Xatirələrdə yaşayan ömrün kövrək anları

 

 

Müstəqil respublikamızın ictimai həyatında fəal vətənpərvər mövqeyi ilə həmişə fərqlənən, mənalı ömrünün böyük qismini ölkəmizdə nəşriyyat-poliqrafiya sahəsinin inkişafına, milli kitab mədəniyyətinin yüksəldilməsinə həsr etmiş, qurub-yaratdıqları, həyata keçirdiyi layihələr, qazandığı uğurlarla tarixdə özünəməxsus iz qoyan, əməlləri ilə xatirələrdə yaşayan görkəmli şəxsiyyət, Əməkdar mədəniyyət işçisi, naşir, pedaqoq, publisist Bəhruz Axundovun yanvar ayının 2-si doğum günüdür. Bu günlər hələ uzun müddət yeri görünəcək naşir yenə ehtiramla anılacaq, ziyalılarımızın, tanıyanların xatirələri onun mənalı ömür yoluna işıq salacaq. Onunla birgə çalışmış Əməkdar mədəniyyət işçisi Mustafa Çəmənlinin söylədiyi kimi, könüllərdə yaşamayan insan barəsində isti, hərarətli sözlər yazılmaz. Adın çəkiləndə səni sağlığında tanıyanların yaddaşlarında mayak kimi yanıb-sönməsən, xatırlanmazsan. Səni sənsiz ananlar varsa, Haqqın dərgahında olsan da, sağsan, çağdaşsan. Mərhum Bəhruz Axundov da belə əbədi diriliyini hələ sağlığında əməlləri, xeyirxahlığı ilə qazanıb.

Bəhruz Həsən oğlu Axundov 1954-cü il yanvar ayının 2-də Ağdam şəhərində ziyalı ailəsində anadan olmuşdu. 1977-ci ildə ADU-nun (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsini bitirib. 1980-ci ilə rayonda müxtəlif məsul vəzifələrdə çalışıb, Ağdam Rayon Komsomol Komitəsinin birinci katibi, sonra ikinci katibi olub. O, 1981-ci ildən əmək fəaliyyəti paytaxt Bakı şəhərində davam edib. Bakı “Yeni kitab” mətbəəsində (sonralar 3 ¹-li mətbəə) daha sonralar “Kommunist” (indi “Azərbaycan”) nəşriyyatında müxtəlif vəzifələrdə işləmiş, (1981-1984) Azərbaycan Respublikası Maarif Nazirliyi (indiki Təhsil Nazirliyi) mətbəəsinin direktoru (1985-1992) vəzifəsində çalışmışdır. 1992-ci ilin sonlarında Azərbaycanda yaradılan son, müstəqil respublikamızın isə ilk dövlət nəşriyyatı olan “Təhsil”in (əvvəl “Öyrətmən” adı ilə fəaliyyət göstərmişdir) yaradıcısı və direktoru olmuşdur.

Gərək elə yaşayaq ki, bioloji ömrümüz bitdiyi anda ikinci - mənəvi ömrümüz başlasın - deyən Bəhruz Axundov mənalı ömrünü nəşriyyat sahəsinə bağlamış, otuz ildən çox fəaliyyəti ilə bu sahənin inkişafına dəyərli töhfələr vermiş, kitab çapının, naşirlik işinin onun üçün əqidə məsələsi olduğunu qürurla bildirirdi. Deyirdi: “Jurnalistlik fəaliyyətim olub, yazıçılıqla da məşğul oluram. Yazıçılar Birliyinin üzvüyəm, bir neçə kitabın müəllifiyəm. Pedaqoji fəaliyyətim, universitetdə dərs deyirəm. Gənclik vaxtımdan bəri məsul vəzifələrdə çalışmışam, elmi işlə də məşğulam, dosentəm. Amma qəlbən və ruhən daha çox naşirəm. Mən özümü naşirlikdə tapmışam”.

Bəhruz Axundovun rəhbərliyi ilə yüzlərlə adda dərslik və dərs vəsaiti, ictimai-siyasi, elmi-kütləvi, bədii-publisistik ədəbiyyatlar və akademik nəşrlər işıq üzü görmüşdür. Müstəqil Azərbaycanın milli təhsil sisteminin qurulması ilə əlaqədar yeni tədris proqramları əsasında latın qrafikasında buraxılan ilk milli dərsliklərin böyük əksəriyyəti də məhz onun rəhbərliyi ilə nəşr olunmuşdur. Naşiri və tərtibçisi olduğu onlarla nəşr nümunələri nüfuzlu beynəlxalq kitab sərgilərində ölkəmizi layiqincə təmsil etmiş, mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. B.Axundovun rəhbərlik etdiyi “Təhsil Nəşriyyat-Poliqrafiya” MMC beynəlxalq aləmdə bir sıra uğurlara imza atmışdır. Nəşriyyat ölkəmizdə kitaba marağın artırılması istiqamətində real işlər görüb. Kitabla bağlı tədbirlər keçirilib, gənc şair və yazıçıların ilk kitablarının nəşrinə dəstək vermişdir. “Təhsil” nəşriyyatı yeganə müəssisədir ki, özünün “Kitab evi” var. Məhz bu cür nəşriyyat və poliqrafiya müəssisələrinin uğurlu fəaliyyəti sayəsində kitaba, oxuya marağın yüksəldiyini deyə bilərik.

Bəhruz Axundov nəşriyyat-poliqrafiya sahəsində mütəxəssis hazırlığına da öz dəstəyini əsirgəmirdi. O, 2006-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, 2011-ci ildən ömrünün sonuna kimi dosent vəzifəsində çalışmışdır. Təcrübəli naşir-publisist öz sevimli peşəsini tələbələrinə də öyrədirdi. O, milli folklorumuzu, ədəbiyyatımızı və muğamlarımızı da dərindən bilirdi. Başqalarına əl tutmaq, kömək etmək, xeyirxahlıq, tələbkarlıq və peşəsinə vurğunluq onun xarakterini səciyyələndirən ən mühüm keyfiyyət idi.

2012-ci ildə yeni təsis edilmiş Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin sədri seçilmişdi. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Ağsaqqallar Şurasının, Avrasiya Yazıçıları Birliyinin üzvü idi. 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” adına layiq görülmüşdü. Müsahibələrinin birində demişdir ki, “Hər bir vətəndaş yaşından, statusundan, vəzifəsindən asılı olmayaraq vətənə töhfə verməyə çalışmalıdır”. Deyirdi: “ Mənim həyatım qaçhaqaçlarla keçib. Neçə yaşım olduğunu, nə iş gördüyümü düşünməyə vaxtım olmayıb. Hamıya aid olan istirahət günü bəzən mənə aid olmayıb. Həmişə ən böyük amalım millətə, dövlətə və dövlətçiliyə xidmət olub. Ömrüm boyu bu amal uğrunda mübarizə aparmışam”. Ömür yoluna nəzər salanda aydın görünür ki, o buna da nail olmuşdu.

Hamı ictimai xadim, dahi şəxsiyyət ola bilməz. Amma qurub-yaratdıqların, xeyirxahlığın, xoş əməllərinlə tarixdə doğmalarının, dostlarının, səni tanıyanların, sevənlərinin yaddaşlarında mənən yaşamaq da elə ömürdür. Bu fikri ölkənin mədəniyyət və təhsil həyatında tanınan insanlardan biri olmuş naşir Bəhruz Axundov vaxtilə söyləmişdi, elə özü də belə bir ömür yaşadı. Mədəniyyət, təhsil, nəşr və poliqrafiya sahəsindən söz düşəndə xidmətlərinə görə daim xatırlanacaq, adı ehtiramla çəkiləcək.

Ölkə həyatının aktual mövzuları ilə bağlı ondan müxtəlif səpkili müsahibələr almışam. İlk görüşümüzdən illər keçdikcə, söhbətlərimizin zamanı, məkanı dəyişsə də, xarakterindəki bütövlük heç zaman dəyişmədi. Həmişə onunla söhbəti qələmə alsam da, indi özümün olmadığı çərçivədə, söhbətlərimizin yaddaşıma həkk olunmuş unudulmaz məqamlarını xatırlayıram, xəyalən bu ardıcıllığı qorumağa çalışıram. Vaxtın azlığını, görüləcək işlərin çoxluğunu bildirsə də, ictimai hadisələrə, nəşriyyat-poliqrafiya sahəsinin inkişafı ilə bağlı mövqeyini, düşüncələrini ifadə edər, bunu vacib sayardı. Obyektivlik, dürüstlük onun özünü ifadə etmək kriteriyası, zəhmət, qətiyyət, işinə məsuliyyət, tələbkarlıq, səmimiyyət onun uğurlarının istinad nöqtəsi idi. Bu keyfiyyətlər ona nüfuz qazandırmışdı. Bəhruz müəllim Vətənini sidq ürəklə sevən vətənpərvər ziyalı idi.

Onun haqqında yazılan xatirələrin birində bu məqam yadıma düşdü. İlk “Azərbaycan tarixi” dərsliyimiz çapdan çıxmışdı. Bəhruz müəllim kitabı ən qiymətli bir şey kimi əlində tutub nəvazişlə vərəqləyərək: “Axır ki, balalarımız öz xalqının tarixi haqqında əsl həqiqətləri öyrənəcəklər”- dedi və mən ilk dəfə onun kövrəldiyinin şahidi oldum. Bu göz yaşları taleyinə neçə-neçə faciələr yazılmış bir məmləkətin tarixinin gənc nəslə olduğu kimi çatdırılacağından doğan sevincdənmi idi, yoxsa düşmən əsarətində inləyən doğma torpaqlarına həsrətindənmi idi, bilmirəm. Bir onu bilirəm ki, qəlbi vətən sevgisi ilə dolu olan bu insan içində Qarabağ boyda bir dağ gəzdirirdi:

“Soruşma halımı, qəlbim qan ağlar,

içimdə bir od var, köksümü dağlar.

Ayağım altından qaçıbdır dağlar.

Soruşma halımı, qoyma ağlayam,

torpaqsız-obasız qarabağlıyam” -

deyirdi Bəhruz müəllim. Ən böyük arzusu doğma Ağdamının vüsalına yetmək, canından artıq sevdiyi yurduna qovuşmaq idi. Bəhruz müəllimin ən böyük nigarançılığı doğma yurd həsrəti, işğal olunmuş rayonlarımızın dərdi idi. Hər dəfə bu mövzuda söhbət düşəndə deyərdi: “Yurd itkisi, torpaq itkisi həmişə içimdə qövr eləyib. Qarabağı qaytarmaq üçün biz hamımız Ali Baş Komandanın ətrafında yumruq kimi birləşməliyik”. Heyhat, arzusu ürəyində qaldı. Qarabağ həsrəti, Qarabağ nisgili ilə də bu dünyanı tərk etdi.

Nəhayət, illərdir xəyal qurduğumuz, onun arzuladığı Qarabağmıza qovuşduq. Vətən müharibəsində qalib gəlib tarix yazdıq. Bu gün fəxrlə deyirik: “Ağdam bizimdir, Füzuli bizimdir, Qubadlı bizimdir, Kəlbəcər bizimdir, Zəngilan bizimdir, Cəbrayıl bizimdir, Laçın bizimdir, Şuşa bizimdir. Qarabağ bizimdir. Bu möhtəşəm zəfər günlərində, əminəm ki, onun da ruhu bizimlədir. Yaşasa idi Şanlı Ordumuzun yanında olardı. Müqəddəs torpağa ilk o qoşardı. Ruhunun artıq Ağdamda olduğuna inanan onun əziz yadigarları, oğulları Tural və Toğrul Axundovlar belə duyğu dolu anları dilə gətirirlər. Tural deyir ki, 2020-ci ilin oktyabr-noyabr ayları ən əlamətdar günlər kimi hər zaman anılacaqdır. Əsrlər keçsə də, daim yad ediləcək, bu yolda çarpışan, şirin canından keçib şəhidlik şərbətini içən, qazilik mərtəbəsinə yüksələnlər kitablarda vəsf ediləcək, dastanlar qoşulacaq, barələrində bədii, sənədli filmlər çəkiləcəkdir. Mənfur düşmən noyabrın 20-də Ağdam rayonunu da tərk etdi. Bu şanlı günü günlərin, ayların, illərin həsrəti ilə Bakıda qaçqın həyatı yaşayan babam da, gənclik, uşaqlıq illərini Ağdamda keçirən, orada çalışan, işləyən, ailə həyatı quran atam Bəhruz Axundov da 24 il gözlədi. Atam bir naşir kimi Qarabağı yad edən çox sayda kitablar nəşr etdi. Çox təəssüf ki, bu günləri nə babam, nə də əziz atam gördü. Mən isə Ağdamı bir dəfə beş yaşında olarkən görmüşəm. Beş yaşlı uşaq gördüklərini necə xatırlayırsa, mən də o cür xatırlayıram, ilğım kimi, yuxu kimi”...

Toğrul deyir ki, noyabrın 20-si mənim dünyaya gəldiyim, illərlə həsrətini çəkdiyim Ağdam şəhəri, onun kəndləri mənfur düşməndən azad olunub. O gün 27 il sonra Ağdam məscidində azan səsi ucalıbdır. İnanıram ki, bu gün illərlə Qarabağın, Şuşanın, Ağdamın həsrəti ilə yaşayan atam Bəhruz Axundovun da ruhu şaddır. Çox təəssüf ki, o, bu xoşbəxt günü görmədi. Atam tanınmış naşir idi. Nəşr etdiyi kitabların titul səhifəsində işğal altında qalan rayonlarımızın adlarını yazdırardı ki, gənc nəslin yaddaşına həkk olunsun. Məqalələrində, esselərində, şeirlərində həmişə Qarabağı, Ağdamı, Şuşanı anardı. Bu gün xəyalımda, ürəyimdə, ruhumda yaşayan atama üz tutub deyirəm: “Gözün aydın olsun, ata! Canından artıq sevdiyin Qarabağ Ali Baş Komandan İlham Əliyevin dönməz iradəsi, diplomatik səyləri, şanlı ordumuzun müzəffər yürüşləri nəticəsində mənfur düşməndən azad edildi. Bu gün şəhər və kəndlərimizdə, mədəniyyət beşiyi olan Şuşada üçrəngli bayrağımız dalğalanır”.

 

Mustafa KAMAL

 

Respublika.- 2020.- 31 dekabr.- S.10.