Tərtər: Bir məktəbin üç məzunu şəhid olmuşdur

 

Otuz ilə yaxın bir müddət ərzində mənfur düşmən Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayıb, xaç atalarının köməkliyi ilə bu illər ərzində sayı-hesabı olmayan qətillər törətmişlər. İşğal altındakı əraziləri tamamilə dağıdaraq Azərbaycana külli miqdarda maddi zərər vurmuşlar. Nüfuzlu beynəlxalq təşkilatların həll edə bilmədiyi münaqişəni rəşadətli Azərbaycan ordusu həll etdi. Cəsur Azərbaycan əsgər və zabitləri döyüş meydanına atılaraq qəhrəmanlıqlar göstərməklə qələbəyə imza atdılar. Beləliklə, Azərbaycan xalqına uzun illər gözlədiyi bir sevinci mərd oğulları yaşatdılar. Tərtər rayonu bütün bu illər ərzində, demək olar ki, daim atəşə məruz qalmışdır. Buna baxmayaraq, tərtərlilər öz vətənlərində mərd və mübariz dayanaraq gündəlik qayğıları ilə məşğul olmuşlar. Onlar torpaqlar uğrunda aparılan müharibəni səbirsizliklə gözləyirdilər. Sentyabr ayının 27-də Ali Baş Komandanın əmri ilə Şanlı Azərbaycan Ordusu əks-hücum əməliyyatına start verdi. Respublikanın hər yerində olduğu kimi, Tərtər rayonunda da hamı müharibəyə yollanmaqda israrlı idi. Müharibə dövründə xalq həm sevincli, həm də kədərli xəbərləri eşidirdi. Ordumuzun düşmən üzərində ardıcıl qələbələri insanlara əsl bayram əhval-ruhiyyəsi yaşadırdı. Müharibədə şəhid və qazilərin olması qaçılmazdır. Tərtər rayon Kəngərli kənd sakinlərindən də üç nəfər qəhrəmancasına şəhid olmuşdur. Hər üç igidimiz şəhid Sərdar Zeynalov adına Kəngərli tam orta məktəbinin məzunları olmuşdurlar. Biz onların ailələri ilə görüşməyi özümüzə borc bildik. Əvvəlcə cəsur döyüşçü olmuş Məmmədov Səbuhi Zahid oğlunun atası ilə görüşdük. Səbuhi Məmmədov 17 oktyabr 2000-ci ildə Kəngərli kəndində dünyaya göz açmışdır. 2007-2018-ci illərdə qeyd olunan məktəbdə təhsil almışdır. 2018-2020-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Nümunəvi xidmətinə görə bir neçə dəfə təşəkkürnamələrə layiq görülmüşdür. Şəhid atası Zahid Məmmədovla söhbət zamanı bildirdi ki, Səbuhi ciddi, sözünə bütöv, vətənpərvər bir övlad idi. General Polad Həşimov şəhid olanda Səbuhi bir müddət özünə gələ bilmədi. O, müharibə başladığı təqdirdə könüllü olaraq orduya yollanacaqPolad Həşimovun qisasını alacağını deyirdi. Sentyabr ayının 21-də Səbuhi həvəslə orduya yollandı. Suqovuşanın işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə qısa müddət ərzində igidliklər göstərmişdir. Əsgər yoldaşları və komandirlərin dediklərinə görə, Səbuhi qorxmaz bir döyüşçü olmuşdur. Sentyabr ayının 28-də atası ilə telefon əlaqəsi saxlayaraq vəziyyətinin yaxşı olduğunu, narahat olmamaqlarını demişdir. Suqovuşanın azad olunması uğrunda gedən şiddətli döyüşlərdə sentyabr ayının 28-də şəhidlik zirvəsinə ucalmışdır. Şəhid atası oğlunun çox gənc ikən dünyasını dəyişməsinə qəhərlənsə də, oğlunun Vətən uğrunda qəhrəmancasına şəhid olduğunu qürurla dilə gətirdi. O, dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan razılığını bildirdi. Qeyd etmək lazımdır ki, şəhid atası Zahid Məmmədov Birinci Qarabağ müharibəsində (1992-1994-cü illərdə) iştirak etmişdir. O, Qarabağ müharibəsi veteranıdır.

Şəhid olmaq Məmmədovlar ailəsinin bir nümayəndəsi - Səbuhi Məmmədovun doğma əmisioğlu Mənsimli İntiqam Rövşən oğlunun da qismətində imiş. İntiqam Mənsimli 05.06.1996-cı ildə Kəngərli kəndində doğulmuşdur. 2004-2016-cı illərdə Kəngərli tam orta məktəbində təhsil almışdır, ali təhsilli idi. 2017-2018-ci illərdə Xocavənd rayonunda “N” saylı hərbi hissədə xidmət etmişdir. O, könüllü olaraq 21 sentyabrda cəbhəyə yollanmışdır. Atası Məmmədov Rövşənlə söhbət zamanı oğlunun sakit təbiətli, gülərüz, mehriban olduğunu bildirdi. O, hamıya xüsusi hörmət və ehtiramla yanaşırdı. İdmanla məşğul olmağı sevirdi. Ailədə üç qardaşın böyüyü idi. Hərbçi olmaq, işğal altındakı torpaqların azadlığı uğrunda vuruşmaq onun arzusu idi. Sentyabrın 21-də könüllü olaraq orduya yollandı. Döyüş yoldaşları bildirdilər ki, İntiqam çox cəsur, qorxmaz bir oğlan idi. Bir neçə yaralı əsgər yoldaşını ölümün pəncəsindən xilas etmiş, avtomat silahdan açılan atəşlə düşmənin xeyli canlı qüvvəsini məhv etmişdir. 16 oktyabr tarixdə gərgin döyüşlərin birində mənfur düşmənin minamyotdan açdığı atəş nəticəsində qəhrəmancasına şəhid olmuşdur.

Kəngərlinin üçüncü şəhidi Quluzadə Elmin Şəmsi oğludur. Elmin Quluzadə 23 oktyabr 1998-ci ildə anadan olmuşdur. 2004-2015-ci illərdə qeyd olunan məktəbdə təhsil almışdır. 2017-2019-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Ailədə üç qardaşın ikincisi olmuşdur. O, idmanla məşğul olmağı sevirdi. Həddindən artıq səmimi bir gənc olmuşdur. Elmin müharibədə qranatamyot (qumbaraatan) silahla düşmənin bir neçə hərbi texnikasını canlı qüvvəsini məhv etmişdir. Əsgər yoldaşları komandirləri onun igid bir döyüşçü olmağından ağızdolusu danışırdılar. Atası Şəmsi Qurbanov bildirdi ki, Elmin Tovuz hadisəsindən sonra özünə yer tapa bilmirdi, daim cəbhəyə can atırdı. Şəhidimizin atası Şəmsi Quliyev Birinci Qarabağ müharibəsi zamanı 3 il Tərtərin müdafiəsində ön cəbhədə qulluq etmişdir. Şəhid atası bir oğlunun da hazırda orduda xidmət etdiyini bununla qürur duyduğunu dedi. Elmin telefon danışıqlarının birində anasına demişdir ki, torpaqlarımız işğaldan tam azad olduqdan sonra ailə quracaqdır. Təəssüflər olsun ki, bu xoşbəxtlik Elminə qismət olmadı. O, oktyabr ayının 16-da düşmənin minamyotdan atdığı atəş nəticəsində qəhrəmancasına şəhid olmuşdur.

Hər üç şəhidimiz döyüş meydanında göstərdikləri igidliklərə görə dövlətimizin başçısı İlham Əliyevin müvafiq sərəncamı iləVətən uğrundamedalı ilə təltif olublar.

Şəhidlərimizin təhsil aldığı məktəbin direktoru İmran Məmmədov bildirdi ki, bu şagirdlər məktəbdə fəallığı vətənpərvərliyi ilə digərlərindən həmişə seçilmişlər. Təhsil illərində onların hər üçü nümunəvi, dürüst, çalışqan, məktəbin ictimai işlərində fəal iştirak etməklə müəllim kollektivinin sevimlisinə çevrilmişdirlər.

Bu gün şəhid qazilərimizin canı, qanı bahasına işğal altında olan torpaqlarımız murdar ermənilərdən təmizləndi. Eyni zamanda bu tarixi qələbə Azərbaycan xalqınının şərəfini, kimliyini, birliyini, qürurunu yenilməzliyini bütün dünyaya bəyan etdi. Hər birimiz əbədi olaraq şəhidlərə borcluyuq.

 

Vəli VƏLİYEV

 

Respublika.- 2020.- 26 dekabr.- S.6.