinə əsasən “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomitsinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edirtibb elmləri namizədi elmi dərəcəsinə layiq görülür.

 

Zərifə Əliyeva apardığı elmi-tədqiqat işlərinin nəticələrinə görə daim elmi ictimaiyyətin diqqət mərkəzində olub. O, 1960-1967-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışaraq, fəaliyyət göstərdiyi elm ocağında oftalmologiya elminin bütün sahələrinin inkişafına yaxından kömək göstərib. Alimin xidmətləri yüksək qiymətləndirilib və SSRİ Ali Attestasiya Komissiyası 1963-cü ildə Moskvaya göndərilmiş təqdimat əsasında onun oftalmologiya ixtisası üzrə “Böyük elmi işçi” adını təsdiq edib.

 

Akademik əhali arasında göz xəstəliklərinin diaqnostikası, müalicə və profilaktikasını düzgün təşkil etməklə yanaşı, yeni laboratoriyalar yaradıb, insan sağlamlığı amilini daim ön plana çəkib. Yalnız Bakıda deyil, Sumqayıt, Gəncə, Bərdə, Mingəçevir, Əli Bayramlı (indi Şirvan), Salyan və respublikanın digər şəhər və rayonlarında zərərli şəraitlərinin törətdikləri göz xəstəliklərini, eləcə də insan orqanizminin digər xəstəliklərini aşkar edib, həm xəstələrin müalicəsinə, onların yerlərində mövcud olan mənfi təsirlərdən qorunmalarına, həm də əmək müəssisələrinin ekologiyasına hərtərəfli diqqət yetirib, onlarda ekoloji prinsiplərə riayət edilməsi konsepsiyalarının həyata keçirilməsi yollarını göstərib.

 

Akademik Zərifə Əliyeva yerinə yetirdiyi elmi-tədqiqat işləri ilə yanaşı, pedaqoji fəaliyyətini də yüksək səviyyədə aparırdı. 1967-ci ildən etibarən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasında pedaqoji fəaliyyətə başlayaraq, əvvəlcə kafedranın dosenti, sonra professoru, daha sonra isə həmin kafedranın müdiri vəzifələrini yerinə yetirib, həkimlərin diplomdansonrakı hazırlıqlarının tədris-metodiki göstərişlərə və digər tələblərə uyğun şəkildə aparılmasına əlverişli şərait yaradıb. Onun Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri üzrə təkmilləşmə kursu keçən həkimlərlə apardığı mühazirə və təcrübə məşğələlərinin əsasını tibb elmində əldə edilən yeniliklərin şərhi, praktiki vərdişlərə yiyələnmənin istiqamətləri, müasir tibbi cihazların gündəlik təcrübədə tətbiqi üsullarının dərindən mənimsənilməsi və s. təşkil edirdi.

 

Zərifə xanım Əliyeva ADHTİ-də çalışarkən ilk illərdən görmə orqanının patologiyasına xüsusi diqqət yetirib, zərərli sənaye müəssisələrində çalışan insanların oftalmoloji müayinədən keçmələrini təşkil edib, peşə ilə əlaqədar əmələ gələn göz xəstəliklərini aşkar edərək, belə xəstəliklərin diaqnostikası, profilaktikası və müalicəsi ilə ciddi məşğul olub. Peşə amilli etiologiyaya malik göz xəstəliklərinin yayılma qanunauyğunluqlarını aşkar etmək üçün Bakı Şin Zavodunda, neft-kimyayod sənayesi müəssisələrində, Sumqayıt “Üzvi sintezİstehsalat Birliyində, Mingəçevir “İzolit” və rezin-texnika məmulatı zavodlarında, Gəncə Gil-Torpaq Kombinatında və digər obyektlərdə işləyənlərin görmə orqanlarına mənfi təsir göstərən amilləri, onların etio-patogenezini diqqətlə öyrənib, zərərli peşələrin törətdikləri göz xəstəliklərinin yaranma mexanizmini elmi surətdə əsaslandırıb, onların qarşısını almaq üçün əməli tədbirlər görüb.

 

1977-ci ildə Bakıda professor Zərifə Əliyevanın təşəbbüsü ilə Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti idarə heyətinin plenumu keçirilmişdir. Bu plenum alimin daha bir müstəsna keyfiyyətinin mükəmməl təşkilatçılıq bacarığının üzə çıxmasına imkan yaratmışdır. Plenumun işində SSRİ-nin müxtəlif yerlərindən dəvət olunmuş mütəxəssis-oftalmoloq alimlərin iştirakı təmin olunmuşdur. Plenumun ardıcıl plana müvafiq şəkildə aparılan bütün parametrlərinin gözlənildiyindən də yüksək səviyyədə keçirilməsi Zərifə Əliyevanın timsalında Azərbaycan qonaqpərvərliyinin təzahürünə çevrildi. Bakıda ilk dəfə olaraq belə bir ümumittifaq miqyaslı plenumun təşkili Azərbaycanda oftalmologiya elminin yeni inkişaf mərhələsinə qədəm qoymasına güclü təkan verdi. Plenumda akademik Azərbaycanda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasının yaradılması haqqında təklif irəli sürdü və iştirakçılar yekdilliklə bu təklifi müdafiə etdilər. O, 1979-cu ildə Bakı Məişət Kondisionerləri Zavodu nəzdində Azərbaycan Elmlər Akademiyası Fiziologiya İnstitutunun “Görmə orqanının fiziologiyası və peşə patologiyası” adlı unikal bir laboratoriyanın yaradılmasına və onun səmərəli fəaliyyət göstərməsinə nail oldu. Elmin və texnikanın ən son nailiyyətlərinə əsaslanan və üç şöbədən ibarət olan laboratoriya tezliklə yeni cihazlarla zənginləşdirildi və ölkəmizdə görmə orqanının peşə xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi mərkəzinə çevrildi. Şöbələrdən birində görmə orqanının vəziyyəti yoxlanılır, ikincisində diaqnostik-funksional müayinələr aparılır, üçüncüsündə cərrahi əməliyyatlar icra edilirdi. Laboratoriyalarda az intensivli toksikliyə malik istehsal sahələrində görmə orqanına fizioloji, kliniki, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi həyata keçirilirdi.

 

Zərifə xanımın bu təcrübəsi keçmiş SSRİ-nin digər şəhərlərində də bəyənilərək rəğbətlə qarşılanmış, geniş tətbiq edilmişdir. Akademik Zərifə Əliyevanın elmi-tədqiqat işlərinin nəticələri aliminŞin istehsalında gözün peşə patologiayası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmopatologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi monoqrafiyalarında və digər elmi əsərlərində özünün dolğun əksini tapmışdır.

 

1981-ci ildə ölkəmizin tibb elminin, səhiyyə sisteminin tarixində son dərəcə mühüm bir hadisə baş verdi. Moskvadan alınan xəbərdə qeyd edilirdi ki, Azərbaycan alimi Zərifə Əziz qızı Əliyeva görmə orqanının peşə patologiyası sahəsində apardığı silsilə elm-tədqiqat işlərinin dəyərli nəticələrinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür.

 

Görkəmli alimin 1983-cü ildə nəzəri və təcrübi təbabətdə qazandığı müvəffəqiyyətlərə, alınan elmi nəticələrinin səhiyyə praktikasında geniş tətbiqinə, yüksək ixtisaslı tibb kadrlarının hazırlanması yolunda göstərdiyi dəyərli xidmətlərinə görə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi respublikanın akademiklər ailəsinə yeni istiqamət, yeni nəfəs gətirdi. Adı Azərbaycan oftalmoloqları arasında Azərbaycan EA-nın həqiqi üzvü seçilmiş ilk alim-oftalmoloq kimi tarixə düşdü.

 

Dünya şöhrətli alimin elmi-tədqiqat işlərinin mövzu dairəsi çoxşaxəli və genişdir. O, görmə orqanlarının virusla zədələnməsinə, bu səpkidə aparılan müalicə-profilaktika tədbirlərinə silsilə işlər həsr edib. OnunHerpetik göz xəstəliyi”, “Ağır virus konyunktivitləri” əsərləri bu qəbildəndir.

 

Akademik Zərifə Əliyevanın elmi-tədqiqat işlərinin bir qismi görmə orqanının bədxassəli şişlərinin, qlaukomanın etimologiyası, diaqnostikası və müalicəsi məsələlərini əhatə edir. OnunGözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası”, “Gözün yaşla əlaqədar dəyişiklikləri və görmə-sinir yolları” adlı monoqrafiyaları və digər əsərləri göz xəstəliklərinin yaş xüsusiyyətlərinə, “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi” və digər monoqrafiyaları isə daktriologiyaya həsr edilmişdir. Zərifə xanım Əliyevanın qələmə aldığı fundamentalTerapevtik oftalmologiya”, “Oftalmologiyanın aktual məsələləri”, “İridodiaqnostikanın əsasları” və sair kitabları bu gün də oftalmoloqların ən çox müraciət etdikləri, faydalandıqları əsərlərdəndir.

 

Təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da görkəmli alim kimi tanınan akademik Zərifə Əliyeva oftalmologiya elmində əldə etdiyi nailiyyətlərlə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində göstərdiyi əvəzsiz xidmətlərinə görə Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

 

Bütün bu elmi fəaliyyəti ilə yanaşı, Zərifə xanım eyni zamanda qayğıkeş ana, gözəl və vəfalı ömür-gün yoldaşı olmuşdur. O, enişli-yoxuşlu ömür yollarında birgə addımladığı həyat yoldaşı, gərgin fəaliyyətli həyatını bütövlükdə Azərbaycana həsr etmiş ümummilli lider Heydər Əliyevin həmişə yanında olmuş, müqəddəs amallar yolunda öz qüvvəsini əsirgəməmişdir. Bu gün isə ölkə Prezidenti cənab İlham Əliyev xalqa xidmət amalını bir ailə ənənəsi kimi yaşadır. Azərbaycan Prezidentinin ölkə səhiyyəsinə diqqət və qayğısı, Azərbaycan xalqının sağlamlığının qorunması yolunda gördüyü işlər, ümumiyyətlə, ölkədə həyata keçirilən sosial yönümlü siyasət ümummilli liderin müəyyən etdiyi siyasi xəttin uğurla davam etdirilməsinin parlaq təzahürüdür.

 

Akademik Zərifə Əliyevanın əziz xatirəsi xalqımızın qəlbində, ölkəmizin tibbi salnaməsində dünya şöhrətli alim, nümunəvi qayğıkeş pedaqoq, şəfaverici şəfqətli həkim, səmimi və sədaqətli bir vətəndaş kimi, eləcə də məğrur Azərbaycan qadını, nur çöhrəli Azərbaycan anası kimi daim yaşayacaq.

 

 

 

Anar İSMAYILOV,

 

Uzmanlartibb mərkəzinin Baş həkimi.

 

Respublika.- 2020.- 30 aprel.- S.5.