O, Günəşi qoruyurdu

 

O, sovet dövründə Azərbaycanda və ümumilikdə Şərq dünyasında qadın fəallığının ən parlaq simalarından biri idi. Həkim kimi tibb elminin elə bir sahəsində çalışırdı ki, həmin dövrdə bu sahədə vəziyyət bir qədər təzadlı şəkil almışdı. Yalnız onun kimi sosial həssaslığa malik olmaq lazım idi ki, öz istedadını, bilik və bacarığını olduqca çətin, mürəkkəb və xeyirxah, eyni zamanda, gərəkli bir sahənin xidmətlərinə sərf edə biləsən. İnsan sağlamlığını ictimai sərvət kimi dəyərləndirən Zərifə xanım insanların gözünə nur verməyi isə bəşəri humanizm kimi görürdü. İnsanlara işıq bağışlamağa həsr etdiyi dəyərli ömrünün mənası da zülmət və qaranlıqla mübarizə aparmaqdan ibarət idi. İşığını itirmiş gözlərə nur çiləmək... Onu ilahi bir nəcibliyə qovuşduran da elə bu istək oldu, payladığı, yadigar qoyub getdiyi işıq yoxluğundan sonra da öz aydınlığını azaltmadı, yenidən günəşi görmək imkanını qaytardığı insanlarda, onunla bağlı kövrək xatirələrdə əbədiləşdi...Otuz beş il əvvəl xatirəyə dönən bu ömrün unudulmaz məqamları isə insanlıq, Yer, Günəş durduqca xatırlanacaq, şünki o, Günəşi qoruyurdu...

 

1923-cü il 28 aprel. Zərifə xanım məhz bu tarixdə doğulub və həmin gündən 97 il keçir. Dövlət Sərhəd Xidmətində görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 97-ci ildönümü münasibəti ilə keçirilən tədbirdə bu böyük insanın xatirəsi bir daha yad olundu.

 

Ənənəvi olaraq Dövlət Sərhəd Xidmətinin qadın hərbi qulluqçuları Zərifə xanım Əliyevanın məzarı önünə tər çiçək dəstələri düzmüş, dünya şöhrətli alim Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən sərgi nümayiş etdirilmiş, istedadlı alim, bacarıqlı pedaqoq, qayğıkeş ana olan Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məlumat verilmişdir.

 

Tədbirdə Zərifə xanımın elm üçün gözəl tədqiqatçı, Ulu Öndər Heydər Əliyev üçün ömür yoldaşı, sadiq dost, övladları üçün qayğıkeş ana və nənə, bu çevrədən kənardakı şəxslər üçünsə əsl insanlıq nümunəsi olması xüsusi vurğulanmışdır. Qeyd olunmuşdur ki, Zərifə xanımın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər Azərbaycan tibb elminin parlaq səhifələridir. Zərifə xanımın 150-dən artıq elmi əsəri, 10 monoqrafiyası çap olunmuşdur. Göz xəstəlikləri üzrə elmi-tədqiqat işləri akademik Zərifə xanım Əliyevaya böyük şöhrət gətirmiş və onu dünya oftalmologiyası məkanında məhşurlaşdırmışdır.

 

Fundamental elmi tədqiqatları ilə oftalmologiyanın inkişafına böyük töhfələr verən akademik Zərifə xanım Əliyeva SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadın alim olmuşdur. Akademik Zərifə xanım Əliyeva həm də böyük ictimai aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin üzvü olmuş, “Əməkdar Elm Xadimi” fəxri adına layiq görülmüşdür.

 

Tədbirdə fitri istedada malik alim, sözün yüksək anlamında pak və nəcib insan olan Zərifə xanımın xatirəsinin xalqımız tərəfindən həmişə əziz tutulacağı qeyd edilmişdir.

 

Həkimlik sənətini insana sevgi əxlaqından ayırmayan Hippokrat demişdir: “İnsana sevgi olan yerdə sənətə də məhəbbət var”. Zərifə xanım da bütün peşəkar fəaliyyəti boyu əsrlərin əxlaqi sınağından çıxmış bu ülvi həqiqətə xidmət göstərdi. O, sənətini də, insanları da sevdisevildi...

 

 

 

Zümrüd Qurbanqızı

 

Respublika.- 2020.- 30 aprel.- S.5.