Əbədiyyətə Şuşada qovuşdu

 

 

Qarabağın erməni işğalından azad edilməsi uğrunda 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunub. Rəşadətli ordumuz döyüş meydanında yüksək peşəkarlıq nümayiş etdirərək otuz ilə yaxın bu torpaqlarda möhkəmlənmiş, çətin keçiləsi mühəndis-istehkam qurğuları tikmiş Ermənistan hərbi hissələrini darmadağın edərək işğalçını ağır məğlubiyyətə uğratdı.

 

Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman şəxsi heyəti dağları, dərələri, keçilməz sədləri aşaraq Ali Baş Komandanın əmrini şərəflə yerinə yetirdi. Əsgər və zabitlərimiz düşmənin başını əzərək torpaqlarımıza, o cümlədən Dağlıq Qarabağa fəlakət, qətliam və göz yaşından başqa heç nə gətirməyənləri bu yerlərdən qovdular.

 

Məşhur bir kəlam var, torpağa qan töküləndə Vətən olur. Qəhrəman və igid oğullarımız öz canlarını qurban verərək müqəddəs amal uğrunda, haqq, ədalət yolunda şəhid oldular. Belə qəhrəman oğullardan biriTural Xudiyevdir.

 

1993-cü ilin iyul ayının 23-də Ermənistan ordusu Ağdamı işğal edəndən sonra Turalın valideynləri məcburi köçkün kimi Bakı şəhərində məskunlaşıb. Kiçik yaşlarında Tural Qarabağda, Xocalıda törədilmiş erməni vəhşilikləri haqqında valideynlərindən eşidib. Əmisi Xudu Xudiyev Birinci Qarabağ müharibəsində şəhid olub.

 

Tural 1998-ci ildə Bakı şəhərində anadan olub. Uşaqlıqdan düşmənə nifrət, Vətəninə, torpağına sevgimübariz ruhda böyüyüb. Öz otağını Azərbaycan bayrağı, milli qəhrəmanlar Allahverdi Bağırovun və Fred Asifin (Asif Məhərrəmov), həmçinin yəhudi əsilli Albert Aqarunovun şəkilləri ilə bəzəyib.

 

Xətai rayonundakı 138 saylı orta məktəbi bitirəndən sonra Tural Azərbaycan Texniki Universitetinə qəbul olub. Üçüncü kursda oxuyarkən universitetdən akademik məzuniyyət götürərək hərbi xidmət üçün müraciət edib. Ötən ilin aprel ayında N saylı hərbi hissədə Vətən qarşısında and içib. Arzusunda olduğu Xüsusi Təyinatlı Qüvvələrin sırasında xidmətini davam etdirib. Nümunəvi əsgər olub, komandirlərinin tapşırığını məharətlə yerinə yetirib. Hərbi xidmətinin bitməsinə dörd gün qalmış Vətən müharibəsi başlayıb. Əsgər yoldaşları ilə birgə ön cəbhəyə yollanıb. Müharibənin ilk günündən son gününə qədər ön sırada gedib, ən ağır çətinliklərə sinə gərib. Suqovuşan, Füzuli, Cəbrayıl, Ağdərə, Hadrut istiqamətində gedən döyüşlərdə igidlik göstərib. Cəbrayıl rayonunda önəmli yüksəkliklərdən birinə üçrəngli bayrağımızı öz əlləri ilə sancıb.

 

Tural Şuşa şəhərinin azad olunmasında fədakarlıq göstərib. Qəhrəman övladlarımızın sırasında dağlardan, dərələrdən, meşələrdən, cığırlardan keçərək, sıldırım qayalara dırmaşaraq Şuşaya qalxıb orada əlbəyaxa döyüşdə düşməni məhv edərək Azərbaycan bayrağını Şuşada ucaldıblar.

 

Taleyin hökmündən qaçmaq mümkün deyil. Ağır döyüşlərdən sağ çıxan Tural müharibənin son günü - 8 noyabrda düşmən minaatanın qəlpəsindən ağır yaralanıb. Bütün səylərə baxmayaraq, Tural azad etdiyi Şuşada şəhid olub. Ağdamın Quzanlı kəndində torpağa tapşırılıb. Güllərin ağuşuna aldığı şəhid qəbri əsl ziyarətgaha çevrilib.

 

22 yaşında qəhrəmanlıq göstərən Turalın adı Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Tural ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif olunub.

 

Salman ALIOĞLU

 

Respublika.- 2020.- 26 dekabr.- S.6.