Hər bir azərbaycanlı üçün birlik, həmrəylik günü

 

 

Hər il xalqımızın, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımızın təntənə, böyük həvəs və coşqu ilə qeyd etdikləri Dünya Azərbaycanlılarının Həmrəylik Gününü ildən-ilə zəngin tarixi hadisələrlə qeyd etmək daha geniş vüsət alır. Builki bayram tarixə qızıl hərflərlə yazılan möhtəşəm Qələbimizin yaşandığı günlərə təsadüf edir. Cəmi qırx dörd gündə torpaqlarını erməni vandallarının işğalından qəhrəmanlıqla azad edən, bununla tarixi zəfərə imza atan müzəffər Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə dünyanın siyasi mənzərəsinin ən çox təhlil olunan, danışılan, müzakirə edilən aparıcı mövzusuna çevrilibdir. Hərb tariximizdə yeni parlaq səhifə açan bu Vətən müharibəsində Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun zabit və əsgərlərinin vətənpərvərliyi, mətinliyi, şücaəti, əzmli döyüş bacarıqları, xüsusən, müasir texnikatexnologiyalardan məharətlə istifadə edilməsi yüksək səviyyədə təqdir olunur. Buna görə sevinir, fəxr edirik. Bu zəfər günlərində xalqımızın, Azərbaycanı özünə Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi olduqca qürurvericidir.

 

 

 

Bu gün dünya azərbaycanlılarının vahid amal uğrunda belə sarsılmaz həmrəyliyi onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyini, ideyalarının xalqı öz ətrafında birləşdirməyə qadir olduğunu bir daha nümayiş etdirdi. Dünya azərbaycanlılarının həmrəyliyi və birliyi üçün ulu öndər çox böyük səylər göstərmişdir. Hələ 1991-ci ildə Naxçıvanda onun təşəbbüsü ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi elan edilmişdir. Ümummilli liderimiz xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: “Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inamümid anıdır. Hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”. Heydər Əliyevin imzaladığı sərəncamla 2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Qurultayda dərin məzmunlu nitq söyləyən ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsinin zəruriliyini vurğulamışdır.

 

Ulu öndər tərəfindən təməli qoyulan dünya azərbaycanlılarının həmrəyliyi getdikcə daha böyük məna və əhəmiyyət kəsb edir. Dövlət quruculuğunun bütün sahələrində əldə olunan mühüm nailiyyətlər Azərbaycanın dünya birliyində layiqli yer tutmasına, bütün dünya azərbaycanlılarının milli hüquqlarının, beynəlxalq haqlarının həyata keçirilməsinə geniş imkanlar açır. “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” - müdrik rəhbərin bu kəlamları hər bir həmvətənimiz üçün milli kimliyinə, qürur rəmzinə çevrilmişdir. Dahi şəxsiyyətin dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin təmin edilməsi ilə bağlı ideyaları bu gün də aktualdır. Ulu öndərin siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimizin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi inkişaf dinamikası artmış, ordu quruculuğunda görülən işlər, həyata keçirilən irimiqyaslı islahatlar ordumuzun döyüş və mənəvi-psixoloji hazırlığının yüksəlməsinə səbəb olmuş, bu da öz müsbət nəticəsini vermişdir. Dövlət başçısının imzaladığı sərəncamlarla Bakı şəhərində 2006-cı ilin martında Dünya Azərbaycanlılarının II, 2011-ci ilin iyulunda III, 2016-cı ilin iyununda IV qurultayının keçirilməsi diaspor quruculuğu işinə fundamental töhfələr vermişdir. Bu qurultaylar dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb etməklə, eyni zamanda bir daha soydaşlarımızın Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini təsdiqlədi. Dünyanı bürüyən koronavirus pandemiyası, işğalçı Ermənistanın Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətindəki dövlət sərhədində törətdiyi təxribat və xalqımızın möhtəşəm zəfəri ilə başa çatan 44 günlük Qarabağ müharibəsi Azərbaycan diasporu üçün də sınaq dövrü olub. Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevə və ölkəmizə hər zaman dəstək nümayiş etdirən, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük səylər göstərən Azərbaycan diasporu bu sınaqdan uğurla çıxıb. Dövlətimizin başçısı dünya azərbaycanlılarının həmrəyliyinə verdiyi töhfələrlə, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə çalışmaqla, bu sahədə məqsədyönlü fəaliyyətin ideoloji-siyasi konturlarını müəyyənləşdirməklə, milli birliyə xidmət edən addımları ilə bütün dünya azərbaycanlılarının dərin rəğbətini qazanmışdır.

 

Xalqımızın söz, əqidə və əməl birliyinə nail olmaq üçün Azərbaycan dövləti tərəfindən görülən işlərin miqyası ildən-ilə genişlənir. Dünyanın dörd bir yanına səpələnmiş on milyonlarla azərbaycanlı gücün birlikdə olması həqiqətini getdikcə daha aydın dərk edir. Azərbaycan diasporları və icmaları arasında bağlar möhkəmlənir, soydaşlarımız milli hüquqlarının müdafiəsi işində bir-birinə dayaq durur, tarixi Vətənlə əlaqələrini gücləndirirlər. Onlar yaxşı başa düşürlər ki, milli-mənəvi bütövlüyün möhkəm təməli üzərində qurulan Azərbaycan bütün soydaşlarımızın və həmvətənlərimizin güvənc yeri olan qüdrətli bir dövlətə çevrilməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev daima xaricdəki azərbaycanlılara, müvafiq dövlət qurumlarına bu sahədə görülmüş işlərlə arxayınlaşmamağı, daha böyük nəticələrə nail olmağı tövsiyə edir. Bu sahədə çalışan təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi işinin təkmilləşdirilməsini, ölkə həqiqətlərinin, xalqımıza qarşı törədilmiş terror və soyqırımı aktlarının faktlarla dünya ictimaiyyətinə çatdırılmasının daha müasir metodlarının hazırlanmasını, digər xalqların diaspor təşkilatları ilə əlaqələrinin gücləndirilməsi məsələlərini xüsusilə önə çəkir. Bu mənada onu da qeyd etmək lazımdır ki, Asiyada, Avropada, Amerikada və digər qitələrdə məskən salmış soydaşlarımız bütün dünya azərbaycanlılarının doğma ata-baba yurdu Azərbaycanda baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir, əldə edilən heyrətamiz uğurlarla fəxr edirlər.

 

Ümummilli lider Heydər Əliyevin başladığı dövlət quruculuğu prosesi məhz demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına yönəlmiş, hazırda isə həmin proses Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin hüquq sisteminin müasirləşdirilməsi konsepsiyası çərçivəsində həyata keçirilən islahatlar hüquq sisteminin davamlı inkişafını təmin etməkdədir. Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən məqsədyönlü tədbirlər, əldə olunan nailiyyətlər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin güclü siyasi iradəsi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların mühüm tərkib hissəsi olmaqla dövlət başçısının ədliyyə və məhkəmə fəaliyyətinə göstərdiyi yüksək diqqət və qayğının real təzahürüdür. Ədliyyə işçiləri Vətənimizin çiçəklənməsi və hərtərəfli tərəqqisi naminə dövlət başçısının ətrafında sıx birləşərək demokratik-hüquqi dövlət quruculuğu, azad olmuş torpaqlarımızın bərpası ilə bağlı üzərlərinə düşən vəzifələri şərəflə yerinə yetirmək əzmindədirlər.

 

Dünyada yaşayan azərbaycanlıların sayı çoxduronlarla bizim fəal həmrəyliyimiz, mütəşəkkil qaydada fəaliyyətimiz bizi daha da gücləndirir. Son vaxtlar Azərbaycana qarşı ədalətsiz qərarlar çıxarılarkən, Vətən müharibəsində faşist xislətli ermənilərin yaşayış məntəqələrini istifadəsi qadağan olunmuş raketlərlə atəşə tutmasına qarşı Azərbaycanın diaspor nümayəndələri də öz güclərini göstərdilər, dünyanın əksər şəhərlərində kütləvi aksiyalarda iştirak etdilər. Bu müxtəlif izdihamlı aksiyalarda mədəni, sivil qaydada öz etiraz səslərini ucaltdılar. Xaricdəki soydaşlarımızın Azərbaycana dəstək aksiyaları qürurverici haldır. Eyni zamanda bu, xalqımızın vətənpərvərliyinin bariz nümunəsidir. Soydaşlarımız hər zaman Vətənə bağlı olduqlarını, ölkəmizin maraqlarının müdafiəsi, Azərbaycanla əlaqələrin dərinləşməsi və s. ümummilli məsələlərin həllində bundan sonra da yaxından iştirak edəcəklərini bildirirlər.

 

Biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır”, - deyən dövlət başçısının “bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək” - ifadələri yeni dövrün hədəfləri haqqında aydın təsəvvür yaradır və hər birimizi vahid amalla yeni zəfərlərə səsləyir. İnanırıq ki, monolit həmrəylimiz, sarsılmaz birliyimiz bu mərhələdə də möhtəşəm uğurlarımıza stimul verəcəkdir.

 

 

 

Aslan ASLANBƏYLİ,

Yasamal Rayon İcra Probasiya

Şöbəsinin icra məmuru,

III dərəcəli ədliyyə qulluqçusu.

 

Respublika.- 2020.- 30  dekabr.- S.10.