Vətən sevgisi

 

 

Allah insanı xəlq edəndə alnına onun ömür payını, bəxtini və taleyini həkk edir. Heç bir bəndənin bu yazını pozmağa, bu yazıdan qaçmağa gücü çatmaz. Hər kəsin bu dünyada öz yolu, öz cığırı olur. Heç kəs bu yolun həcmini, zamanını, eniş-yoxuşunu öncədən görə bilməz. Yaranışından el üçün doğulan insanlar olur ki, onlar özləri üçün yaşamır, Vətən uğrunda öz canlarını fəda verməkdən belə çəkinmirlər.

Bu yazıda RaminRöyal Hüseynov qardaşlarının Vətən müharibəsində göstərdikləri şücaətdən danışacağıq.

Ramin Qüdrət oğlu Hüseynov 8 sentyabr 1993-cü ildə Ağsu rayonunun Çaparlı kəndində dünyaya gəlmişdi. O, 2001-ci ildə Çaparlı kənd orta məktəbinin birinci sinfinə daxil olub, 2002-ci ildə ailəsi Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsinə köçdüyünə görə təhsilini Qamət Abbasov adına tam orta məktəbinin ikinci sinfində davam etdirib və 2011-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurmuşdu.

Ramin Hüseynov həmin ilin oktyabr ayında hərbi xidmətə getmiş və 2013-cü ilin aprel ayında Vətən qarşısında borcunu şərəflə yerinə yetirib evlərinə qayıtmışdı. Vətən sevgisi, yurd məhəbbəti, onun canında və qanında idi. Ermənistan silahlı qüvvələri tərəfindən torpaqlarımızın işğal edilməsi, Azərbaycan Ordusunun mövqeləri, kənd və şəhərlərimizin erməni quldurları tərəfindən tez-tez atəşə tutulması onu bir an da olsun rahat buraxmırdı. Onun böyük qardaşı Röyal hərbçi idi. O, gizirlik məktəbini bitirib cəbhə bölgəsində xidmət edirdi.

Ramin Hüseynov 2014-cü ilin yanvar ayında gizirlik məktəbinə daxil olub, hərbi biliklərə tam yiyələndikdən sonra Beyləqan rayon, “N” saylı hərbi hissədə rabitə taborunun komandir müavini vəzifəsində xidmətə başlayıb.

2016-cı il aprelin 2-dən başlayaraq Ermənistan hərbi hissələri Azərbaycan Silahlı Qüvvələrinin bütün cəbhəboyu mövqelərini iriçaplı silahlarartilleriya qurğularından intensiv atəşə tutaraq qoşunların təmas xəttində təxribat törətdilər. Cəbhəyanı zonaya yaxın olan yaşayış məntəqələri və məcburi köçkün qəsəbələri atəşə məruz qaldı. Azərbaycan Silahlı Qüvvələrinin qısa müddətdə həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Füzuli rayonu istiqamətində yerləşən “Lələtəpə” adlandırılan yüksəklik ələ keçirilmiş, düşmənə məxsus 6 tank, 15-dək artilleriya qurğusu məhv edilmiş, həmçinin onlarca hərbi qulluqçu öldürülmüşdü.

Ermənistan silahlı qüvvələri 12 iyul 2020-ci ildə atəşkəs rejimini kobud şəkildə pozaraq dövlət sərhədinin Tovuz rayonu istiqamətində mülki əhalini və beynəlxalq layihə olan Bakı-Tbilisi-Ceyhan boru kəmərini atəşə tutmuş və Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum etmişlər. Əsgər və zabitlərimizin həyata keçirdiyi əks tədbirlər nəticəsində düşmənin xeyli hərbi texnikası və canlı qüvvəsi məhv edilərək təxribatın qarşısı alınmışdı. Gizir Ramingizir Röyal Hüseynov qardaşları öz taborları ilə hər iki döyüşdə iştirak emiş və göstərdikləri hünərə görə “Fəxri Fərman”la təltif olunmuşlar.

27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən kəndlərimiz və hərbi mövqelərimiz artilleriya atəşinə tutuldu. Müzəffər Azərbaycan Ordusu düşmən təxribatının qarşısını alaraq, əks-hücum əməliyyatlarına başladı. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində əsgər və zabitlərimiz addım-addım irəliləyərək, Ermənistanın 30 ilə yaxın qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçmiş və qəhrəmanlıq göstərərək öz doğma torpaqlarını işğaldan azad etmişdi.

Gizir Ramin Hüseynov oktyabrın 8-də Füzuli şəhərininin düşməndən azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Onun nəşi anadan olduğu Ağsu rayonunun Çaparlı kəndinə aparılmış, böyük hörmət və izdihamla kənd qəbiristanlığında dəfn olunmuşdu.

Gizir Röyal Hüseynovun qardaşı Vətən uğrunda şəhid olsa da, o, torpaqlarımızın erməni quldurlarının tapdağından azad olunmasında qəhrəmanlıq göstərir və bu gün də hərbi xidmətini uğurla davam etdirir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə gizir Ramin Qüdrət oğlu Hüseynov Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə (ölümündən sonra) “Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixdə isə “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Ölkə başçısının 18 dekabr 2020-ci il tarixli sərəncamı ilə şəhidin qardaşı gizir Röyal Qüdrət oğlu Hüseynov Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirdiyinə görə “Döyüşdə fərqlənməyə görə”, 24 dekabr 2020-ci il tarixdə “Cəbrayılın azad olunmasına görə”, 25 dekabr 2020-ci il tarixdə isə “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Şəhid Ramin Hüseynovun anası: “Böyük oğlum Röyal hərbçi idi. Ramin də əsgərlikdən gələndən sonra dedi ki, mən də hərbçi olacağam. O, gizirlik məktəbini bitirib Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmətə başladı. Bir ildən sonra şəklini böyütdürüb evimizə gətirdi və dedi ki, mən şəhid olacağam. Mən ağladım. Vətən müharibəsi başlayanda halım pis oldu. Ramin Füzuli şəhərini azad edərkən qəhrəmancasına şəhid oldu, qardaşı Röyal isə döyüşlərdə sonadək iştirak etdi.

Mən bir ana kimi fəxr edirəm ki, 2 oğlum Vətən müharibəsində iştirak edib. Ramin şəhid olsa da, qardaşı Röyal əsgər və zabitlərimizlə addım-addım irəliləyərək, torpaqlarımızı yağılardan azad edib. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev hər iki oğlumun göstərdiyi şücaəti yüksək qiymətləndirib.

Ramin uşaqlıqdan ailəsinə, Vətəninə bağlı olub. Onu evləndirmək istəyirdim. Deyirdi ki, Qarabağ alınmayınca evlənmərəm. Həmişə evə gələndə mənə və bacısına hədiyyələr alırdı. Ramin böyük oğlumun toyunda mənimlə çox oynadı. Həmin gün çox sevindim. Raminə dedim, sənin üçünolsun. O, üzümə baxıb güldü. Kaş ki, arzularım yarımçıq qalmayaydı. Bu ana üçün çox çətindir. Onun yoxluğu ilə hələ barışa bilmirəm. Elə bilirəm ki, gələcək... Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzulayıram”.

Şəhid Ramin Hüseynovun təhsil aldığı Qamət Abbasov adına 284 nömrəli tam orta məktəbin tarix müəllimi Zenfira Yusifova: “Sentyabrın 27-dən sonra yaşadığımız günlər tariximizin unudulmazparlaq səhifəsidir. Son 30 il ərzində gözlədiyimiz, arzuladığımız nəticəni cəmi 44 gündə əldə etdik. Bu qələbənin qazanılmasında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörənliyi, vətənpərvərliyi və liderə xas olan bütün keyfiyyətləri əsas rol oynadı. Lider-Xalq birliyi Qələbəmizi təmin etdi. Müzəffər Azərbaycan Ordusu bu Qələbə ilə bütün dünyaya sübut etdi ki, torpaqların işğalı ilə barışmayan Azərbaycan xalqı var. Ordumuz düşməni məğlub etməklə, həm də bölgədə qara ləkə olan erməni faşizmini məhv etdi.

Məktəbimizin direktoru Nizami Novruzov və təlim-tərbiyə işləri üzrə direktor müavini Gülnarə Rüstəmovanın təşəbbüsü ilə şagirdlərimiz arasında “Şəhidlik zirvəsi” adlı onlayn müsabiqə keçirilmişdir. Bu yarışmaya şagirdlər ürəklə qatıldılar. Müsabiqədə məktəbimizin yetirməsi, şəhid gizir Ramin Hüseynovla yanaşı, bir çox şəhidlərimizə aid şeirlər və videoçarxlar hazırlanmışdı. Çalışacağıq ki, Vətən uğurunda öz canını fəda etmiş igidlərimizi şagirdlərimizə tanıdaq və sevdirək”.

 

Kamil İSMAYILOV

 

Respublika.- 2020.- 29 dekabr.- S.6.