Humanist və nəcib əməllər sahibi

 

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan xalqının və dövlətinin mənafeyinə xidmət edir. Azərbaycanın Birinci vitse-prezidenti ayrı-ayrı sahələrdə qarşıya qoyulmuş məqsədlərin gerçəkləşdirilməsinə, milli maraqlardan irəli gələn strateji əhəmiyyətli vəzifələrin reallaşdırılmasına xidmət edən səmərəli fəaliyyəti ilə xalqımızın dərin rəğbətini və sevgisini qazanıb. Ümumiyyətlə, bu fəaliyyət milli maraqlara və ümumbəşəri dəyərlərə əsaslanır.

 

Xüsusi olaraq vurğulamaq gərəkdir ki, Mehriban xanım Əliyeva ölkəmizi beynəlxalq miqyasda layiqincə təmsil edən, öz fəaliyyəti ilə Azərbaycanın davamlı inkişafına müstəsna töhfələr verən ictimai-siyasi xadim kimi tanınır.

 

Mehriban Əliyeva 1982-ci ildə Bakı şəhəri 23 nömrəli tam orta məktəbi qızıl medalla bitirərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. O, müsahibələrinin birində peşə seçimini bu cür dəyərləndirir:

 

“Ağlım kəsəndən bəri başqa alternativim olmayıb. Anam şərqşünas-alim idi. Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna başçılıq etmişdir. Lakin məktəbi bitirdikdən sonra sənədlərini tibb institutuna vermişdi, çünki çox istəyirdi ki, həkim olsun. Nəyə görəsə valideynləri onu uzun müddət dilə tutmuşlar və nəticədə o, görkəmli filoloq olmuşdur. Bax onun bu baş tutmamış arzusu mənim seçimimi müəyyənləşdirmişdir. İxtisas seçimimə isə İlhamın anası - həkim-oftalmoloq Zərifə xanım təsir göstərmişdir”.

 

O, 1988-ci ildə İ.M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib və 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib. Mehriban Əliyeva 2005-ci ildə “Eftanaziya və təbabətdə humanizm problemimövzusunda dissertasiya işi müdafiə edib və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.

 

Aktiv ictimai fəaliyyətə 1995-ci ildə hal-hazırda rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondunu yaratmaqla başlayıb. 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədi ilə üç dildə (Azərbaycan, ingilisrus) çap olunan “Azərbaycan-İrs” jurnalını təsis edib. Müsahibələrindən birində Azərbaycan Mədəniyyət Fondunun və “İrs” jurnalının yaradılma məqsədlərini Mehriban Əliyeva özü maraqlı izah etmişdir:

 

“Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradarkən onun əsas məqsədi Azərbaycan mədəniyyətini təbliğ etmək, tanıtdırmaq idi. “İrs” jurnalını da mən elə onda təsis etdim. Jurnal, əslində, Fondun fəaliyyətini işıqlandırmaqla məşğul olurdu və müəyyən bir mövzuya həsr edilən hər bir nömrə həm populyar, həm də tədqiqat materialı idi. İftixarla deyə bilərəm ki, Azərbaycan mədəniyyəti barədə bizdən əvvəl hələ heç kim belə şirin yazmayıbdır. Məsələn, miniatürdən və ya memarlıq abidələrindən yazmağı qarşımıza məqsəd qoyduqda, əməkdaşlığa, əslində, həm akademiya alimlərini, həm jurnalistləri, həm də sənətşünasları cəlb etmişdik. Fond da, jurnal da kifayət qədər mürəkkəb vəzifələri yerinə yetirməli idi. O illər müstəqil Azərbaycanın təşəkkül illəri idi. Siyasi, iqtisadi dəyişikliklərlə yanaşı, köhnə ideologiyadan xilasolma prosesigedir, stereotiplər dağıdılırdı. Kifayət qədər təlatümlü həmin dövrdə mədəni irsimiz yenidən fikir süzgəcindən keçirilir, əzəli milli ənənələrə və köklərə qayıdılırdı”.

 

2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib və həmin vəzifədə özünü gözəl təşkilatçı kimi nümayiş etdirib. Onun beynəlxalq aləmdə artmaqda olan nüfuzu Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə dünya kubokunun “A” kateqoriyalı mərhələsinin (2003), Dünya kubokunun (2004), 27-ci Dünya çempionatının (2005), 23-cü (2007), 25-ci (2009) və 30-cu (2014) Avropa çempionatlarının Azərbaycanda keçirilməsinə dair qərarın qəbul olunmasında həlledici rol oynayıb. Mehriban Əliyeva Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, onun milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanması məqsədi ilə yaradılmış Heydər Əliyev Fondunun prezidentidir.

 

2004-cü il 10 mayda - Heydər Əliyevin doğum günündə təsis edilmiş Heydər Əliyev Fondunun məqsədi milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək etmək, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləmək, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına yardım göstərməkdən ibarətdir. Mehriban Əliyeva fəaliyyəti dövründə Heydər Əliyev Fondu müxtəlif sahələri əhatə edən layihələri reallaşdırmağa, dünyanın nüfuzlu təşkilatları ilə əməkdaşlıq etməyə, möhtəşəm beynəlxalq konfransfestivallar keçirməyə müvəffəq olmuşdur. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Mehriban Əliyevanın fəaliyyətində idmanın inkişafına da xüsusi önəm verilir. 2004-cü il 28 dekabrda Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib. 2012-ci il 8 dekabrda Avropa Olimpiya Komitəsi Baş Assambleyası 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul etdi. Birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirmək məqsədi ilə 2013-cü il yanvarın 17-də Təşkilat Komitəsi yaradıldı və onun sədri Mehriban Əliyeva təyin olundu. 21 yanvar 2016-cı ildə “Bakı-2015” Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden təqdim edilib. 2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən partiyanın sədr müavinidir. 2005 və 2010-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva müvafiq olaraq 92,12% (23106 səs) və 94,49% (31797 səs) səs toplayaraq deputat seçilib.

 

O, Milli Məclisin deputatı kimi fəaliyyəti dövründə əsl peşəkarlıq, siyasi yetkinlik nümunəsi göstərmişdir.

 

Mehriban Əliyevanın Milli Məclisin deputatı kimi fəaliyyətində yaddaqalan məqamlardan birionun ədalət, humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq genişmiqyaslı amnistiya aktının qəbul edilməsi təşəbbüsü ilə çıxış etməsidir. 2007-ci il 8 mayda Mehriban xanımın hazırladığı “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında” qərar layihəsinin müzakirəsində o, öz çıxışında qeyd etmişdir ki, “...səhv etmiş, cinayət törətmiş insanlara bir daha imkan verməliyik ki, onlar azad həyata qayıtsınlar, ailələrinə, yaxınlarına qovuşsunlar, cəmiyyətdə öz yerlərini tapa bilsinlər. Ağır cinayət törətməyən insanları bağışlayaraq, biz həm onları normal həyata qaytarırıq, həm də müstəqil Azərbaycanın humanizm prinsipləri əsasında inkişaf etdiyini nümayiş etdiririk”.

 

Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülmüşgeniş ictimai dəstək almış bu amnistiya aktı böyük mənəvi-əxlaqi və siyasi məzmun daşımışdır. O, bu nəcib təşəbbüsü ənənəyə çevirərək 2009 və 2013-cü illərdə də eyni müraciətlə çıxış etmiş və nəticədə 2009-cu ildə 9564, 2013-cü ildə isə təqribən 9000 nəfər azadlığa buraxılmışdır.

 

Mehriban Əliyevanın bütün çıxışları, müsahibələri özünün zənginliyi, dərin məzmunu ilə hər zaman cəmiyyətdə böyük maraq oyadır. Ağlına, zəkasına, böyük təşkilatçılıq bacarığına görə Mehriban xanımı başqa dövlətlərdə də tanıyır, sevir və rəğbətlə qarşılayırlar. Onun genişmiqyaslı fəaliyyəti ölkənin ictimai-sosial, mədəni həyatını əhatə etməklə bitmir. O, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu, özəlliklərini, dünya cəmiyyətində böyük fədakarlıqla, uğurla təbliğ edir. Qədim ənənələrimizlə bağlı olan multikultural dəyərləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir. Bu, fitri istedad sahibinin milli-bəşəri ideallara sadiqliyi, dünya cəmiyyətinə nikbin baxışlarının məntiqi ifadəsidir.

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vətənin və xalqın taleyində bundan sonra da misilsiz rolu olacağına, ölkənin vüsətli inkişafına yeni və davamlı töhfələr verəcəyinə inamımız böyükdür. Bu inamı yaradan başlıca amilqeyd etdiyimiz kimi, Onun hər zaman dövlətçiliyimizə, xalqımıza xidmət etmək istəyi, arzusudur. Avqust ayının 26-sı Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür. Bu əlamətdar gün münasibətilə Onu - qəlbi daim humanist duyğularla çağlayan mərhəmətli, şəfqətli Birinci xanımı təbrik edir, azərbaycançılıq məfkurəsinin inkişaf etdirilməsində hər zaman yeni yollar axtarışında böyük uğurlar, cansağlığı, ailə səadəti və gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıram.

 

 

 

Eldəniz SƏLİMOV,

 

Milli Məclisin deputatı.

 

Respublika.- 2020.- 26 avqust.- S.3.