Vətən müharibəsinin igid həkim-cərrahı

 

Azərbaycan xalqı bu gün öz tarixinin ən şanlı və qürurlu günlərini yaşayır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində 30 ilə yaxın erməni işğalında olan torpaqlarımız cəmi 44 gün ərzində işğaldan azad edildi. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Müzəffər Ali Baş Komandanımızın iradəsi ilə Azərbaycan təkcə döyüş meydanlarında deyil, həm də siyasi meydanda da qələbə qazandı. Bu əldə olunmuş şanlı qələbə Azərbaycanın hərbi cəbhədə olduğu kimi, siyasi cəbhədə də artıq güclü bir dövlətə çevrildiyini bütün dünyaya göstərdi. Minlərlə canlı qüvvə, saysız-hesabsız hərbi texnika itirən düşmən döyüş meydanında diz çökdürüldü. Hərbi müstəvidə tab gətirməyən düşmən, Ermənistan rəhbərliyi noyabrın 10-da kapitulyasiya haqda bəyanatı imzaladı. İmzalanan bu bəyanat 30 illik işğala son qoydu, Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının imzaladığı Bəyanat həm də Azərbaycanın siyasi qələbəsi oldu.

Vətən müharibəsi zamanı cəbhə bölgəsində həkimlərimiz də öz vəzifələrini fədakarlıqla yerinə yetirmiş, yaralı əsgərlərimizə tibbi xidmət göstərmişlər. Könüllü olaraq döyüş bölgəsinə ezam olunmuş həkimlərdən biri də həkim-cərrah Pənah Hüseynovdur. O, bizimlə söhbətində qeyd etdi:

Bu gün Azərbaycan Ordusu dünya miqyasında ən güclü ordular sırasındadır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 17 illik fəaliyyətində ordu quruculuğu məsələsi daim prioritet təşkil etmişdir. Bu istiqamətdə ulu öndər Heydər Əliyevin başladığı işləri uğurla davam etdirən ölkə rəhbəri ordumuzun ən müasir silah-sursatla təmini, döyüş qabiliyyətinin ən yüksək səviyyəyə çatıdırılmasını təmin etmişdir. Ordumuzun müasir dünya standartlarına cavab verməsi, peşəkar orduya çevrilməsi düşmən üzərində qələbəmizin qazananılmasında həlledici rol oynamışdır. Cəsur oğullarımızın rəşadəti, sarsılmaz iradəsi, qətiyyəti sayəsində düşmən ordusu məhv edildi, qələbə nöqtəsi qoyuldu. Bütün dünya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu gördü, qəhrəman əsgər və zabitlərimizin gücünü dünyaya nümayiş etdirdi. Müqəddəs Azərbaycan torpağını Vətən edən bütün qəhrəmanlarımızın, şəhidlərimizin, qazilərimizin, önarxa cəbhədə fədakarlıqla bu işə töhfə verən Azərbaycan hərbçilərinin, onların valideynlərinin qarşısında baş əyirik. Bu qələbə sevincini bizə yaşadan, canı və qanı ilə tarix yazan şəhidlərimiz, Vətən torpaqlarının azadlığını təmin edən Ali Baş Komandanımıza borcluyuq. Vətən uğrunda döyüşlərdə şəhid olmuş mərd oğullarımızın əziz xatirəsi daim qəlbimizdə yaşayacaquca tutulacaqdır.

Məlum olduğu kimi, təcavüzkar Ermənistan hərbi-siyasi rəhbərliyi müharibənin gedişində beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozaraq qoşunların təmas xəttinə yaxın olmayan Azərbaycanın yaşayış məntəqələrini və mülki obyektləri, təsərrüfat təyinatlı yerləri ağır artilleriya qurğularından, dünyada istifadəsinə qadağa qoyulmuş ballistik raketlərdən müntəzəm olaraq atəşə tuturdu. Ermənistan silahlı qüvvələri mülki əhalini hədəfə alırdı. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə, Mingəçevir şəhəri, Tərtər, Ağdam, Abşeron, Xızı, Daşkəsən, Bərdə və Goranboy Ermənistan ordusunun böyük dağıdıcı gücə malik silahlarından intensiv atəşə məruz qalır, dinc əhaliyə xəsarət yetirilir, evləri dağıdılırdı. Burada ermənilərin əsas məqsədi digər dövlətləri bu müharibəyə cəlb etmək, həmçinin Qarabağdakı uğursuzluqlarından ölkə cəmiyyətinin diqqətini yayındırmaq və Azərbaycanın dinc əhalisini qorxutmaqla onları yaşadıqları yerləri tərk etməyə vadar etmək idi. Lakin bütün dağıntılara, təhlükələrə baxmayaraq, əhali evlərini tərk etmir, öz ordusuna inanır və gündəlik qayğıları ilə yaşayırdılar. Onların hamısı qələbəmizin uzaqda olmamasına qəti əmin idilər. Bu barədə Ali Baş Komandan İlham Əliyev vurğulayıb ki, 44 gün davam edən müharibə dövründə düşmən öz məğlubiyyətinin acısını mülki vətəndaşlarımızdan çıxarmaq istəyirdi. Onların cəbhə xəttindən uzaqda yerləşən rayon və şəhərlərimizi atəşə tutması nəticəsində 93 mülki şəxs həlak oldu, 400-dən çox mülki şəxs yaralandı, 3 mindən çox bina dağıdıldı, ya da ziyan gördü. Mən artıq göstəriş vermişəm, bölgələrə qruplar göndərilir, vurulmuş ziyan hesablanır. Dağıdılmış evlərin hamısı dövlət hesabına yenidən tikiləcək, zərər görmüş bütün evlər bərpa ediləcək. Vətəndaşların itirilmiş mülkiyyəti bərpa ediləcək. Veriləcək evlərin hamısı daha keyfiyyətli və geniş olacaq. Çünki bizim üçün xalqımızın rifahı, təhlükəsizliyi ən vacib məsələdir. Ali Baş Komandan onu da qeyd edib ki, mənim üçün ən vacib məsələ torpaqlarımızın qaytarılması, ərazi bütövlüyümüzün bərpası, bayrağımızın Şuşada ucaldılması və bütün işğal altında olan digər torpaqlarda bayrağımızın qaldırılması idi ki, biz buna nail olduq.

Ötən 30 il ərzində bütün nüfuzlu beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin mövcud olmadığını və münaqişənin yalnız danışıqlar yolu ilə həllini iddia edirdilər. Onlar tərəfindən Azərbaycana heç bir halda hərbi əməliyyatlara başlamaq imkanı verməyəcəkləri haqda mesaj verirdilər. Amma bu iddialarla çıxış edən ermənipərəst dövlətlər, onların havadarları yanılırdılar. Azərbaycan Prezidenti cənab İlham Əliyev isə hər zaman bütün kürsülərdən çıxış edərək qeyd edirdi ki, bu münqişənin hərbi yolla həlli variantı var və əgər lazım gələrsə, biz məhz bu yolla öz torpaqlarımızı azad edəcəyik. Ötən bu illər ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan münaqişənin həlli ilə bağlı danışıqlarda qeyri-konstruktiv mövqe tutan Ermənistan status-kvonu saxlamağa çalışırdı. Və nəhayət, danışıqlar yolu ilə həll yolunu görməyən Azərbaycan dövləti, Ali Baş Komandan hərb yolunu seçdi. Xalqımız öz rəhbəri ətrafında yumruq kimi birləşdi və rəşadətli Azərbaycan Ordusu, qəhrəman əsgərlərimiz cəmi 44 gün ərzində ərazilərimizi erməni tapdağından azad etdi. Bununla da bütün dünyaya öz gücünü göstərdi.

Azərbaycan Prezidenti cənab İlham Əliyev xalqa müraciətində demişdir ki, biz döyüş meydanında gücümüzü göstərdik, həm düşmənə, həm də dünyaya Döyüş meydanında göstərdiyimiz güconun mənbəyi Azərbaycan xalqının iradəsidir. Azərbaycan xalqının istedadıdır və bizim əldə etdiyimiz uğurlardır. Biz xoşbəxt insanıq, bizim nəslimiz xoşbəxtdir ki, bu sevincli illəri görə bilirik. Mən Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da öz fəaliyyətimdə ölkəmizin, xalqımızın milli maraqlarını qorumaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.

Müharibənin ilk günlərindən peşəsindən asılı olmayaraq, minlərlə vətəndaşımız vətən uğrunda mübarizədə könüllü olaraq səfərbər oldular. O cümlədən mənim həkim-cərrah kimi fəaliyyət göstərdiyim Respublika Klinik Xəstəxanasının bir çox həkimləri də könüllü olaraq cəbhə bölgələrinə ezam olundu, döyüşlərdə yaralanmış, xəsarət almış əsgər və zabitlərimizə ilk tibbi yardım göstərərək fədakarlıqla çalışmışlar. Qeyd edim ki, mən 2016-cı ildə Aprel döyüşlərində Tərtər və Naftalanda olmuşam. 2020-ci il oktyabrın 15-dən 6 noyabradək II Vətən müharibəsində anadan olduğum Füzuliyə, Füzuli Rayon Mərkəzi Xəstəxanasına könüllü olaraq ezam olunmuşam. 30-a yaxın ağır cərrahi əməliyyatlar etmiş, 500-dən artıq yaralıya ambulator yardımlar göstərmişəm. Gərgin fəaliyyətimə görə Füzuli Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi tərəfindən mənə təşəkkürnamə elan olunmuşdur.

 

Əli SADIQOV

 

Respublika.- 2020.- 26 dekabr.- S.6.