İki tarixi müharibənin veteranı

 

Ö mür dedikləri nədir ki?! Bir göz qırpımı! Tanrı qisməti! Onu da hərə bir cür yaşayır. Kimisi adicə işlərlə günlərini ötürər, kimisi də hələ çiyinləri bərkiməmiş, özündən də ağır silaha sarılar, qanlı-qadalı döyüşlərə atılar, qalib əsgər kimi zəfər qazanar. Zəkasının nuru, elmi ilə zirvələri fəth edər, tarix yazar, yaddaşlarda qalar. Nəsillərə örnək belə ömür yaşayanlardan biriQara Əli oğlu Sarıyevdir.

 

 

Qara Sarıyev 1925-ci il dekabrın 30-da Tovuz rayonunun Qəribli kəndində anadan olub. Böyük Vətən müharibəsi başlayanda 10-cu sinifdə oxuyurdu. Müəllimləri hər dəfə dərsə girəndə müharibədən danışır və deyirdilər ki, sizin qələbəyə köməyiniz yaxşı oxumağınızdır. Bu sözlər onsuz da dərs əlaçısı olan Qaranı daha yaxşı oxumağa ruhlandırsa da, onun fikri başqa idi. Könüllü olaraq cəbhəyə getmək! Vətənpərvərlik hissi bu yeniyetməyə güc gəlirdi və bir gün o, qəti qərar verir, dərslərini yarıda qoyub cəbhəyə yollanır. Ömründə əlinə silah almayan Qara Sarıyev cəbhə həyatına tez alışır, ən qızğın döyüşlərə atılmaqdan qorxmur. Rəşadətli müharibə yolu keçir. Ukraynanın, Rumuniyanın, Macarıstanın, Çexslovakiyanm, Avstriyanın, Monqolustanın, Çinin Mancuriya əyalətinin, Port-Arturun azad edilməsində birbaşa iştirak edən bu cəsur əsgər özünün “Katyuşa”sı ilə Dunay, Dnestr, Prut çaylarını, Zabaykalye cəbhəsini, susuz MonqolustanQobi səhralarını keçərək, sıldırımlı Böyük Xinqan dağını aşıb düşmənlərin sədlərini dağıdır, onlara ağır zərbələr vururdu.

1945-ci ilin sentyabrında, müharibə başa çatdıqdan sonra sovet döyüşçüləri Mancuriyanın azad edilməsi uğrunda döyüşlərə başlayır. Qara Sarıyev də onların sırasında məhşur Xinqan əməliyyatının fəal iştirakçılarından biri olur. Məhz bu döyüşlərdə xüsusi fərqləndiyinə görə SSRİ Silahlı Qüvvələrinin Ali Baş Komandanı, generalissimus İosif Vissarionoviç Stalinin avqust 1945-ci il tarixli, 372 nömrəli əmri ilə o, fəxri fərmanla təltif edilir.

2005-ci ildə Qara Sarıyev Çinin Mancuriya vilayətinin Subey, Çin-fin, Çançun, Muqden, XarbinArqun çayının sahillərindəki yaşayış məntəqələrinin azad edilməsinin 60 illiyi münasibətilə Pekində keçirilən Ümumdünya Sülh abidəsinin açılışı mərasimində iştirak etmək üçün dəvət alır. Çin dövlət rəsmilərinin iştirakı ilə keçrilən tədbirdə Azərbaycan döyüşçüsü söz alaraq özünün sülh arzularını çatdırır. Onun çıxışı dünyanın 80 dilinə tərcümə edilir. Çin dövlətinin başçısı onu şəxsən təbrik edib yüksək dövlət mükafatını təqdim edir.

2010-cu ildə Parisdə beynəlxalq toplantı keçirilir. Q. Sarıyev də buraya dəvət olunur. O, Fransanın İkinci Dünya müharibəsində iştirak etmiş müharibə veteranları ilə birlikdə ölkənin Mo, Sen-Jenevyev-de Bua, Naya-Sen-Marten, Le, Burje şəhərlərindəki döyüşlərdə həlak olmuş əsgərlərin qəbirlərini ziyarət edir və toplantıda geniş nitq söyləyir. Faşizm üzərindəki qələbədə Azərbaycan neftinin böyük rol oynadığını, müharibə illərində Sovet ordusunun işlətdiyi yanacağın 80 faizinin məhz Bakı neftinin hesabına olmasını digər xalqlar kimi, azərbaycanlıların da bu müharibədə qəhrəmanlıq nümayiş etdirdiyini, müharibəyə yollanan 700 mindən çox azərbaycanlının 400 mininin qayıtmamasını vurğulayır.

Kvantun ordusu üzərində qələbənin 50 illiyi münasibətilə Moskvada keçirilən təntənəli tədbirdə Azərbaycanı təmsil edən iki nümayəndədən biriQara müəllim olur. Burada o, MDB Əlaqələndirmə Şurasının mükafatına layiq görülür.

2003-cü ildə qələbənin 58-ci ildönümü münasibəti ilə həm alman faşistlərinə, həm də yapon militaristlərinə qarşı döyüşlərin iştirakçısı kimi Moskvaya dəvət edilmiş 40 nəfərlik nümayəndə heyətinin tərkibində Azərbaycanı Qara müəllim təmsil edir. O, burada Rusiya prezidenti Vladimir Putinlə görüşür, onunla xatirə şəkli çəkdirir, özünün böyük və məşəqqətli döyüş yolu haqqında olan sənədləri də ona təqdim edir.

Qara müəllim məşhur Mauthauzen hərbi-faşist düşərgəsinin azad edilməsində də qəhrəmanlıq göstərib. Avstriyanın bu həbs düşərgəsində yüzlərlə millətin nümayəndəsi, o cümlədən azərbaycanlı əsirlər də saxlanılırdı. Bu döyüşlərdə o, yenə də öz “Katyuşa”sı ilə döyüşürdü. Azad edilən əsirlər arasında xeyli sayda azərbaycanlılar da vardı. Həmin hərb düşərgəsinin yerində yaradılmış hərbi müzeyin açılış mərasimində iştirak edən Qara müəllim öz xatirəsində deyirdi ki, Mauthauzenin azad edilməsilə bağlı keçirilən Ümumdünya Qələbə Paradında Amerika, İngiltərə, Fransa, İtaliya və digər ölkələrin bayrağı ilə yanaşı, Azərbaycan bayrağı da dalğalanırdı. Bu, insana böyük qurur gətirirdi.

Qara Sarıyev müharibə illərində döyüş cəbhələrində göstərdiyi şücaətlərə görə ümumilikdə 40-dan artıq ordenmedallarla təlfif edilib. Bunların arasında 1-ci və 2-ci dərəcəli “Böyük Vətən müharibəsi” ordenləri, Stalinqrad, Kursk cəbhələrinin Fəxri xatirə, Leninqrad blokadasının Xatirə medalları, “Qəhrəmancasına hücumda iştiraka görə”, “Vyananın alınması”, “Budapeştin alınması”, “Praqanın azad edilməsi”, “Ukraynanın azad edilməsi”, “Almaniya üzərində qələbə”, “Yaponiya üzərində qələbə”, “Marşal Jukov” və s. orden, medalları da var. O, təkcə Ali Baş Komandan İ.V.Stalin tərəfindən 18 dəfə fəxri fərman və təşəkkürnamələrə layiq görülüb.

Qara Sarıyevin döyüş yolu müharibə başa çatdıqdan sonra da, 1948-ci ilin aprel ayına qədər davam edib. Hərbi xidməti başa vurduqdan sonra o, yarımçıq qalmış təhsilini davam etdirib. Orta məktəbi gümüş medalla bitirib, 1950-ci ildə Moskva Baytarlıq Akademiyasına qəbul olunub, təhsilini başa vurub təyinatla Azərbaycana göndərilib. Astara rayonunda baytar kimi fəaliyyətə başlayan Qara müəllim az sonra Rayon Baytarlıq İdarəsinin baş həkimi təyin olunur, 1962-ci ildə Az. ETBİ-nin aspiranturasına daxil olur, Naftalan neftinin iribuynuzlu heyvanların “pasterelyoz” xəstəliyinə dair immunitetə təsir mexanizmini öyrənir və bu mövzu üzrə Azərbaycan Elmlər Akademiyasında dissertasiya müdafiə edir, biologiya elmləri namizədi adına layiq görülür.

1970-1985-ci illərdə Azərbaycan Respublikasında (həmçinin SSRİ-də) ilk dəfə iri və xırdabuynuzlu heyvanlarda zooantroponoz qrupuna daxil olan xlamidioz xəstəliyinin törədicilərinin köçəri quşlar və gənələr olduğunu elmi əsaslarla sübut etmiş və xəstəliyə qarşı təlimat, mübarizə tədbirləri hazırlamışdır.

O, 90-dan çox elmi əsərin müəllifidir. Onlardan 20-si Beynəlxalq jurnallarda çap olunub. 2005-ci ildəAzərbaycanda qoyunların xiamdioz balasalması onlara qarşı mübarizə tədbirlərimövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. O, 2008-ci ildə artıq professor idi. Əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, 1989-cu ildə onaƏməkdar kənd təsərrüfatı işçisifəxri adı verilmişdir. 2009-cu ildən Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsüdür.

O, SSRİ- ilk dəfə olaraq buzovlarda adenovirus infeksiyası aşkar edən alimdir. Heyvanlardan insanlara 75-dək keçən təhlükəli xəstəliklərin qarşısını almaq üçün baytar həkimləri tərəfindən heyvanları xəstəliklərə qarşı profilaktiki peyvəndə cəlb etməklə, insanların xəstəliklərə yoluxmasının qarşısı alınır... Böyük rus alimi S.S. Yevseyenko yazır: “Tibbi təbabət insanları müalicə edir, baytarlıq təbabəti isə bəşəriyyəti qoruyur. Qara Sarıyev elmi tövsiyyələrinin heyvanlarda tətbiqi sayəsində ölkəyə milyonlarla manat iqtisadi gəlir gətirmişdir”.

Hətta SSRİ dövründə Yevlax rayonunda brusellyoza görə qeyri-sağlam heyvandarlıq təsərrüfatları rayonun baş baytar həkimi Xəlilov Cahangirlə birlikdə o, 7 ilə tam sağlamlaşdırmışdır. Apardığı uğurlu baytarlıq tədbirlərinə görə yüksək səviyyədə mükafatlandırılmışdır.

 

Əhməd ƏSƏDLİ,

baytarlıq elmləri namizədi.

 

Respublika.- 2020.- 27 dekabr.- S.3.