Unudulmaz el ağsaqqalı

 

Zəngin və mənalı ömür yolu

 

 

 

Ağsaqqal heç də saçın, saqqalın ağarması, insan, Adəm övladının yaşlanması demək deyil, təkcə o anlamı ifadə etmir...Ağsaqqal müdriklik, böyüklük, uzaqgörənlik, min ölçüb-bir biçmək, ağır oturub, batman gəlmək, köməyə, yardıma, adi xoş sözə ehtiyacı olana əl uzatmaq, yardım etmək, ona arxa-dayaq olmaqdır...

 

Ağsaqqal etibar, güvən deməkdir...Arxanda ağsaqqal-ağsaqqalın varsa, ağsaqqal dayanırsa, deməli, güclüsən, qüvvətlisən, əzmlisən, düz, Haqq yolundasan...Çünki ağsaqqal həm də Haqqdan gələn, Haqq deməkdir...

 

Ağsaqqal çıxılmazlıqdan çıxış yolu tapan, qaranlıqda, zülmətdə İşıq saçan, Nur deməkdir...

 

 

 

Bəli, yüz illər, min illər, qərinələr keçsə də, ağsaqqal missiyası bundan ibarət olub, bunu ədəbiyyatımızda, tariximizdə də dəfələrlə görmüşük...Heç uzağa getməyək...Dədə Qorqud bizim üçün ən böyük ağsaqqal-böyüklük, müdriklik nümunəsidir... Kitabi Dədə Qorqud” dastanından da bəlli olduğu kimi, böyük xanların, xaqanların yeri-göyü lərzəyə gətirməsinə, böyük qəhrəmanlıqlar, igidliklər göstərməsinə baxmayaraq, Ozan babamız Dədə Qorqud əlində Qopuzu-Sazı, dilində duası ilə hamıdan və hər kəsdən öndə, yol göstərən, böyüklük edən, qan yatırdan olub...Əyilməz başlar məhz onun önündə əyilib, bir sözü iki edilməyib...Çünki sonunda qazanan elə həmin xanlar, xaqanlar, əyilməz qamətlər, əyilməz başlar, tayfalar, nəsillər, ellər, obalar olub...

 

Ümumiyyətlə, tariximizin, əbədiyyatımızın, sənət aləmimizin hansı qatını vərəqləyirsənsə, orada ağsaqqal izinə, ağsaqqal obrazına, ağsaqqal nümunəsinə, ağsaqqal böyüklüyünə, müdrikliyinə rast gəlirsən... Çünki qeyd etdiyimiz kimi, bu, bizim bir xalq olaraq, genimizdən, qanımızdan, ruhumuzdan irəli gələn, qaynaqlanan bir məsələdir... Kənardan gətirilən, peyvənd, calaq edilən, qondarma olan bir məsələ, yaşam deyil...

 

Gözümüzü açıb həmişə böyük, ağsaqqal görmüşük, ağsaqqal sözü dinləmiş, ağsaqqal məsləhəti, nəsihəti eşitmiş, ağsaqqal xeyir-duası almışıq... Doğmalarımızla, bizləri dünyaya gətirən valideynlərimizlə yanaşı, ağsaqqallarımızın, böyüklərimizin də əli hər zaman başımızın üzərində, kürəyimizdə olub...

 

Hər birimizin nəslinin, kökünün, şəcərəsinin ağsaqqalı, ağsaqqalları, böyükləri, müdrikləri olub... Çünki bunsuz həyatımızı, həyatı bizim nəsil üçün təsəvvür etmək mümkün deyil... Hər birimiz uğurlarımıza, həyatda qazandıqlarımıza, yazdığımız uğur hekayələrinə görə, həm İlahiyə, həm valideynlərimizə, həm də bizlərdən məsləhətlərini, nəsihətlərini, dualarını əsirgəməyən ağsaqqallarımıza borcluyuq, duaçıyıq, onları hər zaman minnətdarlıq, şükranlıq hissləri ilə də xatırlayır, yad edirik...

 

Bu gün bəlli bir yaşa, bəlli bir mövqeyə, nüfuza yetişməyimizə baxmayaraq, yenə də ağsaqqal sözünə, ağsaqqal məsləhətinə, ağsaqqal xeyir-duasına ehtiyac duyuruq... Bu gün də ətrafımızda belə müdrik, böyük-ağsaqqal insanlar varöz missiyalarını çox layiqincə, şərəflə, qürurla yerinə yetirirlər...Kiməsə minnət qoymadan, kimdənsə qarşılıq, təmənna güdmədən...Çünki, bu, onların yaranışdan, yaradılışdan, doğuşdan missiyası, həyat fəlsəfəsidir...

 

Azərbaycan Ağsaqqallar Şurası...

 

Bəli, qeyd etdiyimiz kimi, xalqımız daim böyük, ağsaqqal sözünə əməl edib, ondan xeyir tapıb, bu günlərə qədər özünü qoruya, imzalar içində imzasını təsdiqləyə bilib...Hər zaman ağsaqqal sözünə dövlətimiz, dövlət rəhbərliyimiz də xüsusi önəm, əhəmiyyət verib...Müstəqilliyimizin müsbət tərəflərindən, məqamlarından biribudur ki, ağsaqqallara, ağsaqqallar institutuna dövlət səviyyəsində daim diqqət, qayğı göstərilib. Xüsusilə, 1993-cü ilin ağır günlərində Azərbaycan xalqının təkidli xahiş və tələblərindən sonra ikinci dəfə hakimiyyətə gələn ulu öndərimiz Heydər Əliyevin, istərsə də, son 17 ildə onun siyasətini, yolunu uğurla, inamla, layiqincə davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin hakimiyyəti dönəmində Azərbaycan ağsaqqallarına çox böyük hörmət və ehtiram göstərilib.

 

Elə bunun nəticəsidir ki, ölkəmizdə Ağsaqqallar Şurası yaranmağa və fəaliyyət göstərməyə başladı. İlk dövrlər və uzun müddət bu təşkilata Azərbaycanımızın işıqlı ziyalılarından olan akademik mərhum Budaq Budaqov rəhbərlik etmişdir. Onun dövründə bu qurum Azərbaycanda sayılan-seçilən təşkilatlardan birinə çevrilmişdir. Budaq Budaqovun dünyasını dəyişməsindən sonra isə bu təşkilata Azərbaycan xalqının dəyərli oğullarından biri, görkəmli dövlət adamı, ictimai-siyasi xadim Fəttah Heydərov rəhbərlik etmişdir.

 

Onun rəhbərliyi dövründə bu təşkilat daha da güclənərək, daha da böyüyərək, Azərbaycanın ən nüfuzlu, ən sanballı təşkilatlarından birinə çevrilmişdir. Bu məsələdə də təbii ki, sədr kimi Fəttah Heydərovun rolu, xidmətləri, çəkisi əvəzsizdir, müstəsnadır. Çünki Fəttah Heydərov nəinki son illər, hələ çox cavan yaşlarından sayılıb-seçilən, hörmət-izzət sahibi olan, ağır təbiəti, ağayanalığı, təmkini, müdrikliyi ilə seçilmiş, tanınmışdır. Hər zaman da həlim, yumşaq, xoş rəftarı ilə, az danışıb, ancaq çox görməyi, ən əsası, gördüklərini, etdiklərini dilə gətirməməyi, gözə soxmamağı, təmənnasızlığı ilə insanların rəğbətini, hörmətini qazanmış, onların qəlbində taxt, heykəl ucaltmağı bacarmışdır.

 

Fəttah Heydərovun

 

böyük və mənalı ömür yolu...

 

Heç təsadüfi deyil ki, çox cavan, gənc yaşlarından müdrikləşən, özünü təsdiqləyən Fəttah Heydərovun yüksək təşkilatçılıq, idarəçilik keyfiyyətləri dövlətin, dövlət rəhbərliyinin də diqqətindən yayınmamış, qaçmamışdır.

 

1938-ci il fevral ayının 23-də Naxçıvan Muxtar Respublikasının indiki Babək rayonunun Çeşməbasar kəndində anadan olan Fəttah müəllim orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinə daxil olaraq, 1964-cü ildə Universitetin mexanika-riyaziyyat fakültəsində ali təhsilini başa vurmuş, 1975-ci ildə isə Bakı Ali Partiya Məktəbindən məzun olmuşdur. Fəttah Heydərov 1955-1958-ci illərdə Naxçıvan Muxtar Respublikasının indiki Babək rayonunun Güznüt kənd klubunun müdiri, 1958-1966-cı illərdə isə rayonun Çeşməbasar kənd səkkizillik məktəbinin müəllimi işləmişdir.

 

O, 1966-1970-ci illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı və 1970-1976-cı illərdə Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi vəzifələrində çalışmışdır. Fəttah Heydərov 1976-1978-ci illərdə Naxçıvan Muxtar Respublikasının Əhaliyə Məişət Xidməti naziri vəzifəsini tutmuş, 1978-1983-cü illərdə OrdubadCulfa rayon partiya komitələrinin birinci katibi, eyni zamanda, kifayət qədər məsuliyyətli, həssas dönəmlərdə-1983-1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri olmuşdur. Bununla yanaşı, 1970-1990-cı illərdə Naxçıvan şəhər və Ordubad rayon Xalq Deputatları Sovetinin, 1990-1995-ci illərdə isə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin deputatı kimi fəaliyyət göstərən Fəttah Heydərov 1995-ci ildən etibarən altı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.

 

Qeyd etdiyimiz kimi, uzun illər ərzində tutduğu vəzifələrdən asılı olmayaraq çalışdığı bütün sahələrdə təşkilatçılıq qabiliyyəti nümayiş etdirən Fəttah Heydərov yüksək məsuliyyət hissiinsanlara münasibətdə həssaslığı sayəsində həmkarlarının rəğbət və ehtiramını qazanmışdır. Dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində nailiyyətlərin əldə olunmasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi onun təqdirəlayiq xidmətləri vardır. Fəttah Heydərov böyük nüfuza malik el ağsaqqalı idi. O, Azərbaycan Ağsaqqallar Şurasının sədri olaraq xüsusən yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli dövlətçiliyə sədaqət, mədəni irsə, əxlaqi-mənəvi dəyərlərə və adət-ənənələrə dərin hörmət ruhunda tərbiyəsi işinə mühüm diqqət yetirmişdir.

 

Onu da xatırlatmaq yerinə düşər ki, Fəttah Heydərov Azərbaycan dövlətçiliyinin qorunub-yaşadılmasında mühüm rolu olmuş simalardan biridir. O, ulu öndərimizin ən yaxın, ən sadiq, ən etibarlı silahdaşlarından biri olmuşdur. Xüsusilə, 1990-93-cü illərdə ulu öndərimiz Naxçıvan Muxtar Respublikasında yaşayarkən və 1991-1993-cü illərdə, kifayət qədər ağır və məsuliyyətli dövlərdə Ali Məclisə sədrlik edərkən Fəttah müəllim hər zaman ulu öndərin yanında olmuş, ona dəstək vermişdir. Bu dəstək Ulu Öndər 1993-cü ilin yayından-ikinci hakimiyyətə qayıdışından sonra da güclü şəkildə davam etmiş, müstəqilliyimizin, dövlətçiliyimizin qorunmasında yaxından iştirak etmişdir.

 

Fəttah müəllim bütün fəaliyyəti dövründə, xüsusilə də, Ağsaqqallar Şurasının sədri olduğu illərdə keçirilən görüşlərdə ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin inkişafı, onun siyasi-iqtisadi təhlükəsizliyinin təmin edilməsində müstəsna xidməti barədə konkret faktlara istinad edərək danışırdı. Fəttah müəllim çıxışlarının birində demişdir:

 

“Heydər Əliyevin açdığı yolun əsasında nə dururdu? Bu yolun əsasında duran o idi ki, Azərbaycan müstəqil dövlət olaraq xalqımızın milli-mənəvi dəyərlərini özündə əks etdirsin. Yəni bu xalqın özünəməxsus nələri varsa, onları mənimsəsin. Heydər Əliyev hələ Naxçıvanda olarkən bu yolun iqtisadi cəhətlərini kəşf etmiş və tətbiq etmişdi. Başqa sözlə, SSRİ-nin tərkibindən və kommunizmin təsirindən çıxandan sonra yeni bir yol açılmalı idi. Heydər Əliyev o yolu kəşf etdi. O yol xalqın milli-mənəvi sərvətlərini özünə qaytarmaq, bu sahədəki problemləri aradan qaldırmaqdan başlayırdı...”.

 

1995-ci ildə ilk çağırış Azərbaycan Respublikasının Milli Məclisinin üzvü seçildikdən sonra Fəttah müəllim öz bilik və bacarığından, təcrübəsindən istifadə edərək, Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsində, xüsusilə, 1999-cu ildən ölkəmizdə yaradılmağa başlanılan bələdiyyə, yerli özünüidarəetmə orqanlarının təşəkkül tapmasında, formalaşmasında öz sözünü demişdir. Ağıllı təklifləri, düzgün məsləhətləri, nümunəvi çıxışları ilə fərqlənmiş, bütövlükdə regional siyasətin daha da təşəkkül tapmasına öz töhfələrini əsirgəməmişdir. Hər zaman onun fikirləri, sözləri, təklifləri ilə hesablaşılmışdır. Heç təsadüfi deyil ki, uzun illər parlamentin Regional Məsələlər Komitəsinin sədr müavini, həm də Milli Məclisin Hesablayıcı Komissiyasının sədri kimi səmərəli fəaliyyət göstərmişdir.

 

Bildiyiniz kimi, 2004-cü ilin fevralından başlayaraq, ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və Fərmanı ilə Azərbaycanda regionların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində inqilabi addımlara start verilmişdir. Azərbaycan həmin vaxtdan əsl regional siyasət mərhələsinə qədəm qoymuşdur və ötən 16 il ərzində də görülən işlər, atılan addımlar hər kəsin, hər birimizin gözləri qarşısında baş vermişdir.

 

Məhz regional siyasətin uğurlu alınmasında, onun təbliğində bir millət vəkili, parlamentin Regional Məsələlər Komitəsinin üzvü və sədr müavini kimi Fəttah müəllimin də məhsuldar əməyi, xidmətləri olmuşdur. İstər Milli Məclisin, istərsə də Regional Məsələlər Komitəsinin stenoqramlarına götürüb baxmaq kifayət edər ki, Fəttah müəllimin ötən illər ərzində titanik fəaliyyəti bir daha gözlər önündə canlanmış olsun.

 

40 ilə dayanan tanışlıq...

 

Fəttah müəllimlə şəxsi münasibətlərimizə, tanışlığımıza gəlincə, bunun 40 ilə dayanan, 1980-ci illərin əvvəllərinə gedib çıxan, mənim keçmiş Azərbaycan SSR Kommunist Partiyasının Mərkəzi Komitəsində işlədiyim illərə, Fəttah müəllimin isə Naxçıvanda fəaliyyət göstərdiyi dövrə qədər uzanan maraqlı bir tarixi, tarixçəsi vardır. Biz hələ 80-ci illərdən biri-birimizi tanıyırıq, bir-birimizə hörmət-izzətlə yanaşardıq. Bu münasibətlər mən 2005-ci ildə yenidən deputat, 3-cü çağırış Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçiləndən sonra daha da yaxınlaşmış, daha da güclənmişdir.

 

Son 15 il ərzində, demək olar ki, tez-tez qarşılaşar, söhbətləşər, fikir mübadiləsi edərdik. Hər zaman da təmkini, sakit, ağır təbiəti, həlim rəftarı ilə seçilər, çox dəyərli fikirlər söyləyər, yaşına, sanbalına uyğun məsləhətlər verərdi. Kimsənin qəlbinə dəyməzdi, kimsəyə güldən ağır söz deməzdi. Elə ona görə Milli Məclisdə, elə hər yerdə böyükdən tutmuş kiçiyinəcən, yaşlısından tutmuş cavanınacan hamı ona hörmət edər, böyük, ağsaqqal kimi yolunu, izini saxlayardı. Bu günə qədər kimsənin də ondan incidiyinin, gileyləndiyinin şahidi olmamışam və bu, mümkün deyil.

 

Onunla həm də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Elmi-Dini Şurasında təmsil olunurduq. Hər bir məclisdə olduğu kimi, Elmi-Dini Şurada da çıxışı zamanı hər zaman ağsaqqal sözü, ağsaqqal yanaşması, ağsaqqal baxışları ilə seçilir, fərqlənirdi. Hamının fikirlərinə hörmətlə yanaşar, hər kəsdən də təqdir görərdi...

 

Bu yerdə onu da deyim ki, gərgin fəaliyyətdən, elmi axtarışlardan sonra bir balaca işlərə, axtarışlara ara, fasilə vermək üçün ölkəmizin müxtəlif guşələrinə bir neçə günlük olsa belə, səfərlər edirəm. Bir neçə il öncə Fəttah müəllimin deputatı olduğuson 15-20-ci ildə nəinki Azərbaycanın, dünyanın siyasi, mədəniyyət, humanitar mərkəzlərindən birinə çevrilən, gözəlliyi ilə gözlər oxşayan Qəbələ rayonuna səfər etmişdim. Fəttah müəllim işlərinin gərginliyinə, çoxluğuna baxmayaraq, mənə baş çəkməyə gəlmişdi. Milli Məclisdəki otağımdakı kimi, yenə də qaldığım otaqdakı masanın, stolun üstündə xeyli kitab, kağız-kuğuz vardı. Fəttah müəllim həm təəccübləndi, həm heyrət etdi, həm də bu mənzərə onda gözəl təəssürat yaratdı. Mən özüm də həmin ərəfədə ona Qəbələdə necə böyük sevgi və məhəbbətin olduğunun, Qəbələ və qəbələlilər üçün hansı böyük addımlar atdığının bir daha əyani şahidi oldum. Həm də onun şahidi oldum ki, Fəttah müəllim böyüklə böyük, kiçiklə kiçik kimi davranır, hamı ilə xoş rəftar edir, seçicilərin təkliflərini, tövsiyələrini ağsaqqal təmkini və səbri ilə dinləyir, qeydə alır...Bu, heç də hər kəsə qismət olan bir xoşbəxtlik, cəhət, keyfiyyət deyil...Amma Fəttah müəllim öz fəaliyyəti, ağsaqqal təmkini ilə bunlara nail ola bilməyi, hər kəsin gözündə ucalmağı bacarmışdı...

 

İlham Əliyev: “İyirmi ildən

 

çoxdur ki, Milli Məclisin deputatı kimi ölkəmizin inkişafına

 

böyük töhfə verirsiniz...”

 

Heç təsadüfi deyil ki, Fəttah Heydərovun ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı daim layiqincə qiymətləndirilmiş və o, uzunmüddətli səmərəli fəaliyyətinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarına layiq görülərək, 2008-ci ildə “Şöhrət”, 2013-cü ildə “Şərəf” və 2018-ci ildə “İstiqlal” ordenləri ilə təltif edilmişdir. Ölkə Prezidenti 22 fevral 2018-ci ilin tarixində Fəttah Heydərova “İstiqlalordenini təqdim edərkən bunları demişdir:

 

“Hörmətli Fəttah müəllim. Sizi qarşıdan gələn yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizə cansağlığı və uğurlar arzulayıram. Siz uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayırsınız. İyirmi ildən çoxdur ki, Milli Məclisin deputatı kimi ölkəmizin inkişafına böyük töhfə verirsiniz. Ondan əvvəl - 1990-cı illərin əvvəllərində Naxçıvan Ali Sovetinin, sonra Ali Məclisinin deputatı kimi ulu öndər Heydər Əliyevin rəhbərliyi altında işləmisiniz. Hazırda Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri kimi çox fəal aparırsınız. Azərbaycan dövləti sizin xidmətlərinizi yüksək qiymətləndirib. Siz 2008-ci və 2013-cü illərdə “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunmusunuz. Bu gün yubileyiniz ərəfəsində mən sizi Azərbaycan dövlətinin yüksək mükafatı olanİstiqlalordeni ilə təltif etmişəm və bu yüksək ordeni sizə təqdim edirəm...”.

 

Fəttah Heydərovun əziz xatirəsi onu tanıyanların,

 

bizlərin qəlbində həmişə,

 

daim yaşayacaqdır...

 

Çox təəssüflər olsun ki, həyat öz gözlənilməzlikləri, gözlənilməz “sürprizləri” ilə hamımızı təəccübləndirir, təəssüfləndirir. Bir neçə gün öncə çox hörmətli, çox əziz, çox dəyərli həmkarımızın, Azərbaycan ağsaqqallığının möhtəşəm sütunlarından biri Fəttah müəllimin vəfatı, ölüm xəbəri də hər birimizi təəssüfləndirdi, hər birimizi üzdü, hər birimizi dərin kədərə qərq etdi. Onun vəfatını, dünyasını dəyişməsini, aramızdan getməsini, bizləri tərk etməsini qəbul etmək, doğrudan da, çox çətindir. Xüsusilə də, onu uzun illərdir tanıyanlar, onunla yaxın olanlar üçün...

 

Amma Fəttah müəllim bizləri cismən tərk etsə də, ruhən, mənən daim bizimlədir. Fəttah Səməd oğlu Heydərovun əziz xatirəsi onu tanıyanların, bizlərin qəlbində həmişə, daim yaşayacaqdır.

 

Allah rəhmət etsin, nur içində ruhu şad olsun!..

 

 

 

Ziyad SƏMƏDZADƏ,

 

Millət vəkili, akademik.

 

Respublika.- 2020.- 12 avqust.- S.5.